Muəllif:

SEHRLİ “KİMYƏVİ SİLAH” İTTİHAMI — FİNİTA LA COMMEDİA…

Bu günlərdə mənə elə gəldi ki, şəxsən mənim də az qala, otuz il axtardığım böyük həyat həqiqətini, bəlkə də ictimai kredonu xanəndə Teymur əmi bir verilişdə iki-üç cümlə ilə ifadə etdi.

Dedi ki:“Həyatda üç şeyə qarışmıram. Birincisi, Allahın işlərinə qarışmıram. İkincisi, qadınların işlərinə qarışmıram. Üçüncüsü, siyasətə qarışmıram”…

Təbii ki, mən bunları dilxoşluğu, ağır ruhlu yazıya yüngül giriş vermək üçün deyirəm. Amma digər tərəfdən də niyə də yox? Məgər Teymur əmi düz demirmi?

Allahın işinə qarışarsan, səni elə giriftar edər ki, adın da yadından çıxar. Qadınların işinə çox qarışarsan, hörmətsiz, ağır-yüngül olarsan. Siyasətə qarışarsan axırın … Bəşər Əsəd kimi olar…

Bəli, elə üçüncü məqamla da gəlirik mətləb üstünə. Doğrusu, Bəşər Əsədə münasibətdə məmnuniyyətlə “Axırın Qəzzafi kimi olar!” demək istərdim, çünki bu adamın suçu o qədər böyükdür ki, düşünürəm, İkinci dünya müharibəsindən sonra Mossad nasist canilərini bircə-bircə tapıb cəzalandırdığı kimi, suriyalılar da Əsədi lap Yerin dibindən olsa da tapıb mühakimə etməlidirlər – təbii, əgər o, bu qovğadan salamat qurtularsa…

Suriya nə cəhənnəmdir — bunu hamı çox gözəl bilir, burada bəlkə də yüz siyasi təmayül var və onların hamısı biri-birilə vuruşur. Həmin o təmayüllərin içindən yalnız İŞİD-çilərə baxanda Əsəd adama oxşayır və yalnız İŞİD-ə görə demək olar ki, qoy, Əsəd yaşasın, ən azı ona görə ki, nə Suriyanı otuz il fövqəladə vəziyyət şəraitində idarə edən atası Hafizin, nə də özünün min illik tarixi olan abidələri məhv etmək ağlına gəlməmişdi…

Amma artıq bu arqument də B.Əsədi xilas etmək iqtidarında deyil, daha məsələ hətta nə abidələr məsələsidi, nə də Suriya! Mən bu sətirləri yazan zaman Dünya gərginliyin pik həddində idi…
Bəli, buna qədər çox mürəkkəb proseslər gedirdi, hiss olunurdu ki, Tramp “ABŞ-ın siyasət maşını” ilə əlbəyaxadadır. Bu adam bir tərəfdən hər gün Rusiyaya qarşı yeni-yeni sanksiyalar tətbiq edir, digər tərəfdənsə deyirdi ki, Kremllə dil tapmalıyıq…

Bəli, D.Tramp deyirdi ki, son 17 ildə Yaxın Şərqdə 20 trillion dollar xərcləmişik, ona görə də Suriyadan çıxmalıyıq və ertəsi gün Pentaqon ona düzəliş verir, bəyan edirdi ki, ABŞ-ın Suriyada missiyası hələ başa çatmayıbdır və biz də bu qovğanı müşahidə edərək yazırdıq ki, Vallah -Billah, Trampa baxanda bilmirəm, hanısa səbəbdən XX əsrin ən sirli və müəmmalı qətlini – prezident C.Kennedinin ölümünü xatırlayıram…

Amma deyəsən, ABŞ “siyasət maşını” üstün gəldi və yazının yazıldığı bu son günlərin hadisəsi göstərdi ki, Trampın müqavimətini qıra biliblər və bütün qarşlılıqlı hədələrin, hətta müharibə xofunun necə bitəcəyini demək çətin olsa da, bir məsələ aydındır: ABŞ Suriyadan getməyəcək…

Deyim, ABŞ məsələyə ən həlledici anda müdaxilə etdi, çünki Rusiya-İran -Türkiyə üçlüyü Suriyanı onun əlindən tamamilə qoparmaqda idi və bir vaxt olduğu kimi yenə də ən sınanmış ittiham – “kimyəvi silah” məsələsi işə düşdü ki, bir vaxtlar Vaşinqton bununla S.Hüseynin belini qırmışdı…

Demirəm ki, Əsəd bunu etməyib — zərərçəkənləri göstərirlər, Dünya Səhiyyə Təşkilatı təsdiq edir, üstəlik, insanlar bunun birinci dəfə tətbiq olunmadığını, Əsədin artıq bir neçə dəfə bu cinayətə əl atdığnı deyirlər! Amma bir şübhə məni tərk etimir: indiki vaxtda Əsədə bu lazım idimi?..

Nə isə… Bu məsələni qoyaq bir tərəfə. Ya təsdiq olunacaq, ya da illər keçəndən sonra ABŞ hərbçiləri deyəcək ki, əslində heç bir kimyəvi silah – filan yox idi…

İndi maraq kəsb edən başqa sualdır: Vəziyyət necə çözüləcək? Ümumiyyətlə, çözüləcəkmi? Bəlkə də bu yazı oxucuya çatanda artıq bir çox məsələlər aydınlıq tapacaq. Amma hələlik, yazı yazılarkən, ABŞ və Rusiya ətrafına müttəfiq yığmaqla məşğul idi.

Əvvəlcə ABŞ-dan başlayaq. Tereza Mey ciddi dəlillər istədi. Emmanuel Makron Səudiyyəni də prosesə çəksə də hələlik yalnız B.Əsədin kimyəvi silah ehtiyatlarının zərərsizləşdirilməsində iştirak etmək istədiyini dedi…

Qardaş Türkiyə dərhal kənara çəkildi və düz də etdi. Birincisi, əvvəldən deyilirdi ki, Ankara ilə Moskvanın ittifaqı müvəqqətidir. S.Lavrov Afrini B.Əsədə qaytarmağı tələb etməklə iki dövlət arasındakı ziddiyyətləri faş etdi. Üstəlik baş nazir B.Yıldırım dedi ki, Rusiyayla ABŞ “sokak savaşı” ilə məşğuldur, yəni, biz buna qarışmayacağıq…

Bir daha deyirik ki, Ankara çox düz edir. Gələk Rusiyanın ətrafına. Kremlin çevrəsində çox seyrəklikdir. Bircə İran var. Amma Rusiya özü də Tehrana Suriyada meydan vermək istəmir. İkincisi, B.Netanyahu dərhal V.Putinə çatdırdı ki, ölkəsi İrana prosesdə iştirak etməyə imkan verməyəcək. Elə Kremlin Ankaraya da “Afrini Əsədə ver!” deməsi də o mənanı verirdi ki, sən Afrini Əsədə ver, o, isə bizə verəcək…

Beləcə, çox mürəkkəb vəziyyət yaranıb. Yazının başlığında “finita la comedia”, yəni “komediya bitdi!” yazdıq. Amma duyulan budur ki, artıq məsələ qəti komediyaya oxşamır, necə deyər, Allah axırından qorusun…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222