SAATLARIMIZI MOSKVA VAXTI İLƏ TUTUŞDURAQMI?..
Bəli, şimal qonşumuzun — Rusiyanın siyasi təhlilçilərinin xeyli qəribəlikləri var. Biri də budur ki, bu adamlar konkret ədədlərlə, ciddi analizlərlə ölkələrinin iqtisadi və siyasi tərəflərini araşdırır və onun dramatik durumda olduğunu göstərirlər, amma axırda da qayıdırlar ki, bəs, Putindən başqası yoxdur…
Bu yaxınlarda oxuduğumuz bir təhlildə də eyni bir ruh duyulurdu. Amma mənim diqqətimi başqa detal çəkdi. Müəllif Rusiyanın və bir neçə ölkənin 2016-cı il üçün ÜDM-larını tutuşdururdu. Maraqlı olduğu üçün biz də həmin ədədləri Sizin diqqətinizə çatdırırıq.
Qərəz, 2016-cı ildə Rusiyada ÜDM 1.283 trilyon dollar, ABŞ-da 18.57 trilyon, Çində 11 trilyon, İtaliyada 1.85 trilyon dollar olub. Gördüyünüz kimi, hətta İtaliya Rusiyadan irəlidədir.
Ədədlər bizə niyə maraqlı göründü? Sadəcə, rusların Putinə olan məhəbbətinin motivlərini başa düşümək istəyirik. Bəli, onun dövründə ölkədə sabitlik bərqərar oldu, Rusiya yenidən özünün əvvəlki geosiyasi iddialarını xatırladı, Krım ilhaq olundu! Bütün bunlar heç sözsüz ki, bir o qədər də əhəmiyyətsiz detallar deyil.
Amma onlara görə Putindən belə bərk-bərk yapışmağa dəyərmi? Axı Putinin dövründə “Rusiya möcüzəsi” alınmadı! 19 illik iqtisadi siyasət qürur duyulası nəticəyə gətirib çıxarmadı, sovetlər vaxtında olduğu kimi Rusiya indi də enerji daşıyıcılarının ixracından gələn gəlirlər sayəsində ayaq üstə durmaqdadır. Hələ onu demirik ki, ölkə ÜDM-un səviyyəsinə görə 90-cu illərin sovet Rusiyasına da çata bilməyibdir. Həm də heç başa düşmək olmur ki, sahəsi 27000 kv. km. olan Krımın ilhaqı Rusiyanın nə az, nə də çox, düz 17100000 kv. km.-lik ərazisinə nə verəcək?!.
Bəli, bu xüsusda ruslar deyə bilərlər ki, Krım Qara dənizdə strateji çıxışdır. Amma dünyada strateji çıxışlar, önəmli nöqtələr çoxdur. İndi nə olsun, Rusiya bunların hamısını ələ keçirməlidirmi?..
Suala cavab olaraq deyək ki, Rusiyanın iqtisadi qısırlığı bir tərəfdən təskinlik verir, çünki onun imperiya ambisiyalarını az-çox cilovlayan elə iqtisadi imkanlarıdır – hələki bu ölkənin geosiyasi iddiaları ilə iqtisadi gücü arasında böyük uçurum var və bu uçurum kiçilməkdən çox uzaqdır.
Bizi də, elə digər keşmiş sovet ölkələrinin insanlarını da hələ də Rusiyadakı prosesləri ciddi şəkildə izləməyə vadar edən onun geosiyasi iddialarıdır. Belə diqqət bütün əski sovet ölkələrində duyulur — Baltik ölkələrindən tutmuş lap Türkmənistanadək!..
Rusiyanın imperiya ambisiyaları sanki güclü zəlzələnin yaratdığı aftoşoklar kimidir – hamı təkrar təkanların olub-olmayacağını müəyyən etməyə cəhd edir.
Bu mənada Azərbaycan da, azərbaycanlılar da heç də isitisna deyil. Bizim indiki hakimiyyətin Rusiya ilə bağlı siyasətində iki dövrü ayırmaq olar: 1993-2003-cü illər və 2003-cü ildən sonrakı dövr.
Birinci zaman kəsiyində Azərabaycanın Rusiyaya bağlılığı daha az sezilirdi, ölkə MDB-də də iştirakının ayrıca müstəvisini müəyyən etmiş və nəticədə GUAM yaranmışdı. Baxın, həmin GUAM ölkələrinin üçü avrointeqrasiya yolunu tutdu, AB ilə assosiasiya sazişi imzaladı. Yalnız Azərbaycan həmin cərgədə görünmədi…
2003-cü ildən sonra ölkə siyasətində “şimal ştrixləri” daha çox duyulmağa başladı. Kreml bir çox hallarda hətta özünü rəsmi Bakının siyasi hamisi kimi göstərməyə çalışdı. Yox, təbii ki, Azərbaycan bu illər ərzində Gürcüstan ola bilməsə də, hər halda, Ermənistan da olmadı və bir sıra parametrlər üzrə daha müstəqil siyasət yürütdü.
Xüsusən böyük geoiqtisadi layihələri qeyd etmək lazım gəlir. Bəzən bu layihələr hətta Kremlin maraqlarına qarşı gedir. Amma bunları geosiyasi müstəvi haqqında demək olmur, bu sahədə biz də saatlarımızı Moskva vaxtı ilə tutuşdurmağa məcburuq.
Əslində Azərbaycana Rusiyanın qarşısında daha çox müstəqillik verən onun maliyyə-iqtisadi imkanlarıdır – nəinki Moskvadan, hətta daha varlı Qərbdən də ölkənin iqtisadi asılılığı yoxdur. Bu isə istər-istəməz ölkənin sosial-siyasi immunitetini gücləndirir.
Amma Kremlin cızdığı müəyyən çevrə var ki, Bakı da onu aşmağa cəsarət etmir – bu da ilk növbədə Qərblə, xüsusən də onun NATO və AB kimi institutları ilə əməkdaşlığa can atmamaqdır. Hazırda Azərbaycanın NATO ilə əməkdaşlığı bütün GUAM ölkələri arasında ən aşağı səviyyədədir. AB ilə cəmi iki Şərq Tərəfdaşlığı ölkəsi saziş imzalamayıb – bunlar da Azərbaycan və Belarusdur…
Hətta Yerevan da Birliklə müəyyən saziş imzaladı, amma bizim hakimiyyətimiz bunu etməyə tələsmir. Heç onu demirik ki, Gürcüstan və Ermənistan neçə illərdir ki, Dünya Ticarət Təşkilatının üzvüdürlər, bizimsə bu təşkilatla əməkdaşlıq “daxili bazarımızın maraqları”na cavab vermir!
Bu marağı duymaq, eləcə də, məsələn, Gürcüstanla Azərbaycan arasındakı fərqi hiss etmək üçün bircə dəfə Sınıq körpü tərəfdə olmaq yetər…
Belə detallar onu deməyə əsas verir ki, məsələ tək Kreml faktorunda deyil, Qərblə əməkdaşlıq rəsmi Bakının elə özünün də ürəyindən deyil – sadəcə, Kreml bu müstəvidə bir dayaq rolunu oynayır, əks təqdirdə bir çox keçmiş sovet ölkələrindəki hakimiyyətlər müvazinətlərini itirərdilər.
Amma hakimiyyətlər müvazinətlərini təkcə geosiyasi amillərə görə artırmır və ya azaltmırlar. Böyük hakimiyyətlər çevrilmiş piramida kimidir — hakimiyyət və səlahiyyət çoxaldıqca piramida daha çox ləngər vurmağa başlayır…