ROBİN QUD SİNDROMU
BİZLƏR VƏTƏNDAŞLAR TOPLUMUNA ÇEVRİLMƏMİŞİK
Birinci məqalə
İsti-isti Gəncə hadisələrini dəyərləndirmək istəyi vardı. Amma bir az sakitləşəndən sonra fikrimdən daşındım. Bir müddət hadisələri kənardan müşahidə etməyə üstünlük verdim. Necə deyərlər, emosiyalara uymamağı qərara aldım.
Hadisələrdə islamçıların günahladırılması da, kütləvi həbslər də, şübhəli şəxslərin bir qisminin həbs zamanı qətlə yetirilməsi də, və yəhayət, terroristlərin arxasında xarici güclərin durması haqqında ehtimallar da gözlənilən idi. Bu ssenari çox asanlıqla oxunurdu. Elə bil ki, öz əlimlə yazmışdım.
Amma, Gəncə hadisələrinin iqtidarlı, müxalifətli hamımız üçün əcəl zənginin səslənməyə başladığını sübut edən ictimai fikirdəki bir əks- sədası haqqında söhbət açmaq istəyirəm.
Azərbaycanda insan haqlarının indiki durumu haqqında uzun-uzadı boşboğazlıq etmək fikrində deyiləm. Vəziyyətin nə yerdə olduğu hamımıza məlumdur. Həbsdə olarkən vaxtımı kitab oxumaqla öldürürdüm. Kitablar olmasaydı, təkadamlıq kamerada iki ili tab gətirə bilməzdim. Dəli olardım. Yeri qəlmişkən, MTN-nin yaxşı kitabaxanası var.
Həbsdə oxuduğum kitablardan birində məşhur Amerika yazıçısının aşağıdakı fikri ilə qarşılaşdım:“Köləliyin dövlət tərəfindən təqdir edildiyi və rəsmiləşdirildiyi bir ölkədə vicdanlı vətəndaş üçün ən şərəfli yer həbsxanadır”. Bu fikir az qala 200 il bundan öncə söylənilib. ABŞ dövlət səviyyəsində köləlikdən çoxdan imtina edib. Bu gün Azərbaycanda da rəsmən köləlik yoxdur. Amma, nə qədər acınacaqlı səslənsə də, Azərbaycanda vicdanlı vətəndaş üçün həbsxana gündən-günə daha şərəfli yerə çevrilir. Mən hətta deyərdim ki, insanı xarakterizə edən “brendə” çevrilir. Söhbətsə artıq XXI əsrin ikinci onilliyindən gedir.
Məni dəhşətə gətirən, Gəncə hadisələrinin, sözün əsl mənasında, cəmiyyətdə doğurduğu əks-səda oldu. Sosial şəbəkələri izlədim. Toplumun mütləq əksəriyyəti Gəncə faciəsinin “qəhrəmanlarına” rəğbətini gizlətmirdi. Özü də əksəriyyəti dindən-islamdan, radikalizmdən və hətta deyərdim ki, siyasətdən uzaq, savad senzi kifayət qədər yüksək olan insanlardan danışıram. Hiss olunurdu ki, artıq insanlar üçün ədalətsizliyin kimlər tərəfindən və hansı vasitələrlə cəzalandırılmasının elə bir əhəmiyyəti yoxdur. Daha dəqiq desək, onların əksəriyyəti ədalətsizliyin legitim vasitələrlə cəzalandırılması və aradan qaldırılması mümkünlüyünə inanmır. Bu isə o deməkdir ki, Azərbaycanda artıq demokratik dəyərlər hətta ictimai fikir səviyyəsində belə məğlubiyyətə uğrayıb.
Ən asanı və ilk nəzərdən ən məntiqlisi bütün bədbəxtliklərimizdə hal-hazırda hakimiyyətdə olanları gunahlandırmaq olardı. Doğrudan da təbii fəlakətləri çıxmaq şərti ilə, ictimai-siyasi və sosial-iqtisadi həyatımızda baş verən bütün böhranlar üçün məsuliyyət ilk növbədə mövcud hakimiyyətin üzərinə düşür. Bu, aksiomadır. Amma unutmaq lazım deyil ki, ictimai-siyasi və sosial-iqtisadi prosesləri yalnız və yalnız fərdlərin və şəxsiyyətlərin fəaliyyəti çərçivəsində qiymətləndirmək cəhdləri bizi nəticə etibarı ilə ictimai inkişaf qanunlarının inkarına gətirib çıxarır.
TƏKAMÜLDƏN KƏNARDA QALMIŞIQ
XIX əcrdə yaşamış ingilis mütəfəkkiri və iqtisadçısı Con Stüart Millin ifadəsi ilə desək:»…Hər bir şəxsin hüquq və mənafelərinə yalnız o halda hörmət edilir ki, hər bir şəxs adəti üzrə həmin hüquq və mənafeləri müdafiə etməyi bacarsın və buna həvəs göstərsin… İnsan özünü hər bir təsirdən müdafiə etmək imkanına malik olmalıdır».
Deməli, əvvəla, hüquq və mənafelərin müdafiəsi hər bir vətəndaş üçün həm fərdi şəkildə, həm də toplum halında vərdişə çevrilməlidir. İkincisi, bu hüquq və mənafeləri kənar təsir və təzyiqlərdən müdafiə etmək umkanları mövcud olmalıdır. Başqa sözlə desək, əldə edilməlidir. Birincisi, vətəndaşa, ikincisi dövlətə bağlı amildir. Əslində, burada söhbət kölənin, təbəənin vətəndaşa, yəni, şəxsi və qrup hüquqlarının fərdi və kollektiv şəkildə müdafiəsinin vərdişə çevrilməsi, hüquqi dövlətin təşəkkülü prosesindən gedir. Belə vərdişlərin formalaşması, hüquqi dövlətin təşəkkülü isə müvafiq şərtlər çərçivəsində müəyyən bir təkamül dövrü tələb edir.
Təəssüflər olsun ki, biz bu təkamül prosesini keçməmişik. Avropada və qismən də Rusiyada fərdi və kollektiv hüquq və mənafelərin müdafiəsi vərdişinin formalaşmasında, nə qədər əcaib səslənsə də, təhkimçilik hüququnun əsasını təşkil edən kəndli icmaları və şəhər sənətkarlarını birləşdirən sexlərin çox böyük rolu olub. Azərbaycan bu prosesdən keçməyib.
1861-ci ildə Mərkəzi Rusiyada kəndli islahatı keçirildi və təhkimçilik hüququ ləğv edildi. Rusiyadan fərqli olaraq, Azərbaycanda sahibkarlarla kəndlilər arasında yalnız torpağa görə asılılıq münasibətləri mövcud idi. XIX əsrin əvvəllərində Rusiya Azərbaycanı işğal etdikdən sonra metropoliyanın ərazisində mövcud təhkimçilik qayda-qanunlarını bu müstəmləkəsində tətbiq etmədi. Ən azından ona görə ki, həmin dövrdə metropoliyanın özündə təhkimçiliyin dağılması prosesi gedirdi. Əslində, Azərbaycanda klassik mənada təhkimçilik hüququ olmayıb. Başqa sözlə desək, Azərbaycan kəndlisi kollektiv məsuliyyət, mənafe və hüquqların birgə müdafiəsi zərurətini belə hiss etməyib.
Avropada IX-X əsrlərdən formalaşmağa başlayan və şəhər sənətkarlarını birləşdirən sexlər isə, müasir terminologiyadan istifadə etsək, kollektiv hüquq və mənafeləri müdafiə edən ilk həmkarlar ittifaqları idilər. Bizim bu təcrübəmiz də yoxdur.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin sürətlə inkişafı insanlarda tezliklə fərdi və kollektiv hüquq və mənafelərin müdafiəsi vərdişinin yaranacağına ümid yaratdı. Şərqin ilk demokratik respublikasını yaradan Müsavat elitası əslində bu prosesin məhsulu idi. Lakin təəssüflər olsun ki, proses tamamlanmadı. Azərbaycanın təkrarən, bu dəfə Sovet Rusiyası tərəfindən işğalı sosial təbəqələrin, və nəticə etibarılə qrup mənafelərinin formalaşmasına olan ümidlərə son qoydu.
Türkiyənin bu günü ilə bağlı məqalələrimdən birində qeyd etmişəm ki, insan eqoist məxluqdur. Yalnız eqoist maraqlar ayrı-ayrı fərdləri və bütövlükdə cəmiyyəti mütərəqqi elita tərəfindən kütləyə aşılanan demokratik dəyərlər, insan haqqları uğrunda mübarizəyə qaldıra bilər.
İMPERİYA AZADLIQLAR MƏZARIDIR
XX əsrin əvvəllərində Azərbaycanda belə bir elita formalaşmışdı. 1918-1920-ci illərdə həmin elita gec-tez mütərəqqi ideya və dəyrələri bütün toplumun malına çevirəcək geniş miqyaslı islahatlar həyata keçirməyə başladı. Təsəvvür edin ki, Qarabağda Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması uğrunda savaş aparıldığı o dövrdə fəaliyyət göstərən parlamentimizdə erməni icmasının maraqlarını təmsil edən deputat qrupu vardı.
Lakin yuxarıda qeyd etdiyim kimi Müsavat elitasına bu tarixi vəzifənin həyata keçirilməsi prosesini tamamlamağa imkan vermədilər. XX əsrin 20-30-cu illərini əhatə edən sovet terroru isə mütərəqqi ideya və dəyərlərin daşıyıcısı olan bu elitanı fiziki baxımdan tamamilə məhv etdi.
Rusiya, Çin və Türkiyə kimi materik imperiyalarında demokratiyanın inkişafına həddən artıq mane olan daha bir ciddi amil var. Özlərini imperiya saymamaları bu dövlətlərin ən böyük problemidir. Bu dövlətlər metropoliya-koloniya bölgüsünü özlərinə tətbiq etmirlər. Özü də bu zaman nə coğrafi parametrlər, nə də bu ərazilərdə məskunlaşan millətlər arasındakı etnik, dini, irgi və hətta sosial-siyasi inkişaf səviyyəsindəki fərqlər nəzərə alınır. Bütün ərazilər metropoliyanın tarixi torpaqları sayılır. Müqayisə üçün, dəniz imperiyası olan İngiltərənin paytaxtı Londonla bu dövlətin keçmiş müstəmləkəsi olan Hindistanın, türklər demişkən, başkəndi arasında məsafə birbaşa xətt üzrə 6.712,77 km, avtomobil yolu ilə isə 8.703,84 km-dir. Rusiyanın paytaxtı Moskva ilə Vladivostok arasındakı məsafə isə müvafiq olaraq 6417 və 9141 km-dir.
Təbii olaraq, materik imperiyalarında demokratiya və insan haqları və müstəmləkə xalqlarının milli azadlığl uğrunda mübarizə, yəni, mahiyyyətcə fərqli olan iki proses paralel gedir. Yadınıza salmaq istərdim ki, 90-cı illərin əvvəllərində bizim milli-azadlıq hərəkatımızın liderləri tam səmimi olaraq, Rusiya demokratlarını bir müttəfiq kimi qəbul edirdilər. Bu siyasi təcrübənin yoxluğundan doğan sadəlöhv bir yanaşma idi. 1991-ci ilin sonunda Rusiyada hakimiyyətə gələn həmin demokratlar bir qədər keçdikdən sonra imperiyanı qoruyub saxlamaq imkanları axtarmağa başladılar.
Unutmaq lazım deyil ki, dəniz imperiyalarında çox dəqiq metropoliya-koloniya bölgüsü var. Birincisi, İngiltərə heç vaxt müstəmləkələrini, misal üçün Hindistanı Böyük Britaniyanın ərazisi saymayıb. Hindistan yalnız Böyük Britaniyaya məxsus ərazi hesab edilib. Bütün müstəmləkələrini „özününküləşdirən“ Rusiya ilə müqayisədə çox ciddi fərqdir. Bu amil ictimai fikir səviyyəsində müstəmləkənin itirilməsi faktının qavranılması ilə bağlı „ağrıları“ yumşaldır.
İkincisi, metropoliya-koloniya bölgüsünün mövcudluğu Böyük Britaniyada demokratiya və insan haqlarının təşəkkülü prosesində müstəmləkələrdə analoji islahatların həyata keçirilməsi zərurətini yaratmırdı. Yəni metropoliyadakı demokratik proseslərlə milli-azadlıq hərəkatları arasında birbaşa bağlılıq, asılılıq yox idi. Hətta paralellik belə olmaya bilərdi. Təssadüfi deyil ki, İngiltərə öz müstəmləkə ərazirərinin əksəriyyətini demokratiyanın təşəkkülündən çox-çox sonra, XX əsrin ortalarında itirdi.
Materik imperiyarında isə tam əksinədir. Yuxarıda qeyd etdiyim kimi, ərazilər ilhaq edildikdən bir qədəq sonra imperiya tərəfindən hətta ictimai fikir səviyyəsində „özününküləşdirilir“. Təsadüfi deyil ki, Vladimir Putin bu il özünün seçkiqabağı çıxışlarından birində SSRİ-nin dağılması nəticəsində „Rusiyanın öz milli ərazilərinin“ 23%-ni itirdiyini bəyan etdi. Rusiya cəmiyyətinin mütləq əksəriyyəti „özününkü“ saydığını itirməklə barışa bilmir. O cümlədən, özünü demokrat sayanlar belə.
Bütün imperiya məkanında, formal da olsa, ictimai-siyasi sistemin, hüquqi normaların unifikasiyası materik imperiyalarını fərqləndirən ikincı amildir.
SSRİ-də hamımızdan “sovet adamı” yapmışdılar. Amma SSRİ dağılandan sonra Baltikyanı respublikalarda yaşayanlar təxminən 10 ildən sonra Avropa Birliyinin vətəndaşı oldular. Tacikistan, Türkmənistan və Özbəkistan isə ictimai münasibətlərin inkişaf səviyyəsinə görə orta əsrlərdə qalmış ənənəvi şərq-müsəlman feodal dövlətlərinə çevrildilər. Yəni, „hərə öz babını tapdı“.
Amma ən əsası ondan ibarətdir ki, materik imperiyalarında demokratik proseslərin milli-azadlıq hərəkatlarını stimullaşdırması, onlara təkan verməsi qaçılmazdır. Keçən əsrin həm 20-ci, həm 90-cı illərində imperiya məkanında hadisələrin eyni ssenari üzrə inkişaf etdiyini görürük. Nəticədə, ictimai fikir tərəfindən demokratiya milli maraqlara zidd, dövlətin əsaslarını sarsıdan, dağıdıcı element kimi qavranılır. Təsadüfi deyil ki, rus cəmiyyətinin mütləq əksəriyyəti liberal-demokratik dəyərləri anqlo-sakslar tərəfindən Rusiyanı daxildən dağıtmaq üçün işlənib-hazırlanmış ideologiya sayır. Əvəzində mahiyyəti nədən ibarət olduğu məlum olmayan „suveren demokratiya“ nəzəriyyəsi irəli sürülür.
Demokratiyanı, insan haqlarını milli-dövləti maraqlara təhlükə kimi görən imperiya elitası lap Azərbaycan Ali Məhkəməsinin keçmiş sədri, hal-hazırda isə Konstitusiya məhkəməmizin üzvü Südabə Həsənova kimi, bütün azadlıqları „beşiyindəcə boğmağa” çalışır. Daha dəqiq desək, materik imperiyalarında demokratik proseslərin nəticəsində vüsət tapmağa başlayan milli-azadlıq hərəkatları nəticə etibarı ilə metropoliyada irticaçı, yəni demokratik azadlıqları, insan haqlarını məhddulaşdıran siyasi qüvvələri gücləndirir. Bu isə davamlı tərəqqinin, vətəndaş cəmiyyətinin formalaşması perspektivlərini heçə endirir. Ona görə də, Rusiya tarixində qısamüddətli tərəqqi dövrləri mütəmadi olaraq uzunmüddətli reqres mərhələləri ilə əvəzlənib.
Əslində Rusiyanı “xalqlar həbsxanası” adlandıran cənab Ulyanov tam haqlı idi. Mən isə deyərdim ki, imperiya bütün azadlıqların məzarıdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra bütün fərqli maraq qruplarına qarşı həyata keçirilən sosial-siyasi, mədəni-mənəvi, milli, dini genosid siyasətini bir tərəfə qoyaq. SSRİ-də kollektivləşdirmə adı altında faktiki olaraq təhkimçilik hüququ bərpa edildi. İndi çoxlarının yadında deyil. XX əsrin 70-ci illərinə qədər SSRİ-də kənd əhalisinə pasport belə verilmirdi.
AZADLIĞA HAZIR DEYİLDİK
Yuxarıda sadaladıqlarım indiki acınacaqlı vəziyyətimizi şərtləndirən tarixi təkamül prosesi ilə bağlı köklü sosial-siyasi, ideoloji amillərdir. Lakin SSRİ ictimai-siyasi, iqtisadi tənəzzül dövrünə qədəm qoyduğu 80-ci illərin ortalarında qonşularımızla müqayisədə vəziyyətimizi daha da ağırlaşdıran yuxarıda sadalanan köklü amillərdən törəmə olan bir sıra digər amillər də mövcud idi.
Birincisi, təəssüflər olsun ki, ayrı-ayrı fərdləri çıxmaq şərti ilə Azərbaycanda, məsələn, Gürcüstandan fərqli olaraq, heç vaxt güclü dissident hərəkatı təşəkkül tapmayıb. 30-cu illərin repressiyalarından sonra intelleklual dissidentliyin tək-tük nümunələrini tapa bilərik.
Yenidənqurma və aşkarlıq siyasəti elan olunduqdan sonra Azərbaycanda “Çənlibel”, Gənc alimlər klubu, “Oğuz”, “Tərəqqi”, “Yurd” kimi ilk qeyri-formal təşkilatlar yarandı. Amma bu təşkilatlar əslində dərnək formatında fəaliyyət göstərirdilər.
İntellektual elita, konkret halda söhbət tanınmış ziyalılardan gedir, yenə də qeyd etmək istəyirəm ki, ayrı-ayrı fərdləri çıxmaq şərti ilə, bu dərnəklərin fəaliyyətində iştirak etməkdən belə çəkinirdi. Nə qədər acınacaqlı olsa da, qeyd etməliyəm ki, intellektual elita adlandırdığımız zümrə xalqın gələcəyi üçün öz məsuliyyətini dərk etmirdi.
İlk qeyri-formal təşkilatlar isə kütləvi ictimai-siyasi fəaliyyət formalarına keçmək iddiasında belə deyildilər. Təsir dairələrinin məhdudluğu buna imkan da vermirdi. Sonralar bütün SSRİ-ni sarsıdan kütləvi hərəkat – Azərbaycan Xalq Cəbhəsi demokratiya və insan haqları ilə birbaşa əlaqəsi olmayan qarşılaşdığımız başqa bir problemin, daha dəqiq desək, Qarabağ böhranının törəməsi oldu. Lakin intellektual elita bir neçə taninmış şəxsiyyəti çıxsaq, bu hərəkata rəhbərlikdən imtina etdi.
İkincisi, ermənilərdən fərqli olaraq, ölkə daxilində gedən proseslərə ciddi təsir göstərə biləcək diasporamız da yoxdu. Təəssüflər olsun ki, müsavatçı mühаcirət birinci cumhuriyyətimizin siyasi-ideoloji mirası bazasında diasporanı öz ətrafında birləşdirə biləcək güc mərkəzinə çevrilə bilmədi. Müsavatın hətta bu günümüz üçün kifayət qədər mütərəqqi dəyərlər sisteminə əsaslanan siyasi mirası əslində itirilmiş oldu.
Nəticədə, diaspora nə milli-azadlıq mübarizəsi dövründə, nə də müstəqilliyimizin ilk illərində nə xaricdə yeni yaranan dövlətimizin maraqlarını təmsil edə bildi, nə də Azərbaycan daxilində gedən mürəkkəb prosesləri, qismən də olsa, mütərəqqi inkişaf məcrasına yönəltməyə qadir iqtisadi-siyasi gücə çevrildi.
Müqayisə üçün, erməni diasporasının Ermənistanda gedən proseslərə iqtisadi, mənəvi-siyasi təsirini müəyyənləşdirən və tarixi ənənəyə əsaslanan bir neçə güc mərkəzi vardı: ictimai əsaslarla fəaliyyət göstərən diaspora təşkilatları həm Ermənistanın maraqlarını xaricdə təmsil edir, həm də yeni müstəqillik qazanmış dövlətə maliyyə yardımı toplayırdılar.
XIX əsrin sonlarında XX əsrin əvvəllərində yaradılmış olan Daşnaq və Qnçaq partiyaları mühacirətdə öz mövcudluqlarını qoruyub saxladılar. Bu azmış kimi, XX əsrin ortalarında siyasi terror aləti olan ASALA yaradıldı. Mənim bu günümüzə həmin siyasi mirasın pozitiv və ya neqativ təsiri ətrafında mübahisə açmaq fikrim yoxdur. Amma tarixi ənənələrə əsaslanan siyasi mirasın yeni nəsillərə ötürülməsi baxımından bu, çox vacib hadisələr idi. Daşnaq Partiyasının bu günün özündə belə Ermənistanın aparıcı siyasi güclərindən biri olduğunu yada salmaq kifayətdir.
Və nəhayət, Erməni Qriqorian kilsəsinin həm ölkə daxilində, həm də xaricdə kifayət qədər ciddi təsir imkanlarına malik müstəqil güc mərkəzi olduğunu unutmaq lazım deyil. Ona görə də Ermənistan hakimiyyəti bütün dövlərdə ölkədə baş verən hadisələrə diasporanın mövqeyini və maraqlarını nəzərə almaq məcburiyyətində idi. Bu isə öz növbəsində ən azından ölkədə mütləq avtoritarizmin təşəkkülünün qarşısını alırdı.
Üçüncüsü, ölkəmizdə demokratiyanın məğlubiyyəti və insan haqlarının indiki bərbad vəziyyəti Qərbin Azərbaycandakı iqtisadi maraqları ilə bağlıdır. Yada salmaq kifayətdir ki, qonşu Gürcüstandan fərqli olaraq, Qərb Azərbaycana maliyyə institutları vasitəsi ilə deyil, transmilli neft şirkətləri vasitəsilə daxil oldu. Təcrübə göstərir ki, transmilli şirkətlər Üçüncü Dünya ölkələrində demokratik rejimlərdən fərqli olaraq, avtoritar liderlərlə daha tez dil tapır və aparıcı Qərb dövlətlərində onların lobbiçilərinə çevrilirlər. Maliyyə institutlarından fərqli olaraq, onların səmərəli fəaliyyətinin təşkili üçün demokratiyanın və liberal iqtisadi mühitün mövcudluğu zəruri şərt deyil. Əksinə, ictimai nəzarət mexanizmlərinin mövcudluğunu nəzərdə tutan demokratik sistemin təşəkkülü onların maraqlarının gerçəkləşdirilməsinə mane olur.