Muəllif:

Reportyorun Qarabağdan keçən taleyi

Onun cəbhə bölgəsindən verdiyi canlı reportajlara hamı həyəcanla baxırdı, adamlar nəfəs dərmədən, bir sözünü belə buraxmadan onu dinləyirdilər. Çingizin əlində mikrofon kamera önünə çıxması ilə ekranlarda və tamaşaçı şüurunda, sanki hər şey dəyişirdi: ütülü xəbərlərin yaratdığı yalançı təsəvvürlər əriyir, illüziyalar sona yetir, rənglər öz halına qayıdır, göz önündə hadisə yerinin real mənzərəsi canlanırdı. Çünki reportyor Çingiz Mustafayev heç nəyi artırıb-əksiltmirdi, gördüklərinə şahidlik edir, ölkənin və millətin taleyi üçün önəmli olan sərt həqiqətləri deyirdi.

Qarabağ müharibəsinin yeni başladığı 90-cı illərin əvvəllərində, təkcə hərb-siyasi böhran yox, həm də informasiya xaosu yaşayan Azərbaycan cəmiyyətinin bu acı həqiqətləri bilməsinə ciddi ehtiyacı var idi. Və həmin həqiqətləri yalnız ideoloji buxovların və qorxunun nə olduğunu bilməyən, ruhən azad və ölkəsinin üzləşdiyi fəlakətləri iliyinə qədər duyan Çingiz kimi jurnalistlər deyə bilirdi.

*  *  *

Hər şeydən görünürdü ki, onu bu peşəyə ölkədə gedən müharibə havası gətirmişdi. Bəlkə də 20 Yanvar hadisələrindən sonra yaranmış ovqat da bu seçimə təsir eləmişdi. Kim bilir, bəlkə də, atasının hərbçi olması (atası Fuad Mustafayev Çingizi hərbi qulluqçu, anası Naxış xanım isə həkim görmək istəyirdi), genində, qanında yatmış hüceyrələrin oyanması da onu döyüş bölgələrinə tərəf çəkirdi. Bütün hallarda 80-ci illərin ortalarında çoşqun gənclik həyatı yaşayan,  tez-tez televiziya proqramlarında görünən, ixtisasca həkim olsa da, musiqiyə könül vermiş, ilk disko-klub hasilə gətirib orada diceylik edən, repdən başlayıb “Ozan” kimi məşhur rok qrupunu yaratmış romantik təbiətli Çingizin birdən-birə hərbi reportyorluq kimi ağır bir peşədən yapışması maraqlı hadisə idi…

1991-ci ilin noyabrında AzTV tarixində islahatçı sədr kimi qalmış Məmməd Murad onu yeni yaradılımış “215 KL studiyası”na reportyor kimi işə qəbul etdi. Həmin dövrdə bu studiyanın verilişləri mövzu və biçimi ilə kəskin fərqlənirdi və bu verilişlər öz təzəliyi, təravəti ilə mənə bataqlıqda bitən nilufər gülünü xatırladırdı. Çünki ölkənin yeganə telekanalının qəlibə salınmış, sığallı verilişlərindən çox fərqlənirdi. M.Murad bu qəlibləri dağıtmağa, TV-ni yeniləməyə, yeni teleformatlar gətirməyə, həm də bu maraqlı formatlara ekran həyatı verə biləcək yeni kadrlar tapmağa çalışırdı. Çingiz Mustafayev bu yeni yaradıcı adamlardan idi.

AzTV-də mənim çalışdığım Beynəlxalq həyat şöbəsi  “215 KL studiyası” ilə qonşu idi. Balaca bir otaqda otururdular, həmişə də otaqda gurluq olurdu. “Xəbərçi” efirə çıxandan sonra adamların sayı daha da artdı. Vahid Naxışı, Seyfulla Mustafayevi, Mirşahini, Əliheydəri, rejissor Namiq Qurbanovu o zamanlar şəxsən tanıdım. Tez-tez dəhlizlərdə, montaj otaqlarında görüşür, bəzən ayaqüstü fikir mübadilələri aparırdıq. Çingizlə də arada üz-üzə gəlirdik, çox isti salamlaşmağımız var idi. Mən onda “Gecə xəbərləri” aparırdım və ertəsi gün üzləşəndə baş barmağı ilə “əla” işarəsi verərək axşam xəbərlərə baxdığını bildirirdi. Çingiz yadımda daha çox, daim hərəkətdə olması və bir də mübahisə məqamlarında çox emosionallığı ilə qalıb. Danışanda adi şeyləri də yüksək tonla deyirdi, sanki bu yolla ətrafındakıları doğrunu söyləməsinə inandırmaq istəyirdi.

Təkcə dəhlizlərdə və montaj otaqlarında yox, Çingizin səsi efirdə də ucadan gəlirdi. Turqut Özalla, Ayaz Mütəllibovla apardığı qeyri-standart müsahibələri yaxşı təsir bağışlamışdı. Starovoytova ilə ayaqüstü müsahibəsi, ona verdiyi sərt suallar və səsləndirdiyi replikalar milyonlarla tamaşaçının ürəyindən tikan çıxartmışdı. Çingizin bir intervüyer kimi Rusiyanın başqa ermənipərəst siyasi xadimləri ilə söhbətləri, Azərbaycanda gedən mürəkkəb hərbi-siyasi proseslər barədə reportajları, çıxışlarında səsləndirdiyi fikirlər yüzlərlə azərbaycanlının içindən keçən sualların gün işığına çıxması, geniş miqyasda səslənməsi idi.

Əlbəttə, Tanrı bir televiziyaçı kimi Çingizi cəbhə bölgəsi və ekstremal şəraitlər üçün yaratmışdı. Yalnız onun ilham pərisi döyüş zonalarının qara buludlara bürünmüş tutqun səmasında bu qədər asudəliklə qanad çala bilərdi. Yalnız Çingiz Mustafayev kimi bütün çərçivələri dağıdıb yıxan bir reportyorun emosional davranışını teletarixin dramatik səhifələri kimi fiksasiya edə bilərdi. Yalnız Çingiz Mustafayev kimi reportyor kamerasını silaha çevirib əsgərləri döyüşə ruhlandıra bilərdi, yalnız onun kimi sərt bir reportyor müharibə şəraitində bütün etiketləri bir kənara qoyub döyüş bölgəsini tərk edən əsgərlərə çəkinmədən “hamınız arvadsız, hamınız qorxaqsız” deyə bilərdi. Yalnız Çingizin kamerası Xocalıda vəhşicəsinə qətlə yetirilmiş körpə uşaqlar üçün bu qədər üzücü bir hıçqırtı ilə ağı deyə bilərdi… Və yalnız doğulduğu torpağa, təmsil etdiyi xalqa, fəlakətlər içində çırpınan Vətənə təmənnasız sevgisi olan  bir adam həyatını belə təhlükələrə ata bilərdi…

Onun Qarabağ problemi və milli faciələrimizlə bağlı hazırladığı xəbər və reportajlar təkcə “Xəbərçi”də getmirdi, həm də Rusiya və Avropa telekanallarını dolaşır, bütün dünyaya yayılırdı.

Çingiz Mustafayevin həmkarları ilə birgə çəkib hazırladığı həmin materiallar həm Qarabağ müharibəsinin, həm Azərbaycanın müstəqilliyə gedən yolunun video salnaməsidir. Bu salnamənin tarix üçün misilsiz dəyəri olmasını demək isə artıqdır.

*  *  *

Dünyanın qəribə işləri olur.. Çingiz Mustafayevin ölüm xəbərini efir üçün  yazmışam. 1992-ci il iyunun 15-i idi. Axşam saat 8-in “Xəbərlər”i yenicə başlamışdı. Mən növbətçi redaktor kimi pultda – rejissorların yanında əyləşib materialların efirə müəyyən olunmuş ardıcıllıqla getməsinə nəzarət edirdim. Elə bu vaxt zəng gəldi ki, Çingiz həlak olub. Xocalı tərəfdə Naxçıvanikdə gedən döyüşləri çəkən zaman ağır qəlpə  yarası alıb, xilas edə bilməyiblər, çoxlu qan itirərək dünyasını dəyişib.

Dərhal bir-iki yerə zəng edib xəbəri dəqiqləşdirdim, assistentlərin köməyi ilə Çingizin lentlərindən onun portretlərini seçib yığdıq. Və baş vermiş faciə barədə nekroloqa bənzər qısa bir xəbər-mətn yazdım. Oxuyub təsdiq etməsi üçün yazını baş redaktora apardım. O da mətni gözaltı süzdü və eynəyini çıxarıb bircə kəlmə “bəy, Çingizi çox şişirtmisən” dedi. Sonra nə fikirləşdisə, mətnə əl vurmadı, dedi verin studiyaya, oxusunlar…

Həmin mətndə demək olar ki, tərifə bənzəyən və ya şişirtmə sayılacaq heç nə yox idi. Sadəcə deyilirdi ki, “Azərbaycan telereportyorluq məktəbinin parlaq təmsilçisi, jurnalist Çingiz Mustafayev bu gün Naxçıvanikdə peşə borcunu yerinə yetirərkən həlak olub. O, qaynar nöqtələrdən apardığı çəkilişlərlə, Qarabağ müharibəsinin hərbi salnaməsini yaratmaqla, Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı gerçəyini dünyaya yaymaqla yaddaşlarda qalıb”.

Bunlar tamaşaçı qarşısında, geniş mənada cəmiyyət və xalq qarşısında borcunu dərk edən bir TV əməkdaşı və bənzərsiz reportyor kimi Çingiz Mustafayevin danılmaz xidmətləridir. Bunları heç kim dana və üstündən xətt çəkə bilməz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 8,33 из 10)
Oxunma sayı: 512