Muəllif:

QIZDIRMALI ERMƏNİSTAN YADIMIZA NƏLƏRİ SALDI?..

S.Sarqsyan Ermənistanı addım-addım siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün sistemli dəyişikliklər aparanda ermənilər sanki hələ mürgüləyirdi. Amma artıq o vaxtlar kənar ölkələrin politoloqları seyrək şəkildə olsa da yazırdı ki, bütün bu səylərin arxasında Sarqsyanın xudbin məqsədlərinin dayanması bir tərəfə, siyasi modelin özü də Ermənistan üçün deyil, çünki parlament üsul-idarəsi daha dinamik və dəyişkən olur, yüksək seçki və əməkdaşlıq mədəniyyəti tələb edir.

Təsadüfi deyil ki, indi cəmi Ermənistan qızdırmalı adamı andırır-proseslərdə də, siyasətçilərin çıxış və bəyanatlarında da bir sayıqlama əlamətləri sezilir və düşünürük ki, bu, qətiyyən müvəqqəti xarakter daşımır, hələ xeyli müddət beləcə də davam edəcəkdir, çünki dekabra qədər nələrin ola biləcəyi, nələrin baş verə biləcəyi bircə tərəfə, sabitlik o vaxt bərqərar ola bilər ki, Paşinyan siyasi cinahı parlamentdə həlledici çoxluğa sahib ola bilsin, — gəl, bu elə də asan məsələ deyil.

Əgər dekabradək hadisələr başqa bir məcraya yönəlməsə, seçkini keçirmək mümkün olsa belə, o halda böyük ehtimalla N.Paşinyan yenə də mütləq çoxluğun baş naziri olmayacaq, yenə də siyasi saziş əsasında baş nazir kürsüsünə əyləşməli olacaqdır.

Hələ heç onu demirik ki, dekabra qədər çox üzücü proseslər görünür. Biz bu yazını yazarkən parlamentlə Paşinyan arasında boğuşma davam edir, seçki qanunvericiliyinə düzəlişləri qəbul etməyən əski parlamenti  buraxmaq üçün cəhdlər edilirdi.

Aydın məsələdir ki, əski hakimiyyət parlamentdəki mövqelərindən istifadə edib vaxtı ən azı yaza qədər uzatmağa çalışır. Hesab da ona yönəlib ki, vaxtın uzanması Paşinyanın problemlərinin artması və nüfuzunun aşağı düşməsi deməkdir. Amma bizə elə gəlir ki, Paşinyan baş nazir postundan şərti olaraq istefa verməklə, hamı kimi seçkilərə ciddi administrativ resurslar olmadan hazırlaşmağa qərar verməklə nüfuzunu bir az da artıra bildi.

Amma vəziyyət hələ də əski hakimiyyət parlamentinə də bir azacıq şirnikləndirici görünürdü: baş nazir kürsüsü şərti olaraq boş qalmışdı və N.Paşinyan artıq rəsmən heç kim deyildi, o, daha çox Şervud meşələrinə hakimlik edən R.Qudu və ya Parisin küçə və meydanlarına “krallıq” edən balaca Qavroşu xatırladırdı…

Əlbəttə, proseslərdə Moskvanın da “barmağı” istisna olunmur. Məsələ bundadır ki, artıq indidən Paşinyan bir çox məsələlərdə Kremllə həmfikir olmadığını bildirir, hətta bunu qabardır da. Bu yaxınlarda xarici işlər nazirinin müavini bildirdi ki, general Xacaturovun da məsələsi qısa müddətdə həll ediləcək.

Bunları ona görə qeyd edirik ki, N.Paşinyanın güzəşt və ya geri çəkilmələrə o qədər də meylli olmadığını göstərək. Güman ki, bu adam arzuladığı mandatı alarsa, Rusiya ilə münasibətlərdə daha sərt olacaq və daha birmənalı bəyanatlar səsləndirəcək.

Kremldə də bunu yaxşı bilirlər. Ona görə də dekabra qədərki müddət çox çətin görünür. Hələki Paşinyan küçə və meydanları adamlarla doldura bilir. Gəl, bu prosesin özündə demokratiya təcrübəsi o qədər də böyük olmayan cəmiyyətlər üçün xarakterik çalarlar sezilir: meydanlara bir çağırışla on minlərlə adam çıxsa da, İrəvandakı mer seçkilərində bir o qədər də yüksək iştirak olmadı.

Bu, bütün meydan prosesləri üçün səciyyəvi bir haldır – insanlar düşünür ki, əgər problemləri bircə yürüşlə həll etmək mümkündürsə, seçkilərə daha nə ehtiyac vardır? Ona görə də yazının əvvəlini onunla başladıq ki, parlament üsul-idarəsi Ermənistan üçün deyil. Bu səbəbdən də seçki vaxtı çox sürprizlər yaşana bilər — Paşinyan tərəfdarları arxayınlaşa bilərlər, bu isə öz növbəsində əks nəticələrə gətirib çıxara bilər.

Bir detalı da qeyd etmək lazımdr ki, proseslərin demokratik məcradan çıxması, lap açığı, Paşinyanın legitim baş nazir ola bilməməsi Kremlin də maraqlarına cavab verir, çünki belə hallarda Moskvanın əl-qolu daha çox açıla bilir.

Bəlkə də müqayisə uğursuz görünəcək, vaxtilə Azərbaycanda da belə halları müşahidə etmişik. Bir neçə dəfə olmuşdu ki, yaxın zamanlardakı seçki ilə problemləri həll etmək daha düzgün və hətta asan görünürdü, amma hər dəfə sanki kimsə istəmirdi ki, Azərbaycanda problemlər seçki yolu ilə həll olunsun və bunun kim olduğunu, soyuq küləklərin haradan əsdiyini bilmək elə də çətin deyildi və yaxud artıq çətin deyil – küləklər Şimaldan əsirdi…

İndi də Kreml Ermənistandakı problemlərin seçkiyə qədər “həll olunmasını” istərdi. Ən əsası da meydan hərəkatları özləri də buna daha çox meylli olur, çünki emosiya soyuq məntiqi üstələyir, həm də problemləri bu yolla — yürüş təşkil edib parlametin və hökumətin binasını tutmaq yolu ilə həll etmək daha asan və şirnikləndirici görünür. Fəqət, bir məsələ də var ki, N.Paşinyan çox çalışır ki, Ermənistanda demokratik proseslər getdiyi təsəvvürünü yarada bilsin, çünki bu, onunçün gələcəkdə siyasi kart-blanş rolunu oynaya bilər, bəzi bağlı qapıları açar.

O ki qaldı Kremlə, orada da hər şey aydın və birmənalı deyil, yeganə olaraq onu demək olar ki, Kreml əhli də hiss edir ki, Ermənistan torpağı da onların ayaqları altında titrəyir və forpostda “heç də hər şey qaydasında” getmir. Amma hələ ssenarilər arasında seçim edilməyib və yerlərə təlimatlar göndərilməyib.

Amma bilirsiniz bu son günlərdə mənim ən çox xoşuma gələn nə oldu?  Çoxumuzun “rus”lar deyəndə gözümüzün önünə ilk növbədə Kreml əhli gəlmirmi? Düşünürük ki, bütün ruslar siyasət və hakimiyyət əhlinin fikirləşdiyi kimi düşünür, onların danışdığı kimi danışır. Əslində tamam belə də deyil, fərqli düşünənlər də var.

“Başa düşmək lazımdır ki, müasir Rusiya indiki Ukraynanı və düşünən belarusları nəinki özünün yenicə bərpa olunmuş mütləqiyyətilə, Putinin qeyri-məhdud hakimiyyətilə, eləcə də öz kasıblığı, öz qeyri-müəyyənliyi, hər yerdə, hamı ilə və hər vaxt vuruşmağa hazır olması ilə qorxudur və çəkindirir.

Əslində bizim bütün indiki xarici siyasətimiz, ilk növbədə də keçmiş sovet respublikalarına yönəlik siyasətimiz əbəs və tamamilə mənasız bir cəhdlərdir, resursların, bəzən də insan həyatlarının boş yerə sərf olunmasıdır. Biz ruslar onlar üçün o vaxt cəlbedici ola bilərik ki, bu yeni ölkələrə əsl azad və firavan həyat nümunəsini təqdim edə bilək”…

Bir rusiyalı müəllifin bu sözləri mənə o qədər dərin təsir göstərdi ki, onları sizinlə bölüşməyə tələsdim — bəli, göstərmək üçün ki, Rusiyada da fərqli fikirləşən insanlar var.

Bəli, bu müəllif Rusiya siyasi elitasına çağırış edir ki, niyə çar imperiyasının, daha sonra isə sovet imperiyasının çöküşündən düzgün və adekvat nəticə çıxarmırsınız? Niyə özünüzü də, cəmiyyəti də ruslarla ukraynalıların guya “parçalanmış bir millət” olması haqqındakı uydurma bir miflə aldadırsınız?

O, deyir ki, ruslar üçün ukraynalılar həmişə “kəkillilər” (“xoxlı”), ukraynalılar üçün isə ruslar “saqqallılar” (“katsapı”) olublar və Ukrayna ruhən həmişə Rusiyadan daha çox qonşu Polşaya, ümumiyyətlə, Avropaya yönəlik olubdur.

Amma Kreml əhli bu məntiqlə hesablaşmaq istəmir, onlar hətta belə müəlliflərin yazılarını və fikirlərini eşitmək istəmirlər, bundansa nəyin hesabına olsursa olsun Rusiyanın coğrafi cəhətdən genişləndirilməsinə səsləyən “ideoloq”lara üstünlük verirlər.

Ona görə də Rusiyanın siyasəti də, cəmiyyəti də qızdırmalı adamı andırır, sanki siyasətçilər də, adi insanlar da qızdırma içində çabalayırlar. Kreml əhlinin çabalarının səbəbləri aydındır. Bunun şərhi yazının əvvəlindəki sitatdadır; Kreml başa düşür ki, xalqları və ölkələri artıq heç nə ilə şirnikləndirə bilmir, onun sərəncamında cəmi bir vasitə qalıbdır, o, da həmin ölkələrdə yaratdığı münaqişələrdir – bəli, Qarabağdır, Abxaziya və Osetiyadı, Dnestr və Krımdır, şərqi Ukraynadı!

Ona görə də Kremlin isterik tutmaları qətiyyən təəccüblü görünməməlidir, kim olmasa da artıq biz – keçmiş sovet əhli buna alışmalıyıq. Yazısından sitat gətirdiyimiz müəllif də belə deyir və ilk növbədə V.Putinin özünü, daha sonra rus cəmiyyətini miflərdən azad olmağa, özlərinin illərlə uydurduğu yalanların cazibəsindən xilas olmağa, qurtulmağa çağırır, cəmiyyət və ölkə olaraq Rusiyanı daha mütərəqqi, daha real və praqmatik məqsədlərə yönəlməyə səsləyir.

O ki qaldı cəmiyyətə, bu da aydın məsələdir: Putin dövrünün “sabitliyinin”, geosiyasi “zəfər”lərinin arxasınca böyük bir məglubiyyət və peşimançılıq gəlir: düşünən ruslar bunu dərk edirlər.

Təsadüfi deyil ki, mütəmadi bir şəkildə olmasa da ara-sıra Rusiya mətbuatında post-Putin erası və yaxud “ikinci yenidənqurma” haqqında yazılar peyda olur.

Hələ Makiavelli yazırdı ki, müharibədən qaçmaq mümkün deyil, onu təxirə salmaq olar, bundan isə rəqib udur. Eyni sözləri zəruri islahatlar, dəyişikliklər haqqında da demək mümkündür: elə bunlardan da qaçmaq  mümkün deyildir, onları da yalnız təxirə salmaq olar, amma bundan ölkə də, cəmiyyət də yalnız uduzur. Ruslar isə əbədi olaraq islahatlara dirəniş göstəriblər, ondan qaçmağa çalışıblar, nəticəsi də bu olub ki, ölkə daim axsayan bir məmləkətə çevrilib, insanlar, cəmiyyət heç vaxt əsl azadlıq və firavan həyat nə olduğunu bilməyibdir, daim özləri üçün də, başqaları üçün də problem olublar, özləri qul halında yaşadıqları halda qeyrilərini “azad etməyə” çalışıblar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 73