Qadınları soyundurmanın fəlsəfəsi…
Hicab ideoloji-dini geyim olduqca, hətta qadın bunu öz xoşuyla geyinsə belə, birmənalı olaraq azadlığın kişilər tərəfindən məhdudlaşdırlmasından və deməli, dini uniformadan başqa bir şey deyil.
Təbii, mənimçün.
Və bu, dartışılmaz məsələdir. Ancaq bu geyim forması ideolojilikdən kənara çıxan kimi adi dəb ünsürünə çevrilir və kimsənin onun məhdudlaşdırılmasına can atacağına, daha dəqiq ifadə etsək, yasaqlayacağına inanmıram. Lakin bu forma bir gün sırf dəb şəkillərindən biri olan kimi, eynən açıq-saçıq, şəhvət doğuran, məsələn, ən azı yetkinlik yaşına çatmayan qızların geyinməsi yasaq sayılacaq, hardasa əxlaqsızlıq hesab ediləcək, bunu daha güvənlə söyləmək olar ki, həmin bu geyim onda da orta məktəblərdə, hətta qatı mentalitet aşiqi olan ölkələrin ali məktəblərində, bir sözlə, bu gün açıq-saçıq geyimin yasaq olunduğu, ən azı yaxşı qarşılanmadığı bütün çevrə və məkanlarda süngüylə qarşılanacaq, yasaqlanacaq. Bu fərziyyənin gerçəkliyinə inanmaq sizə elə də çətin gəlməsin.
Ümumiyyətlə, geyimə görə əxlaqi qiymət, toplumlarda əxlaq anlayışının özü son dərəcə nisbi və qeyri-sabit olub, həmişə də elə olacaq.
***
…Bir gün ailə albomunda anamın gəlinləri ilə qoşa şəklini gördüm. Şəkil hardasa 1968-ci ildə rayon foto-atelyelərindən birində çəkilib (demək, kənd qızları rayona bu geyimdə gedibmişlər!). Üzlərində mələk məsumluğu, mələk saflığı, əyinlərində dizdən bir qarış yuxarı qısa ətək var. Oturublar. Ətəyin bitdiyi yerdən dizə kimi hissə adi diyircəkli qələmlə qaralanıb, bir növ ətəkləri uzadılıb. Anamdan soruşdum: “Məgər siz o vaxt belə qısa geyinirdiz? Demirdinmi öldürərlər?”
Anamın cavabı mənimçün çox maraqlı oldu. Sən demə, o vaxt uzun ətək, uzun paltar geyinənlərə pozğun kimi baxırmışlar, o çağın əxlaqi yanaşmasına görə, uzun paltarları ancaq artistlər, məsələn, Zeynəb Xanlarova geyinə bilərdi. Artistin elə geyinməsi hardasa normal qarşılanmağa başlamışdı. Sonradan hər şey dəyişdi. Artistlər açıq-saçıq, qısa, adi qadınlar isə uzun, örtülü geyinməyə başladılar. Artıq qısa geyinənlərə pozğun kimi baxılan zaman başladı. “Bax, onda kiçik dayın əsəbiləşib ətəyimizi qələmlə uzatdı…”
Diqqət edin: ancaq artist! Bəs topluma görə artist (mütrüb) kim idi? İndi dilimizdə pis mənada işlənən həmin mütrüb (mütrüf) sözünü yada salmaq bəs edər bunu anlamaq üçün.
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində «çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan» mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var.
Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də ilgilidir. Eramızın XI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib.
XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.
Vikipediya məlumatına görə, mütrüb oynatmaq daha çox Bakı-Şamaxı bölgəsi üçün xarakterikdir.
Bu şəffaf sərhədli, amöb xislətli əxlaq anlayışı ilə bağlı fikrimizi qüvvətləndirmək üçün bir daha hicabın tarixçəsini yada salaq. Qədim Şumerdə və Mesopotamiyada dini rituallarda istifadə olunan müqəddəs fahişə-rahibə qadınların geyindiyi hicab-örtük, sonradan Qədim Misirdə firon ailəsinin, seçilmişlərin geyim forması kimi çağ-çağ məzmununu dəyişən bu geyim haqda dünyaca məşhur ilahiyyatçı, Quranın əvəzsiz bilicisi və hafizi, hüquqşünas alim, Azərbaycanda da öz baxışlarıyla xeyli məşhur olan mərhum Yaşar Nuri Öztürk bunu deyir:
“İslamın buyuruqları, ölçüləri var. Ama fotoya bağlı (yəni formasına görə. — P.C.) və uniforma məzmununda bu qiyafəti islam gətirməmişdir. Bu, haşa, islamın ruhuna, evrənsəlliyinə ziddir. Ama kilsənin belə bir qiyafəti var. Türban hətta həzrəti İsanın deyil, onun dininə İsadan 50 il sonra ürcah edilmiş simvolun İncilə soxduğu bir örtünmə biçimidir. Qısaca, rahibə qiyafəti deyə bilərik. (Mesopotamiya gələnəyi. – P.C.)
Yeri gəlmişkən, xatırlatmağa dəyər: həm Şumer və Mesopotamiyada, həm fironlar zamanında örtük adi qadınlar üçün yasaqlanmış geyim forması olub.
Əslində, bu gün hicab yox, bütün dünya qadın zehniyyətinə soxuşdurulan, yoluxdurulan, Lev Nikolayeviç Tolstoyun da “Kreyser sonatası” əsərində həzər çəkdiyi fahişə geyimlərinin adiləşdirilməsinin səbəbindən danışırıq. Ancaq hicaba, örtük geyimlərinə toxunmadan bu mövzuda fikir bildirmək hardasa mümkünsüzdür.
Hər bir təzahüratın, görsənişin, faktın, hadisənin bir üst-zahiri, bir də alt-batini qatı var. Qadınların geyimlə bağlı, onlara geyiminə yanaşılması ilə bağlı şablon cavabları var: Açıq-saçıq geyinən hər qadına əxlaqsız, fahişə kimi yanaşmaq, qadınlara öz “erkəklilk” alətinin gözüylə baxmaq, qadına geyiminə görə qiymət vermək olmaz, qadın qadındır, o daha yaraşıqlı, cazibəli görünməlidir, qadın azaddır, istədiyi kimi geyinə bilər və s.
Bu sözlərə lap üstdən yanaşanda yüzə-yüz doğrudur. Ancaq bir az dərinə endinmi… Qadınlar ondan xəbərsizdir ki, onlara görünməz əllərin geyindirdiyi bu geyimlərdən əvvəl o əllərin beyin mərkəzləri bu müdafiə kəlmələrini düşünüb qadınların beyninə geyindiriblər. Ondan sonra qadın öz azadlığı hesab etdiyi məqam üçün dünyanın bütün kişiləri ilə savaşa çıxmağa hazırdır, çıxır, çıxacaq da, əlbəttə, qalib də gəlib və gələcək də. Burda kapitalizmin gəlir maraqları bəlkə də lap sonuncu yerdə durur. Əsas olan isə, yeni dünya nizamının strateji planları və taktikalarıdı: qutsal olan hər şeyi – ailəni, sevgini, varlığımızın üç əsas dayağından biri olan libidonu (cinsi istək) öldürmək, ona marağı belə sıfra endirmək, törətmənin qarşısını bacardıqca almaq! Yekunda nə alınır: qadını — sən azadsan deyə başını yedikləri qadını məhz bir qadın kimi öldürmək, məhv etmək, əks cinsin gözündən salmaq, kişiləşdirmək, şəhvət doğuran, cazibə yaradan həmin elementin birbaşa əliyləcə şəhvəti, cazibəni sıfra endirmək, adiləşdirmək – onu sırf təbiətin mövsümlərindən qorunmaq vasitəsi kimi meydana gəlmiş klassik papaq, ayaqqabı, pencək, şalvar, corab, palto kimi adiləşdirmək, kişi üçün sirrli, maqnetizmi olan heç nə saxlamamaq!
Bir anlıq qadınları çimərlikdə təsəvvür edin və düşünün: haçansa indiki bu çimərlik geyimlərində bir qadın çimərlikdə görünsə, nə baş verərdi? Bugünkü geyimə doğru start verilmiş proses elə çimərlik formalarından başlayıb ki, indi onu küçədə az qala hər qadın ədəbli geyim kimi geyə bilər. Proses oradan başlayıb, adiləşdirilə-adiləşdirilə indikinə çatdı, bir yandan mütərəqqi bir inqilab baş verdi, kişilər linçdən və baxışlarıyla qadını “yeməkdən” əl çəkdi, buna adi baxdı və artıq az-çox özünə hörmət edən kişi çimərlikdəki qadınlara baxıb hansısa hiss keçirmir.
Və indi o proses çimərlikdən küçəyə daşınır. Adiləşdirmə prosesi başa çatmaq üzrədir!
Sağlam məntiqlə, soyuq başla düşünəndə qısa, açıq-saçıq geyinməyin yörədəkilərə nə zərəri var? Heç nə! İndi hicab bəlkə qadını açıq-saçıq geyimdəki kimi qəşəng göstərmir, ancaq hicabın daha güclü cazibə yaratması, kişi marağını sirli pərdəyə bürüməsi onu daha arzulanan edir. Pərdəyə bürünmüş nəsnə aşılmaq üçün kişini özünə çəkən zirvədi, açıq-saçıq geyimli isə daha kəşf edilməli bir şeyi qalmayan hansısa mədən.
Yuxarıda da dediyimiz kimi, geyimlərə yanaşma son dərəcə nisbi və mənasızdı. Zamanla bütün məntiqini, rakursunu dəyişə bilir. Sadəcə, toplum hər zaman bir yeni havaya girir və yeni qərar çıxarır. Bu qərarlar ümumiyə aiddi. Lakin konkret dəbləri düşünən ayrı bir beyin mərkəzləri var, onlar kişilərdə erotik hisləri öldürmək, qadından soyutmaq, qadını kişi ilə savaşa sürükləyərək düşmən edib, yekunda öz həmcinsinə doğru itələmək, kişini kişiylə yatağa yuvarlatmaq, nəticədə insanların sayını azaltmaq, onu meymuna çevirmək…
İndi o beyin mərkəzləri bu tip geyimlərin toplum tərəfindən adi qarşılanmasını, illah da Azərbaycan kimi ölkələrdə çox istəyirlər. Niyə? Çünki proses Qərbdə ilkin etapda başa çatmış sayılır, qalır Şərq. (Tam və qəti qələbə məsələsi). Bunun adiləşməsindən sonra oradakı yasaq, yəni kişini qadına daha can atımlı edən səbəb də aradan qalxacaq, kişidə ilk etapda şəhvət və sevgi doğuran geyimlər sonradan, belə demək olarsa, adi əski-üsküyə, bir növ ibtidai nənəmizin əncir yarpağına çevrilir, bütün sehrini itirir.
Məncə, bu bizim ən qorxmalı olduğumuz nöqtədi! Həyatın normal axarda davamı üçün qorxmalıyıq bundan. Geyimlə bağlı proses sonda ona gətirəcək ki, bir gün bir Qərb modelyeri bunu anlayacaq və hicab tipli örtülü geyimlər dəbə minəcək. Əlbəttə, bu dəfə dini uniforma kimi deyil, kişilərdə hiss-həyəcan yarada biləcək erotik geyim forması kimi…
Qadınlar bu tip geyimlərə nə qədər can atsalar da, hətta bu çeşid-çeşid parça topasını əldə eləməkdən ötrü var-yoxlarından keçsələr də, anlamadıqları bir şey var — bu modelləri düşünənlər, guya feminist hərəkatdan və ya ona dəstək verənlərdən olsalar da, əslində, bütün bu gözqamaşdıran əsrarəngiz əsərlər, onları araya-ərsəyə gətirən təxəyyül gücü məlum ilk etapda yalnız kişilərin izzəti-nəfsi üçün düşünülüb; burda qadın yenə də satış bazarına çıxarılan, min cür cilvələndirilmiş qul-cariyədən o yana bir məxluq kimi götürülməyib; hər şey daha baha satılmağa və daha baha ala bilmək gücündə olan kişinin özünü daha güclü hiss eləməsinə hesablanıb. Hesab özünü doğruldur da; bu geyimlər qadınları azad eləmək adıyla təqdim olunsa da, qadını daha çox əsir, kişini daha çox kölə sahibi və bir-birinə düşmən eləyir; kişinin əziyyətini daha çox azaldıb, qadının təslimiyyətini daha tezləşdirir; bu kişilərin hiyləsidi — kişi bu geyimlərdə gördüyü qadını demək olar ki, soyundurduğunun, soyundurub-soyundurub «quyruğunda qoyduğunun» həzzini alır; bu qaydayla artıq yarıdan o yanacan soyundurulmuş qadın getdikcə kişinin nəzərindən düşməyə, ölməyə başlayır; gərgin savaşa baş vurmadan qazanılmış qənimət kişidə dəyərini, qiymətini, ecazkarlığını, sehrini, əsrarını itirir, Avropa kişisi qadından həzz ala bilmir və maviləşdikcə maviləşir; qadınların qələbə savaşı onların məğlubiyyətinin mənbəyinə çevrilir; Azad Avropada ayrıca saatlarda dar və qapalı məkanlar — «qadın qul bazarları» üçün düşünülmüş bu paltarlar, indi Bakının geniş küçə meydanlarını bürüməyə başlayır — Bakı Avropanın özü üçün qurduğu alqı-satqı tamaşasını gerçək kimi, həm də gender məsələsi kimi, gender bərabərliyi və ən nəhayət, azadlıq görsənişləri kimi qəbul eləyib bu tamaşanı dar məkanlarda, ballarda, gecələrdə, müsamirələrdə deyil, geniş alanlarda göstərməyə can atır — Bakı Papadan daha çox katolik olmağı tarixən sevib və indi də sevir; o biri yandan isə hicab Bakıya hücum çəkir (bir az uniforma, bir az dəb, bir az kamuflyaj kimi) — beləliklə də, ölkə başdan-başa qul bazarına çevrilir. Qadınlar isə nə baş verdiyindən bilmərrə xəbərsiz qadın (yaxud din) azadlığı uğrunda savaşdıqlarını düşünürlər. Əldən gedən isə mentalçıların düşündüyü kimi, ar-namus deyil, əbədi və əzəli kişi-qadın sevgisidir…