ONLAR QOCALMAYACAQLAR
Piter bənzərsizdir. Ona görə yox ki, 3 dəfə Oskar mükafatı alıb və bu gün dünyanın ən məşhur kino-rejissorlarından biridir. Məsələn, ona görə ki, tamaşaçısını “Zaman içində keçmişə səyahət”ə aparır. Sadəcə son gördüyü işlər onun istedadı ilə miqyasının genişliyini anlamağa kifayət edir. Yeni Zenlandiyada doğulub. Valideynləri dünyanın o biri ucundakı ölkəyə İngiltərədən köçüblər. Atası II Dünya müharibəsi iştirakçısı olub, Maltanın müdafiəsində faşistlərə qarşı vuruşub. Oğluna nəql etdiyi savaş xatirələri balaca Piterin hafizəsində elə dərin və silinməz izlər buraxıb ki, şöhrətinin zirvələrdə gəzindiyi bir vaxtda çətin və mistik bir təşəbbüsə baş vurub…
Ser Piter Cəkson (ing. Sir Peter Jackson) 1961-də gəlib dünyaya. Uşaq ikən ona kino-kamera hədiyyə edirlər. Piter də səhnə qurub qısa film çəkmək yerinə xüsusi effektlər yaratmağa meyl salır – atəş açılan tapancadan çıxan güllənin izini çəkmək kimi fərqli eksperimentlər edir, animasiya ilə canlandırdığı əjdahanın bir şəhəri viran etməsini filmə köçürtməyə girişir. Məhz elə bu effektlərə olan marağındandır ki, Piter Cəkson zaman içində səyahət edib, tamaşaçını tam yüz il əvvələ aparmağa qərar verir.
Ancaq bu qeyri-adi həvəsə düşənə qədər Piter Cəkson 30-a yaxın film çəkib. Bunların içində sensasiya doğurmuş və kassa rekordları qıran “Üzüklər Kralı” (The Lord of the Rings) kino-trilogiyası və “Xobbit” filmləri var. Ümumilikdə bu filmlər müxtəlif nominasiyalarda 17 Oskar alıb, bir milyard dollarla sinema tarixinin ən gəlirli ekran əsəri olublar. Bizim nəsil kinosevərlər bu filmləri çox da bəyənmirlər, onlar daha çox cavanlara xitab edirlər. Yüz milyonlarla gənc insan üçün “Üzüklər Kralı” bir kulta çevrilib.
* * *
Hər il payızın ortalarına doğru təbiətin bozarıb sönükləşdiyi bir vaxtda ingilislər yaxalarına al rəngli lalələr sancaraq 1-ci Dünya müharibəsində həlak olmuş əsgərlərini yad edirlər. 11 noyabr Böyük Britaniyada savaşda ölənlərin anım günüdür. 10 milyon insanın həyatına son verən müharibənin qurbanları üçün hər il görkəmli bir mərasim keçirilir. Mərasimdə ənənəvi olaraq ingilis şairi Lorens Binyonun (1869-1943) “Həlak olanlar üçün” (For the Fallen) şeiri oxunur:
Taleyimizə yazılmış qocalıq onlardan yan keçəcək
Və onların gəncliyi əbədi olacaq…
İngilislər üçün acının, dərdin və itkinin poetik simvoluna çevrilmiş bu şeirin misraları ölkədəki saysız-hesabsız əsgər məzarları və monumentlərin üzərinə həkk olunub. Binyon bu şeirilə savaşda yaxınlarını itirmiş milyonlarla ingilisin kədərinə tərcüman olub. O özü də 1-ci Dünya müharibəsinin iştirakçısı olmuşdu. Hər gün gördüyü əsgər ölümləri Binyona elə təsir edir ki, döyüş dostları onun hafizəsində əbədi olaraq gənc qalırlar:
Onlar qocalmayacaqlar bizim qocaldığımız kimi,
Zaman toxuna bilməyəcək onlara,
Təslim olmayacaqlar onlar zamana…
* * *
Atasının savaş xatirələri ilə Binyonun kədərli misraları Piter Cəksonu həyatının ən anlamlı çalışmasına şövq edir. O, son dörd ildi 1-ci Dünya müharibəsinin kino-xronikasını “arxiv olmaqdan çıxarıb” günümüzə daşımaqla məşğuldu. Onun bu titanik zəhməti nəticəsində minlərlə arxiv kadrları ləkə və cızıqlardan, qırışıq və yırtıqlardan qurtuldu, ağ-qara olmaqdan çıxıb rəngləndi. Londondakı “İmperial Hərbi Muzey”ində (Imperial War Museum) qorunan unikal kino-kadrlar ultra-modern rəqəmsal texnologiyalarla incədən-incəyə restavrasiya olundular, daha sonra isə tək-tək əllə rəngləndilər. Nəticədə təsvir o qədər aydın və həcmli oldu ki, tamaşaçı sanki 1-ci Dünya müharibəsinə səyahətə, gənc və heç vaxt qocalmayacaq əsgərlərlə görüşə çıxdı.
Keçən axşam uzaq xaricdə yaşayan dostum mənə Piter Cəksonun “Onlar qocalmayacaqlar” (They Shall Not Grow Old) adlı 90 dəqiqəlik yeni sənədli filmindən (Avropada filmin premyerası 16.10.18. tarixində olacaq) kiçik bir hissənin linkini göndərdi. Piter filmin adını Binyonun o məhşur şerindəki misradan götürüb:“They shall grow not old, as we are left grow old”. Linki açanda gözlərimə inanmadım, yırtıq-yırtıq olan yüz illik tarixi kadrlar bərpadan sonra elə bil bu gün çəkilib. Piter “Mən o insanları zamanın dumanından keçirib müasir dünyamıza gətirməyə çalışmışam” deyir. Onun “sinematoqrafik zaman səyahəti” o qədər qüsursuz və mükəmməl alınıb ki, seyrçi filmin bədii yoxsa sənədli olduğunu qarışdırır, real əsgərləri zaman-zaman aktyorlar olaraq qəbul edir. Halbuki ekranda görünənlər gerçək insanlardır. Filmdə kiçik bir səhnə var: hərbçilər açıq havada uzun bir masa arxasında mis qablarda əsgər yeməyi yeyirlər. Masada yabani çiçəklər qoyulmuş 6-7 gül qabı və bir də masanın başında oturmuş iki zabitin ürəkdən gülüşləri diqqətimi çəkdi. Təbii olduğu qədər həm də hüzünlü bir andır. Çünki bu yeməkdən sonra bəlkə də o zabitlər əsgərlərini son döyüşə qaldıracaqlar. Və bəlkə də bir azdan onlar Binyonun deyimilə həlak olub, qocalmağı görməyəcəklər.
Filmdə rejissor hərbi xronikanın kadrları arasına I Dünya müharibəsinin veteranları ilə müsahibələri salıb. 1964-cü ildə götürürülmüş müsahibələr “İmperial Hərbi Muzey”ində saxlanılır. Piter Cəkson “Hər əsgər mütləq öz səsilə hekayəsini danışmalıdır” deyə israr edərək filmdə bu tarixi müsahibələrə yer verib.
Sənədli filmin səsləndirilməsi isə daha böyük bir əməyin bəhrəsidir. 1914-cü ilin texnikası ilə ancaq görüntü çəkmək mümkündü, səsi yaza bilmirdilər. Və Piter dodaq hərəkətinə görə danışığı çözən mütəxəssisləri dəvət edərək, əsgərlərin ağız hərəkətinə görə danışdıqlarını yazdırdı. Daha sonra isə aktyorlar onları səsləndirirlər. Bununla da Piter Cəkson həlak olmuş əsgərləri ölümlərindən yüz il sonra “danışdıraraq” böyük bir uğura imza atdı.
Yüz il dərinliyindən zaman örtüyünü qaldırıb, insanları günümüzə qaytarmaq, onları arxivlərdə unudulmağa məhkum edilmiş əsgər kimi yox, gerçək insan kimi göstərmək istəyib Piter Cəkson. Və buna da müyəssər olub. Filmdəkilər Çaplinin vintaj sinemasındakılara bənzəmirlər. Real qəhrəmanlardırlar onlar.
2018-ci ilin noyabr ayında bütün Avropa I Dünya müharibəsinin bitməsinin 100 illiyini qeyd edəcək. “Onlar qocalmayacaqlar” filmi də bu yubiley ərəfəsində böyük ekranlara çıxır. 100 il əvvəl — 11-ci ayın 11-də, saat 11-də Avropada bütün silahlar susmuşdu. O gün “Bu müharibə bütün müharibələrə son qoyacaq” deyirdilər. Sonrakı illər bu arzunun həyata keçməyəcəyi anlaşıldı. Hələ çox qanlar töküləcəkdi. Mədəni xalqlar da təsəllini qəhrəmanlarını, şəhidlərini tək-tək deyil, toplu şəkildə də anmağa, xatirələrini yaşatmaqda tapmağa başladılar. Həlak olmuş qəhrəmanları tək-tək deyil, bir bütün olaraq anmaq da millət olmağın göstəricilərindəndir…
Onlar qocalmayacaqlar. Bizlərsə illəri sayacağıq,
Zaman onlara toxunmayacaq bir daha.
Qürub çağında, şəfəq sökəndə
Ölüləri həyatdaymışlar kimi xatırlayacağıq.