Muəllif:

O qadın…

Yataqxanada birotaqlı evdə 3 nəfər yaşayırdı. Ana və iki övladı. Övladların hər ikisinin anadangəlmə görmə qüsuru vardı. Dünyaya gəldikləri gündən dünya işığına həsrət qalmışdılar. Oğlan da, qız da 20 yaşı keçmişdi. Ataları ikinci uşağın da gözdən əlil olduğunu biləndən sonra həyat yoldaşını tərk etmişdi. Ana da öz balaları ilə darısqal otağa sığınmış və 20 il əzab, əziyyətlə yaşamışdı. Ali təhsili olmadığından əlində sənəti yox idi. Müxtəlif işlər görüb, ailəsini dolandırırdı. Ana evdə olmayanda qapını bağlayıb gedir, iki bala evdə tək qalırdı. Onlar üçün hər şey adi idi. Dünyaya belə gəlmişdilər. Onlar iki və daha çoxotaqlı evin nə olduğunu bilmirdi, analarının göz yaşlarını, çəkdiyi əzab-əziyyəti görmürdülər. Bilirdilər, duyurdular, bəzən analarının qırışmış əllərinə, nəmli gözlərinə toxunanda vəziyyəti aydın dərk edirdilər. Özləri belə deyirdi…

2006-cı ildə yerli televiziya kanallarının birində çalışırdım. Veriliş üçün qəhrəman lazım idi. Soraqlaşdıq, maraqlandıq bu xanımı tapdıq. Yaşadığı yataqxanaya yollandıq. Çəkiliş edirdik. Qadın övladlarından, əziyyətlərindən danışsa da, ağlamırdı. Çünki, hər dəfə fikrini pozitiv notlarda yekunlaşdırırdı. Operator kameranı qadının gözlərinə doğru aparırdı, oradan mütləq yaş töküləcəyini gözləyirdi, amma hər dəfə də cəhdləri uğursuz olurdu. Doğulduqları gündən analarını görməyən uşaqlar ümumiyyətlə əziyyət-filan söhbətləri etmədilər. Çətinliklərə qatlaşan analarına minnətdar olduqlarını deyirdilər. Çəkilişdən qayıdanda operator deyirdi ki, onsuz da efirə getməyəcək, çünki qadın ağlamayıb. “Necə ola bilər ki, ananın iki balası olsun, ikisi də görməsin, əri də atıb getsin, amma çəkiliş vaxtı ağlamasın.. efirə getməyəcək”. Belə də oldu, həmin kadrlar efirə getmədi — bu günədək də mənə məlum olmayan səbəblərdən. Mənə isə ləzzət eləmişdi ki, qadın ağlamadı. Bədbəxt hadisələrlə üzləşən insanların ömrünün sonunadək mütləq ağlamalıdır kimi borcları, məsuliyyətləri yoxdur.

Məni o qadında cəlb edən tək keyfiyyətlər bütün əzab-əziyyətlərə qatlaşması, tək qalması, köməyinin olmamasına rəğmən ayaqda dayana bilməsi deyildi. Yaşı az olsa da vaxtından əvvəl ağarmış saçları, qırışmış dərisi, əyinində nimdaş paltarının olmasına baxmayaraq, hədsiz dərəcədə kübar və alicənab idi. Çəkilişə bir qədər gec başladıq. Oğlu evdə yox idi. Həm oğlan, həm də qız analarının köməkliyi olmadan evlərinə yaxın ərazidə sərbəst hərəkət edə bilirdilər. Ana dedi ki, oğlu atası ilə görüşdədir, bir azdan gələcək. Həyat yoldaşı haqqında danışmasını istədim. “O, mənim uşaqlarımın atasıdır, bu günədək nə qınamışam, nə də haqqında pis kəlmə kəsmişəm. Hər kəs həyata bir dəfə gəlir və istədiyi kimi yaşamalıdır”. Bu cür də dedi. Onu iki əlilliyi olan uşaqla tək qoyan, çox nadir hallarda maddi dəstək olan, yataqxananın və oradakı qonşuların ümidinə buraxan, bir dəfə də həmin otağın qapısını açmayan kişi haqqında bu sözləri deyirdi. Oxucularda belə təəssürat yaranmasın ki, kişini söyüb təhqir etsəydi, kübar və alicənablıqdan məhrum olacaqdı. Təbii ki, həyatın hər cür sınağına tab gətirmiş, ömrünü əziyyətlər içərisində keçirmiş bir insan kimi onun da kimsədən hesab sormaq, lap elə haqqını tələb etmək ixtiyarı var. Özünün də dediyi kimi, “mən qəlbimdən bütün nifrəti, kini söküb atmışam, çünki nifrət hissinə imkan verməmişəm ki, sevgimi üstələsin. Yoxsa, bir tərəfdən acı, digər tərəfdən nifrət bu iki balamı böyütməyimə imkan verməzdi”.

Bayramınız mübarək, dəyərli qadınlar!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 150