Nur içində yat, Nicat!
Ağlama. Kişi ağlamaz! Bu, görəsən, ilk dəfə kimin ağlına gəlib? Qadınlar elə ona görə kişilərdən çox yaşayırlar ki, emosiyalarını gizlətmirlər. Amma sən ki kişisən, Allah göstərməsin ki, hisslərini birüzə verəsən! Qapan, baxaq görək, ürəyin nə qədər dözər…
Dağ adamlarını demirəm. Ağlamasalar da, onların yeməyi, suyu, havası başqadır. Bəziləri həyatlarında bizim anlamda bir saniyə belə işləməyib, stress və viaqranın nə olduğunu anlamırlar…
Ağlamağınız gəlirsə, ağlayın. Gülməyiniz gəlirsə, gülün. Qışqırmaq istəyirsinizsə, qışqırın. Küçədə rəqs etmək istəyirsiz, rəqs edin. Bir köpəkoğlu sizə söz deyə bilməz! Amerikanı böyük edən həm də küçədə özü üçün rəqs edən, mahnı oxuyan, istəyəndə gülən, istəyəndə ağlayanlardı. Ürəkləri də möhkəmdir. Və fövqəladə hal baş vermirsə, ONU görməyə 80-dən tez getmirlər…
Bizdə tənqid də yasaqdı… Ailən var axı… Bacını/qardaşını/qayınatanı/ananı/atanı işdən qovarlar… Evdə də çörək/kolbasa/ət/pomidor yoxdu… Yayda Antalyaya getməliyik, qışda Dubaya… Di, sus, içində qalsın. Qalır da. Bəs həqiqəti üzə çıxarmağa alışan, bununla ailəsini dolandıran jurnalist nə etsin? Təbii ki, içində saxlamalı, “bu günə də şükür” deməlidir.
Alınmır, kişi ürəyi dözmür.
Bu günə şükür olsun… Dünənə əsla…
Nur içində yat, Nicat…
Fətəliyev Rüstəm