Muəllif:

«Nərimanovun» fahişələri

“Azərişığ”ın yarıtmaz vəziyyəti ölkəni iki gün iflic elədi. Ölkə öz həqiqi rənginə büründü. Niqab düşdü, niqabın vahiməli rəngi qaldı.

Yüzlərlə insan liftdə qaldı, yüzlərlə xəstə cərrahiyə zamanı qara ölümlə qarşı-qarşıya gəldi, reanimasiyalarda süni nəfəs alanların nəfəsi kəsildi, minlərlə sərnişin metro tunellərində özlərini kliniki ölüm tunellərindəki durumda buldular, zavod-fabriklər dayanıb uzun-uzun nəfəs dərməli oldu, işıqforlar söndü, yollar cəhənnəm yoluna çevrildi, göydələnlərdə yaşayanlar göyün yeddinci qatına pilləkənləri nərdivanla çıxıb, nərdivanla düşəsi oldular, neft hasilatında həcmi milyonlarla hesablanan zərər qeydə alındı və bütün bunlar ölkənin ən ali məqamından rəsmən səsləndi!

Bunun ardıyca bir vətəndaşın durub bu idarədən ayrıca şikayətinə dəyərmi? Məncə dəyməz. Ancaq yazımızda məqsəd zərəri hesablamaq olmadığına görə, kompozisiya naminə yazmalıyıq…

***

Deyəsən bütün Nərimanov rayonunda elektrik təchizatında problem varmış. Sonradan kafedə və başqa yerdə oturan dostların şahidliyindən bildim.

Qəfildən işıqlarımız göz vurmağa, naqillərdən nəsə xəfif bir uğultu duyulmağa başladı. Kondisioner bir iki kərə öskürdü, ah çəkdi və tez onu şəbəkədən ayırdıq – bir daha işləməmək üzrə.

Qaçıb soyuducunu çəkdik, televizoru söndürdük.

İnternet kəsildi. Modemin və telefonların adapterləri yanmışdı. İşıq lampaları bir-bir atəşfəşanlıq eləyib ömürlərini Əhrimənə tapşırdılar.

Blok qonşularımızın qapıları açılıb-örtüldü, bir-birinə suallar yağdırmağa, məlumat verməyə başladılar. Kiminin bizim kimi kondisioneri, adapterləri, kiminin soyuducusu, kiminin televizoru yanmışdı.

Əlbəttə, “Azərişığ”a kim neyləyə bilərdi ki, biz də edək? Üstəlik kompensansiya da istəyək?..

Durub o idarədən şikayət etsək, Füzulinin şikayətnaməsində olduğu kimi, oradakı məmurlar qayıdıb bizə deyərdilər: “Sizə zülm etmişlər”. Yəni sizi üstümüzə göndərən ağıl sizi sadəcə get-gələ salmış, sizə zülm etmişdir!

***

Təbii, usta dediyin adamlar işıqlı ola bilər, ancaq işıqla çalışmırlar, onların da övladları işıq yemir, onlara ehtiyat hissəsi satan dükanlar üçün işıq əmtəənin dəyərini ifadə etmir.

Beləcə, əgər ev demək mümkünsə, əlbəttə dörd divarı, üstündə tavanı olduğuna görə deməliyik, evimdə cəhənnəm istisindən bişə-bişə ümidimi alacağım 200 manat qonorara bağladım ki, həmin bu zorən ev dediyim daş-divara usta dəvət edə bilim.

Əhli-qələmlərdən olan dostuma qonorarımı xatırlatdım. Üç gün işıqlı fikirlərlə məni cəhənnəmə alışdıra-alışdıra bu günü sabaha saldı və min şükür, ilahi, sənə inanmayana lənət, allaha and içib, dördüncü gün nəhayət məni notbukumla birgə yeni köşəmi yazmam üçün (əlbəttə, qonorar da verəcəkdi, ancaq 100-cə manat düzəldə bilmişdi dediyinə görə) ofisinə dəvət etdi. Çünki evimdə modem yox idi.

Yazı dəstgahımı qoltuğuma vurub dostumun ofisinə böyük ümidlərlə yollananda üç gündən bəri dostumun işıqlı fikirlərindən yelpazə düzəldib sərinlik verə-verə nəfəsi kəsilən övlad-uşağa nəhayət böyük müjdə verdim: “Mən getdim 100 manat dalıyca, siz çəkinmədən ustanı çağırın!”

***

Çox vaxt belə olur. Sonda sənə elə gəlir ki, sənə verəcəyi olan adamla səndən alacağı olan ustaların mütləq bir yerdə sözləşiblər. Hətta əmin olursan. Uşaqlar zəng edib ustanın tanışlığa 100 manat alacağını dedilər. “Olsun, — dedim, — daha nə etmək olar…”

Yazımı yazıb bitirəndən sonra ustanın dostumla sözləşdiyi o 100 manatı dostumdan istəmək üçün min bir xəcalətlə ağzımı doldururdum ki, dostum:

— Qardaş, ürəyini sıxma, — dedi, — yaxında hər şey yaxşı olacaq. — Əlini qarşımdakı masaya qoydu, dərhal, özümdən ixtiyarsız gözüm masada onun əlinin yapışdığı yerə fokuslandı, əlinin nə zaman qalxacağını gözlədim ki, altındakı 100 manatı qapım, qaçım, bir növ onun ustalara göndərdiyi əmanəti aparıb çatdırım.

Əli masadan qalxdı. Masanın üstündə onun tərli əlinin izlərindən başqa heç nə yox idi. Sanki adam cinayət etmişdi və əlini mürəkkəbə batırıb hansısa kağıza basmışdı…

***

Sadəcə yavanlıq üçün cəfəng tərcümələrlə ömrünü çürüdən redaktor dostum iki ildən bəri dəyişə bilmədiyi cırıq ayaqqabısıyla banka düz on beş gün ayaq döyəndən sonra bildi ki, qonorarı göndərilməyib.

Bir yandan onsuz da yaxşı olmayan sağlığı yenidən pozuldu, ağrılar şiddətləndi. Bəzi xəstəliklər zarafatı sevmir. Ondan idi dərdi. Analiz üçün 170 manat tələb olunurdu. Elə o arada onun aman-zaman əlində olan çörək ağacı – notbukunun da platası yandı. Xərcini deməyə gərək yox. Əli lap oda tutuldu.

Yazıb dərdini deməyə, qonorarının gecikdiyini yada salmağa utanırdı və sonacan da utandı. Biz onsuz da ömür boyu öz qonorarımızı, öz maaşımızı dilənçinin sədəqə istədiyindən min qat artıq utana-utana istəmişik.

Hə, unutdum deyəm, onun gözlədiyi 600 manata yaxın olsa da, onların verə biləcəkləri və bir ay gecikən qonorar cəmi 150 manat idi…

***

Durumumdan xəbər tutan qardaşdan o yana jurnalist dostum dərhal şəxsidə yazdı:“Şəxsiyyət vəsiqənin üzünü yolla, 100 manatım var, əllisini sabah tezdən sənə yollayım”. İmtina etdim. Varım, dedim. And içdim. And verdi ki, kişi kimi cibində, əlində-ovcunda nə qədərin var, yaz. Yalan deyəmmədim. “Cibimdə bir qəpik yox, ürəyimdə milyon var, onu da sənin kimi dostlar verib”, — yazdım.

“Hə, sən milyonersən, pulsuz.com saytında işləyirsən”, — yazdı, ancaq yollayammadı. Beş dəfə təzədən yazdı. Ekrana çıxan bildirişi skrin edib mənə atdı:

Ошибка при отправке

(#368) The action attempted has been deemed abusive or is otherwise disalloved

Удалить      Ок

Quqlda rusca tərcüməsi: “Предпринятое действие было признано оскорбительным или иным образом запрещено”.

Quqlun dilimizə tərcüməsi: “Təqibə cəhd etmə, sui-qəsd hesab edilmiş və ya başqa bir şəkildə pozulmamışdır”.

Dostum daha bir neçə dəfə “təqibə və sui-qəsdə cəhd” elədi, ancaq alınmadı və domeni dəyişib yazdı: “Pulsuz.az”… Gəlməzmi? Güllə kimi gəldi.

Ah, canım-gözüm Azərbaycan!

***

Borclu olduğum adam zərrəcə sayğısızlıq etmədən dirənmişdi. Çünki özü də mənim günümdə olan adam idi, indi ehtiyacı yaranmışdı. Bir il əvvəl oğlumun universitetdə ödəməsi üçün lazım olan məbləği sevə-sevə verəndə bircə şərti olmuşdu:“Lazım olmayana kimi istəməyəcəm”. İndi onun övladı xaricə magistratura təhsilinə gedirdi. Üçdə birini yığmışdım. Qalan bir hissəsi daşa dirənmişdi. Lombardlara qədər getdim. Alınmadı. Sonunda dostların təkidi ilə qonaqlıqlarda 2-3 mini birdən dağıdan patronuma yazası oldum:“Mincə manat. Maaşımdan çıxılmaqla”.

“Vallah, özüm bu dəqiqə Parisə istirahətə getməliyəm, pul tapammıram”, — dedi.

“Çox sağ olun, yoo, qəti narahat olmayın”, — sidq-ürəkdən təskinlik verdim və o gün-bu gün patron mənə düşmən oldu…

***

Bir gün sarsaq qafamıza sauna düşdü ölkənin tanınmış, inqilabçı jurnalisti ilə. Daha doğrusu, onun qafasına. Hardasa 2000-ci ildi. Ora-bura əl atdı, saunanın pulundan bir “şirvan” əskiyi qədərini düzəltdi, sonra “ya allah” deyib üzü “Sahil” metrosuna tərəf diyirlənirdik ki, bir yolçu əl açdı: “Sizi and verirəm…”

Dostuma güllə vurdular elə bil: “Zalım qızı, özüm sauna pulunu düzəldəmmirəm hələ…”

***

“Nərimanov”da “İstanbul” kafesində “bir dəfə içilmiş çaylar”dan içirdik. Bizdən bir az aralıda özlərini sərinliyə verib siqaretin odlu tüstüsünü ciyərlərinə çəkən, əldən-dildən düşmüş ucuz – 3 manatlıq fahişələr aqlay üzlü barıların üstündə oturub ayaqlarını yelləyir, müştəri gözləyir, yanlarında 55-60 yaşlı qarnı çıxmış, təri sel kimi axan bir kişi oturub onların sönən kimi yandırdıqları siqaretləri alışdırırdı. Bu arada uzun don geyinmiş, kənarda görsən, əsil ana, xanım deyə biləcəyin yaraşıqlı, 40-45 yaşlı mərifətli bir qadın gəldi o cəbhəyə. Kişi durub onunla qucaqlaşdı, bir az danışdılar. Sonra o qadın da gəlib barının üstündə oturdu və… siqaret yandırdı. Ürəyim ağrıdı, o da onlardan biriymiş. Siqaretdən başqa onların heç bir tanıdıcı nişanı yoxdu. Ona görə siqareti-siqaretə calayırmışlar ki, kənardakılar onları tanısın… Neynəyəsən, ucuzu da olsa, reklam reklamdı.

Yanımda oturan gənc jurnalistə dedim: “Yazın da, bu da yasaq deyil ki, eləcə, müşahidə etsən, gül kimi reportaj çıxar. Adını da belə qoy: “Nərimanovun fahişələri”. Sabah olmamış yazdı o yazını. Ama sadəcə adı vardı yazının…

Onlar siqaret çəkir, bilirik, nə çəkdiklərini isə heç kim bilmir.

***

Quql reklamlarından birində əntiqə ortopedik döşəklər gördüm. Ətraflı baxmaq üçün girdim. Yazılmışdı:

“Xüsusi hazırlanmış hörmə pərqu döşək parçasının naxışları SPA masajı hissi verərək rahat yatmanıza kömək edir”.

Ay zalım tacir, səncə, o döşəklər bizim çəkdiklərimizi biləndə qatlana biləcəkmi? Yazıq deyilmi onlara? Adamların bilmədiyi şeyi döşəklər niyə bilsin?.. Məsələn, sənin o döşəklərin “Nərimanov”un o fahişələrini rahat yatırda bilərmi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 484