Muəllif:

Nağıllar Kralı

(ALMANİYA QEYDLƏRİ – 2)

Dəli də deyirlər ona, romantik xəyalpərəst də. Hansının doğru olduğunu söyləmək çətindir. Atası — Bavariya kralı II Maksimilian öləndə Lüdviqin (alm. Ludwig II. Otto Friedrich Wilhelm von Bayern1845-1886) 18 yaşı vardı. Ailənin böyük oğlu kimi taxta da o çıxdı. Uşaqlıqdan german-skandinav nağıl və eposları ilə böyümüşdü, ömrünün sonuna qədər də bu sehirli dünyadan kənara çıxmadı. Bu səbəbdən də tarixə “Nağıllar Kralı” kimi düşdü.

16 yaşında ikən Lüdviq dahi alman bəstəkarı Rihard Vaqnerin (alm. Richard Wagner, 1813 — 1883)  “Loenqrin” operasının premyerasında iştirak edir. Operadakı hadisələr XII əsrdə cərəyan edir, onun qəhrəmanı Loenqrin adlı Cəngavər — Qu Quşudur. Operanın əsasını nağıl və folklor motivləri təşkil edir, əsər işığın qaranlıq üzərindəki təntənəsini vəsf edir. İnsan oğlunun əbədi mutluluq axtarışı və bu yoldakı qaçılmaz xəyal qırıqlığı o qədər ustalıqla verilib ki, Vaqner özünü filosof və dramaturq kimi də göstərməyə nail olub. O, “Loenqrin”də insanın mistik dünyasını, şüuraltı tabularını, gizli istək və ehtiraslarını musiqi dilinə məharətlə köçürüb.

Operadan çox təsirlənir gənc Lüdviq, son aktda göz yaşlarına hakim ola bilmir. O axşam Vaqner və onun yaradıcılığl Lüdviqin həyatının ayrılmaz parçasına çevrilir – artıq beynini məşğul edən 2 şey var: Vagnerin ölməz musiqisi və uşaqlıqda qurduğu xəyallar dünyası.

1864-cü ildə Bavariya taxtına oturan kimi verdiyi ilk əmr Vaqneri tapıb Münhenə — saraya gətirtmək olur. O günlərdə bəstəkar dəhşətli borc içindədir, kreditorların əlindən qaçıb gah Vyanada, gah da Ştutqartda gizlənməkdədir. Gənc Bavariya kralının onu axtarması Vaqnerin qurtuluşu olur. II Lüdviq ona dostluğunu verməklə yetinmir, bütün borclarını ödəyir, ona ev tikdirir, Vaqner üçün teatr inşa edilməsi üçün pul ayırır. Bunlar olmasaydı, Rihard Vaqner dünya musiqi tarixinin ən görkəmli bəstəkarları siyahısına heç vaxt düşə bilməyəcəkdi…

* * *

Füssendəki otelimizə yerləşən kimi yürüyüş ayaqqabılarımızı geyinib “Ölmədən öncə görüləsi yerlərdən olan” Noyşvanştayn qəsrinə doğru piyada yola çıxırıq. Oteldən qəsrin yerləşdiyi Hohenşvanqau kəndinə getməli, bilet alıb hündür qayalıqlar üzərində inşa edilmiş qəsrə çıxmağa yetişməliyik. Vaxtımız azdır, 6 km qədər də yolumuz var, çox istidir. Ya kəndə qədər 15 dəqiqə pedal çevirərək velosipedlə getməliyik, ya da piyada. Piyada getməyə qərar verib oteldən yenicə aralanmışıq ki, arxadan siqnal səsi eşidirik. Otelin sahibi Kurt Ruppert maşını saxlayıb, bizi aparmaq istədiyini deyir. Təşəkkür edib otururuq. Yolboyu 65 yaşlı otel sahibi ilə söhbət edirik. Kurt otelinin doluluq səviyyəsinin ilboyu 80-90 faiz olduğunu deyir. “Burada hər zaman iş var”, — alman lakonikliyilə Kurt belə deyir. “Gəlsin olmasın, belə hekayəsi və tarixi olan qəsrlə iş də olacaq hər zaman, aş da”, — öz-özümə deyirəm.

Her Ruppert bizi kənd mərkəzində endirir, cəld olmağımızı tövsiyyə edir – saat 18-də qəsrə giriş qapanacaq. Kənddə ziyarətçi əlindən tərpənmək olmur. Bilet kassasına gedirik, ingilis dilində bir dənə də olsun yazı, məlumat lövhəsi yoxdur, hər şey almancadır . Qiyməti 13 avro olan biletin üzərində giriş nömrəsi və giriş saatı yazılıb.

Girişə iki saata yaxın vaxt var. Kənd mərkəzindən dağın zirvəsindəki qəsrə 1.3 km-dir, bu məsafəni dik dağ yolu ilə piyada çıxmalıyıq. Yolun yarısında “Beer garden” – “Pivə bağçası”nın olduğunu dedilər. Bu fürsəti əldən qaçırtmaq olmazdı. Milli geyimlərdəki qızlar qızarmış Bavariya sosisi və bir böyük parç qara Bavariya pivəsi gətirdilər. Zarafatla “Həyat normallaşmaq üzrədir” deməyimlə bizi “təqib” edən rus ər-arvad hardansa çıxıb yan masaya oturdular. Yenə də dalaşırdılar, qalxıb yerimizi dəyişdik.

Yeməkdən sonra yolun son bölümünü qət etməyə başladıq, qəsrə yaxınlaşdıqca dünyanın ən məşhur tikililərindən biri olan bu mükəmməl əsər bütün əzəməti ilə qarşımızda canlanmağa başladı. Yoldaşım daha əvvəl gördüyü üçün qəsrin quşbaxışı fotosunu çəkmək üçün məndən aralandı. Mənim giriş saatım yapon turistləri ilə bir qrupa düşmüşdü. Qrupun içindəki yapon qızları Lüdviqi başdan çıxarmağa hazırlaşan Sindrellalara bənzəyirdilər. Tam saatında giriş biletim elektron cihaz tərəfindən tanındı, avtomatik açılan qapıdan içəri girdim. II Lüdviqin Nağıllar Dünyasına ayaq basdım nəhayət…

Qəsrə daxil olanda hər şeyi anlamağa başladım. Xəyallar qurub, onları həyata keçirməyə çalışan iki insan – II Lüdoviq və İlon Mask. Məgərsə yoldaşım rəfiqələri ilə Noyşvanştaynı gəzəndə düşünür ki, mən Maskın kitabını tərcümə edib bitirə bilsəm, o da məni Füssenə gətirərək başqa bir xəyalpərəstin dünyası ilə tanış edəcək. Həqiqətən də iki xəyalpərəstin çox oxşar tərəfləri var, ancaq Maskın bütün arzu və xəyalları gələcəyə yönəlibsə, Lüdviq keçmişdə — romantik nağıllar aləmində qalıb…

* * *

Qəsr II Lüdviq tərəfindən 1869-1891 illərdə kral iqamətgahı və Rihard Vaqnerin xatirəsini əbədiləşdirmək üçün inşa edilib. 40 yaşında həyatını itirən II Lüdviqə qəsrin tamamlanmış halını görmək nəsib olmayıb. Ətrafındakı füsunkar Alpsee (Alp) və Şvansee (Qu quşu) gölləri Noyşvanştaynın təkrarsız gözəlliyinə başqa bir sehr qatırlar. Noyşvanştayn kəlməsi almanca “Yeni Qu quşu qayası” deməkdir. Qəsrin 360 zalı var, onun daxilindəki tamamlama işləri bəlli ki, sona çatmayıb, yəni xarici görünüşü qədər ehtişamlı deyil. Amma yenə biri-birindən möhtəşəm salon və otaqlar ayrı-ayrılıqda bir dövrün gözəlliklərini elə yaşadıblar ki, heyran qalmamaq mümkün deyil.

“Müğənnilər Zalı”nın divarlarındakı freskalar diqqətimi çəkdi. Vaqnerin “Tangeyzer” operasından səhnələrin yer aldığı freskalar şedevr sayılırlar. Vaqnerin “Tristan və İzolda” operası isə Kralın yataq otağının mövzusudur. Qotiq stildəki geniş yataq otağı isə yaponların heyrətinə səbəb oldu. Yataq o qədər böyükdür ki, qrupumuzdakı minyon yapon qızlarının tamamı ora sığardı. Burada müxtəlif Qu quşu heykəlləri yataq otağına sehirli bir atmosfer səpirlər. “Yataq otağında bircə gecə yatan Nirvanaya çatar” deyə düşündüm.

Kralın ibadət otağı məni dərindən sarsıtdı. Digər otaqlarla müqayisədə böyük deyil, çox az əşya var — mehrab, kitablıq və yazı masası. Qatı katolik olan Lüdviqin basdırılmış duyğuları, qarşı cinsə olan tabu və yasaqları onun bütün diqqət və həyəcanını Hohenşvanqaunun təkrarsız təbiətinə, şeir və musiqiyə yönəldir. O vaxtın almanları indiki Saksoniya əyalətinin sakinlərini alman saymır, onları yabançı olaraq görürdülər. Bu səbəbdən də xalq Leypsiq doğumlu Rihard Vaqnerə yad kimi baxır, onun Lüdviqi istismar etdiyini düşünərək qoca bəstəkara nifrət edirdilər. Deyilənə görə tarixdə Lüdviq kimi yaraşıqlı kral olmayıb və bavariyalılar da boyu 2 metrə yaxın, gur saçlı, mavi gözlü hökmdarlarının Vaqner tərəfindən tilsimləndiyini, cadu edildiyini düşünürdülər.

Lüdviqin qısa həyatı, yalnılzlığı, içinə qapalılığı və Nağıllar Dünyasına “həbs olunması” qəsri gəzərkən insanın içini param-parça edir. Özünü təkliyə, asketik həyata alışdıran Lüdviq fani dünyanın zövq və əyləncələrindən imtina edir. Təsadüfi deyil ki, Kralın ən sevdiyi deyimlərdən biri dahi Şopenqauerin “Tənhalığı sevməyənlər-azadlığı sevməyənlərdir, çünki ancaq tənhalıqda azad olmaq mümkündür” sözləri idi. Lüdviq vaxtının çoxunu Bavariya krallığını idarə etmək yerinə qəsrin inşaatı ilə Vaqnerin ölümsüz musiqisinə ayırır. İbadət otağında keçirtdiyi saatları dini ədəbiyyat oxuyaraq şəhvətdən uzaq durmağa çalışır. Lüdviq çarəni qurduğu xəyallar dünyasında yaşamaqda tapır — Vaqnerin əsərləri, german nağılları ilə dastanları və onların qəhrəmanları.

Bizim qrupu qəsrin ən önəmli zallarından birinə — rəsmi qəbulların verildiyi Bizans və ya Konstantinopol salonuna yönləndirlər. İki dəqiqəlik tənəffüsdən istifadə edib Qəsrin balkonlarından birinə çıxıram tələsik. Buradan Lüdviqin atası Kral II Maksimilianın Hohenşvanqau adlı sarı qəsri və anası üçün inşa etdirdiyi Marien körpüsü görünür. Lüdviqin Noyşvanştayn qəsrini nə üçün məhz burada inşa etdirdiyini bu mənzərəni görüncə anlayırsan – Cənnətə və Alp dağlarına yaxın olmaq üçün.

Bizans zalında gözüm bəzi Osmanlı elementləri axtarsa da ağlım balkondakı mənzərənin yanındadır. Özümü saxlaya bilmirəm, doymadığım o mənzərəyə yenidən tamaşa etmək üçün sürətlə zaldan çıxıb qəsrdən Marien körpüsünə zilləyirəm gözlərimi – İlahi, bu nə bənzərsiz bir mənzərədir! Qarşıdakı başı qarlı Alplardan çıxan sərin bir rüzgar sürətlə yanımdan keçir, bədənim ürpəşir, əyilib yol verirəm sanki küləyə. Həyatın gerçəkliyindən sıyrılıb nağıllar ölkəsinə əsir sanki bu soyuq külək. Və bu külək yüz əlli il əvvəlin müharibə və ölümlərindən qaçan bir Kralın Sehirli Dünyasına açılan qapını axtarır elə bil. Rüzgarın da isti yerlərə ehtiyacı olur bəzən.

Balkondan aşağı baxıram. İnsana elə gəlir ki, qəsri bu yüksək sıldırımlı qayalar üzərinə inşa etməyiblər, göy üzündən endirib ehmalca bura qoyublar…

* * *

Saysız-hesabsız cəlallı və büsatlı dekorlar, dəbdəbəli əşyalar, təmtəraqlı qonaq apartamentləri Noyşvanştaynı dünyanın ən parlaq memarlıq əsərlərindən birinə çevirib. Ekskursiyanın sonunda qəsrin çıxışında başımı qaldırıb onun heybətli binasına baxıram bir də. Başımda papaq olsa, yerə düşəcək – o qədər yüksək və ehtişamlıdır qəsr. Lüdviqi tanıdıqca, daxili dünyası ilə tanış olduqca onun zövqünün xarakterik özəlliklərini Noyşvanştayn qəsrinin memarisindən tanımağa başlayır hər kəs – Versal sarayının göstərişi və zərafəti, Vaqner musiqisinin insanın dünyasını silkələyən əzəməti.

Rus ər-arvadın səsi gəlir, arxamdadırlar və yenə narazıdırlar. Eşitdiklərimə inana bilmirəm, qadın ərinə “Alçaqlar, hər şeyi ruslardan oğurlayıblar, hətta Qu gölünü belə (Çaykovskinin eyniadlı baleti) bizdən çırpışdırıblar”. Qan beynimə vurur, ancaq dönüb cavab vermək yerinə sürətlə onlardan uzaqlaşıram. Çaykovski məsələsi isə qəliz məsələdir, hətta bir çox həqiqətləri vətənində yüz ildən çoxdur inkar edir, dilə gətirməkdən inadla qaçırlar. Mən də bu məqaləmi “kirlətmək” istəmədim, dəyərli  oxucularıma başqa faktları yazmaqla kifayətlənəcəm…

Lüdviq və Vaqnerin dostluğunu fizikada iki eyni yüklü hissəciyin bir-birinə impuls verib, əks istiqamətdə uzaqlaşma hərəkətinə bənzətmək olar – Gənc Bavariya Kralı faciəvi sonuna, dahi bəstəkarsa şan və şöhrətinin ən yüksək zirvəsinə doğru gedirlər. Vaqnerin sənətinin apogeyi 1876-cı ildə keçirilən Baytroyt musiqi festivalı olur. İlk festivalda Edvard Qriq, Fridrix Nitsşe kimi tanınmış simalar, zadəgan və incəsənət adamları iştirak edirlər. İştirakçılardan biri də Pyotr Çaykovski imiş. Bavariya Kralının qəsrini və Hohenşvanqaunun göllərindən elə ilham alır ki, ağlına “Qu gölü” baletini yazma ideyası gəlir. Balet 1877-ci ildə  “Bolşoy teatr”da səhnəyə qoyulur…

Böyük sevgi və həyəcanla inşa etdirdiyi qəsrdə II Lüdviq ancaq 170 gün yaşaya bildi. Ən acısı isə operalarından səhnələrlə bəzədəyi bu görkəmli tikilidə bir dəfə də olsun Vaqnerin musiqisini dinləyə bilmədi. 1880-ci ildən başlayaraq Bavariya Krallığının maliyyə vəziyyəti pisləşməyə başladı, dövlətin borcu 7.5 milyon marka çıxdı. Buna baxmayaraq eskapizmə düçar olan Lüdviq yeni qəsrlər tikmək haqda planlar qururdu. Pekindəki İmperator sarayının eynisini Tirolda inşa etməyə hazırlaşırdı.

Və nəhayət, 1886-cı ilin iyun ayında “Əlahəzrət paranoyanın ağır formasına yoluxub” deyə II Lüdviqi taxtdan endirir və onu Noyşvanştayndan çıxararaq həkimlərin müşahidəsi altında Berg qəsrinə yerləşdirirlər. Bir həftə sonra isə II Lüdviq və həkimi fon Guddenin cansız bədənləri Ştarnberg gölündə aşkar edilir. Bavariya tarixinin ən yaraşıqlı və ən eksentrik Kralını itirir. İndiyə kimi Lüdviqin ölüm səbəbinin intihar və ya cinayət olduğu bilinmir.

* * *

Axşam 18-də qəribə düşüncələr və qeyri-adi təəssüratla qəsrdən kənd mərkəzinə doğru geri qayıdırıq. Ayaqlarımızı hiss etmirik, telefondakı “Addımsayar”a baxanda gözlərimizə inanmırıq – 27 km piyada yol getmişik. Bunun mükafatı olaraq bizi Füssendə fantastik bir axşam yeməyi gözləyirdi. Açıq havadakı kafelərdən birində yer tapıb oturduq. Milli geyimdəki alman qızına “Ancaq yerli yeməklər” deyib, Erdinger Dunkel sifariş verdim. Yeməklərimizi gözləyərkən həyat yoldaşıma nə vaxtsa eşitdiyim Alp dağlarının sakinləri arasında geniş yayılmış “Su pərisinin lənəti” hekayəsini danışdım…

Gənc və yaraşıqlı balıqçı göldə balıq tutarkən toruna dünya gözəli bir qız düşür. Onu kənd sakinlərindən sanıb avarlardan birini qıza tərəf uzadır. Özünə tərəf çəkərək qızı qayığa çıxartmaq istəyir. Birdən qızın pullu balıq quyruğunu görür, bərk-bərk avara sarılmış ovunu avarla bərabər gölə buraxır. Qalan tək avarla qayığı sahilə tərəf sürür. Arxadan gözəllər gözəli su pərisinin fəryadı və lənəti eşidilir:“Mənə kömək etmədiyin üçün evə dönmək sənə nəsib olmasın”. Göyün üzü tutulur, qaranlıq çökür. Qalxan qasırğa qayığı girdaba sürükləyir.

Sakit axşamların dumanın qarğıları gözdən itirdiyi saatlarda yoldan keçən yolçular göldən gələn şıppıltı səsini eşidirlər. O səs balıqçının gölə vurduğu tək avardan çıxan səsdir. Su pərisinin lənəti onun bütün səylərini boşa çıxarır…

Gələn səfərki yazımda sizi Şvabiyanın gözəl küçələrinə ekskursiyaya aparacaq, alman xarakterinin yaranması və formalaşmasından bəhs edəcəm….

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (18 оценок, среднее: 9,33 из 10)
Oxunma sayı: 1126