Muəllif:

HEÇ NƏ VƏ YENƏ DƏ HEÇ NƏ


Şüvəlandan Fatmayıya gedirik. Oktyabr ayının son bazar günüdür. Bakı kəndlərində ən gözəl vaxtdır. Günəşin hənirtisi xeyli azalıb, payızdır, bağlar boşalıb, bir azdan yağışlar basacaq hər yanı. Yolboyu mənzərə saralmış seyrək otlardan, bozarmış torpaq və Günəşi əsir alan adda-budda buludlardan ibarətdir. Maşın sürətini artırdıqca rüzgarın səsi hürkütücü olur.

Aynanı qaldıran kimi uğultunun yerini bayaqdan çalan musiqi tutur – Billie Holiday o nazlı səsi ilə “Nyu Yorkda payız” (Autumn in New York) mahnısını oxuyur:“Niyə Nyu Yorkda payız bu qədər cəzbedicidir/ Niyə Nyu Yorkda payız ilk gecə kimi həyəcanvericidir”. Qədim dostum gözünü yoldan ayırıb mənə tərəf dönür:“Niyə?”. Telefonuma gələn zəng onun sualını yarımçıq qoyur. Uşaqlıq yoldaşımdır, salamsız-kalamsız “Hardasan?” deyir. “Maşındayam, Fatmayıya gedirk, — izahat verim gərək. – Təmiz bir yer bilirik, işıqlıdır həm də”.

Payızın dayanılmaz kədərindən qurtulmaq üçün əlimi uzadıb musiqinin səsini kəsirəm. Fatmayıya girmədən sola – Goradilə tərəf buruluruq. “İrasimin restoranınamı təmiz, işıqlı yer deyirsən? — dostum qımışır. – Sən canın, o nə deməyiydi?”. “Nə bilim e, — sualdan yayınıram. – Yəqin dünən gecə oxuduğum hekayədəndir”.

1. BƏYAZ

Ernest Heminqueyin “Təmiz və işıqlı bir yer” (ing. A Clean, Well – Lighted Place) hekayəsi 3-4 səhifəlik kiçicik bir hekayədir. 1926-cı ildə çap edilmiş bu hekayənin salınmadığı antologiya və müntəxabat, tərcümə olunmadığı dil yoxdur. Onu ilk dəfə tələbə vaxtı oxumuşdum. “Bu yaşda oxunacaq şey deyil bu hekayə”, — atam o vaxt belə demişdi. İllər sonra hekayəni yenidən oxuyanda onun haqlı olduğunu gördüm.

Hekayə Heminqueyin ən bədbin və ən acımasız əsəri kimi tanınır. Onun mərkəzində insanın yalnızlığı teması durur. Zülmətin hökm etdiyi dünyada Heminquey ən təmiz və ən işıqlı yer kimi yaxşı işıqlandırılmış xudmani bir gecə kafesini görür. Hekayə orta yaşlı və cavan ofisiant arasındakı Heminqueyvari dialoqlardan ibarətdir əsasən. Kafenin yaşlı bir müştərisi də var, çox varlıdır, kimsə ilə danışmır, sadəcə durmadan içir. Və bir də küçədən keçən əsgər və başıaçıq qız.
İki ofisiant qocanın ümidsizliyə sürükləndiyini müzakirə edirlər. Bunun səbəbinin “heç nə” olduğunu deyir biri. Gözlərini ondan ayırmırlar, çünki qoca çox vaxt hesabı ödəmədən gedir. Digər tərəfdən də patrulun küçədən keçən əsgəri yaxalayacağını təxmin edirlər.

Cavan olan evinə — kafeni bağlayıb arvadının yanına getmək istəyir, yaşlını isə gözləyən kimsə yoxdur, həyatının axır dəmindədir, gənc iş yoldaşına insana təmiz və işıqlı bir yerdən başqa heç nəyin lazım olmadığını izah etməyə çalışır. Onun gecələr də işığa ehtiyacı var. Heminquey adamın daxili sarsıntılarını, arayışlarını lakonik şəkildə və böyük ustalıqla verir – İnsan həyatı “heç nədir” və insan bunu anlayana qədər ömrü gəlib keçir — “Nada y pues nada” (ispan dilində “heç nə və yenə də heç nə” deməkdir).

Hekayənin ruhundan Heminqueyin “Nada” (isp. “Heç nə”) fəlsəfəsinə olan yaxınlığı sezilir. Xristianlar “Lord’s Prayer” duasında Tanrıdan ruzi, bərəkət, günahların bağışlanmasını, qiyamət günündə qorunmaq istəyirlər, adam isə oradakı sözlərin çoxunu dəyişərək onları “Nada” ilə dəyişir. Çünki onun da qoca müştərisi kimi ümidləri tükənib, Tanrıya inamı qalmayıb, həyatın və hər şeyin “Heç nə” olduğunu düşünür. Zatən hekayə də elə ümidsizlik və mənasızlıq haqdadır. Yaşlı ofisiant kimi zəngin qoca da qaranlığı deyil, təmiz, yaxşı işıqlandırılmış yerləri sevir. Ona görə ki, qaranlıq ölümü, yalnızlığı və heçliyi tərənnüm edir.

“Və adamın da işıqdan və təmizlikdən başqa heç nəyə ehtiyacı yoxdur: Nada y pues nada, yəni hər şey – heç nədir, yenə heç nədir, heç nədir və yenə heç nədir. Ey Ulu Heç nə, qoy heç nəyin gəlsin və heç nə də heç nəyə hakim olsun! Heç nə və yenə də heç nə!”…

”Təmiz və işıqlı bir yer” hekayəsini oxuduqdan sonra insan qəribə bir hüzura qovuşur, sanki ibadət edib mənən təmizlənir. Əsəri “hekayə”, “novella”, heç “səhnəcik” də adlandırmaq olmaz, o, sadəcə olaraq bir “kadrdır”, bircə kadr. Qəm, kədər, tənhalıq və yaşamın mənasızlığının dəhşətini əbədiləşdirən bir an. Ancaq bütün bu “Heç nə”lərə baxmayaraq əsərdə sönük də olsa bir ümid işartısı var, bariz olmasa da ehtimalı var. Və əgər bu qoca dünyada cəmi bir nəfər belə “Təmiz və işıqlı yer” istəyirsə, demək hər şey hələ itirilməyib…

2. QIRMIZI

Edvard Hopper (ing. Edward Hopper, 1882-1967) XX əsrin ən tanınmış Amerika rəssamlarından biridir. Sənət tarixinin bu böyük urbanistinə “Boşluğun rəssamı” , bəzən də “Boşluğun şairi” deyirlər. Onun personajları, seçdiyi məkanlar ifrat dərəcədə sadədirlər. Buna baxmayaraq rəsm əsərlərində gizli bir münaqişə, intriqa var. Rəsmlərində əsasən cansız interyerləri və peyzajları görürük: heç yerə getməyən dəmir yolları, boş otaqlar, boşluğa açılan pəncərələr, yalnızlığın simvolları olan gecə barları. Yaşadığı dövrü, urbanizasiyanın fəsadlarını Hopperin tabloları sosiologiya kitablarından daha yaxşı veriblər.

Hazırda Çikaqo Sənət İnstitutunda qorunub sərgilənən “Gecəquşları” (ing. Nighthawks, 1942) tablosu qədər keçən əsrin Amerika mədəniyyətinə təsir edən ikinci bir əsər yoxdur. Və o populyar mədəniyyətin ikonlarından birinə çevrilib. Bir vaxtlar hər amerikalı gəncin otağında bu əsərin reproduksiyası asılmışdı. Yalnızlıq, sıxıntı, ümidsizlik Hopperin bir çox əsərinin ayrılmaz parçasıdır. O, “Gecəquşları” haqda belə deyirdi: “Mən bariz bir yalnızlıq görmürəm bu tabloda. Lakin, güman ki, mən böyük şəhərin kimsəsizliyini təsvir etmək istəmişəm”. Xüsusi işıq effektləri ilə rəssam bəsit şəhər həyatına əlavə bir məna yükləmişdir – Kiçik insanın böyük şəhərdə əriyib itməsi.

“Gecəquşları”na baxan kimi Hopperin onu Heminqueyin “Təmiz və işıqlı bir yer” hekayəsinin təsiri altında çəkdiyini anlayırsan. Onun emosianal gücü tablonu yaxından incələdikcə daha dərindən görünür. Hekayə ilə rəsm əsərini bir-birindən ayırmaq çox çətindir. Hər ikisi mənəvi olaraq ovutulmayan bir dünyada gecəyə və bəlkə də ölümə qarşı dirənən bir məbədi təmsil edirlər.

Rəsmin süjeti olduqca sadə və yalındır. Gecə gec bir saatda kimsəsiz və qaranlıq bir küçədəki kafenin bar taburetləri üzərində oturan 3 müştəri və onlara xidmət edən barmen. İlk baxışda diqqətədəyər heç nə görünmür, amma fikrini cəmləşdirincə böyük şəhərin yalnızlıq və tənhalığını, gecənin və həyatın boşluq və mənasızlığını fiziki olaraq hiss etməmək mümkün deyil. Kafenin interyerinin göz qamaşdıran işığı küçədə hökm sürən gecənin ürpədici zil qaranlığı ilə kəskin kontrast təşkil edir. Bir tablo ayrılıqları və onun gətirdiyi yalnızlıqları ancaq bu qədər hüznlü verə bilər.

Kafedən çıxıb təklikdən qurtulmaq da imkansızdır, onun heç qapısı da yoxdur. Bunun fərqinə varınca sanki içinə həbs olan sənsən, qəfəsdə hiss etməyə başlayırsan özünü və tam da o an “Məni burdan çıxardın” deyə fəryad etmək gəlir içindən. Ancaq bu qapısız qəfəsdə olmaq duyğusu müvəqqətidir, “yalnızlıq” və ya “qırıq qəlblər simfoniyası” səni yenə kədər və həsrətin ağuşuna atıb, qədərinlə baş-başa buraxacaq.

Fluoresent işıqdan ölü rəngində görünən müştərilər heç mutlu deyillər, zatən kafedən çıxmağa da təşəbbüs etmirlər. Çıxsalar nə olacaq ki? Gecənin lal qaranlığına addım atıb nə əldə edəcəklər? Həyatı kafenin şüşələri arxasından seyr etməyə razıdırlar, bəlkə burada dünyadan qorunmaq istəyirlər. Ancaq hara qədər qorunacaqlarını da bilmirlər. Hopperin gipnozedici tərzi, telepatik bacarığı diqqəti kafenin bayırına çəkir, qarşıdakı binanın qışqırıq kimi qırmızı rəngi və hənirtisi olmayan ölü pəncərələri fikrimizi qaldığımız rakursa geri qaytarır – kafeyə nə girmək mümkündür, nə də oradan çıxmaq…

3. MAVİ

Elə bil onun yəhudi adını atmağını gözləyirdi. 1920-lərin əvvəli idi, Pol Uaytmen (Paul Whitman, 1890-1967) öz orkestri üçün yeni bir stildə musiqi pyesi sifariş vermək istəyirdi. Caz və rəqs musiqisinin “həftəbecərindən” ibarət bir şey arzulayırdı. Musiqi özündə populyar cazın xəfifliyini və klassik musiqinin ciddiliyini birləşdirməli idi.

Orkestr rəhbərinin seçimi Peterburqdan köçmüş yəhudi mühacirlərinin 25 yaşlı oğlu Corc Gerşvin (George Gershwin, 1898-1937) oldu. Əsil adı Yakov Gerşoviç olan bu gənc əhli-kefliyi ilə tanınırdı. Toy və hərdəmxəyal idi, aldığı sifarişi unutdu. Sifariş yadına Premyeraya 3 həftə qalmış düşdü, royal arxasına keçib XX əsrin ən məşhur musiqi pyeslərindən birini – “Rapsody in Blue”nu yazdı. Əsər ona dünya şöhrəti gətirdi.

Gerşvinin rapsodiyası Uaytmenin istədiyi kimi oldu – yüngül və ciddi musiqinin təbii sintezindən möhtəşəm bir şey yaranmışdı. Caz və simfonik musiqi bir çətir altında Nyu Yorkun islaq küçələrindən Amerikanı fəth etmək üçün yola çıxır elə bil. ABŞ tarixinin ən ciddi iqtisadi böhranı (Great Depression, 1929-1939) hələ başlamamışdı. Nyu York zamanı qabaqlayıb, XX əsrə “Çəkil kənara, mən gəlirəm” deyərcəsinə əzəmətini göstərir bu musiqidə. Solo klarnetin o məşhur “cıyıltılı” girişilə başlayan rapsodiyanı dinləyərkən gözünün önünə şəhərin işıqları, körpülər, göydələnlər və gözqamaşdırıcı rifah gəlir.

Gerşvin bəstələdiyi musiqiyə “Amerikanın kaleydoskopu” desə də əsərin hər notasında “Nyu York” var. Böyük Vudi (Woody) Allen özünün kultlaşmış “Manhattan” (1979) filmində “Rapsody in Blue”dan istifadə etməklə Gerşvin müsiqisinin şanına şan qatmışdır. Film Heminqueyin “Təmiz və işıqlı bir yer” hekayəsində olduğu kimi Nyu Yorkda cərəyan edir. Təsadüfi deyil ki, Allen filmdə böyük yazarın nəvəsi – aktrisa Mariel Heminqueyi də çəkib.

Hekayədəki kimi film də iri şəhərlərin insanları depressiyaya salması, darıxan və özünə yer tapmayan tənhalaşan adamlardan, urbanizasiyanın ağırlığı altında tükənən həyat haqdadır. Orta yaşlı intellektual Ayzek ailə münasibətlərində sıxıntılar yaşasa da nikbindir, ətrafındakı hər şeyə ironiya ilə baxır. Dünyanın ən gözəl şəhərində yaşadığını düşünür, onun soyuq və ciddi gözəlliyinə aşiqdir. Yaşca çox kiçik bir qız ona vurulub, başı dumanlı Ayzek bu qarma-qarışıq münasibətlərin içində çaşqına dönüb. Meqapolisin vəhşi ritmi ona məntiqli addımlar atmağa mane olur. İntriqalar və yalanlar labirintindən qurtulmaq üçün çabalayan Ayzek və Gerşvinin bənzərsiz musiqisinin müşayiətində Nyu Yorkun təkrarsız gözəlliyi…

Biz gənckən Sovetin musiqi tənqidçiləri “Rapsody in Blue” haqda heyrətlərini gizlədir, əsəri görməməzlikdən gəlirlər. Hərdən də əsərin adını lağa qoyur, onun adındakı “mavi” kəlməsindən homo-erotik assosiasiyalar yaradır, Gerşvini ciddiyə almırdılar. Baxmayaraq ki, ruslardan başqa heç kim o gözəllikdəki rəng adını – “mavi”ni seksual orientasiya üçün istifadə etmir. Halbuki, ingilis dilindəki “blue” seksual kontekstdən tamamən uzaqdır. Hətta əksinə, ingiliscədəki “blue” mavi və göy rənglərdən başqa həm də “qəmgin” və “kədərli” anlamında istifadə edilir. Blyuz stilinin yaranması da elə burdandır. Əsərin adı dilimizə “Mavi rapsodiya”, “Mavi tonlarda rapsodiya” və b. şəkillərdə tərcümə olunsa da, məncə ən uğurlusu “Blyuz tonlarında rapsodiya”dır.

* * *
Payız bahar qoxurdu. İrasimin kafesindən sonra dostlarım gecəni bağ evlərində keçirməyə qərar verdilər. Yenə tək qaldım, Fatmayıdan sınıx-salxaq bir sovet maşınına minib Bakının payızına sürməsini istədim. Yolboyu sürücüyə əvvəl hekayəni danışdım, sonra tablonu canlandırdım, çathaçatda isə hətta rapsodiyanı zümzümə də etdim. Maşından elə çıxdım ki, elə bil hekayənin də, tablonun və rapsodiyanın da müəllifi mənəm…

Gecə özümün, sürücünün o hekayə ilə tablonun harasında olduğumuzu düşündüm. Orada yoldan keçənlər deyilikmi biz? Kimsəsiz və hərəkətsiz gecənin içindəki işığın tilsiminə düşüb ayaq saxlamışıq, küçənin ortasında ovsunlanmış şəkildə durmuşuq, elə deyilmi? Ancaq biz nə olursa olsun yolumuza davam etməliyik – İşığa və Təmiz yerə doğru…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (34 оценок, среднее: 9,68 из 10)
Oxunma sayı: 2287