Muəllif:

MÜSƏLMAN QADINLARI AVROPADA DA HİCAB TAXACAQDISA…

 

ABŞ-İran qarşıdurması nəinki region və subregion ölkələri üçün, az qala, qitənin böyük bir hissəsi üçün elə ciddi problemlər çevrəsi cızıbdır ki, digər məsələlər bunların fonunda tamam görünməz olub.

Amma bütün hallarda dünyamız təkcə ABŞ və İrandan, yaxud da insanların özləri üçün uydurduqları bəladan — geosiyasətdən ibarət deyil, halbuki yazıda toxunacağımız məqam da müəyyən mənada İran-ABŞ və ya İran – Qərb qəlibinə yerləşdirilə bilər, çünki çox ünlü politoloqlar var ki, böyük savaşların təkcə siyasi və iqtisadi hegemonluq, enerji resursları və əlverişli geosiyasi landşaft uğrunda getdiyini yox, mədəniyyətlər, sivilizasiyalar arasındakı fərqlər ucbatından baş verdiyini iddia edirlər.

Qərəz, bu günlərdə Avropada daha bir hicab qalmaqalı yaşandı və onun bir ucu da gedib Böyük Britaniyanın sabiq xarici işlər naziri, hətta görünüşcə qeyri-ordinar adam təsiri bağışlayan B.Consona çıxdı. Sabiq nazirdən hicablı müsəlman qadınları ilə bağlı dediklərinə görə üzr istəmək tələb olundu, amma Boris müəllim bunu etməyəcəyini bildirdi.

Bizim bu məsələdə vəkil və yaxud ittihamçı olmaq fikrmiz yoxdur. Hərçənd, dünyada, xüsusən də balaca Azərbaycanımızda getdikcə vəkillərin sayı azalır, ittihamçılar isə çoxalırlar – bəli, həm hərfi, həm də məcazi mənada.

Bir sözdən durub digərinə keçmək olsa da, daha kiçik, cəmi üç-dörd milyon əhalisi olan Gürcüstanda vəkillərin sayı on milyon əhalisi olan Azərbaycandakından qat-qat çoxdur.

O ki qaldı məcazi mənaya, Siz onu məndən də yaxşı bilirsiniz – bəzən adama elə gəlir ki, şanlı hökumətimiz “asıb-kəsməyəndə” və yaxud da ki, hansısa yeni bir qadağa tətbiq etməyəndə əməlli-başlı darıxır…

Nə isə. Qayıdaq hicab məsələsinə. Məsələ ilə bağlı mənim də təəccüblü, hətta tərəddüdlü anlar yaşadığım məqamlar olub.

Cəmi bircə dəfə ABŞ-da olmuşam. Sizdən nə gizlədim, təəssüratlar həqiqətən çox böyük idi və əslində bu ölkədə gördüyümüz çox şey bizim üçün yenilik idi.

Amma nə qədər təəccüblü olsa da, onlardan biri də hicabla bağlı idi, ABŞ-da bununla rastlaşacağımızı qətiyyən düşünməzdik. Şəhərdə tez-tez hicablı qadınlarla qarşılaşırdıq. Amerikalı dostlar onların iranlı qadınlar olduqlarını deyirdi. Təəccübümüzü amerikalılara bildirməsək də ixtiyarsız olaraq sual keçirdi beynimizdən:“Bunlar hicab taxmaqda davam edəcəkdisə, daha ABŞ-a niyə köçürdülər? Qalıb İranda yaşaya bilməzdilərmi?”…

Başa düşürəm, indi hər şeyi azadlıqla bağlamaq dəbdir — hətta azadlığa zidd olan məsələləri də. Bu baxımdan hamının qara çadraya büründüyü müsəlman Şərqində qadının çadranı atması azadlıq sayıldığı kimi, “açıq- saçıq”, azad Avropada da müsəlman qadınının üzünü gizlətməsi və ya özlərinin dediyi kimi, “istədikləri kimi geyinmələri” azadlıq sayılır — bəli, nə qədər təəccüblü olsa da…

Bu baxımdan çətin ki, biz də bu mübahisələrə nöqtə qoya bilək, etiraf edirik ki, imkanımız xaricindədir. Sadəcə, bir az əvvəldə səsləndirdiyimiz suala qayıda bilərik: Bəs onda müsəlmanları Avropada, ABŞ-da cəlb edən nədir? Yalnız sosial imtiyazlar və ya təhlükəsiz, tox həyatmı? Belə çıxır ki, hə…

Məsələ bizim Azərbaycan üçün də tamam mücərrəd olay deyil. Özümüzü elə göstərməyək ki, bütün bunlar bizə bir ekzotika kimi görünür. Gündəlik və “daha vacib işlər”dən baş açıb ətrafa boylansaq, əmin olarıq ki, dini proseslər burada da sürətlə tempini artırmaqdadır.

Bəli, Azərbaycan ürəkaçan qədər demokratik və azad ölkə olmasa da, hər halda, dünyəvi dövlət və sekulyar cəmiyyət var burada. Burada da hələki əksər qadınlar hicab nə olduğunu bilməzlər, burada da qadınların bir qisminin hicab geyinməklə bağlı yaşadığı bəzi problemlər prinsipcə, “dini azlıqların diskriminasiyası” kimi yozula bilər.

Amma tələsməyin. Bu “diskriminasiya”nın başqa tərəfi də var. Azərbaycan cəmiyyəti sekulyar, dövlətimiz dünyəvi olsa da bütün halda bura da müsəlman ölkəsi hesab olunur, çünki insanların böyük qismi dini ayinləri icra etməsələr də, avropalılar kimi geyinib–davransalar da, hər halda, özlərini ateist də hesab etmirlər, çünki dini dəyərlərin bir hissəsi artıq milli əxlaq və mentalitetdə özünə yer alıbdır.

Ona görə də təkrarən deyirik ki, bu “diskriminasiya”nın başqa tərəfi də var: getdikcə hicablı qadınlar və qızlar daha həyalı və ismətli hesab olunur və ailə quran gənclər seçim edərkən belələrinə üstünlük verməyə, hətta gənc ərlər xanımlarını Şərq üslubunda geyindirməyə cəhd edirlər…

Bax, qorxulu tendensiya budur, çünki hər hansı bir məsələ əxlaqi kanonlar sırasında yer alırsa, adət və ənənələr cərgəsində möhkəmlənirsə, artıq ona qarşı mübarizə aparmaq da, onu təkzib etmək də çətin bir iş olur.

Bu səbəbdən düşünməyək bunlar bizdən çox uzaqlarda baş verən problemlərdir. Təəssüf ki, belə deyil, nə qədər paradoksal və hətta bir az gülməli olsa da, hələ də cəhalət içində yaşayan müsəlman ölkələrində qadınlar daha azad və sərbəst olmaq, azad ölkələrdə isə, əksinə hicab taxmaq uğrunda mübarizə aparırlar.

Amma düşüncələrdə bu, qətiyyən qarışıqlıq yaratmamalıdı, nəyin azadlıq, nəyin mühafizəkarlıq, nəyin liberallıq və ya nəyin ortodoksluq olduğunu seçib-ayırmaq tamam müşkül məsələ də deyildir – arzu edən  bunu dərhal aydınlaşdıra bilər.

Sadəcə, məsələ lap dərinə gedəndə azacıq fəlsəfi xarakter alır və elə bu səbəbdən də yazını Platondan bir iqtibasla bitirmək istərdik:“… Bunları etmək dəhşətli dərəcədə çətin olacaq – onların bir hissəsi əvvəllər yalnız kölgəsini gördüyü şeylərə parlaq işıqda baxa bilməyəcəklər…”…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 697