Müəllimin iki ölümü
Düz 18 il qabaq kənddə qovağın altına palaz atıb oturmuşduq. Birimiz Bakıdan, birimiz Moskvadan gəlmişdi. Kəndin dadını çıxarırdıq öz aləmimizdə.
Kölgədə belə nəfəs almaq olmurdu. Bir yandan da samovar çayından içdikcə kənddə olduğumu bilib uşaqlığının keçdiyi həyətdəki xatirələri çözələmək üçün yolunu bizdən salmış 150 kiloluq sinif yoldaşımı tər götürüb gedirdi. “Dəyirman” deyilən yerdə çimməyə getməyi götür-qoy edirdik. Uşaqlığımız Arazın lil sularının axdığı kanalın o dəyirmanında üyüdülmüşdü.
…Darvazamızın qapısı astaca döyüldü, sonra istidən qupquru qurumuş ağız kimi iniltili səs sala-sala açıldı, qapıya boylandıq. Bizim məşhur ədəbiyyat müəllimiydi. Düzü, onu görmək nə qədər xoş olsa da, bir yoxsul şagirdinin qapısını açması mənə çox təəccüblü gəldi. Gün hayandan çıxmışdı bu cırhacır yay günü ki, kəndin ta o başından durub nəfəsi kəsilə-kəsilə gəlmişdi? Gəliş səbəbini dərhal başa düşəmmədim. Bir az çaşdım.
Sinif yoldaşım da gözucu qapıya boylandı, müəllimi gördü, sonra pörtmüş tərli, yağ daman sifətini aşırı ikrahla büzüşdürüb dodağının altında nəsə naxoş havayla mızıldandı, üzünü yana çevirdi.
Durub qarşısına getdim, qucaqlayıb öpdüm, içəri dəvət elədim; dilucu salamımı aldı, kədərli baxışlarını yerindən tərpənməyən sinif yoldaşıma çevirdi, irəlilədikcə irişməyə çalışdı, dünyanın bütün xoşbəxtlik cizgilərini azman kədərə rəğmən, sifətinə toplaya-toplaya irəlilədi. Sinif yoldaşım o ağır canıyla ayağa qalxmağa məcbur oldu, müəllim çatanacan bir də tərini sildi, sonra o da turşumuş üzünə sevinc, sayğı əlamətləri qatmağa çalışdı. Ancaq süniliyini nəinki gizlətmək, əksinə, açıq-aydın biruzə verməyə çalışdı.
Müəllim onun boynuna sarıldı, tərli üzündən, alnından öpdü, islanmış dodaqlarında şor tamı hiss elədi; bir də öz sısqa sinəsinə sıxdı, çəlimsiz qollarıyla “sevimli” şagirdinin lay kürəyini çətinliklə qucaqlayıb cılxa su olmuş köynəyinə iki dəfə ehtiyatla şappıldatdı, az qala açıq jestlə onu özündən aralayan sinif yoldaşımı bir də özündən aralı tutub üzünə min ilin həsrətlisi kimi kədərlə baxdı və əlini cibinə saldı.
Sinif yoldaşımın acıqlı gözləri birdən işıldadı, gülən gözlərə döndü və müəllimin cibinə girən əlinə dikildi. Müəllimin əli bir neçə upuzun saniyə içində cibində eşələndi, sonra cib yaylığıyla birgə çıxıb müəllimin alnına, üzünə, boyun-boğazına yönəldi. Sinif yoldaşım köksünü ötürüb mısmırığını salladı, üzünü qara bulud aldı; palaza çökdü, müəllim də oturdu, sonra qəfildən hönkürdü, göz yaşı qartal burnunun dibləriylə axıb bığlarının içində batdı, dərhal da səsini kəsdi, ancaq gözlərini quruladı, bığını sildi, günahkar şagird kimi başını aşağı dikib süzdüyüm çaydan bir qurtum aldı, stəkanı ovuclarının arasında sıxdı…
Yaranmış bu müəmmalı durumu anlamağa çalışdığım vaxt xeyli səssizlik oldu, hətta bəlkə o arada üzlərdən axan tərin səsi gəldi, başqası gəlmədi. Heç nə anlamadığımdan sükutu necə sındıracağımı da bilmirdim, yaxşı ki, müəllim gözlərini mənə dikib “Şagirdimin belə ucalmasıyla qürur duyuram, — dedi. Mən öz sarsaq təvazökarlığımla təşəkkür etməyə macal tapanacan əlavə elədi: — Qəhrəman mənə balam qədər əzizdi!”
Kənddəkilərin diliylə desəm, pulunu balta kəsməyən sinif yoldaşımı deyirdi. Məktəbimizin gəlib-keçmiş ən avara, ən intizamsız, ən davakar məzununu!
Sinif yoldaşım mənalı-mənalı bir sönük:“Sağ ol, Müqəddəs müəllim, — dedi, dərhal da sual verdi:”Eşitdim, oğlun inomarka götürüb kreditə, necədi, incitmir?”
Müəllim rəng alıb rəng verdi, qızardı, bayaqdan əlində tutduğu isti stəkandan gözünü ayrımadan bir kəlmə:“Görüm salamat sürməsin…”, – dedi. Araya yenə sükut çökdü. Sinif yoldaşım müəllimin burda olduğunu unutmuş kimi üzünü mənə tutdu, aramızda oturmuş müəllimi fokusdan tamam çıxarıb soruşdu:
— Hə, şair, sən neynirsən e, yaza bilirsən? Heç olmasa bir şey çıxır? Getmirik çimməyə bə?”
Müəllim də mənim varlığımı unudub üzünü Qəhrəmana tutdu:
— Uşaqlığından bilirəm ki, sənin nəyin var, dilindədi, ürəyin yuxa kimidi. Mənə iki ay da vaxt ver, pambıq əkmişəm…
***
Müəllim suyu süzülə-süzülə qapıdan çıxan kimi, bəlkə elə ayağını darvazadan bayıra qoymamış Qəhrəman oturduğu yerdən:“Var-yoxunu bəllədiyim məni lox hesab eləyir öz aləmində”, — dedi səsinin yoğun yeriylə…
Dəhşətə gəldim, məgər müəllimi belə rahat-rahat üzünə söymək olardımı? Bizə qəhrəmanlıq dastanları öyrədən, hərəkatın ilk günlərindən ayağa qaldırıb üsyana səsləyən, ədəb-ərkanı, həzin romantikası, melanxolik tövrləriylə könlümüzdə yuva qurmağı bacaran adama belə sözlər demək olardımı?
Sinif yoldaşım heyrətimi görüb:“Bu, hələ nədi ki, o dəfə gələndə camaatın içində üzünə arvad-uşağını söymüşəm, səsini çıxara bilməyib… – dedi, — sənin də bu sayalığından olmaz. A kişi, tanıdığın o Müəqddəs müəllimin yerində indi bir moşennik qalıb…”.
Əvvəlcə müəlliminə ara-sıra yardım edibmiş keçmişin xətrinə, sonra müəllim iri borc istəyib, onu da verib hörmət-izzətə, sonra pulu nizamsız xərcləyib müəllim, oğlunun qurmaq istədiyi işə qoyub, iş alınmayıb, pul batıb, sonra bankda kreditə girib, o da batıb, indi də evini satışa qoyubmuş müəllim…
***
Müqəddəs müəllim biz uşaq olandan hekayələr, şeirlər yazardı, ancaq bunu ciddi-cəhdlə hamıdan gizlərdi, tamaşalar qoyardı məktəbdə, bizi oynadardı, Qəhrəmana rol verməzdi; onun yazıçılığını dalğın-dalğın sümürdüyü siqaretlərdən, bir də dərsdə bizə danışdığı qəribə, sonu olmayan süjetlərdən fəhm edərdik. Həmişə də “bunu bir dostum yazıb” deyərdi. Dostu kimmiş? Deməzdi. Deyərdi ki, onuncu sinifdə yadıma salarsız, deyərəm. Hekayələrini də ən maraqlı yerində kəsib, sonunu danışmaz, eyni vədi verərdi. Əhvalatını unutduğum sonuncu hekayəsini də zəng çalınan kimi kəsib demişdi:“Sizcə, sonda qoca haqlı çıxacaq, ya cavan?” Maraqdan çatlayan, müəllimin illərlə danışdığı sonu olmayan yarımçıq hekayələrdən boğaza yığılmış biz şagirdlər heç olmasa bunu deməsini xahiş etdik. “Olmaz, — dedi, — onuncu sinfi bitirəndə, son zəngdə…”.
***
Sonra müəllim evini satıb bankla, artıq müflis olub kəndə qayıtmış Qəhrəmanla ödəşdi, ödəşmədi, bilmədik. Bir gecə yarısı kəndi sakitcə tərk edib Bakı kəndlərindən birinə köçdü, yuva saldı. Uzun illər heç kim harda yaşadığını bilmədi.
Bir gün nəşriyyatda liftin qarşısında üz-üzə gəldik. Müəllim əriyib çöpə dönmüşdü. Qoltuğunda qalın qovluq vardı. Görüşəndə əlindən düşdü. Gözüm qovluğun üstünə baş hərflərlə yazılmış sözlərə sataşdı: “Onuncu…” Müəllim tez qovluğu yerdən qapdı, ardını oxuyammadım, soruşacaqdım ki, liftin qapısı açıldı, müəllim özünü güllə kimi içəri atdı. Sanki zəng vurulmuşdu, yenə verəcəyimiz sualdan qaçırdı, yenə bir əhvalat yarıda kəsilmişdi…
***
Bu yaxında müəllimin ölüm xəbərini aldım. Deyilənə görə xərçəng almışdı canını. Ancaq mən həyətimizdəki o olaydan bir az sonra müəllimin öldüyünü düşünmüşdüm. Bunun ardıyca ölüm xəbərinin yalan çıxdığını dedilər. Kimsə deyib ki, müəllim xəstə idi, ancaq axırını bilmədim necə oldu.
***
Hə, Qəhrəman isə o görüşümüzdən sonra bir də Rusiyaya qayıtmadı. Hətta iki il qabaq dedilər ki, Bakıda Müqəddəs müəllimin Çindən mal vuran oğlunun əlində işləyirmiş son zamanlaracan. İşləyirmiş deyəndə, malların pulu verilənəcən Çində girov qalırmış. Onun da sonrası necə oldu, bilən yoxdu…