Mikayıl Müşfiqin sümükləri…
Bir status oxudum. Yazarlarımızdan birinindi. Etik olmaz deyə, adını çəkmirəm.
Yazıb, Prezident Mikayıl Müşfiqlə bağlı bütün məsələləri şəxsi nəzarətinə götürüb. Sağ olsun. Amma kaş cənab Prezident Azərbaycan ədəbiyyatının bu gününün ən istedadlı gənclərindən birini — məni də şəxsi nəzarətinə götürərdi. Vəziyyətim doğrudan da, çox ağırdır. Hər günü son gün kimi yola verirəm. Artıq bıçaq sümüyə çoxdan dirənib, sadəcə, həyassızlığıma salıb hələ də yaşayıram. Əslində, çoxdan intihar etməli idim.
Bir xeyli var, gündəlik xəbərlərlə qətiyyən maraqlanmıram. “M” hərfindən belə məhrum olan mediamızın istehsal etdiyi heç nə diqqətimi çəkmir. 99,9 faizindən gedir söhbət. Ancaq sosial şəbəkədə gözümə dəymişdi, deyəsən, hansısa ağıllı jurnalist talesiz şairin sümüklərini tapdığını, torpağa tapşırdığını, sonrasını isə hökumətin boynuna atdığını bəyan edən bir xəbər paylaşıbmış. Yəni, dumanlı olsa da, söhbətin Müşfiqin sümüklərindən getdiyini anladım.
İndi yazar dostumuz belə status yazıb, ardıyca bəndlər halında öz cari xərclərini siyahıya alıb, prezidentin və oxucuların diqqətinə təqdim edib.
Prezidenti bilmirəm, amma oxucular da durub öz siyahılarını təqdim eləsələr, yazar dostumuz ürkər, ürəyi kabab olar, sonra öz yaşamına şükür eləyib, yəqin ki, acı bir roman yazar.
Dostumuzun arqumenti budur: bir ölmüş şairi diqqətə götürməkdənsə, məni şəxsi nəzarətə götürün, mən sağ qalım.
Məntiqsiz deyil. Yəni dediyindən belə çıxır, bir ünlü şairin sümükləri bir canlının əti-qanı qədər önəmli deyil, öləni diriltmək olmaz, ancaq dirini ölümdən saxlamaq lazımdı. Şair demişkən, sağlığında qiymət verin insanlara.
Az əvvəl, hələ oxucuları dedim, nə gündə yaşayırlar, kim bilmir? Aldıqları maaşı, qazandıqları pulu – o da varsa, ayın bu başından o başına necə calamaq üçün beyinləri şişib bəlkə Eynşteynin beyin kütləsindən artıq olub. Yaxşı, bəs şair-yazıçı, alim-müəllim, rəssam? Yüzlərlə, minlərləsi eyni statusu yaza bilər. Və daha ağlamalısını. Ancaq prezident minlərlə sənət adamını, alimi necə diqqətə götürə bilər?
Tutaq ki, dostumuz hansısa şəkildə prezidentin diqqətini çəkdi, nəzarətə götürüldü, hətta nə cürsə təmin də edildi. Bəs o biri minlərlə istedadlı? Yoxsa mən salim olum, cümlə-cahan batsa da, batsın?
Mümkündürmü total diqqətəgötürmə??
Qətiyyən!
Əlbəttə, dövlətimiz kasıb deyil, istəsə hətta on milyon adamı da diqqətə götürə bilər. Ancaq hara qədər? Bir dövlət öz vətəndaşını dotasiya ilə saxlaya bilməz ki! Ümumiyyətlə, dünya praktikasında belə bir şey varmı? Bu, çıxış yoludurmu?
Deyil!
Bax, bizim evimizi “məni də diqqətə götürün” fəlsəfəsi məhv edib. Hə, deməli, “mən” diqqətə götürüldümmü, artıq ölkədə problem qalmayacaq, daha sənət adamları bezib-bezib usandıqları maddi imkansızlıq ucbatından yaradıcılığa nifrət etməyəcək, kim də şikayətlənsə, o “mən” başlayacaq başqa “mən”ləri qınamağa, dövlətçiliyimizi təhdid etdiyinə görə məhşər ayağına çəkməyə.
Bir zamanlar, “Bəxtiyar, məni də komsomola yaz” məntiqi vardı, indi isə, “Prezident, məni də şəxsi nəzarətə götür”. Fərqi görürükmü? O zaman ümumun mənafeyi vardı, ümumun mənafeyi ümumi tərəqqiyə gətirməli, ümumi maddi durumu yaxşılaşdırmalı, hər kəs də öz sahəsində maddi imkansızlıqlar bataqlığında çürümədən öz sənəti, öz işi ilə məşğul olmalıydı. Buna nə cürsə nail də olundu. Sənət adamları qarşısında ideoloji tələblər qoyulmasaydı, gerçəkdən çox fərəhli mənzərə yarana bilərdi. İndi isə… Məni, məni, məni də… Az qala qışqırırq, atlanıb-düşürük, dombalaq aşırıq, bir az özümüzü acıqlı kimi göstəririk və nəhayət yalvarırıq ki, “məni də” görsünlər.
Əlbəttə, mümkün şeydi: prezident kimisə şəxsi qayğısıyla təmin edə bilər. Burda mümkün olmayan bir şey yoxdu. Nə qədər sənət adamı belə qayğıyla əhatə olunub. Xəstəsi, qocası, cavanı. Bu, nəyisə dəyişibmi? Ədəbiyyat (bütün sənət sahələri) öz yenilikləri ilə çiçəklənibmi? İnkişaf edibmi? Uğur qazanıbmı? Bir kitabımız, bir əsərimiz ölkənin sərhədlərini aşa bilməyib. Bilməz də!
Öz zəhməti hesabına qazanmamış, hardansa, xüsusi qayğı sayəsində “tüklənmək” şairi, yazıçını məhv edər, daha azad, daha istedadlı etməz. Daha yaxşı əsərlər yazdıra bilməz! Yox, məqsəd məhz yaxşı yaşamaqdısa, istedad da bunun üçün bir tramplindisə, bir fırıldaqçı fəndidirsə, o, başqa məsələ. Uğur olsun.
Dostumuzun siyahı əsasında təqdim etdiyi o səfil, ehtiyaclarla zəngin həyatı hər birimiz yaşayırıq. Ancaq bu, bizə şikayət üçün zərrəcə haqq vermir! Bu, tutduğun yolun anatomiyasıdır! Alın yazısı, iki vur ikisidir. Aclıq, iztirablar, səfalət, ağır xəstəliklər, ailə faciələri, nəsibsizlik, məşəqqətlər və tükənməz savaş… Bəli, çünki oldun dəyirmançı, çağır gəlsin, dən, Koroğlu!
İndi o zamankı dövlətdən 9 axça təqaüd umduğuna görə az qala Füzuliyə tənə edirik. Halbuki o 9 axçanı istedadlı olduğuna görə yox, çalışdığı işin müqabilində istəmişdi. Bəlkə heç elə fakt olmayıb da, sadəcə, necə deyərlər, o çağın publisistikasıdı. Məgər bizim birinci şəxsin təkində yazdığımız hər şey bizim öz başımıza gəlibmi?
Nəysə, həmin Füzulinin bir beyti var:
Ahu-fəryadın, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilən xoşnud isən, qovğa nədir?
İndi faciə nə Müşfiqin məzarsız qalan sümüklərində, sappasağlam qalmış 32 dişindədi, nə bir qələm əhlinin maddi səfalətində… Faciə Müşfiqin ölüm yaşını da bir il adlamış bir gəncə o kəlmələri utanıb-çəkinmədən yazdıra bilən reallıqdadı.
Bu məmləkətdə daha şair şairin başını istəmir padşahdan, unitaz istəyir…
Müşfiqin sümükləri sızıldayır!