Mətbuat azadlığı günündə Azərbaycan mətbuatının günü
3 May Ümumdünya Mətbuat Azadlığı günüdür. 13 ildir ki, Azərbaycan jurnalistləri bu bayramı fərqli atmosferdə qeyd edir. Bir qrup hər il toplaşaraq mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edir, sonra medianın problemlərindən danışaraq təkliflər hazırlayır və hökumətə təqdim edir ki, medianı “ağ günə” çıxarsın. İkinci qrup bu günü şad, təmtəraqlı şəkildə qeyd edir, birinci qrupun etirazlarını qəbul etmir və iddia edir ki, mediamız elə “ağ günün” içərisindədir.
Hər il Elmar Hüseynovun məzarını ziyarət edənlərin sayı da azalır. Bundan sonra tez-tez “bəzisi satıldı, bəzisi könüllü təslim oldu, bəzisi müqavimət göstərdi, bəzisi də sadəcə getdi”, sözlərini eşitməyə başladıq.
Reallıq isə qənaətbəxş deyil. Azərbaycanda bu gün həbsdə olan jurnalistlər və bloqçular var. Müstəqil media sıradan çıxarılır, bu tip KİV-lərə reklam verilmir, telekanallar bir mərkəzdən idarə olunur. Media tədrisi də qənaətbəxş səviyyədə deyil. Medianı həm siyasi, həm iqtisadi, həm sosial, həm də təhsil tərəflərindən incələsək, görərik ki, qabaqcıl standartlardan çox aşağıdır.
2005-ci ildən bu günədək KİV və əlaqədar qanunlara edilmiş bütün əlavə və dəyişikliklər medianı nəzarətə götürmək üçündür.
Özəl ali məktəblərdə jurnalistika ixtisasına qəbulun dayandırılması, son illərdə sovet ənənəsi olan qabiliyyət imtahanının tətbiqi və prosesin özünü doğrultmaması halları da cəmiyyətdə əsas müzakirə mövzusudur.
Media ilə əlaqədar təşkilatlar media problemləri deyəndə “ədəbi dil normalarının pozulması”ndan o tərəfə getmir. Bir də deyirdilər ki, jurnalistlərin evi yoxdur, öz aləmlərində bu məsələni də həll etdilər; jurnalistlərə pulsuz ev verdilər. Yenə tikirlər.
Media biznesə çevrilə bilmir. Media tam asılı struktura çevrildiyindən maddi gəlirləri də yoxdur. 2009-cu ildə KİVDF yaradıldı. Qəzetlərə maddi yardımlar ayırmaq, jurnalistlərə bina tikmək və inşa tipli jurnalist müsabiqələri təşkil etməklə medianın durumunu yaxşılaşdırmaq olmaz.
Televiziyalar tam nəzarətdədir, orada alternativ fikir görmək, fərqli söz eşitmək qətiyyən mümkün deyil.
Mətbuat Şurası özünü tənzimləyən qurum kimi yaradılsa da, onun idarə heyətində 5 millət vəkili təmsil olunur. Üstəlik, özlərinə ayrıca qanun qəbulu təklifi ilə də çıxış edirlər. Şura üzvlərindən biri də deyir ki, sosial şəbəkələr məhdudlaşdırılmalıdır.
İnsan haqqları üzrə müvəkkil, ombudsman da sosial şəbəkələrin hüquqi tənzimlənməsi təklifi ilə çıxış edir.
Azərbaycan Konstitusiyası senzuranın istisnasız yolverilməz olduğunu 50-ci maddədə çox açıq şəkildə göstərsə də, Milli Məclis «Hərbi vəziyyət haqqında» və «Fövqəladə vəziyyət haqqında» qanunlarda senzuranın tətbiqini, bundan irəli gələn qayda və məsuliyyətləri müəyyən etdi. XXI əsrdə senzura tətbiq edən bir dövlətə çevrildik. Vyetnam, Səudiyyə Ərəbistanı, Eritreya, Efiopiya, Myanmar, Kuba da rəsmi senzura tətbiq edən ölkələrdir.
Hakimiyyətlərin medianı qucaqlaması sevgidən irəli gəlmir, məqsəd onun nəfəs almasına əngəl olmaqdır.