Muəllif:

MƏNİM SƏHRAM, MƏNİM QUMSALLIĞIM…

“Vaxtında getsəydin ikicə günə sığınacaq alardın. Heç indi də gec deyil”- Bakının ən qızmar günlərindən birində kölgəlikdən kənar yerdə rastıma çıxan “keçmişdən təşrif buyuran tanışım” (əski siyasi “əqidədaş”larımı belə adlandırıram) hal-əhval belə tutmadan, heç soruşmadan ki, axı necə yaşayırsan, nədən razı, nədən narazısan, bu sözləri az qala üzümə çırpdı, sanki AXC-nin  25 il bundan əvvəlki bəyanatlarından birini oxuyurdu.

Bu adamların qəribə xisləti var: ən sevimli ifadələri “Mən demişdim axı…” sözləridir. Adam deməyə də utanır ki, sən hər şeyi beləcə yerli-yataqlı bilirdinsə və hər şeyi də lap əvvəldən “demişdinsə”, onda niyə 30 il sərasər onun-bunun buyruğu ilə oturub-durur, şüarlarını qışqırır və yumruqlarını düyünləyib bir azacıq fərqli söz deyənin üstünə cumurdun?

Amma bunu deməyin də mənası yoxdur. Bu insanların əvvəldən ağıllı sözə qarşı allergiyası olub: ya özlərini həmişə hamıdan ağıllı saydıqlarına görə, ya da nəyin ağıllı, nəyin ağılısız olduğunun fərqində olmadıqlarına görə…

Və mənim də günahım bu idi ki, otuz ildən sonra bu adamın rastına çıxmışdım, ona görə də onun otuz illik dövrü əhatə edən siyasi təhlilinə qulaq asmalı idim…

O ki qaldı “sığınacaq” məsələsinə, heç vaxt bu haqda ciddi şəkildə düşünməmişəm də. Ona görə də indi keçmiş “əqidədaşım” məni nədə qınayırdı – bunu qətiyyən özüm üçün kəsdirə bilmirdim: adam var ki, ömrü boyu sığınacaq axtarır, adam da var, daim söykənəcək–istinadgah olmaq istəyir.

Yox, mən qətiyyən qəbul etmirəm ki, insanlar lap əvvəldən lider və icraçı, yaxud da buyuran və buyruqçu kimi doğulurlar. Düzdür, insan orqanizmindəki 30 min gen çox şeyi həll edir, amma güman ki, hər bir adamın özünə də beş-üç faizlik şans verilir ki, özünüformalaşdırma kimi mürəkkəb prosesə kiçik də olsa, töhfəsini versin…

Bakıya 88-ci ildə, siyasi proseslərin canlanmağa başladığı bir dövrdə gəlmişdim. Əvvəlcə bu proseslər mənim üçün bir az kino, bir az da yeni dövrün başlanğıcı kimi maraqlı idi.

Əsas məqsədim isə təzədən Moskvaya dönmək, uzaq qalaktikalardakı möhtəşəm qamma-partlayışların, ifrat dərəcədə yüksək qamma-şüaların sirrini tapmaq idi. Amma alınmadı; görünür, özüm də yetərincə israrlı ola bilmədim, çünki tezliklə başqa partlayışlar – siyasi partlaşyışlar məni ağuşuna aldı və mən bu ölkəni, bu şəhəri sevdim.

Belə fikir var ki, insan yetkinlik yaşına çatanda guya ki, peşəsini, gələcək həyat rəfiqəsini seçir. Heç şübhəsiz ki, bunlar doğrudur, amma insan yetkinlik yaşına çatanda həm də vətənini seçir və vətəndə yuvasını qurur.

Buna qədər vətən haqda dediklərimiz, qışqıra–qışqıra, boğazlarımızı yırta-yırta oxuduqlarımız isə pafosdan başqa şey olmur, əsl həyatsa pafos bitəndə, təmtəraq yığışanda başlayır və biz anlayırıq ki, yaşamağa start veririk….

Demirəm ki, öz seçimimlə bağlı tərəddüdlərim, peşimançılıqlarım olmayıb. Olubdur. Özü də çox. Amma hər dəfə bu haqda düşünəndə heç özüm də bilmirəm, niyə Kobo Abenin “Qumsallıqda qadın” romanını xatırlayıram? Bəzən düşünürəm ki, illər bundan əvvəl bu roman rastıma çıxmasaydı, onu oxumasaydım, öz seçimim üçün başqa bir bəraət, əsas tapa bilərdimmi?..

Bilmirəm. Bəlkə həyatın da məntiqi budur ki, o, başqa cür ola bilmir, məhz belə olur. Sadəcə, biz daim ötüb keçən illərə, hətta günlərə hansısa düzəlişlər etməyə çalışırıq, “ Belə olmasaydı, bu cür etməsəydim…” deyirik, amma həyatın gözəlliyi də bundadır ki, o, məhz belə olur – ötdü keçdi, yaşadın bitdi getdi və bir daha geri qaytara bilməzsən.

Ona görə də illərlə peşimançılıq hissləri də azaldı, tərəddüdlər də yox oldu və bir də ayılıb gördüm, mən bu tozlu-torpaqlı, kontrastlı, neft və kükürd qoxuyan şəhəri sevirəm.

Hərçənd, seçimimin motivi mənə hələ də məlum deyil. Nə saxladı bu şəhərdə məni? Nə bağladı bu ölkəyə məni? Bəlkə vətən yox, sığınacaq axtarışına (“qeybdən-keçmişdən gələn tanışım” deyən kimi) çıxsaydım daha düzgün olardı?..

Bilmirəm. İnsanın başqa sığınacaq axtarışı da olur bu dünyada – özünü tapmaq axtarışı, lap sosioloqalar demişkən: ağrılı özünüidentifikasiya prosesi. Nə isə. Pis, ya da yaxşı – hər halda, özümüzü identifikasiya edib qurtardıq, artıq həyatı axıra çatdırmaq vəzifəsi durur qarşıda: otuza qədər həyat qurulur, otuzdan əlliyədək tamamlanma işləri gedir, əllidən sonra isə… Bəli, əllidən sonra daha plan qurmurlar.

O gün baxıram, “Nəsimi” filmində deyilir ki: “Hər tazə yaranan bir fədakarlıq nümunəsidir”. Ona görə də hərdən mənə elə gəlir ki, Qərblə Şərqin hansı fərqli etno-psixoloji-kulturoloji kodlara söykəndiyini tapmışam: Qərbdə fədakar və işgüzar adamlara ehtiyac duyulmur, Şərq isə fədakar insanlardan ötrü sinov gedir.

Qərbdə fədakarları qəti sevmirlər, onlara ehtiyac duymurlar, hətta anlamırlar da. Şərqdəsə belələri olmadam keçinmək mümkün deyil – axı bura nahaq yerə “mürgü döyən Şərq” deməyiblər ki…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 97