Muəllif:

MƏNİM … AFRİKA YUXULARIM…

Bir necə həftə bundan əvvəlin söhbətidir. Şəhərdə bir tanışıma rast gəldim. Hal-əhvaldan sonra soruşdu ki, neyləyirsən, nə oxuyursan, nə yazırsan?..

Dedim ki, Nəcib Məhfuzun bir romanını oxuyuram. Amma yalan demişdim. Axı deyə bilməzdim ki, həmin roman iki aydan çoxdur ki, stolun üstündə açıq qalıb!

Deyə bilməzdim ki, artıq mən də əksər yazarlarımız kimi oxumaqdan çox yazmaqla məşğulam, hətta siyasi yazıları, siyasət haqdakı kitabları oxumağa ancaq macal tapıram…

Heç dostumu da bunlar maraqlandırmırdı. Sözüm ağzımdan çıxmamış qayıtdı ki, qardaş, əlimə bir etnoqrafın Afrika qəbilələri haqqında gözəl kitabı düşüb, hər səhifəsini az qala on dəfə oxuyuram, zalım oğlu elə bil bizdən yazıb…

Axırda da dedi ki, Folkneri, Heminqueyi, hətta Şərq yazıçısı olsa da, Məhfuzu oxumağın bir qətrə mənası yoxdur, biz Afrika haqqında yazılan kitabları, Afrika yazıçılarının əsərlərini oxumalıyıq, çünki bizə onlar daha yaxındır.

Ona heç nə demədim. Amma bir-iki gün elə hey bu haqda fikirləşdim, nəsə bu Afrika söhbəti heç yadımdan çıxmırdı. Axırda qərara gəldim ki, macal tapan kimi bu haqda kiçicik bir yazı yazım.

Ən maraqlısı bilirsinizmi, nədir? O söhbətdən sonra Afrika haqqında yazılan siyasi yazılara da diqqət etməyə başladım. Türkiyə prezidentinin bir neçə Afrika ölkəsinə səfər etməsi haqqındakı (birinci səfər deyildi!) xəbəri oxuyandan sonra isə gördüm ki, yox, bu kontinent təkcə özünün etnik incəliklərilə, rəngarənglikləri, qəribəliklərilə maraqlı deyil, böyük və kiçik ölkələr bura həqiqətən də maraq göstərirlər.

Daha sonra Rusiyanın, Çinin xarici işlər nazirlərinin və hətta ABŞ-ın dövlət katibinin də Afrikaya səfərləri haqda məlumatları izləyəndə bir daha əmin oldum ki, “qara” kontinent uğrunda həqiqətən gərgin siyasi mübarizə gedir və bu mübarizəyə artıq Çin də qoşulubdur – “səmaaltı ölkə” artıq bir Afrika ölkəsində hətta hərbi baza da açıbdır…

Təbii ki, biz özümüzü sadaladığım üç dövlətlə müqayisə edə bilmərik, amma maraqlı bir rəqəmə rast gəldim: Afrikanı BMT-də düz 54 dövlət təmsil edir! Güman, bu rəqəm sizi də mənim kimi belə bir fikrə yönəldə bilər ki, biz mütləq bu resursdan diplomatiyamızda faydalanmalıyıq və Afrika səmtində də diplomatik vektorumuzu qurmalıyıq.

Artıq bizim bu cür böyük siyasi seqmentlə əməkdaşlığımız var – məsələn, bu xüsusda İslam Əməkdaşlıq Təşkilatını yada salmaq olar ki, onun sıralarında Afrika ölkələri də var.

İslam Əməkdaşlıq Təşkilatında da 50-dən çox dövlət cəmləşibdir. Amma bu, bizə Afrika səmtində də öz diplomatik vektorumuzu qurmağa qəti mane olmur.

İnanın, yazının bu hissəsini ironiya məqsədilə yazmıram. Bizim, məsələn, Ermənistanla müqayisədə resurslarımızın çox olması ölkəmizin diplomatik çevrəsini də artırmağa imkan verir, hətta tələb də edir.

54 səs də az məsələ deyil. BMT-dəki fəaliyyətimiz zamanı bundan əməlli-başlı faydalana bilərik. BMT-dəki nümayəndəmizə də bu səmtdə fəaliyyətini gücləndirməyi tapşıra bilərdik.

O ki qaldı xarici siyasət idarəmizin dünyadakı ayrı-ayrı bölgələri necə əhatə etməsinə və bu istiqamətlərlə bağlı diplomatik işi necə qurmasına, bundan tamam xəbərsizik. Amma düşünürük ki, hər halda, diplomatlarımız və beynəlxalq siyasət sahəsindəki mütəxəssislərimiz bu haqda fikirləşməmiş olmazlar.

Afrikanın etno-qəribəliklərinə gəldikdə isə, burada da rasional məntiq var. Tanışımla söhbətə qədər özüm də bir ara tamamilə Afrika etnoqrafiyasına aid olmasa da, kontinentin bəzi sosial göstəricilərinə aid yazıları oxumuşdum.
Bəs Afrikanı etnoqraf və kulturoloqlar, sosioloq və politoloqlar üçün maraqlı edən nədir? Bunu bir kəlmə ilə ifadə etmək olar: İBTİDAİLİK…

Məhz elə bu səbəbdən isanlar dədə-babalarının min illər bundan əvvəl necə yaşadıqlarını və özlərini necə idarə etdiklərini öyrənməkçün Afrika səmtinə üz tuturlar.

Amma sosial həyatın bəzi kəsimlərində həmin ibtidailik bizdə də var. Məsələn, mən başqa sahələri deyə bilmərəm, amma bizim də siyasətə və cəmiyyətə münasibətimizdə həmin ibtidailik duyulur.

Ona görə də qoy, etnoqraf qardaşlarımız hərdən bizim tərəfə də, yox, əgər bizdən xoşları gəlmirsə, onda bizim günümüzdə olan Özbəkistana və yaxud Türkmənistana baş çəksinlər.

Bu arealda onlar siyasəti lap ibtidai, hətta ən ilkin formalarda müşahidə edə bilərlər– yoxsa ki, nəyə lazımdır durub Afrikanın səhralarından və tropik meşələrindən keçmək?..

Nə isə… Bunları yazarkən bir də gördüm ki, lap əməlli-başlı yuxum gəlir və bilirsinizmi, yarıyuxulu halda yadıma daha nə düşdü? E.Heminqueyin “Qoca və dəniz” əsəri.

Bəli, qoca Santyaqo yuxularında Afrikanı, dəniz sahilində oynaşan körpə şir balalarını görürdü. Fikirləşdim, mən də ulu millətimizə qoşulub azacıq yatsam, heç pis olmaz.

Həm də düşündüm ki, bəlkə mənim də yuxularıma şir balaları girəcək? Yoxsa, inanın, tülkü görməkdən əməlli-başlı bezmişəm, gözümü yuman ki, bu hiyləgər heyvan, toyuqların qənimi gəlib girir yuxuma…

Özü də elə belə gəlmir. Deyir ki, ananın rayondakı toyuqlarını aparacam. Mən də bunu eşidən kimi dərhal ayılıram. Nə gizlədim, anam bayramlarda toyuqlarından bizə də göndərir. Biz də bayramdan-bayrama əsl toyuq əti dadırıq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197