Mədəniyyətimiz gödəldiyi üçün «mədəniyət» sözü qısaldılsın!!!
Məncə, Dilçilik İnstitutu təklif etdiyi islahatı belə izah etsəydi, mübahisə yaranmazdı
“Dünyanın heç bir yerində görünməyib”… “İkinci belə millət tapmazsınız”… “Analoqu yoxdur” kimi ifadələrin əleyhdarıyam. İstər xeyrimizə, istər ziyanımıza. Bu keçəl dünyada görünməmiş, tapılmayan, analoqsuq heç nə qalmayıb. Amma indi, ən azı, sual şəklində təkrarlamağa məcburam:«görəsən, kainatın hansısa bizə məlum olan, ya olmayan nöqtəsində bir əsrdə dörd dəfə əlifbasını dəyişmiş başqa bir xalq yaşayırmı? «Dörd dəfə» deyəndə, mən yerli-dibli qrafika dəyişikliyini nəzərdə tuturam, aradakı modifikasiyaları saymıram.
Niyə belə olur?
Axı hər şeyin məntiqi var! Bütün hadisələr qanunauyğunluqlar əsasında baş verir. Hətta təsadüflər də qanunauyğunluqlara tabedir: onlar olmasa – nəyin təbii, nəyin təsadüfi olduğunu necə müəyyənləşdirəcəkdik?
Bəs onda niyə belə olur? – özüm-özümə bir daha eyni sualı verirəm. Niyə beş-on ildən bir dilçilərimiz dingildəyir? Gah əlifbamızı, gah da hərflərimizi, sözlərimizi dəyişməyi təklif edirlər? Özü də, inkişafın nəticəsi kimi yeni sözlər yaratmağı, alınma ifadələrin qarşılığını tapmağı yox, məhz köhnə sözlərin yazılışını dəyişməyi vacib sayırlar!!! İlahi, dilin, dil elminin inkişafı haqqında təsəvvür yaratmaq üçün bundan da yanlış yol seçmək olarmı? Beş il əvvəl akademiyanın Dilçilik institutu «ə»-dən, «ü»-dən, «ö»-dən, «ı»-dan şikayət edirdi:«elə hərflərimiz var ki, onları xaricdə başa düşə bilmirlər». İnstitutun direktoru milləti inandırırdı ki, «hərf – simvolik xarakter daşıyır, onu dəyişməklə dilə xələl yetirmərik!» Təzə direktor əsas problemi onlarda yox, qoşa «ss» ilə qoşa «yy»-da görür. Əla tapıntıdır! Hər cümlədə iki-üç hərfə qənaət etməklə, gör ömrümüz boyu nə qədər boş-boş artıq söz danışıb-yaza bilərik! Ancaq «əbədiyyəti» qısaltmaqla, «mədəniyyəti» gödəltməklə dilimizimi uzadırıq??? Kimin yanında? Hansı həyat zərurəti, hansı böyük ehtiyac bizim elmi axtarışlarımızın və islahatlarımızın ağzını sonu dalana dirənən bu yola salır?
Mən, doğrudan da, işin məntiqini, məsələnin məğzini tutmaq, prosesin kökünü görmək istəyirəm! Və orada – kökdə! – gözümə dəyənlərdən qorxuya düşürəm. Birdən-birə anlayıram ki, iqtisadiyyatmızda, siyasətimizdə, mədəniyyətimizdə, elmimizdə, mediamızda nə baş verirsə, dilçiliyimizdə də eyni xaotik proses gedir.
Bizim, deyəsən, başımız xarab olub… Bəlkə də, çoxdan… Gürcülər, ermənilər özlərinə əlifba yaradıb onu güclü kənar təzyiqlərdən qoruyan vaxtlardan. Ona görə də kənar təzyiq hiss etməyəndə öz əlimiz dinc durmur, sözlərlə oynayırıq, qaşınmayan yerdən hərf çıxardırıq. Nədənsə, gürcü-erməni alimlərini narahat etmir ki, onların üst-üstə yetmişdən çox hərfinin heç birini xaricilər başa düşmürlər. Ya, fransızlar, ingilislər dörd yazılı hərfin yerinə bir səs çıxardıqlarına görə sözlərini «sünnət» eləmirlər.
Amma bizim beyinlərimiz çönsə də, təbiət dəngəsini itirmir. Təsadüflər yalnız qanunauyğunluqların törəməsi olaraq qalır.
Məsəl var, bir dəli gölə daş atdı, yüz ağıllı onu çıxarda bilmədi. Niyə? (Yenə bu sual mənə dinclik vermir!) Çünki ağıllılar dərhal daşı unudurlar, onun uçma sürəti, trayektoriyası, gölün səthində doğurduğu dalğaların tezliyi barədə mübahisələrlə başlarını qatirlar.
Məntiq? Dəlinin atdığı daşı yalnız dəli çıxara bilər!