Muəllif:

Maşa və Ayı

“O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir – bu qism əsərləri kəmalı-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-tərbiyəsini onları öyrətməklə başlayır”.

Firudin bəy Köçərli

Növbəti həftəsonu olduğundan ev qonaq-qaralı idi. Ən başlıcası da nəvənin gəlməsiydi — səsi evin divarından-divarına dəyib qulağımda cingildəyirdi (Allah bütün balaları saxlasın!). Görüşün ilk sevincindən sonra qonaq otağına keçib televizoru yandırdım — “Barselona”nın oyunu vardı. Yerimi təzəcə rahatlamışdım ki, balaca:”Maşa-Maşa” çığıraraq tufan kimi içəri girdi. Nə qədər burda Maşa-filan yoxdu, “Barselona” var dedimsə də, xeyri olmadı. Elə “Maşa” deyib durdu…

***

Görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifçi və pedaqoq, Qori müəllimlər seminariyasının müsəlman şöbəsinin Azərbaycana – Qazağa köçürülərək məhvdən qurtarılması (1918-1920-ci illərdə həmin şöbənin əsasında Qazax müəllimlər seminariyası açılmışdı) və onun neçə-neçə dəyərli Azərbaycanlı üçün böyük bir təhsil ocağına çevrilməsində əvəzsiz xidmətləri olan Firudin bəy Köçərli xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrini toplayaraq 1912-ci ildə ilk dəfə kitab şəklində buraxdırmışdır. “Balalara hədiyyə” kitabının müəllifi Firudin bəyin fikrincə, istənilən xalq yalnız öz keçmişi, soyu və kökündən qidalanaraq xoşbəxt gələcəyini qura bilər. O, məcmuənin məramını belə izah edirdi:”Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır”.

Təəssüf ki, Firudin bəy xalqımızın qəhrəmanlıq tarixinə misilsiz bir nümunə kimi yazılası olan, lakin hələ də öz layiqli qiymətini almayan antibolşevik Gəncə üsyanı yatırıldıqdan sonra rus işğalçı XI Ordusunun xüsusi şöbəsi – “troyka” tərəfindən məhkəmə-filansız 1920-ci ildə güllələnərək öldürülmüşdür. Firudin bəyin cəmi 58 yaşı vardı…

***

Milli-azadlıq hərəkatı başlayanda və müstəqilliyimizin ilk illərində valideynlərin böyük əksəriyyəti uşaqlarını rus bölmələrindən çıxarıb Azərbaycan məktəblərinə göndərdilər. Və bu təbii idi, çünki müstəqil dövlətin ÖZ DİLİ var(dı)…

Hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsində 1 milyon 200 minə yaxın şagird oxuyur. Onların 90 mindən çoxu rus dilində təhsil alır. Bakıdakı 326 məktəbin yarısında isə rus bölmələri var. Statistika əndişələnməyə heç bir əsasın olmadığını göstərsə də, bəzi tendensiyalar düşünməyə vadar edir. Məsələn, ali məktəblərə qəbul nəticələrinə görə söyləmək olar ki, rus dilində təhsil alanlar daha savadlı və uğurlu, həm də özlərinə əmindirlər. Amma, Azərbaycan tarixi, tarix və coğrafiyadan xeyli axsayırlar. Elələri də var ki, Azərbaycan dili sınağından keçməyib ali məktəbə girə bilmirlər. Maraqlıdır, deyilmi? Səbəbi nədir, sizcə? Məntiqlə düşünüb söyləmək olar ki, rus bölməsində həmin fənnlər, mahiyyət etibarı ilə, Rusiya dərsliklərinə əsasən tədris edilir. Azərbaycan dili isə fakultativ səviyyəsində keçilir. Tendensiya deyilmi? Tendensiyadır. Bir maraqlı cəhət də var. Övladlarını rus bölməsinə qoyan valideynlərin xeyli hissəsi rus dilini bilmir. Bu da bir tendensiyadır, deyilmi?

Amma bütün bunlar sadəcə statistika və tendensiyadır, əsas məsələ deyildir.

Balacaların arasında sorğu keçirə bilsəydim, onlara belə bir sual verərdim:”Sevimli nağıl və ya multiplikasiya qəhrəmanlarınız kimlərdir?”. Onlardan soruşardım ki, Cırtdanı, Tıqtıq xanımı, Məlikməmmədi, Ağatli oğlanı, Qaraca qızı və ya Qaraca Çobanı tanıyanınız varmı? Dürat və Qırat barədə nə bilirsiniz, Simurq quşundan xəbəriniz varmı? Bilmirəm cavabları nə olacaq… Amma qəti əminəm ki, Maşa ilə Ayını tanıyacaqlar. Bu, artıq tendensiya deyil, acı bir həqiqətdir. Və bu barədə heç bir statistika yoxdur…

Soruşacaqsınız ki, bəs bu nədən belədir? Səbəblər çoxdur. Lap çox. Məsələn, deyə bilərsinizmi, hansı birimiz körpəni yatızdıranda ona şirin dilimizdə layla deyirik, bəlkə onlara yatmazdan əvvəl Azərbaycan nağılları oxuyuruq? Hansı müasir səviyyəli cizgi filmimiz varki, uşaq ona baxıb həzz alsın? Bəs uşaq filmlərimiz necə, varmı? Şəhərli gənc analarımızdan imkanı olanların hamısı demək olar ki, körpələrinə dayə tələb edir. Xanımlar, heç bir dayə özgə çağasına nənni deməz, layla oxumaz…

***

“Koroğlu” dastanını oxuyanda 2-ci sinif şagirdiydim. Onacan demək olar ki, 5 cildlik Azərbaycan nağıllarının hamısını bitirmişdim. Dastanın son qolunu oxuyanda qəhər məni boğurdu. Bu misraları oxuyandan sonra isə hönkürtümə anam özünü yetirmişdi:

Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dahanda söhbətim-sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə iyidin yası,
Kar görmür qılıncı, polad libası.
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?

Belə zaman hara, qoç iyit hara,
Mərdləri çəkirlər, namərdlər dara.
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?

***

Firudin bəy Köçərlinin zənnincə, uşaqlarda poetik duyum çox güclü olduğundan onların təfəkkürü yazıçı təfəkkürünə uyğundur. O, gənc nəsli düzgün yetişdirmək, onda vətənə, xalqa, ana dilinə məhəbbət oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından biri sayır və bunu valideynlərə tövsiyyə edirdi.

Bu böyük kişinin yüz il əvvəl bildiklərini biz hələ də anlamamış və ya unutmuşuqsa, uşaqlarımızın qəhrəmanları hələ uzun müddət Maşa ilə Ayı olacaq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (20 оценок, среднее: 9,60 из 10)
Oxunma sayı: 2956