KOLLEKTİV PATOLOGİYALI CƏMİYYƏTLƏR…
Bəndəniz elə də psixologiya bilicisi deyil. Ziqmund Freydin iki cildliyi, Karl Qustav Yunqun bir əsəri – oxuduğum əsasən bunlardır, təbii ki, sosial və siyasi psixologiyayla bağlı nisbətən kiçik həcmli daha bir neçə əsəri çıxmaq şərtilə.
Həmin əsərlərdə diqqətimizi çəkənsə kollektiv patologiyalar, böyük sosial qrupların, hətta cəmiyyətlərin davranışında müşahidə olunan bəzi psixi məqamlar olub.
Sözsüz, Freydin individlərə tətbiqən yazdıqlarının Yunq tərəfindən bütöv cəmiyyətlərə şamil edilməsi bəzən mübahisələrə də səbəb olur. Elə etnoloqlar və etnoqraflar var ki, onlar hətta “kollektiv arxetip”lər haqda eşitmək belə istəmirlər — xüsusən də etnizmi ötəri fenomen kimi qəbul edən “instrumentalist”lər arasında.
Bu mübahisələrə nöqtə qoymaq iqtidarında deyilik, gücümüz yalnız bu və digər cinahın tərəfini tutmağa çatır. Ona görə də etiraf edirik ki, K.Q.Yunqun sağlam və qeyri-sağlam cəmiyyətlər, “kollektiv arxetip”lər haqda yazdıqları bizə çox inandırıcı görünür, çünki böyrümüzdə ermənilər var və illərdir onların davranışını müşahidə edib bircə nəticəyə gəlmək olur: vallah, Yunq kişi düz yazıb.
Nədən birdən ermənilər, Freyd və Yunq kimi psixoloqlar yadımıza düşdü? “Söz sözü çəkər” deyiblər. Böyük fizik Lev Landau hələ sovetin vurhavurunda deyirdi ki, fənlər var, onlardan üçdən artıq qiymət almaq sadəcə, ayıbdır. Güman ki, L.Landaunun hansı fənləri nəzərdə tutduğunu təxmin etmək sizin üçün elə də çətin olmaz.
Bilirsiniz, siyasətdə və yaxud da ki, politologiyada da belədir – elə “etiraf”lar var ki, ən yaxşısı onları dilə gətirməməkdir, çünki on illərlə insanlara tamam başqa şeylər vəd edib axırda qayıtmaq ki, bütün bunlar cəfəngiyyatdır — məni bağışlayın, bunu yalnız ermənilər bacarar…
Təsadüfi deyil ki, elə bu günlərdə iki erməni politoloqu məhz belə “etiraf”da bulundular və boyunlarına aldılar ki, on illərlə Ermənistanda aparılan siyasətin nəticəsi ölkənin iqtisadi-siyasi baxımdan təcridi olub.
Onlardan biri, müxalif erməni Milli Konqresinin sədrinin müavini Aram Manukyan hətta bildirdi ki, elə təəssürat yaranır ki, ermənilər Qafqazda, ümumiyyətlə, yoxdur, Ermənistan Qafqazda yalnız de-yure mövcuddur!
Maraqlıdır ki, erməni siyasətçilərini və politoloqlarını buna yaxın vaxtlarda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Cənub-Şimal nəqliyyat dəhlizinin bir mərhələsinin bitməsinə həsr olunmuş tədbirin keçiriləcəyi haqdakı xəbərlər vadar etdi. Məsələ bundadır ki, onlar həmin dəhlizlə bağlı “möhtəşəm” planlar qurur, İranla Avrasiya İttifaqı ölkələrini Ermənistan vasitəsilə birləşdirmək haqda düşünürdülər. Digər tərəfdən, bu, regionda sonuncu böyük nəqliyyat layihəsidir və artıq hamı üçün aydındır ki, onlar bu layihədən də kənarda qaldılar.
Bu konteksdə İranın Ermənistandakı səfirinin ermənilərə məsləhətini qeyd etmək lap yerinə düşər. Səfir deyib ki, ölkəsi İranla Ermənistanı birləşdirəcək dəmiryolu xəttinin çəkilişinin əleyhinə deyil, amma bunun üçün tələb olunan xərclərin bir hissəsini İrəvan ödəməlidir! Bunu eşidən ermənilərin az qala ürəyi gedib, — axı onların belə imkanı yoxdur!..
Bəli, Şimal-Cənub dəhlizi Ermənistan üçün “soyuq vanna” oldu, hərçənd, buna qədər də regionda apardıqları siyasət haqqında azacıq da olsa, düşünə bilərdilər. Məsələ, bundadır ki, hər bir ölkə ilk növbədə öz yaxın coğrafi əhatəsində özü üçün əlverişli fon yaratmağa çalışır, çünki məhz qonşularla sülh hər dövlətin tərəqqisinin təminatıdır.
Azərbaycanda bununla bağlı hətta zərb-məsəl də var: yaxın qonşu uzaq qohumdan yaxşıdır…
Bəs bunlar nə edirlər? Azərbaycan və Türkiyə ilə düşməndirlər, Gürcüstanla münasibətləri soyuqdur, çünki bu ölkəyə də ərazi iddiaları var. Yalnız İranla münasibətləri var, amma onunla da illik ticarət dövriyyəsi heç 100 milyon dolları keçmir, hətta səhv etmiriksə, cəmi 60-65 milyon dollar təşkil edir. Belə şəraitdə hansısa dövlət, özü də gənc bir dövlət inkişaf edə bilərmi? Normal dövlət və normal siyasətçilər belə bir siyasət apararmı?..
Bunların məyusluğu hələ irəlidədir. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bundan sonra da Ermənistana qarşı təcridetmə siyasətinin aparılacağını deməsi bunları bərk qorxuya salıb. Neçə gündür yalnız bu haqda yazır və danışırlar ki, əcaba, bizim vəziyyətimiz necə olacaq?..
Amma onlara çıxış yolu da göstərilir: işğal olunmuş Azərbaycan ərazilərin azad edin, Azərbaycana qarşı ərazi iddialarınızdan birdəfəlik əl çəkin! Amma yox, bu, onların ürəyincə deyil, bunlar elə həqiqətən də özlərini Rusiyanın regiondakı forpostu sayır və Rusiyaya ümid edirlər.
Rusiya arsenalındakı köhnə silahlardan bunlara versə də, heç də çörək vermək fikrində deyil və belə imkanı da yoxdur, çünki daha realist rus iqtisadçıları öz ölkələrinin dərin iqtisadi böhran yaşadığını bildirir və bu böhrandan çıxmaqçün 15-20 il tələb olunduğunu deyir və hökumətlərini təcili ciddi iqtisadi islahatlar aparmağa çağırırlar.
Düzdür, rusların əksəriyyəti hələ bu haqda düşünmür, çünki onlara hələ Krım bəs edir – bəli, o Krım ki, artıq onun ilhaqı xüsusi geosiyasi üslub və ya davranış tərzi yaradıb. Əksər ermənilər də eyni cür düşünürlər– elə bil, Dağlıq Qarabağ onların bütün dərdlərinin çarəsi olacaq…
Halbuki reallıqda əhalinin 90 faizi yalnız Ermənistanı necə tərk etmək və firavan Qərb ölkələrindən birində məskunlaşmaq haqda düşünür, hətta fikirlərindən belə nə vaxtsa Qarabağa qayıtmaq keçmir. Amma bu, onlara E.Makronu Qarabağa dəvət etməyə mane olmur!
Elə ona görə də yazını psixologiyadan və psixoloqlardan, “kollektiv patologiya”lardan başladıq. Bir daha əmin olursan ki, Karl Qustav Yunq kişi düz deyibmiş – “kollektiv patologiya”lar da olur, xəstə cəmiyyətlər də. İnanmırsınızsa, ermənilərə baxın…