Muəllif:

İTİRİLMİŞ NƏSİL VƏ YA “ARTIQ AZƏRBAYCANLILAR”…

Gənclik illəri 1988-93-cü illərə təsadüf etmiş adamlardan, əlbəttə ki, hamısından yox, bir hissəsindən, amma əhəmiyyətli hissəsindən bəhs etmək istəyirəm burada.

Əslində o illərin gənclərinin axtarsan, hamısında dövrün, təsirinimi deyim, yoxsa rahiyəsini, hər halda, möhürünü tapmaq mümkündür. Bu adamlar artıq nə gəncdir, nə də hamısı sosial nərdivanın eyni pilləsində qərar tutublar. Amma bir hissəsi var ki, dövrün ritminə daha çox diqqət kəsildilər, onun təsirinə daha çox düşdülər. Mənim danışmaq, söz açmaq istədiyim də elə bunlardır.

Əvvəlcə “itirilmiş nəsil” ifadəsi haqqında bir-iki kəlmə. Mən elə bilirdim ki, bunu ədəbiyyata gətirən, dilə-dişə salan yalnız Ernest Heminquey olub. Hərçənd, belə də olubdur. Amma sən sözün bir mənasına bax ki, bir ədibin əsərlərinin çərçivəsində qalmayıb, onlarla digər ədib onu əsərlərində bu və ya digər konteksdə işlədiblər.

Bəndənizin təəccübünə səbəb olan ən çox budur ki, adicə ifadə artıq termin məzmunu alıb və onunla iki dünya müharibəsi arasında yaşayan, gəncliyi müharibədə keçən və sonradan heç cür adi həyata adaptasiya oluna bilməyən, içkiyə və yüngül həyata qurşanan, bəzən hətta intihara qədər gedib çıxan insanları işarələyiblər…

Mənim dediyim insanlar da müharibə də gördülər, böyük sosial-siyasi sarsıntılar-kataklizmlər də, ən başlıcası isə, azadlığın nə olduğunu anladılar və sonradan azadlıqla bir-iki illik təmas onları ömürlük “şikəst” etdi – yox, o mənada yox ki, bu adamlar tamam “izqoy”lara çevrildilər, marginallaşıb sosial müstəvidən sıxışdırıldılar, əsla yox.

Aralarında belələri də tapılsa da, əsasən ayaq üstə qalmağı, başlarını dik saxlamağı bacardılar, dözüm və təmkinləri ilə onlara “opponentlik” edənlərin özlərinə qarşı kinini–küdurətini bir az da artırdılar, açığı, bir az da artıq nifrət qazandılar ki, axı sizlər niyə hamı kimi sınmadınız, hamı kimi olmadınız?

Bu adamların heç də hamısı azadlıq və ya demokratiya fanatları olmadılar, amma onların hamısında azadlıqdan və demokratiyadan nəsə vardı, bu adamlar nə qədər çalışırlar, zəmanənin qəliblərinə sığa bilmirlər, hətta özləri də istəyirlər ki, başqaları kimi olsunlar, başlarını aşağı salıb hamı kimi məmləkətin leşini onlar da bir tərəfdən söksünlər.

Di gəl ki, bacarmırlar. Hər gün yuxuya ertəsi gün başqaları kimi, hamı kimi olmaq istəyilə dalırlar. Yuxular bitir, yeni gün başlayır, amma onlar yenə də haradasa “səhv”ə yol verirlər…

Hər bazar axşamı növbəti həftənin ilk günündən “yeni həyat”a başlayacaqlarına and içirlər, amma həftə başlayır, bir gün, iki gün “reqlament” və “instruksiya” üzrə hərəkət etsələr də, üçüncü gün bunu tamamilə unudurlar…

Beləcə, alınmır ki, alınmır,- hamısı da o üzdən ki, dörd-beş il azadlıq dadıblar, başqa münasibətlər görüblər. Bir tərəfdən mütləq əksəriyyət və ya mütləq çoxluq buna görə onlara minnətdar olmalıdır, ona görə ki, ölkə hələ də Türkmənistandan nə ilə fərqlənirsə, bu, ilk növbədə həmin  nəslin xidmətidir– gücü heç nəyə çatmayan belə ən azı tənbəllik etməyib sosial şəbəkələrdə status yazır və bununla da nəyəsə münasibətini, hətta qəzəbini — etirazını bildirir…

Bu günlərdə bir “jurnalist”in öz həmkarlarına iradı-qınağı diqqətimizi cəlb etdi. “Jurnalist” qardaşımız onlara müraciət edərək qələmi köpüklənə-köpüklənə yazırdı ki, axı necə ola bilər ki, hakimiyyətin maliyyələşdirdiyi strukturda çalışasan, amma sosial şəbəkələrdə həmin hakimiyyəti tənqid edəsən, qarasınca deyinəsən?

Onların əvəzinə mən cavab verəcəm. Bəli, belə şey də mümkündür, xüsusən də o ölkələrdə ki, hər şey hakimiyyətin əlindədir! Hər şeyin hakimiyyətin əlində olduğu bir ölkədə hətta müxalif düşüncəli insanın hakimiyyət strukturunda çalışması və ya hansısa formada hakimiyyətdən hətta məvacib alması belə təəccüblü görünməməlidir. Nə etsin? Ya bu ölkədən çıxıb getməlidi, ya acından ölməlidi, ya da ki, səsini içinə salıb hərdənbir hansısa atmaca və ya ikibaşlı sözlə ürəyinin tikanın çıxarmaq üçün bizim hamımızı bu günə salmış irili-xırdalı məmurların bostanına daş atmalıdır. Başqa neyləsin?

Üç-dörd il əvvəlin söhbətidir. Bir ziyalını qınayırdılar ki, guya hakimiyyət adamlarından pul alıb kitabını çap etdiribdir, indi də durub müxalifətçilik edir!..

Əvvəlcə soruşdum ki, kitab necə kitabdır? Könülsüz-könülsüz dedilər ki, yaxşı kitabdır, hətta dəyərli əsərdir.

Onda mən də qayıtdım ki, yazıq ziyalı kitabını dərc etmək üçün hakimiyyətin adamlarından başqa kimdən pul ala bilərdi? Məgər bu ölkədə hakimiyyət mənsublarından və onların adamlarından başqa bir kimsədə pul varmı?..

Ona görə də heç təəccüblənmək lazım deyil ki, hansısa jurmalist hakimiyyət mediasında işləyə-işləyə arabir tənqidi statuslar da yazır.  İnanın, arabir elə məqamlar olur ki, adamın ürəyi partlamaq istəyir və ixtiyarsız olaraq yazdığın ütülü yazının içinə bir atmaca, işarə və eyham atırsan ki, bəlkə bu yolla öz qəzəbini soyuda bildin.

Fikir vermişəm, bu əzabı da ən çox yaşayanlar yenə də həmin o illəri – 88-93-cü illəri görmüş insanlardır. Bəli, hamıya onlar kimi olmağa imkan vermədilər, bu adamlar isə hamı kimi olmadılar. Beləcə, hərə öz faciəsini yaşayır: mütləq çoxluq belibükük vəziyyətə düşdüyünə, mənim bəhs etdiyim adamlar isə başlarını neft mancanağı (və ya camaatın dediyi kimi: kaçalka) təki aşağı-yuxarı hərəkət etdirə bilmədiyinə görə…

Mütləq çoxluqla işim yoxdur mənim, onunku daha Allaha qalıb. “İtirilmiş nəsil” və yaxud da “artıq azrbaycanlılar” dediyim insanların faciəsi ağrıdır məni. Düşünürəm, görəsən, cəmiyyət nə vaxtsa, bu itkinin fərqində olacaqmı? Axı onları itirməyə də bilərdik…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 8,88 из 10)
Oxunma sayı: 1162