Muəllif:

İstiqlal Bəyannaməsinin müəllifi kimdir?


1919-cu ilin soyuq payızında Kaliforniya ştatının sakinləri ölkənin 28-ci prezidenti, Biririnci dünya müharıbəsinə son qoymaq səylərinə görə yenicə Nobel sülh mükafatı almış Vudro Vilsonla görüşə toplaşmışdılar. Ölkəsini iki il əvvəl Avropadakı savaşa qatmış V.Vilson konqresə göndərdiyi məşhur “bütün müharibələrə son qoymaq üçün müharibəyə başlamağa» dair çağırışından və həmin çağırışın verdiyi nəticələrdən danışırdı. Müharibədən sonra dünyada yeni demokratik dövlətlərin yaranmasını ayrıca qeyd edən Vilson söhbətin bu yerində salona müraciətlə:

– Yeri gəlmişkən, siz Azərbaycan adlı ölkə tanıyirsınızmı?- deyə nitqinə azacıq ara verib sınayıcı nəzərlərlə zala göz gəzdirdi.

Hamı təəccüblə bir-birinə baxdı, sifətlər bir az gərginləşdi, qaşlar çatıldı, üzlərdə qəribə ifadələr peyda oldu, ön cərgədə əyləşənlərin isə bir neçəsi çiynini çəkdi. Prezident, sanki bu mənzərədən zövq alırmış kimi ağır-ağır dilləndi:

– Biləsiniz ki, Amerikadan min kilometrlərlə uzaqda belə bir məmləkət var və onlar bizimlə eyni dəyərləri bölüşürlər…

O dövrlərdə qatı antitürk əhvalda olan və ermənilərə rəğbətini gizlətməyən V.Vilsonun birdən-birə Azərbaycanı xatırlaması təsadüfi deyildi. O, Paris sülh konfransında Ə.Topçubaşovla olan görüşünü, onun ağayana davranışını, müsəlman Şərqində qurulmuş ilk parlamentli cümhuriyyətdə gedən demokratik proseslər barədə danışıqları unutmamışdı. Həmin görüşdən sonra Bakıya göndərdiyi xüsusi nümayəndəsi Ceyms Xaberin də bu ölkədə gerçək demokratiya qurulması barədə hesabatını, bu hesabata əlavə edilmiş “İstiqlal Bəyannaməsi”ni oxumuşdu. Ona görə də ABŞ-la Azərbaycanın eyni dəyərləri bölüşməsinə tam əmin olmuşdu…
* * *

Ötən həftə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qil də Cümhuriyyətin 100 illik yubileyi barədə məqalə yazaraq, bu faktı tarixdə fövqəladə hadisə adlandırıb. Diplomat babası V.Vilson kimi Cümhuriyyət dəyərləri barədə ayrıca söhbət açıb.

Əlbəttə, Cümhuriyyətin demokratik dəyərləri, müəyyən etdiyi daxili və xarici siyasət, şəkli-idarəsi mükəmməl bir sənəd kimi ağır tarixi şəraitdə gün kimi parlamış İstiqlal Bəyannaməsindən qaynaqlanırdı. Bəs Azərbaycanın istiqlalını bəyan edən və 6 bənddən ibarət həmin “əqdnamə”nin müəllifi kimdir?

Bu yanaşma tamamilə doğrudur ki, istiqlal bir məfkurə kimi xalqın uzun əsrlik arzularından qaynaqlanırdı, dövlət müstəqilliyi xalqın və o dövrdə bunun üçün mübarizə aparan qurucu babalarımızın kollektiv iradəsinin məhsulu idi. Amma bunlarla yanaşı, kiminsə əlinə qələm alaraq həmin iradəni siyasi və hüquqi sənədə çevirməsi şübhəsizdir.

Təbii ki, bu mövzuda danışanda ağıla gələn ilk adam Məhəmməd Əmin Rəsulzadə olur. Çünki faktiki olaraq 1917-ci ilin fevralında Rusiya burjua inqilabından sonra Azərbaycanda gedən siyasi proseslərin mərkəzində məhz o dayanır. Həmin dövrdə Qafqazda ən güclü olan Müsavat partiyasına rəhbərlik edən, şəxsiyyəti, intellekti və siyasi fəhmi ilə diqqət mərkəzində dayanan M.Ə.Rəsulzadə bütün səyləri ilə Azərbaycanı addım-addım müstəqilliyə doğru aparırdı. Oktyabr çevrilişindən, Bakıda 1918-ci ilin mart qırğınlarından və həmin il mayın əvvəllərində Zaqafqaziya seyminin iflasa uğrayacağı fikri qətiləşəndən sonra Azərbaycan istiqlalı həyati zərurətə çevrilirdi. Gürcüstanın müstəqillik barədə Almaniya ilə gizli danışıqlar aparması da bu prosesi sürətləndirirdi.

1918-ci il mayın 11-dən Zaqafqaziya Seymi nümayəndə heyətinin tərkibində Osmanlı Türkiyəsı ilə nəticəsiz sülh danışıqlarında iştirak edən M.Ə.Rəsulzadənin yazdığı kimi “Batum müzakiratı uzun sürmüş, gürcülər artıq Zaqafqasiya hökumətində qalmağı kəndi hesablarına zərərli görərək əl altından Almaniya ilə anlaşmışlardı”. Deməli, M.Ə.Rəsulzadə gürcülərin birtərəfli istiqlal elan etmək planlarından xəbərdar idi, bu barədə türklərdən və başqa mənbələrdən məlumat ala bilirdi. Ona görə də Noy Jordaniyanın rəhbərlik etdiyi gürcü nümayəndə heyə¬tinin mayın 25-də Batumu aşkaranə şəkildə tərk edib Tiflisə dönməsi məsələləri xeyli duruldurdu. Çox güman ki, məhz həmin vaxt M.Ə.Rəsulzadə qəti qərar qəbul edərək bundan sonrakı davranışların planını cızıb, o cümlədən İstiqlal Bəyannaməsini (təbii ki, əvvəldən beynində bu layihə və müddəalar hazır olub) yazıb. O, bəyannaməni və yaradılması nəzərdə tutulan Milli Şurada oxunacaq məktubunu məsləkdaşı və dostu Nəsib bəy Yusifbəyliyə verərək gecə ilə onu təcili Tiflisə yola salıb. Özü isə türklərlə ikitərəfli danışıqlar aparmaq, o cümlədən silahlı yardım almaq barədə anlaşmaq üçün Batumda qalıb.

N.Yusifbəyli Tiflisdə mayın 26-da Seymdəki müsəlman fraksiyasını toplayaraq fraksiyanın rəhbəri M.Ə.Rəsulzadənin məktubunu oxuyur, o cümlədən “İstiqlal Bəyannaməsi”nin mətni ilə də onları tanış edir. Təbii ki, bu zaman bəyannaməyə hansısa əlavə və düzəlişlərin edilməsi mümkün idi. Amma bütövlükdə sənədin siyasi və hüquqi baxımdan mükəmməl olması heç kimdə şübhə doğurmamışdır (arxiv sənədlərində Rəsulzadənin Batumdan N.Yusifbəyli ilə göndərdiyi və Milli Şurada oxunan məktubu, həmçinin teleqramı Cümhuriyyətə aid sənədlər toplusunun arasından müəmmalı şəkildə yoxa çıxıb, amma əvvəllər orda olub).

Beləliklə, 1918-ci il mayın 26-da gürcülər Seymdən çıxıb öz müstəqilliklərini elan edən gün müsəlman fraksiyası da Seymin buraxılması ilə əlaqədar Azərbaycan Şurayi-Millisini yaradaraq iki gün sonra, mayın 28-də Azərbaycanın istiqlalını elan etmişlər.

Bütün bu dinamik hadisələr 1919-cu ildə Cümhuriyyətin bir illik yubileyi münasibətilə M.Ə.Rəsulzadənin hazırladığı “İstiqlal” toplusundakı “Azərbaycan Cümhuriyyəti” məqaləsində verilib. Lakin böyük mütəfəkkir İstiqlal Bəyannaməsinin necə yazılması barədə bir şey söyləməyib, çünki o, istiqlaliyyət mövzusundan bəhs edən yazılarında həmişə müstəqilliyin bir fərdə deyil, bütün millətə mənsub olmasını vurğulayırdı. Amma 1929-cu il mayın 28-də Cümhuriyyətin 11-ci ildönümü münasibətilə onun “Odlu Yurd” məcmuəsində dərc edilmiş “Bu günün ilhamı” sərlövhəli məqaləsi əsl həqiqətin üstünü açır. M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı:“İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir Türk Cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi… Böyük Fransız ixtilalı, Böyük Amerika istiqlal hərbi, Böyük Almaniya istixlası, Böyük İtalyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir.” (“Odlu Yurd”, 28 may 1929, №4, səh.118-121). Yəni əslində Rəsulzadə bəyannamə yazılarkən istinad olunan qaynaqları göstərir və heç bir şübhə yeri qoymur ki, əslində İstiqlal Bəyannaməsinin müəllifi elə Cümhuriyyət ideoloqunun özüdür.

Bütün bunlar 1918-ci il mayın 28-də Tiflisdə elan edilmiş İstiqlal Bəyannaməsinin müəllifinin Milli Şura sədri M.Ə.Rəsulzadə olduğu heç bir şübhə doğurmur. Və böyük ustad Şirməmməd Hüseynov da bu fikri təsdiq edir.
* * *
Onun adını çəkməməyə, böyüklüyünü və millət qarşısındakı xidmətlərini danmağa, tarixi saxtalaşdırmağa, fəaliyyətinə dair sənədləri oğurlamağa, şəxsiyyətinin və gördüyü işlərin miqyasını kiçiltməyə çalışırlar. Amma nahaq yerə!

Tarixdə həmişə qlobal ideyaların daşıyıcıları qalır. Müstəqil Azərbaycan Cümhuriyyəti isə təkcə ideya deyildi, həm də gerçəyə çevrilmiş fövqəladə tarixi hadisə idi. Bu Cümhuriyyətin yaradılması işinə Məhəmməd Əmin Rəsulzadə başçılıq etmiş, bolşevik işğalından sonra da bu ideyanı uzun illər yaşatmışdı. Rəsulzadə bu Cümhuriyyətlə yanaşı yeni düşüncə tərzi, yeni əxlaq, yeni dəyərlər sistemi yaratmışdı. 1919-cu ildə Kaliforniyada Azərbaycanı V.Vilsona xatırladan da, bu gün Cümhuriyyətin 100 illik yubileyini cazibədar edən də, cavanlı-qocalı milyonlarla insanı Cümhuriyyət adı ilə qürurlandıran da həmin dəyərlərdir. Nə qədər ki, bizi dünyaya bağlayan bu dəyərlər yaşayır, Cümhuriyyət banisinin də ürək döyüntülərini hiss edəcəyik…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (16 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 3004