Muəllif:

İslam dünyasında ən çox satılan və alınan şey…

Ağzını açanları çarmıxa çəkdilər, tonqala atdılar, şaqqaladılar, dərisini soydular. Və XXI əsrdə belə bu qorxu diri qaldığına görə, demək ki, hələ təhlükə sovuşmayıb, qorxu candadı, qandadı, hələ canımızdan çıxmayıb, gözümüzün odu necə alınıbsa, o xofdan xilas ola bilmir və ağzımızı açmağa qorxuruq.

Elə o xofu candan çıxarmaq üçün yazmağa məhkumsan. Rafiq Tağının, —  çoxları onu ateist kimi təqdim etsə də, ateist deyildi, yaxın dostu, tez-tez dərdləşdiyi adam kimi bunu bütün yəqinliyimlə deyirəm, — faciəli taleyi elə də uzaq tarixə dayanmır.

Sual doğur: axı zaman dəyişib, indi ortaçağ deyil, bəzi ölkələrdə teokratik dövlət quruluşu hakim olsa da, klerikalizm bütün gücüylə kilsənin hakimiyyətini bərqərar etməyə çalışsa da, bütünlükdə güc o güc deyil. Elə isə niyə hələ də qorxuruq? Sual budur, qardaşlar! Niyə hələ də o qorxu canımızdadı?

Bəli, güc o güc deyil, istənilən şeyxin, ayətullahın, müctehidin fitvasıyla kiminsə dərisi soyulmur. Güc o güc deyil, bəli, ancaq təfəkkür həmin təfəkkürdü. Min il bundan əvvəlki! Əgər bir müctehid öz ölkəsinin vətəndaşı olmayan, başqa bir dövlətin ərazisində yaşayan biri haqda ölüm fitvası verə bilirsə, demək, o zamandan bu zamana heç nə dəyişməyib.

Mən az qala hər hər gün hər statusunda dini kəsimləri, onların dəyərlilərini, müqəddəs bildiklərini təhqir edənləri sevmirəm, bu işi çox artıq, çox gərəksiz sayıram. O zaman Nəsiminin dərisinin soyulmasına fitva verən bir zındıq şeyxlə o status yazanların heç bir fərqi qalmır. O yolla heç bir problemi həll etmək olmaz. Nifrət nifrət doğurur, uzlaşmaya, barışa yol saxlamır. Soyanla söyən arasında təkcə cəbhə fərqi var. Təsir əks təsirə bərabərdi. Demək ki, bunun ateisti ilə dindarı eyni qafanın yiyəsidi, eyni təfəkkürü daşıyırlar, eyni şüur şinelindən çıxıblar.

Bir fərdin dinə (və Allaha) inanmasında zərərli nə var? Söhbət fərddən gedir. Əgər biri hansısa partiyanın, hansısa başqa ideoloji qurumun və s. və s.-in üzvü ola bilirsə, o partiyanın liderini çox əziz tutursa, ideyalarına kor-koranə inanırsa (hərçənd Azərbaycanda hər hansı ideolojisi olan partiya yoxdu), biri də islama, iudaizmə, xristianlığa, buddizmə niyə inanmamalıymış? Bu dünyada inanc azadlığı deyilən bir şey var və heç kimin buna qarşı çıxmağa zərrəcə haqqı yoxdu. Yalan-doğru, fərq etməz. Onsuz da bütün ideolojilərin əsasında, yəni nizamnaməsində ədalət dayanır. Kommunizmin, hətta faşizmin də. Kim bir şeyə sidq-ürəkdən inanırsa, idealı ədalətdirsə, bundan ziyan gəlməz.

Lakin ziyan fərdilikdən çıxıb kütləviləşəndə, kütlələşəndə, inanc siyasiləşəndə yaranır. Yetər ki, inanc rejimə çevrilməsin.

…Bir var “dinimiz”, bir var “dinim” kəlməsi. “Dinimiz” artıq inanc deyil, siyasi xəttdir.

***

Bir neçə hacı, məşədi dostum var. Bir məclisdə mən araq içdiyim anda hacı dostum iftarını açır. Çünki din, inanc onun oturduğu stulda, masada, ətrafındakı adamlarda deyil, onun içində, ruhunda, əməlindədi. O öz dünyasındadı. Əgər mən də, o da həyat tərzimizdən, inanc sistemimizdən asılı olmayaraq ədaləti, intellekti əsas tuturuqsa, o mənimlə, ya mən onunla niyə düşmən olmalıyıq ki?

Ancaq din siyasiləşib, “dinimiz” olub, din artıq sanki genlə keçir. Bu, nə məntiqdi? Xristianin övladı niyə anadan xristian doğulmalıdı ki? İnsan genlərində elə bir xromosom varmı? Körpəliyindən cəngəlliyə, insan cəmiyyətindən kənara düşən bir körpə hansı dinə mənsub olur? Ümumiyyətlə, onun hansısa inanc sistemi olurmu? Yox!

Təxminən 60-70 il əvvəl elə güman edilirdi ki, daha bir fitva ilə kiminsə dərisini soymaq, başını kəsmək olmaz. Ancaq reallıq göstərdi ki, azacıq imkan verən kimi (bu haqda ötən yazımda kiçik qeyd etmişdim) Ortaçağ dəhşəti geri qayıda bilər!!! Həqiqiliyi, ədalətliliyi ilə bağlı heç bir mühakiməni, sorğu-sualı qəbul etməyən fitva təfəkküründən dəhşətli nə ola bilər? XX əsrdə həmin fitva təfəkkürü kommunizm və faşizmin timsalında bir daha özünü göstərdi. Bir dövrə qapandı, yenidən Ortaçağa qayıdış başlayır.

Talibanın Əfqanıstanda törətdikləri, çağdaşımız İŞİD! Bir az fürsət ver, gör onlar bir günün içində Tanrının adıyla dünyanı orta əsrlərə, 1000 il əvvələ qaytarırlar, ya yox.

Məsələnin ən pis yanı odur ki, bu dəhşət, bu xof indi daha çarmıxa çəkilmiş İsanın Müqəddəs İnkvizisiya dəhşətləri ilə yadda qalan xristianlığında yox, məhz islamda mövcuddur.

Əslində, bu yazının yazılmasına dünən izlədiyim bir verilişin videoxülasəsi səbəb oldu. Bir az da dəqiqləşdirsəm, verilişdə danışan ilahiyyatçı, filosof, Quranın ingiliscəyə tərcüməsinin müəllifi, çoxlu kitablar müəllifi professor Niyazi Qəhvəçinin “Ölkə olaraq nədən geridə qalırıq” sualına verdiyi əhatəli cavab içində “Ateistlər o zaman allaha inanacaq…” adlı yazımda dediyim fikrin eynisini söyləməsi oldu. Hocanın həmin fikirlərini burda verirəm:

“Artıq bunu dilə gitirirlər ki, çox yox, yaxın 20-30 il sonra ya texnoloji insan olacaqsan, ya gərəksiz, lüzumsuz insan. (…) Bizim problem bundadır: Qərbdəki dini məzhəblərin hamısı zehinsəldir (intellektual), teolojidir, bizdəkilər siyasidir, onun teoloji tərəfi yalnız arxadan qanuniləşdirmək üçün gəlir”.

Mən bu fikri orta əsrlərdə xristian və islam məzhəblərinin, təriqətlərinin müqayisəsi zəminində yazmışdım xə ozamankı xristian məzhəblərinin daha iyrənc olduğunu bildirmişdim. Fəqət xristianlıq o çağdan bu yana intellektual-elmi səviyyəyə gəlib çıxdı, ağılalmaz təkamül yolu keçdi, islam isə elə o çağdaca qaldı. Hələ də dünyaya 1400 il əvvəlki qafayla baxılır.

Niyazi hocanın fikirlərindən bəzilərini qısaca təqdim edirəm:

— Tanrısal inanc bu ölkənin bəlası deyəcəyim problemdir. Fizika professoru ilə söhbətləşirsən — mövzu dinə-tanrıya gəlir, fəlsəfəçiylə danışırsan — mövzu dinə-tanrıya gəlir. Yəni bunu zehində həll etmədikdən sonra biz 5 milyon il öncə ilə bu gün arasında patinaj yaparaq yuxuya dalarıq…

Hocanın bu fikri də eynən bizdəki durumdan bəhs edir. Hətta bu yaxında tanınmış tənqidçi dostumuz Ortaçağ ilahiyyatçıları kimi, belə bir şey yazmış, ruhun beyni saydığı vicdanın insan bədəninin harasında qərarlaşdığı “dəqiq” yeri göstərmişdi: “(…) onurğa beyninin başa birləşdiyi yerdə yerləşən hipofiz adlı vəz vasitəsilə daxili nitqə çevrilərək həmin şəxsin beyninə ötürülür”.

— Ən çox satılan və ən çox satın alınan tək şey var bu ölkədə — din. Ancaq heç istifadə olunmayan da odur. Yəni bunu satın alan xalq problemdir. Xalqın zehinsəl bünövrəsi problemlidir. Və bu problemlərin də bədəlini ödəyirik, qardaşım. Gedib bizimlə eyni qafada olan birini böyüdürük, sonra da özümüzü ona öldürtdürürük…

— Şeyxlik qavramı 5 milyon il əvvəlki totemizmin (Totemizm – heyvanlara, bitkilərə, təbiət hadisələrinə tapınma, onu öz əcdadı sayma. – P.C.) insana çevrilmiş şəklidir…

— Biz qərbliləri, amerikalıları, avropalıları tənqid edirik ki, onlar istismarçıdır. Qardaşım, onlar – nə müğənnisi, nə siyasətçisi, nə iş adamı – heç biri öz insanını istismar etmir, bilirsinizmi? Ancaq bizimkilər (qarşılaşmadığım istisnalar xaric) yadları-yabançıları istismar edə bilmir, ancaq öz insanını istismar edir. Hamısı edir. Daxili istismarçılıq, daxili müstəmləkəçilik — ən böyük vətən xainliyi də budur! Ama dindən istifadə edir, allahdan istifadə edir, nə olursa-olsun, hamısı hazır var olan qaynağı öz cibinə axıtmaqla məşğuldur. Belə olmaz! Ama bu ölkənin yüzlərlə düşünürü, filosofu olsa, bu həqiqətləri söyləsə, onlar bizi istismar edə bilərlərmi?..

Hə, gəldik, çatdıq əsas məsələyə. İndi bu mövzuya niyə yenidən qayıtdığımı anladınızmı, qardaşlar?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 166