“İNTERNET NƏSLİ” KİMLƏRDİR VƏ ONLARI DA NÖKƏRƏ ÇEVİRMƏK MÜMKÜN OLACAQMI?..
Doğrusu, tərcüməni bir o qədər də sevmirəm. Məncə zəhlətökən işdir. Amma dolanışıq xatirinə imkan düşəndə buna da əl atırıq.
Kitablar olur ki, tərcümə prosesi adama ləzzət verir. Məsələn, vaxtilə “Xarici ölkələrin konstitusiya hüququ” monoqrafiyasının bir hissəsini tərcümə edəndə bundan sözün əsl mənasında zövq almışdım. Kitab hüquqla bağlı biliyimdəki boşluqları aradan qaldırmaqda mənə xeyli dərəcədə yardımçı oldu.
Düzdür, Moskva Universitetində bizə bir semestr hüquq fənni də tədris edilirdi. Amma o vaxt buna maraq göstərməmişdim, çünki onda mənim xüsusi “nəzəriyyəm” vardı ki, guya dünyada üç fundamental elm mövcuddur: riyaziyyat, fizika və bir də canlı sistemlər haqda elm olan biologiya…
Düşünürdüm ki, bu elmlərin köməyilə qalan bütün elmlərin qanunlarını almaq, problemlərini çözmək mümkündür.
Əlbəttə, çox yanlış fikir idi və yaxud da ki, uzağı, qismən doğru ola bilərdi; məsələn, riyaziyyatın bütün aksiom və teoremlərini, fizikanın və biologiyanın cəmi qanunlarını səfərbər etsən belə, yenə bir suala cavab verə bilməzsən: necə olur ki, hansısa iki-üç sətirlik şeir və yaxud da beş-on notluq melodiya insanın ruhunu oxşayır?..
Ya da başqa bir misal. Milyardlarla hissəciyin hərəkətini gözəl təsvir edən riyaziyyat və fizika üç adamın davranışını proqnozlaşdırmaqda aciz qalır…
Nə isə. Qayıdaq tərcümə məsələsinə. Bəli, kitab da olur ki, adamın lap zəhləsini tökür. Məsələn, bir neçə il bundan əvvəl bir ingilis yazıçısının çox məşhur bir əsərini tərcümə etmişdim. Əsərdən o qədər zəhləm getdi ki, sonradan onu redaktə də etmədim, hətta tərcüməçi kimi adımın qeyd olunmasını da istəmədim…
Ümumiyyətlə, heç vaxt görmədiyim İngiltərəni nədənsə qətiyyən sevmirəm — Dumanlı Albionu xəyalən təsəvvür edəndə belə, sümüklərim sızıldayır, halbuki revmatizmlə bağlı heç vaxt şikayətim olmayıb. Onun ədəbiyyatına da münasibətim belədir. Əlbəttə ki, ingilislikdən çıxmış və artıq tamam bəşəriləşmiş Şekspir başqa məsələdir. Amma Dikkensin bir romanını güclə oxumuşdum – o, da məktəb vaxtı. Hətta Bayronu oxuyan zaman qəribə soyuq pessimizm bürüyür məni, üşüməyə başlayıram…
Ümumiyyətlə, bu ölkənin sirli qəsrləri və qəsrlərdəki mistik hadisələr, dümanlı–çiskinli hava adamı elə doğrudan da Şerlok Holms kimi sobaya yaxın otuurb qəlyan tüstülətməyə çəkir…
Yenə də deyəsən, çox uzaqlara getdim. Qərəz, bir müddətdir ki, bir psixoloqun kitabını tərcümə edirəm. Müəllif hər şey haqqında yazıbdır – “qeysəriyyə kəsiyi”lə bağlı yanlış təsəvvürlərdən, XX əsrin GMO-lu və GMO-suz ərzaqlarından, mobil rabitənin, ümumiyyətlə, elektronikanın ruhumuza və bədənimizə mənfi təsirindən tutmuş, kimyanın həyatımızı necə zəbt etməsinə qədər…
Deyim ki, bu haqda özüm də az oxumamışam. Amma kitabda bir yer mənim diqqətimi xüsusilə cəlb etdi: müəllifin “nəsillər nəzəriyyəsi”, ən əsası da Z-nəsli, yəni “internet nəsli” haqda yazdıqları. Kitabın bu yerinə çatanda çoxdan məni narahat edən, hətta üzən məsələnin çarəsini tapdım sanki — söhbət bizim televiziya kanallarından gedir.
Psixoloqun “televiziya nəsli” və “internet nəsli” haqqında yazdıqlarını tərcümə edə-edə qərara gəldim ki, rədd elə bu televiziyaları, burax onları yalaq-yaltaq “politoloq”ların, hətta onlardan da zəhlətökən “manıs”ların öhdəsinə — necə deyər, cəhənnəm olsunlar…
Amma maraqlısı tək bunlar deyil. Müəllif 2000-ci ildən sonra doğulanların psixologiyaya aid ədəbiyyatda Z-nəsli və yaxud da internet nəsli adlandırıldığını deyir. Mənim də diqqətimi daha çox bu detal çəkdi. Psixoloqlar hələ internet nəslinin psixoloji portretini çəkməkdə acizdirlər və yalnız ayrı-ayrı ştrixlərlə kifayətlənirlər.
Amma hamısı qəbul edir ki, bu, yeni bir şəxsiyyət tipidir. Elə şəxsiyyət ki, nəslillər arasındakı sosial rabitənin belə məğzini dəyişir. Məsələn, biz adət etmişik ki, atalar, analar daha təcrübəli olur və təcrübə də onlardan uşaqlara ötürülür.
Amma “internet nəsli” üçün biz valideynlər bir çox məsələlərdə, hətta deyilir ki, əksər məsələlərdə artıq avtoritet deyilik.
Qərəz, yeni bir insan, şəxsiyyət tipi yetişir. Məsələn, bizlər – “televiziya nəsli”nin insanları informasiyanı başqa əllərdən, hazır şəkildə almağa bir növ adət etmişik. “İnternet nəsli” isə bilavasitə informasiyanın formalaşmasında iştirak edir. İnformasiya isə indiki zamanda siyasət və həm də sosial menecment deməkdir.
Bununla məsələ bitirmi? Əsla. “İnternet nəsli” iqtisadiyyatın yeni modelini – “kütləvi iştirak modeli”ni yaratmaqdadır. İnternet ruhu, onun formalaşdırdığı insan siyasətin də məzmununu dəyişir. Bunu biz nəinki yeni informasiya resurslarının yaranmasında, sosial rabitənin qurulmasında, hətta son dövlərdə bir neçə ölkədə baş vermiş “rəngli inqilablar”ın məzmununda da görmüşük – “ümümdünya hörümçək toru” getdikcə həyatın bütün sferalarını əhatə edir…
Bu detalı illər öncə politoloq və sosioloqlar da sezmişdi. Onlar da yazırdılar ki, internet totalitarizmin və avtoritarizmin bütün təzahürlərinə son qoyacaq.
Ona görə də adam bir az nikbinləşir. Onsuz da hər sonrakı nəsil əvvəlkindən bir addım irəlidə olur, baxmayaraq ki, mühafizəkar nəsil hər zaman gənc nəsildən gileyli olur.
Elə bu səbəbdən də düşünürük ki, bizim televiziyaların nökər psixologiyası formalaşdırmaq sahəsindəki səyləri faydasızdır: internet, psixoloqların dediyi kimi, televiziyanı gərəksiz oyuncağa çevirir, amma bizim bəzi məmurların bundan xəbəri yoxdur, çünki azacıq əvvəldə qeyd etdiyim kitabda bildirilir ki, televizor “televiziya nəsli”nin adamları üçün hələ də magik-sehrli qutu olaraq qalır…