Muəllif:

İnsanlığın qəddarlıq, vəhşilik üzərindən çıxarmalı olduğu dərslər

“Əziz atam! Ölümqabağı səninlə sağollaşıram. Biz yaşamaq istəyirik, amma imkan vermirlər. Mən ölümdən çox qorxuram, çünki balaca uşaqları sağ ola-ola məzarlara atırlar. Əlvida, möhkəm-möhkəm öpürəm”.

Bu yazı, anası Slatanın atasına ünvanladığı məktuba 12 yaşlı Cudit Vişnyatskayanın  əlavə etdiyi cümlələrdir. Məktubu Sovet əsgərlərindən biri Polşanın şərqindəki Baranoviztse qəsəbəsinin yaxınlıqında, indiki Belarus ərazisində yerləşən Bıten adlı məntəqədən tapıb. Bu məktub, ana və qız öldürülmədən qısa müddət əvvəl yazılıb.

Cari ilin noyabrında Almaniyanın İnmedio və Azərbaycanın Humanitar Tədqiqatlar İB-nin təşkilatçılığı ilə Berlində səfərdə olduq. Adətən, səfərlərdən yazmağı qətiyyən xoşlamıram, amma bu dəfə hamının bildiyi məsələ haqqında öz düşüncələrimi paylaşmaq istərdim.

Səfər proqramında Avropada soyqırıma məruz qalan yəhudilərin xatirəsinə salınmış memorialı və Holokost muzeyini ziyarət də vardı. Bu memorial qəbir daşlarını xatırladan, əzəmət və ya təmtəraqdan uzaq abidələr kompleksidir. İlk baxışdan nə vahiməyə düşürsən, nə də narahat olursan. Ətrafda da səs-küydür; avtomobillərin və insanların səsi bir-birinə qarışıb. Dördkünc daşların altında kimlərsə uyumasa da, onun tarixi əhəmiyyəti çox böyükdür. Daşların arası ilə irəlilədikcə vəziyyət heç də əvvəlki axarı ilə davam etmir; kiçik daşları böyük daşlar əvəz edir və insan onların arasında itir. Bu zaman əvvəlki səs-küydən, qələbəlikdən əsər-əlamət qalmır. Memorialın dərinliklərinə doğru tam sakitlik çökür və bir də ayılırsan ki, tək qalmısan. Bir neçə addımdan sonra düz yol təpəciklə əvəz olunur, sonra yenidən hamar yolla davam edirsən. Nəhayət, daşların arasındakı dolanbac yollardan hərəkət edib əsl həyata qayıdırsan. Simvolik qəbirlərin bir-birinə sıx tikilməsi, iki insanın yanbayan hərəkət etməməsi, onların tək qalaraq o dövrü qiymətləndirmələri üçün düşünülüb. Yolların dolanbac, enişli-yoxuşlu olması da qəddarcasına qətlə yetirilmiş avropalı yəhudilərin taleyinin göstəricisidir. Abidənin içərilərinə doğru hərəkət edən insan bütün ağrını, acını hiss edərək, düşünməlidir.

Memorialı gəzdikdən sonra, yerin altındakı muzeyə keçirsən. Burada ikinci dünya müharibəsi illərində yəhudilərə qarşı soyqırımın bütün detalları fakt və sənədlərlə göstərilib. Yazının əvvəlində balaca Cuditin yazdığı məktub və buna bənzər digər məktublar da muzeydə nümayiş etdirilir. Hitler Almaniyasının yəhudiləri, romanları və özlərinin təbirincə desək, digər “aşağı irq nümayəndələrini” qətlə yetirmək üçün işləyib-hazırladığı mexanizmlər, planlarla tanış ola-ola insanı soyuq tər basır. Qaz kameraları, krematoriyalar…. cəsədlərin xüsusi qoşqulu traktorlara doldurulması…bunların hamısı işgəncə və qətl sənayesinin görünən tərəfləridir. Qətllərin sistemləşdirilməsi, xüsusi plan və rejimin hazırlanması, bu istiqamətlərdə davam edən müzakirələr… dəmiryollarının, stansiyaların salınması, öldürüləcək yəhudilərin kompaktlaşdırılması… öncədən düşünülmüş planın tərkib hissəsi idi. Qəddarlıq sanki tibbdə və sənayedə inqilab etmişdi: “aşağı irqləri” qaz kameralarına doldurub oraya Siklon-B qazını buraxırdılar. Sonra  cəsədləri bütün sutka fəaliyyət göstərən krematoriyalarda yandırırdılar. Bu sobalara yalnız təmizlənəndə 3 saat fasilə verilirdi. Girovları diri-diri qaynar suya atmaq, onların dərilərini soyub sənayedə istifadə etmək, insanları böyük anbarlara doldurub od vurmaq geniş yayılmış metodlar idi. O sistemə xidmət edənlərin fərdi işgəncə və qətl üsullarını da üst-üstə gəlsək, bəşəriyyətin necə bir yırtıcının caynağında olduğunun şahidi olacağıq. Bu, insan idi.

İnsanlıq bəzən özünü təbiətin hakimi, cəllad, hətta Allah səviyyəsində görür. Parçalamaq və hökm sürməyi isə özünün doğal haqqı hesab edir. Bəzən, özü üçün elə qurbanlar seçir ki, ona cavab qaytara da bilmir. İnsan elə varlıqdır ki, onun qəddarlığı sərhəd tanımır.

Düşünmək lazımdır, yalnız düşünmək. Bu abidənin, muzeyin məqsədi də insanları qorxutmaq deyil. Bundan da dəhşətli görüntülər var; yəqin ki, Osvensim ölüm düşərgəsini ziyarət edənlər oradakı qırmızı kərpicə bənzər işgəncə binalarını, gerçək qaz kameralarını, qətllərdən öncə insanların barmaqlarından çıxarılan üzükləri, ayaqqabılarını, eynəklərini, uşaq paltarı və oyuncaqlarından ibarət sərgini də görüblər. Bütün bunları izləyəndə üzdə sakit görünsək də, daxildəki təlatümləri kimsə görməsə də, özümüz hiss edirik.

Düşünməliyik, hətta bütün həqiqətlər Berlindəki soyuq və şaxtalı noyabr havası kimi üzümüzü qılınc kimi kəssə də düşünməliyik.  İnsanlar potensialını, biliyini qaz kameraları, krematoriyalar inşa etməyə deyil, bəşəriyyətə xeyir verəcək istiqamətə yönəltməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 260