Həyatıma girən müəmmalı qadın
Bir gecə yarısı, saat 3-4 radələrində həyatıma qəribə bir qadın girdi. Qəribə olduğunu sonradan biləcəkdim. Şeirlərimin heyranıymış. Məni şair kimi tanıyırmış.
Nə adını bildim, nə sanını. Sonacan da bilmədim. Şəkli də yoxuydu.
Yavaş-yavaş dostlaşdıq. Şəmslə Mövlanə kimi.
Bir gün bir şeir göndərdim. Oxuyub yazdı:
— Sənindi?
Çaşdım. Bu nə sual idi? Sonra rəqəmsal dillə qəşş elədi mənim çaşmağıma.
“Yox, sənindi”, — dedim, pərtliyimi ört-basdır etməyə çalışdım.
Yavaş-yavaş anladım ki, sualı zarafat deyil, çox ciddiymiş.
Sonra hər şeyə müəmmalı aydınlıq gətirdi. Sən demə, oxuduqca şeirlərimin onunku olduğuna inanıb. Hətta təəccüblənib ki, bunlar mənim əlimə haradan keçib. Özünü inandırmaq üçün test eləyib: yeni bir şeiri açıb, alt yarısını əliylə qapayıb, qapadığı yerəcən oxuyandan sonra ardıyca hansı misralar gələcəyini deməyə başlayıb özünə. Əlini götürüb: gələn misralar onun özünə pıçıldadıqları ilə həmən-həmən eyni!
Sonra bunu bir də mənim çap olunmamış, hələ yeni yazdığım şeirlərdə sınadıq. Yeni şeirin yarısını ona yolladım. Oxudu. Ardıyca gələcək təxminini dedi. Doğru çıxdı. Düzü, gözüm kəlləmə çıxmışdı. O isə özünü heç o yerə qoymurdu. Sanki burda qəribə heç nə yox idi.
Yeniyetməlik yaşlarında şeir yazırmış. İki qalın dəftər şeiri varmış. Bir gün nənəsi şeir yazmasına acıqlanıb, onları əlindən alıb. Təndirə atdığını deyib. İndi isə bu qadın düşünməyə başlamışdı ki, o şeirlər təndirə atılmayıbmış, hansısa yolla mənim əlimə keçibmiş. Buna çox sevinirdi. Məni tanıyıb şeirlərimi oxuyandan sonra intihardan əl çəkibmiş…
Sonralar bu şeir dejavüsü ilə bağlı söhbətimiz belə davam etmişdi:
— Vallah, bunlar sanki mənim 16 yaşda yazdığım şeirlərdi – elə bil, bir az ora-burasına əl gəzdirilib, daha mükəmməlləşdirilib. Amma hislər, bəzənsə deyim şəkilləri belə olduğu kimi qalıb. Pis başa düşməyin, — davam elədi, — mənə elə gəlir… Hətta bundan sonra yazacaqlarınız da…
— Ola bilər…
— Necə yəni ola bilər?
— Demək istədiyim odu ki… Deməli, belə… Bütün dini kitablar Tanrıdan gəlib deyirlər, ama nədənsə, Allah hər kitabında bir-birindən fərqli hökmlər yollayıb. Bu təzadlar açıq-aydın görükür və hər Elçi adlanan şəxs özündən sonrakılar üçün xeyli təzad miras qoyub gedib. Mən bunu belə izah eləyirəm: Yollamağına, Allah hər dəfə eyni kitabları, daha doğrusu, eyni hökmləri göndərib, heç bir fərq olmadan (hətta belə deyərdim ki, Tanrı cəmi bir kitab göndərib, bir dəfə; sadəcə, o böyük və tək olan üçün zaman və məkan ölçüsü var olmadığından o kitab, o göndərilən informasiya hələ də, elə bu saniyə də göndərilmiş sayıla bilər, elə indi də başımız üstündən asılıdı, eləcə lap indi də. Yəni heç kimə kitab göndərilməyib, ümumiyyətlə göndərmə yoxdu, ilahi, ya kosmik informasiya var, Söz var! Və ta söz sənəti yarandığı ilkin çağdan bəri o elçi adlanan şəxslər, şairlər, yazıçılar həmin informasiyanı insan dilinə çevirməklə məşğuldurlar; baxır kim, hansı səviyyədə, hansı hissəsini — tammı, bir hissəmi, hansı janrda, hansı təmayüldə, hansı dildə, hansı niyyətlə çevirir. Və bir kərə göndərilmiş informasiyalar toplusu (şərti olaraq Kitab), müxtəlif zaman, məkan çərçivəsində ayrı-ayrı şəxslərin qulağına tuş gəlib, çevrilərək insanlara ötürülüb. Bu baxımdan Məhəmməd peyğəmbərin “Ta Adəm peyğəmbərdəncə islam var idi və o da müsəlman idi”, — deməsi irreal, məntiqsiz olsa belə, bu baxımdan çox məntiqlidi. Kitab eynidi, yəni söz, sadəcə, peyğəmbərlər – öz dövrünün ən kamil, ən seçilmiş olanları Tanrısını düzgün tərcümə eləyə bilməyib öz dilinə; burdan bir sual doğa bilər ki, onda Tanrı nədən hamısına və ya elə birinə düzgün, qüsursuz tərcüməçilik imkanı verməyib? Burdaca mənim ağlıma bir fikir gəlir, Tanrı onun indi dilə gətirəcəyim cəhətincə yazan yazarlar kimi, dediklərinin başa düşülməsi fürsətini belə, insanların öz əqli və ruhi imkanlarına buraxıb, hətta burda belə, insanlarçün özgür seçim fürsəti saxlayıb (peyğəmbərlər göndərilməyib və ya hər yerdə bir peyğəmbərin zühur etməsi də məhz fəzadan asılan o Sözü görə bilməkdən doğub), baxmayaraq ki, bu sərbəst seçim bəxşişi insanlığa çox baha və acılar bədəlində başa gəlib — neynəyəsən ki, Azadlıq hətta Tanrı məqamında belə çox qiymətlidi. Peyğəmbərləri — onların nə qədər səmavi olduğu deyilsə də, çətinə salan öz çağının, millətinin oğlu olmaqlarıdı. Bununçün də mən kitabların hansı birininsə tam kamilliyinə inanmağa özümü məcbur eləyə bilmərəm. Yəni dediyim budur ki, fəzadan asılıb qalmış və ya fəzanın hansısa bir sferasında yerləşdirilmiş bir TAM İNFORMASİYA – Söz var. “Öncə Söz vardı”nın sözü olmasın… Milyon il əvvəl necəydisə, indi də elədi o söz. Bayaq da dedim. O tamdı. Zamansızdı. Üçölçülü də deyil. Yaradıcı insanlar — istənilən sahədən olan şair-yazıçılar — yəni o informasiya dalğalarını tuta bilənlər bu informasiyadan müəyyən qədər ala bilirlər. İndi kimdə nə qədər alınırsa və bu alınmağın miqdarıyla da kiminə dahi, kiminə talantlı, kiminə də eləcə istedadlı adam deyirlər. Onunçün də, deyək, Danteni oxumadan onun dediyi bir fikri bu gün sən də eynən verə bilərsən. Əlbəttə, bunu köçürmə kimi qəbul eləyəcəklər. Onunçün də xeyli oxumuş və tədbirli olmalısan ki, təkrar informasiyadan istifadə eləməyəsən. Fəzadan oxunmuş, “çevrilmiş” hazır fikirləri bilməlisən ki, ondan geri qalanlara da sənin çıxışın alınsın. Fəzadan götürülən bu informasiyanın insan dilinə necə çevrilməsi, kağıza necə çıxması da bir şərtdi. Bu məsələni dediyim kimi, dinlərə və peyğəmbərlərə də şamil eləmək olar. Kainatın yaradılışı haqda bilgini zaman-zaman fərqli şəkildə tutub insanlara çatdırıblar. Mahiyyət isə eynidi. Onlar sadəcə, insanlığın redaktoru olmağa iddialı şəxslər olub. Bəşər tarixi isə hələ insan xarakterinin redaktoru ola biləcək bir kəsi görməyib. Sadəcə, böyük korrektorlar doğulub, nələrsə edib, bu isə bütövlükdə insan həyatının tamam yanlış redaktəsinə səbəb olub…
— Demək istəyirsiniz ki, bu şeirlər eyni anda həm sizin, həm də mənimdi?
— Demək istəyirəm ki, bu şeirlər… sizindi…
Bu anlaşılmaz dostluq məni o qədər heyrətləndirmişdi ki, artıq dayanmadan yazır, ona göndərir, özümün də planladığım intiharı ağlımın ucundan keçirmirdim daha. Hər kəsdə görmədiyim bu adamın üzünü, nişanələrini axtarır, bütün qadınları “o” deyə sevirdim… Onu görmək üçün həyatımı verərdim, ancaq bu olmazdı: çünki bu dostluğun davam etməsi üçün onun iki şərti vardı: “Bir: mənimlə görüşməyəcəksən. İki…”
“İki”ni sonda bildim…
***
Dostum çox xoşbəxt idi. Buna görə mənə necə minnətdarlıq edəcəyini bilmir, iztirab çəkirdi.
***
…Bir il sonra romanım çap olunub çıxdığı gün ondan bir neçə sətirlik məktub aldım:
“Təbriklər. Yolun açıq olsun. Nəsrə keçməməliydin. Əlvida…”