Muəllif:

HƏR DƏRDİ DANIŞMAQ OLARMI?..

Jurnalistika təkcə fəaliyyətilə yox, həm də adı ilə də daim mübahisələr doğurub.

Bəziləri onu arabir “iki ən qədim peşə”dən biri saysa da, biz həmişə hesab etmişik ki, o, düşünüldüyündən də ciddi sahədir, çox iti ağıl və analitik təfəkkür, cəsarət tələb edən peşə, üstəlik bəlkə də dünyanın ən risqli sənətlərindəndir.

Hətta əsgərlər də adətən müharibələr zamanı ölür, amma jurnalistlər üçün xüsusilə “risqli mövsümlər-dövrlər” olmur, onlar bütün dövrlərin əsgərləridir. Düşünürük ki, ən azı son ayın hələ də gündəmdən düşməyən olayı – səudiyyəli jurnalist Camal Qaşıqçının çox faciəli qətli oxucumuzu bizimlə razılaşmağa vadar edər.

Gəl, bir daha deyirik ki, jurnalistika eyni zamanda çox mübahisəli sahədir, ola bilsin, “qədim peşə”lərlə analogiyalar da mənbəyini buradan götürür.

Fəqət, burada mübahisəli və mübahisəli olduğu qədər də vacib bir peşənin məziyyətlərindən qəti danışmaq fikrimiz yoxdur. Diqqəti ona çəkmək istəyirik ki, bəzən jurnalistlərə mövzunu özümüz veririk və elə bu səbəbdən də bu kiçik yazıda “Müasir azərbaycanlı müasir jurnalistika məkanımızda necə görünür?” sualı ətrafında gəzişmək istəyirik.

Xüsusən də bu konteksdə televiziyalarımızdakı bir sıra verilişləri çək-çevir etməyi düşünürük, çünki yazılı media, ya vəlvələdən, ya da zəlzələdən, hər halda, tamamilə sıradan çıxarılıb və yalnız onlayn media formasında qalıbdır.

Odur ki, hər dəfə köşklərin böyründə qalanıb qalmış qəzetlərə nəzərə salanda qeyri-ixtiyari bir sual keçir beynimizdən:əcəba, bəs necə oldu ki, biz bütün millətlərdən bu qədər “qabağa” düşdük, azad mətbuat adlı institutu hamıdan gec təsis edib hamıdan tez bitirdik?..

Doğrudanmı, demokratiya, azadlıq və azad seşki kimi bir çox dəyərlərlə birlikdə azad söz də uzaq 1918-20-ci illərdə qaldı? Doğrudanmı şərqdə ilk demokratik respublika yaradan millət tarixdə həm də ondan ən tez imtina edən bir cəmiyyət kimi qalacaq?..

Nə isə… Keçək əsas mətləbə. Amma bəri başdan ərz edim ki, elə televiziyalarımız da bərbad durumdadır. Üstəlik, bu ölkədə qısa bir müddət ərzində azad mətbuat olsa da, azad efir demək olar ki, heç vaxt olmayıb və heç təsadüfi deyil ki, bu gün efirin böyük hissəsi zövqsüz əyləncələrə və azacıq da sosial mövzulara həsr olunubdur ki, məhz elə buna da burada toxunmaq istəyirik.

“Sosial mövzular” da yalnız ona görə qala bilibdir ki, siyasi, siyasi-iqtisadi və sosial-siyasi mövzulara tabu var. Ona görə də şanlı telekanallarımız əyləncədən azacıq macal tapanda efir boşluğunu həm də bununla doldurmağa çalışırlar.

Daha nələr müzakirə olunmur bu verilişlərdə? Daha nələr efirə çıxarılmır? Bircə o qalıb ki, insanlar toy gecəsi yaşadıqları təəssüratları gəlib efirlərdə danışsınlar…

Prinsipcə, bəzi jurnalistləri, telekanal rəhbərlərini “başa düşmək” mümkündür — onlara reytinq lazımdır, göstərici, ədəd lazımdır. Bəs bu verilişlərdə az qala ailə həyatlarının detallarını müzakirəyə çıxaran və ən intim problemlərinin həlli üçün belə yardım istəyən insanlara nə gəlibdi? Bəlkə onlara da “reytinq” lazımdır?

O gün təsadüfən bir verilişə baxırdım. Sual belə qoyulmuşdu: “Filankəsin həyat yoldaşı ona xəyanət edirmi?”. Təsəvvür edin, ər və arvad oturublar verilişdə və insanlar bu “mövzu”nu müzakirə edir, ən başlıcası da, “qəhrəman”lar özləri bu müzakirələrdə çox fəal işitirak edir və “ekspert”ləri faktlarla təmin edirlər!..

Bir daha deyirik ki, jurnalistə reytinq lazımdır. Ay adamlar, bəs sizin özünüzə nə lazımdır, özünüz nə istəyirsiniz? Əxlaqi və mənəvi cəhətdən “aşınmış” saydığınız Qərbdə belə bir anlayış var: PRİVACY.

Bəli, bu, hər adamın yalnız özünə aid olan, onun başqaları ilə paylaşmamaq hüququ olan məlumatlar və məsələlərdir. Düzdür, bizdə də belə anlayış var və buna “şəxsi həyat” deyirlər, amma belə çıxır ki, artıq bizdə bu həyat şəxsilikdən, özəllikdən çıxıbdı.

Bilirsiniz, hər məsələni, hətta hər bir dərdi ictimailəşdirmək olmaz, onları insanlar özləri həll etməyə çalışmalıdırlar. Amma belə məlum olur ki, insanlarımız çox cılızlaşıblar, məsuliyyətdən tamam qaçmaq, hətta ailə dərdlərini və ya problemlərini belə başqalarına yükləməyə çalışırlar.

Bir dəfə artıq belə bir kütləvi qaçış yaşamışdıq. E.Fromm buna “azadlıqdan qaçış” deyirdi – bəli, 90-cı illərin lap əvvəllərində məlum oldu ki, bizim insanlar hələ azad olmaq və azad olmağın yükünü, məsuliyyətini özləri daşımaq gücündə deyillər.

Amma bir daha deyirik ki, müəyyən  problemlər olur ki, siyasi sistemdən asılı olmadan onun yükünü insanlar özləri daşımalıdır və bura ilk növbədə şəxsi həyat qayğıları, problem və hətta bizim televiziyalarda deyilən kimi, şəxsi həyat dərdləri aiddir…

Fəqət, nə baş verir? Fromm yazırdı ki, XX əsrin ən böyük bəlası insanın öz şəxsiyyətinə etinasızlığıdır. Biz də əvvəl şəxsiyyətin ikiləşməsindən, haçalanmasından danışdıq və yazdıq. Amma indi tamam-kamal şəxsiyyətsizləşmə prosesi gedir. Siyasi passivlik, ictimai etinasızlıq və elə cılızlıq da bunun nəticəsidir; insanların çoxu artıq ən böyük insani keyfiyyətdən — ləyaqətdən imtina etmiş və yaxud da imtina etməyə hazır kimi görünür.

Ən dəhşətlisi budur ki, hətta itirdiyimiz torpaqlarımız belə hesaba-ədədə gəlir, deyirik ki, torpaqlarımızın 20 fazini itirmişik. Di gəl, bu illər ərzində ləyaqətimizin necə faizini itirdik? Bunun bir hesabı varmı?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 259