HƏQİQƏT BASDIRILAN YERDƏ
Bu yerə qədər film bitməliydi. Ancaq hələ çəkiliş prosesində o öz həyatı ilə yaşamağa başlamışdı. Kamera bizi dartıb rejissor planında nəzərdə tutulmayan ünvanlara aparırdı. Sanki onu operator yox, gözəgörünməz ruhlar idarə edirdilər. Biz 1920-ci ilin aprelində 70 minlik işğalçı ordunun qarşısına çıxmış 350 vətən müdafiəçimiz – Yalama qarnizonunun əsgərləri haqqında hazır ssenari üzrə film çəkmirdik, biz araşdırmamızı davam etdirirdik. Ən başlıcası – qəhrəman əsgərlərimizin izləri itirilmiş məzarlığını axtarırdıq.
Budur, nəhayət! Axtardığımız yerdə dayanıb mikrofona danışmaq üçün boğazımın göynərtisinin keçməsini gözləyirəm.
…1900-larda, XX əsrin ilk illərində balaca stansiyaya sığınmış kiçicik Yalama kəndi beş-on ailədən ibarət idi. Ailələr stansiyada işləməyin, yaxınlıqdakı qarnizonun əsgərləri ilə alverin hesabına dolanır, uşaqlarını böyüdür, cavanlarını evləndirir, qocaları öləndə geniş düzənliyin o üzündəki qədim qəbristanlıqda basdırırdılar.
…İndi XXI əsrin ikinci onilliyi başa çatır, Yalama böyük qəsəbəyə çevrilib. Ancaq həmin düzənlik qəsəbənin ortasında, qədim qəbristanlıqla stansiyanın arasında olduğu kimi qalıb.
Təxminən yüz il əvvəl isə burada bir gecənin içində yeni məzarlıq peyda olub, sonradan bir günün içində dağıdılıb.
Ağsaqqallar nənə-babalarından eşitdiklərini danışırlar, deyirlər ki, hadisə 1920-ci ilin yazında, bolşeviklər Azərbaycana gələndə baş verib. Səhər evlərindən çıxan insanlar düzəngahda, təxminən bir hektar sahədə bir-birindən aralı çoxlu yastı təpəciklər görüblər. Hər təpəciyin üstünə iri çay daşı qoyulub. Onlar yazısız başdaşlarına bənzəyirlərmiş. Gecələrsə bu adsız məzarlıqda sahibsiz yəhərli atlar dolaşırlarmış.
Kəndin yaşlıları övladlarına sirli qəbirlər haqda başqa heç nə demirlərmiş: ya bilmirlərmiş, ya qorxurlarmış, özlərini və uşaqlarını qoruyurlarmış. Ancaq heç kim ölüsünü burada basdırmırmış, yer tutmurmuş, ağac əkmirmiş, qoyun otarmırmış. Vaxtaşırı təpəciklərin ətrafını təmizləyir, yıxılan çay daşlarını qaldırırlarmış. Ənənə nəsildən-nəslə ötürülürmüş.
Ətraf kəndləri birləşdirən qabağcıl kolxozun sədri Xaləddin kişi 1960-ların ortalarında birdən-birə qəsəbənin içindəki bu bir hektar sahəyə göz dikir: bostan əkib qarpız yetişdirmək istəyir. Yalamalılar etiraz edirlər. Amma başqa məsələlərdə camaatla hesablaşan kolxoz sədri bu dəfə inad göstərir, məzarlığa traktor salıb şumlatdırır. Üzə çıxan sür-sümüyü yığışdırıb aparır. Deyilənlərə görə, burada bitən qarpızlar sifətləri əzabdan əyilmiş insan başlarına oxşayırmış, heç kim onlara yaxın durmağa, məhsulu yığmağa razı olmurmuş…
Bostan salındığı kimi tez də ləğv edilir.
Sonradan həyatını çox faciəvi surətdə tamamlamış təcrübəli təsərrüfatçı Xaləddin kişidən indi soruşa bilmərik ki, bu boyda açıqlıqlarda qarpız yetişdirməyə başına torpaqmı qəhət idi? Nəhəng kolxoz bir hektardan nə məhsul götürəcəkdi? Traktor gətirib kəndin içindəki məzarlığın altını-üstünə çevirməyin əsl səbəbi nə idi? Ancaq Xaləddin kişinin şahidliyinə ehtiyac qalmır: bu məzarlığın salındığı zaman və məkan, bəzi hərbi sənədlər və hətta məntiq zirehli qatarlarla iki saatlıq qeyri-bərabər döyüşdə məhv edilmiş qarnizon əsgərlərinin məhz burada basdırıldığını təsdiqləyir.
Məntiqdən başlayaq: qırmızılar güllələrin, qəlpələrin didib-dağıtdığı yüzlərlə meyiti uzağa daşıya bilməzdilər. Buna nə vaxt, nə imkan var idi. Onlardan tez yaxa qurtarmaq lazım idi: axı bolşeviklər müqavimətsiz irəlilədiklərini, qarnizonun tam heyətdə əsir düşdüyünü deyirdilər. Meyitləri gizlətmək üçün ən əlverişli yer isə elə Azərbaycan əsgərlərinin öldürüldüyü sahə — qədim qəbristanlığın böyründəki düzənlik idi.
İndi də hücum sxeminə baxaq. Onu Qırmızı Ordunun komissarlığı işğal başa çatandan dərhal sonra tərtib edib. Sxemdə Yalama müdafiəçilərinin qurduqları sədlər göstərilib. Dairəyə alınmış bu «dişli» xətt — müdafiənin ikinci, stansiyanın yanındakı düzənlikdə qurulmuş son səddidir. «Yalama» kitabında mən onu təsvir etmişəm. Səddin böyründə isə xəritədə başqa heç yerdə rast gəlmədiyimiz bir işarə qoyulub. O, hər hansı topoqrafik anlam, hərbi əhəmiyyət kəsb etmir və ilk baxışdan tamamilə mənasız görünür. Ancaq böyüdüləndə, rəsmin qəbirüstü abidə olduğu bilinir. Bütün ehtimallara görə, həmin işarənin arxasında Yalama qəhrəmanlarının məzarlığı dayanır.
Çox güman, Xaləddin kişi camaatla üz-göz olub məzarlığı öz xoşuna dağıtmayıbmış. Kimsə axırıncı izləri itirirmiş. Təsadüfi deyil ki, məhz 60-cı illər Azərbaycanın Rusiyanın tərkibinə necə (könüllü, yoxsa zorla) daxil edildiyi, sovetləşdirildiyi barədə mübahisələrin qalxdığı illər olub. Yalama qəhrəmanlarına sərhəddə abidə ucaltmaq təklifinin müəllifi akademik Ziya Bünyadov da «birləşmənin» könüllü olmadığını hələ o vaxtlar söyləyib…
Amma tarixdə izlər nə qədər dərin gizlədilsələr də, itmirlər… Yalamalılar adsız başdaşlarını toplayıb indiyədək saxlayırlar, düzənliyi qoruyurlar. Yox olan yalnız bir vaxtlar gecələr buralara yığışan sahibsiz yəhərli atlardır…
P.S. Bu yazı 11.11.2016 tarixdə «Ayna» qəzetində dərc olunmuş «…Qatar gözləyən 350 ruha ithaf» məqaləsinin epiloqu və noyabrda ekrana çıxacaq «Əsgərlər unudulanda ölürlər» sənədli filminin proloqudur.