Muəllif:

Haqq, hüquq, ədalət

Acınacaqlı durumdur. Ölkədə hansısa obyekt, təşkilat və s. qapadılanda ağlımıza gələn ilk şey qarın olur. Daha dəqiq ifadə etsək, “gör, nə qədər adam işsiz qalacaq, balaları gecə ac yatacaq”. Təxminən belə bir şey. Aydın məsələdir ki, kiminsə balasının ac yatması çox ciddi və qlobal məsələdir, buna görə də fakt qınanmalıdır. Yalnız, elə dəyərlər var ki, onları qarınla, aclıqla ölçmək bir cəmiyyət üçün faciədir.

Deyir ki, çox uzağa getməyək, götürək elə Yaponiyanı. Biz də ən son hadisədən danışaq: APA Holdinqin fəaliyyəti dondurulub. Aydın məsələdir ki, öz keyflərindən işlərini bağlamayıblar. Amma sosial şəbəkələrdə bu hadisə yenə də “aclıq”, “balalar” səviyyəsində müzakirə olundu. Çox az adam məsələyə mahiyyəti üzrə yanaşdı. Yəni, bir media quruluşunun fəaliyyətinə müdaxilə söz və mətbuat azadlığına müdaxilədir. Söz azadlığı kimi bir dəyərin qarın və qarından aşağı səviyyəyə gətirilməsi həmin cəmiyyət üçün ciddi siqnal olmalıdır. Analoji reaksiyalar “ANS”, “Azadlıq” qəzeti, lap elə “Zerkalo” qəzeti də qapananda olmuşdu. Jurnalist olduğum üçün öz sferamızdan misallar gətirmək zərurəti duydum. Gərək ki, analoji müqayisəni digər peşə və sənətlərə münasibətdə apara bilərik.

Cəmiyyəti idarə edən sistemdir. Belə hesab edək ki, sistem cəmiyyəti belə tərbiyə edib, onu elə bir vəziyyətə salıb ki, vətəndaşın qarnını düşünməkdən başqa dərdi olmasın. Bunlar hamısı bəhanədir. Bu tabulardan, stereotiplərdən uzaq olmaq lazımdır. Bu cür düşünən insanları da kənara itələmək yox, əksinə, onlara daha yaxın olmaq lazımdır. Bu cəmiyyətdə uşaq dünyaya gətirən insan təkcə övladının gecə ac yatmasından yox, həm də onun gələcəyindən- təhsilindən, səhiyyəsindən, haqq və hüquqlarından, sosial mövqeyindən narahat olmalı, ümumiyyətlə həyatını əsl insan olaraq ali dəyərlər üzərində qurması üçün də düşünməlidir. İnsan olaraq gələcəyimizi dəyərlər üzərində qurmalıyıq. İnsan haqsızlıqla üzləşirsə, işi bağlanırsa, haradasa təzyiqlər olursa, ilk ağla gələn məsələ onun mədəsi və övladları olmalı deyil. Şəxs ümumbəşəri dəyərlərin pozulduğunu hayqırmalı və bunların bərqərar olması üçün çalışmalıdır.

Bəlkə də “çörək və tamaşa” da lazımdır. Yəni, tox qarına maraqlı şouya baxan insan gecəni rahat yatır, növbəti gün problemlərinin həllinə yollanır. Sonra yenidən çörək payını alır və oturub tamaşanı izləyir. Beləliklə, ömrünü yaşamır, yola verir və pis miras kimi gələcək nəsillərə ötürür. Azərbaycan ailələri əsas problem kimi övladının sosial vəziyyətinin pis olmasına görə narahatlıq keçirir. Halbuki, övladlara onların hüquqları, vəzifələri bəlli yaşdan sonra aşılansa, bu həm də gələcəkdə onun sosial durumunun yaxşılaşmasına da xidmət edər. Təbii ki, uşaqları peşəkar hüquqşünas, vəkil kimi yetişdirmək lazım deyil, amma insan bəşəri dəyərlərin mövcudluğundan məlumatlı olmalıdır. Bundan sonra onların təcrübədə tətbiqini asanlıqla reallaşdırmaq mümkündür. Haqq, hüquq, ədalət. Bunlar önə çıxmalıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 170