Muəllif:

GECƏLƏR NƏ QƏDƏR QARANLIQ OLURSA…

Günəşli zülmətlərin ayrı məşəqqəti var. Baxırsan, ilk baxışda hər yan işıqdır, Gün adamı təndir kimi yandırır, qaçmağa, başını soxmağa yer axtarırsan, amma eyni zamanda bütün bunlar bir boğucu zülmət təsiri də bağışlayır sənə. Bəlkə də ən elementar fizika qanunları ilə bir ziddiyyət təşkil edəcək bu, amma hər isti olan hələ İŞIQLI demək deyil.

Ona görə də biz müsəlmanların çoxluq təşkil etdiyi ölkələr, necə deyərlər, müsəlman ölkələri çox isti olsalar da, işıqlı deyillər, burada isti zülmət İŞIĞI tamam görünməz edib.

Doğrusu, mən cəhənnəmi də, onun qaynar, od, alov püskürən təsəvvürlərinə rəğmən, həm də bir zülmət kimi qəbul edirəm — adamı yandırıb qovuran, dəhşətli dərəcədə qaranlıq ZÜLMƏT. Burada həm də bir linqvistik assosiasiya da sezilir; zülmət sözündəki zülm kökü…

Hərçənd, bir daha deyirəm ki, bizə məlum olan fizikanın elementar qanunları ilə bir az ziddiyyət təşkil edir bütün bunlar, çünki fizikadakı “qara cisim”lər, “qara dəliklər” belə enerji şüalandırır və kobud şəkildə desək, “ışıq” saçırlar.

Nə isə. Qayıdaq yerüstü cəhənnəmlərə — bizim müsəlman ölkələrinə. Yalnız Türkiyə bu sırada bir azacıq istisna kimi görünür. Qalanlar isə… Bəli, qalanlarında — uzaq İndoneziyadan tutmuş ta Liviyaya qədər çox, hər halda, yetərincə isti müsəlman ölkələri var, amma ki, İŞIQ yoxdur…

Fəlsəfə, xüsusən də bizim müsəlman Şərqinin fəlsəfəsi üzrə mütəxəssis deyiləm, di gəl, müsəlman dünyasında məhz İŞIQ — NUR zəminində ilk və çox düşündürücü fəlsəfi konsepsiyaların qurulması mənə həmişə maraqlı görünübdür, səhv etmirəmsə, bunlardan birinə, qətlə yetirilmiş filosof Sührəverdinin konsepsiyasına “işraqilik nəzəriyyəsi” də deyilirdi.

Elə ədəbi-bədii erudisiyamla da öyünmək iqtidarım yoxdur, di gəl, heç bir xalqın ən azı mənə bəlli olan poeziyasında M.Füzülinin “Narə nədən lazım oldu NUR?” sorğusuna rast gəlməmişəm.

Burada bilirsiniz, yadıma nə düşür? Haradansa belə bir cümlə oxumuşdum: Gecələr nə qədər qaranlıq olursa, ulduzlar bir o qədər parlaq görünür…

Doğrusu, ilk dəfə bu cümləni oxuyanda mənə elə gəldi ki, bizim müsəlman Şərqini bir az da yaxşı anladım. Baxın, bir tərəfdə çox böyük adlar-isimlər, əsl canlı ensiklopediyalar, üstəlik, CƏSARƏT və ŞÜCAƏT rəmzi olan böyük insanlar, digər tərəfdəsə qatı zülmət, səfalət və cəhalət!

Necə sığır bunlar bir araya? Müsəlman Şərqi deyilən bir coğrafi kəsimdə bütün bunlar necə birgə mövcud ola bilir?

Bilmirəm. Gücüm bir ona çatır ki, bir az əvvəldəki cümləni bir daha yazım: GECƏLƏR NƏ QƏDƏR QARANLIQ OLURSA, ULDUZLAR BİR O QƏDƏR PARLAQ GÖRÜNÜR.

Müsəlman Şərqinin geriliyi haqqında çox düşünmüşük. Hərçənd ki, fəlsəfə camaatı arasında “gerilik” sözü bir azacıq şərti qəbul edilir, çünki demokratik Qərbin fəlsəfə əhli belə qeyri-demokratik dünyanın — hindin, Çinin, hətta müsəlman dünyasının fəlsəfi təsəvvürlərinə baş vurmağı çox sevir. Məsələn, Şopenhauer sufizm haqqında yüksək fikirdə idi, Nitşe öz fəlsəfi incilərindən birini “Zərdüşt belə demişdi” adlandırmışdı. Halbuki o əsərin Zərdüştə heç bir dəxli yoxdur, F.Nitşe bununla görünür, sadəcə, Zərdüştə olan ehtiramını ifadə etməyə çalışmışdı.

Nə isə. Qoy, gerilik yox, ictimai-siyasi gerilik olsun. Buna ki, etirazınız olmayacaq?!. Bəli, ictmai-siyasi müstəvidə ən geri xristian ölkəsi belə ən irəli müsəlman ölkəsindən xeyli öndədir. Səbəbi? Sadə bir səbəbi var. Şərq yüz illər əzrində insanları kamilləşdrimək yolunu tutdu, İLAHİ NURUN hər bir insanın qəlbinə yol tapacağı günə hazırlaşmaqla məşğul oldu.

Amma Qərb, lap bizim əski mütəfəkkirlər deyən kimi, Batı və ya xaçpərəst dünyası isə başa düşdü ki, hamının kamilləşməsi çox çətin və ola bilsin ki, hətta sonsuz prosesdir, ona görə də ictimai-siyasi sistemi, insanı əhatə edən ictimai-siyasi fonu dəyişməyə, təkmilləşdriməyə can atdı və buna xeyli dərəcədə nail də oldu.

Desəm ki, bizim müsəlman Şərqdə bunu başa düşmürlər, bu, böyük yanlışlıq olar. Hələ “Nəsimi” filmində mərhum yazıçımız, “İdeal” silsiləsinə qədər çox dəyərli əsərlər yazan (hər halda, oxucu kimi mənə belə gəlir) İsa Hüseynov Nəsimi ilə Yusif arasında maraqlı dialoq verib.

Nəsiminin “Kamil insan qeyri-kamillə birləşə bilməz” sözlərinə Yusif belə cavab verir:“Hamının kamilləşməsi üçün min illər lazımdır, yoxsa min il yaşamaq fikrindəsən?”.

Bəli, o qədər sərrast yazılıb ki, bizim jurnalist camiyəsində deyilən kimi: izafi şərhə ehtiyac yoxdur.

Sadəcə, onu demək qalır ki, NƏTİCƏ yoxdur, biz hələ də sonu görünməyən yolun yolçuluğundayıq. Elə bu səbəbdən də Şərq, daha doğrusu, müsəlman Şərqi öz biçimində qalır və ən ağrılısı isə budur ki, ulduzlar da azalır, sönürlər və getdikcə qatı ZÜLMƏT hər yana hakim kəsilir.

Burada yenə fəlsəfədən, daha doğrusu, fəlsəfə tarixindən epizodlar – Diogen yada düşür. Diogen niyə günün günortaca vaxtında əlində şam adam axtarırdı? Cavabını min illər bundan əvvəl özü vermişdi: ADAM çoxdur, İNSAN azdır. Bəli, lap bizim Şərqdəki kimi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 200