Muəllif:

Futbol da bir dünyadır — Azərbaycan isə bu dünyadan deyil

Ağdamda Qarabağ xanının sarayı və xanların məzarları olan türbələrin yerləşdiyi İmarət adlı kompleks vardı. Yəqin ki, indi də var, amma işğal altındadır. Xanlara məxsus sarayın həyətinin bir tərəfində gözəl bağ, digər tərəfində isə geniş, ətrafı çinarlarla dövrələnmiş meydança da vardı. Bu meydança Ağdamın Qarabağ futbol klubunun stadionu idi. Daha dəqiq ifadə etsək, Qarabağ xanlarının qış iqamətgahı yerləşən İmarətin həyətindəki stadion.

İndi Quzanlıda — Olimpiya Kompleksinin arxasında baxımsız vəziyyətdə bir stadion var.  Vəziyyət o qədər bərbaddır ki, orada heç məhəllə futbolu da oynamaq mümkün deyil. Ötən ilin iyulunda bu sətirlərin müəllifi Ağdamda olarkən şəhid polkovnik-leytenant Raqub Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilirdi. Oyunlar məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsinin bir kənarında həvəskarlar tərəfindən düzəldilən futbol meydançasında oynanılırdı.

Rusiyada futbol üzrə növbəti dünya çempionatı başlandı. Adət etdiyimiz üzrə, Azərbaycan yığma komandası bu yarışda yoxdur, yaxın 20 ildə olacağı da mümkün kimi görünmür. Əvvəlki çempionatlarda Türkiyə yığmasına azarkeşlik edirdik, bu dəfə onlar da  turnirə vəsiqə qazana bilməyib.

Dünyada ölkəni tanıdan əsas sahələrdən biri də idmandır. Ölkənin iki ən əsas atributu — bayraq və himn məhz idman uğurlarından sonra qaldırılır, səsləndirilir. Azərbaycan 2015-ci ildən başlayaraq birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1…. və s.beynəlxalq dərəcəli yarışlara ev sahibliyi edir. Bu yarışların ölkəmizdə keçirilməsinə əhalinin əksəriyyəti o qədər də məmnun olmayıb — birincisi, bütün proses paytaxt Bakıda cərəyan edir, yollar bağlanır, hərəkət iflic olur, müəyyən ərazilərə vətəndaşlar buraxılmır, tıxaclar və s. İkincisi, bu oyunlara xərclənən nəhəng pullar sonradan büdcəyə geri qayıtmır, qayıdan vəsait də sərf olunanın cüzi bir hissəsini əhatə edir.

Futbolla davam edək. Son illər Ağdamın “Qarabağ” futbol klubunun Avropa kuboklarındakı uğuru “qələbəyə ac olan əhali üçün əsas qida mənbəyi” idi. Komanda qalibiyyətlərini sıraladıqca, əhali arasında nüfuzu da artırdı. Hətta, ömründə futbolla maraqlanmayanlar da klubun qələbələrinə sevinirdi. Məhz, “Qarabağ”ın uğurlu çıxışından sonra insanların ailələri ilə birgə stadionlara axını başlandı. “Qarabağ”ın uğurları demək olar ki, hamını birləşdirmişdi. Onun sayəsində dünyanın aparıcı klubları və onların oyunçuları paytaxta gəlirdi. Cənubi Qafqazda Çempionlar Liqasının himni ilk dəfə Bakıda səsləndi. “Qarabağ”ın beynəlxalq miqyasda qələbəsi ona görə hava-su kimi lazımıydı ki, işğal altında olan torpaqlarımızın əsl sahibinin kim olduğunu hamıya əyani göstərək.

Bir anlıq təsəvvür edək ki, “Qarabağ” ev oyunlarını Bakıda deyil, Ağdamda oynayır. Xarici klublar, məşhur futbolçular da Ağdama gedir, futbol reportajları da məhz Qarabağ zonasından yazılır. Sizcə, bu Avropa Oyunları, İslamiada və yaxud Formula 1-dən onqat artıq deyilmi? Bu illər ərzində Qarabağ regionunda “Şəfa” stadionu səviyyəsində futbol meydançası tikmək mümkün deyildimi? Yoxsa, bu zonada 5 ulduzlu otel, təlim məşq bazaları, regional futbol məktəbi də yaratmaq çətindir?

2015-ci ildə “Barselona” və “Sevilya” arasında super kubok oyunu Tbilisidə keçirildi. Deməli, bu oyuna baxmağa gələnlərin sayı həmin il Bakıda keçirilən Avropa oyunlarını izləyənlərdən artıq idi. Bakıdan da həmin oyunu izləməyə gedənlər vardı. Tbilisidə də məşhur “İmagine” mahnısı oxundu, azyaşlı uşaqlar ifa etdilər, çox gözəl və təbii alındı. Bakıda Avropa Oyunlarının açılışında həmin mahnını məşhur Lady Gaga ifa etdi. Oturdu royal arxasında oxudu… nə emosiya vardı, nə təbiilik. Amma 2 milyon qonorarını aldı və getdi.

Məsələn, 2014-cü ildə Avropa Oyunlarının keçirilməsi üçün bir neçə idman obyekti inşa edilib. Onların arasında bunlar xüsusi ilə seçilir — Su İdman sarayının layihələndirilməsi və tikintisi — 190 milyon manat və Stend atıcılığı üzrə kompleksin sökülərək yenidən qurulması – 70 milyon manat. Üstəlik, çimərlik futbolu meydançası da tikilib….

Bu obyektlər hazırda istifadə olunurmu?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 209