Muəllif:

Əsgərlər yalnız unudulanda ölmürlər…

Jurnalist Arif Əliyevin “Yalama” sənədli povesti əsasında lentə alınmış “Əsgərlər unudulanda ölürlər…” sənədli filminin təqdimatı keçirildi. 70 il ərzində aprelin 28-ni bayram kimi qeyd edib, şadlandığımız tarixin rəngi qırmızı olsa da, bu günün sevinc yox, qan, kədər günü olduğunu 100 ildən sonra bir daha dərk etdik. Qızıl Ordu Azərbaycanı ilk növbədə 350 əsgərin qanı bahasına işğal etdi, yalnız onların cəsədləri üzərindən bu torpağa daxil oldu. Onlar könüllü təslim olmadı və yaxud sonradan uydurulduğu kimi, xalq Qızıl Ordunu heç də gül-çiçəklə, sevgi ilə qarşılamadı. Tarix təkrarlandı… 1990-cı il yanvarın 20-də, Qızıl Orduya qoyulmuş abidənin önündə Azərbaycan xalqı qanına qəltan edildi. Bu dəfə müstəqilliyimizi əldən vermədik.

Yalama qarnizonunda rus-bolşevik işğalçılarına qarşı mübarizə aparmış əsgərlərin qohumları ömür boyu “vətən xaininin yaxını” damğası ilə yaşamağa məhkum olublar. 100 il tarix üçün əslində o qədər də böyük rəqəm olmasa da, həmin qəhrəman əsgərlər haqqında bu günədək əlimizdə müfəssəl məlumat yoxdur. Çünki onlara yapışdırılan “xain” damğasından qurtulmaq istəyən qohumları əsgərlərə məxsus şəkilləri yandırıb, məlumatları yox ediblər… bu cəsur əsgərlərdən günümüzə yalnız bir neçə məktub gəlib çatıb.

100 ildən sonra məzlumun haqqı özünə qaytarıldı. Tarixi dəqiq elm kimi gördük, çünki hər şey faktla, sənədlə üzə çıxdı. 350 əsgər 72 minlik işğalçı ordunu 2 saat yubada bilir və Azərbaycanın işğalı 2 saat gecikir. Amma bu 2 saat kifayət edir ki, Sovet rəhbərliyi bütöv bir tarixin seyrini dəyişsin, onu saxtalaşdırsın. Məşhur fikir var: “Gerçəklərin gec-tez üzə çıxmaq kimi bir huyu vardır”. Gerçəklik isə budur: artıq Azərbaycan tarixinin “Yalama qarnizonu” kimi qəhrəmanlıq salnaməsi var.

Əsgərlər yalnız unudulanda deyil, onların ailələrinə, vərəsələrinə sahib çıxmayanda da ölürlər. Hər bir əsgər yaxını dövlət üçün əziz olmalıdır, çünki onların bu torpaq üzərində qanları var.

Yalama hadisəsindən 100 il sonra, 2018-ci ilin aprelində dövlət başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanla müəyyənləşdirilmiş qaydada bu hərbi qulluqçuların ailə üzvlərinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.

Amma əsgər yaxınları arasında 11 min manatı almaq üçün olmazın əzab-əziyyətə qatlananları da var. Uzun illərdir bu günü gözləyən şəhid yaxınları sanki növbəti dəfə imtahana çəkilirlər. Övlad itkisindən belləri, dizləri bükülmüş ana və atalar saatlarla hansısa məmurun onların qarşısına çıxıb kömək edəcəyini, dərdlərini dinləyəcəyini, bir izahat verəcəyini gözləyir. Övladlarını məğrurcasına, fəxrlə vətənin müdafiəsinə göndərən valideynlər kimlərinsə qarşısında aciz və köməksiz duruma düşürülür. Guya, nə vaxtsa hansısa ailə sığorta pulunu alıb, guya kiminsə vərəsəsi illər öncə vəsaitlə təmin olunub… və yaxud bu fərman vətən uğrunda həlak olan polis işçilərinə şamil edilmir və s.  Etiraf edək ki, 11 min manatın bir neçə misli o qədər də böyük məbləğ deyil və böyük olmadığı qədər Azərbaycan büdcəsi üçün yük də deyil. İstisnasız, bütün şəhid ailələrini bu vəsaitlə, hətta artığı ilə də təmin etmək olar. Biz regionun lider dövlətiyik və bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsinin tamamından çoxdur.

“Əsgərlər yalnız unudulanda ölmürlər…”

Bu cür davam etsə, 100 ildən sonra yazılacaq və çəkiləcək sənədli film məhz belə adlanacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 273