Muəllif:

Əsgər ataları və onlar…

Əsgər ataları niyə kasıb olur, niyə üzləri qəmli, gözləri nəmli, belləri bükük, əyinləri nimdaş olur? Onların varı-yoxu, şanı-şöhrəti böyütdüyü və vətənini qorumaq üçün yetişdirdiyi övladları bir gün düşmən gülləsinə tuş gəlir və bu fani dünyadan birdəfəlik köç edir. Oysa, ataların övladları ilə bağlı nə arzuları vardı… bitməz, tükənməz. O atanın varı-dövləti torpaq altında yatır, bir daha geri qayıtmayacaq oğlu ilə bağlı bütün arzularını da onunla gömür.

Bu neçənci atadır ki, onun görkəmi ürəyimizi ağrıdır, dərdimizi dağ boyda edir. Nədən kasıblar belə tez ölür? Gərək ki, bunun adı ilahi ədalətsizlkdir. Axı, bu hamının vətənidir, onlardan başqa. Tez-tez eşidirik, “bu torpağın suyunu içib, çörəyini yeyib, amma xaricə gedən kimi kimliyini unudur”. Özü də bunu dövlətdə ən yüksək post tutanlar, millət vəkilləri deyir. Əcəba, siz bu torpağın suyunu içib, çörəyini yemirsiniz? Əsla, kimsə demir ki, mütləq varlının da balası ölməlidir. Ancaq və lakin bu torpağı qorumaq həm də sizin və övladlarınızın borcudur axı. Bu sözlər o qədər deyilib, o qədər yazılıb… əminik ki, bunları oxuyandan sonra, “yenə başladılar da…” deyənləriniz var. Amma həmin kasıb atalar və analar sizin dəfələrlə, “oğlun mənə görə ölməyib”, “oğluna deməmişdim ki, get şəhid ol” kimi iynəli və tənəli sözlərinizi heç unutmadı. Mitinqlərin birində əsgər anasının yerdə süründürülməsini, şəhid məzarının üstündəki bayrağın götürülməsini də biz unutmadıq. Özünü yandıran Qarabağ qazisi, evi başına uçurulan keçmiş döyüşçülər… evində, kimsəsiz, xəstəhal yatan, sonra vəfat edən, amma ölümündən günlər keçəndən sonra xəbər tutduğumuz vətən övladları, əsirlikdə min cür əziyyətə sinə gələn, hərbi sirri namusu kimi qoruyan hərbiçilərin bu gün sağlamlıqlarının bərpası üçün hansı günə düşdüklərini görürük. İllər öncə müharibədən qayıtsalar da, bu gün də yuxularında döyüş dostlarını, onların ölümünü görən, qulaqlarına güllə, bomba səsləri gələn, psixoloji durumları pozulan nə qədər Qarabağ qazisi var. Elə onların da ataları çox kasıb idi… indi də özləri kasıblıqla bu torpağa əsgər böyüdürlər.

90-cı illərin əvvəllərində Qarabağ münaqişəsi zamanı Azərbaycan ümumilikdə 20 min vətəndaşını itirdi. Bunların da arasında gənclərin çoxluq təşkil etməsi əhalinin demoqrafik artımına mənfi təsir göstərdi. Böyük rəqəmdir.

Ədəbiyyatımız vətən şeirləri, musiqimiz də ana, torpaq sevgisindən bəhs edən mahnılarla doludur. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən 30 il keçir. Bu illər ərzində o qədər şeir yazılıb, mahnı bəstələnib ki….30 ildə aldığımız bəzi torpaqlar, hətta verdiyimiz şəhidlər də onların kölgəsində qalıb. Hər zaman deyirəm:“Dünyada bizim qədər öz müharibəsinə, itkilərinə şeir yazıb, mahnı bəstələyən ikinci xalq yoxdur”. Elə vətəndən danışıb, amma yaxınlarını gizlədənlərin də sayı bu ucuz və düşük mahnı, şeirlər qədərdir. Bəzən bu adamlar elə görkəm verib danışırlar ki, sanki ağlamaqdan gözlərindən “qara su” gəlir.

Bir dəfə ailənin tək oğlan övladı olan əsgər haqqında məqalə yazmışdım. Çox mətləblərdən danışdı, sonda elə bir cümlə dedi ki…
“Onun yerini bundan sonra kimsə doldura bilməz. Heç düşmənimə də belə dərdi arzulamıram”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146