Muəllif:

ƏRDOĞANIN ZƏFƏRİ …

Qorxusuz-hürküsüz hakimiyyətdən getmək imkanının qalması xoşbəxtlikdir

(sonuncu məqalə)

Türkiyədəki seçkilərdən iki gün əvvəl kütləvi informasiya vasitələrindən biri məndən qardaş ölkədə hakimiyyət dəyişikliyinin nə dərəcədə real olduğunu soruşdu. Sualın qoyuluşundan hiss etdim ki, demokratik mətbuatın təmsilçisi olan həmkarımın Ərdoğanın seçkilər nəticəsində hakimiyyətdən gedəcəyənə böyük ümüdləri var. Sualına cavab verdim. Bilmirəm, inandıra bildim, ya yox. Amma seçkilərin nəticələri, təəssüflər olsun ki, bu mübahisədə məni haqlı  çıxartdı.

HƏR XALQ ÖZ AQİBƏTİNƏ LAYİQDİR

Mənim deyil,  Şarl Lui Monteskyönün sözləridir. Tanınmış fransız maarifçisini bu gün  Azərbaycanda bir çoxlarının tanımadığını bildiyim  üçün oxşar fikrin az qala min il əvvəl Məhəmməd Peyğəmbər tərəfindən səsləndirildiyini oxucularımın diqqətinə çatdırmaq istəyirəm:Qövmlər layiq olduqları şəkildə idarə olunurlar”. Əgər səni qul, kölə kimi idarə edirlərsə, sən buna layiqsən. Bu hökmdardan daha çox sənin seçimindir. Bu o deməkdir ki, nökər, kölə, qul  olmaq səni qane edir. Ən azından hökmdarının sənin simanda bir vətəndaş görməsi üçün kifayət qədər təpər göstərmirsən.

Monarxların tez-tez “mənim xalqım”, “mənim millətim” ifadəsindən istifadə etməsi tam təbiidir. Mütləq hökmdarlar üçün  xalq, millət taleyi Yaradan tərəfindən onlara həvalə edilmiş təbəələr toplusundan ibarətdir.

Demokratiya tamamilə fərqli münasibətlər  sisteminə əsaslanir. Daha doğrusu, əsaslanmalıdır. Demokratiyalarda “mənim  xalqım”, “mənim millətim” mövcud ola bilməz. Ona görə ki, demokratiyalarda vətəndaşlar toplusundan ibarət olan xalq siyasi sistemin aparıcı, müəyyənedici subyektidir. Bütün digər subyektlər ikinci dərəcəlidir, yəni xalqın iradəsindən törəmədir. Başqa sözlə desək, xalqa məxsusdur. Ona görə də demokratiyalarda “bizim prezidentimiz”, “bizim  baş nazirimiz” var. Ən azindan belə olmalıdır.

Vətəndaşladan ibarət toplum,  kimliyindən asılı olmayaraq, özünü hakimiyyətdəki  fərdin “xalqına”, “millətinə” çevrilməyi rəva görməz, buna imkan verməz. Türkiyədə isə vəziyyət əzəldən fərqli idi.  Sultanı Atatürk kultu əvəz etdi. İndi isə Ərdoğan kultunun yaranmasının şahidi oluruq. Amma bir fərq var. Atatürk kultunu tomlumun özü yaratmışdı.  Vətəndaşlar toplumuna çevrilməyə hazır olmayan xalq üçün sultanın “müqəddəs taxtında” oturmağa layiq bir bütün mövcudluğu zəruri idi ki, ona səcdə etsinlər.  Ərdoğan isə özü öz kultunu topluma sırıyır. Ən əsası ondan ibarətdir ki, Ərdoğan üçün qarşısında xalqın, millətin səcdə etdiyi büt olmaq kifayət deyil. O, yeni Türkiyənin gerçək sultanı olmaq istəyir. Təsadüfi deyil ki, “mənim xalqım”, “mənim millətim” Ərdoğanın ən çox istifadə etdiyi ifadələrdəndir.

İndi isə qayıdaq həmkarımın sualına verdiyim cavabın məzmununa. Uinston Çörçill deyirdi ki, “savaşda bir dəfə, siyasətdə isə hər gün ölürlər”.  Düşünürəm ki, nə qədər əcaib səslənsə də, İstənilən vaxt qorxusuz-hürküsüz hakimiyyətdən getmək  imkanını özü üçün qoruyub saxlamış siyasətçidən xoşbəxti yoxdur.  Belə bir imkanı itirmiş siyasətçilər öz hakimyətlərinin girovuna çevrilirlər. Bundan sonra hakimyyətdən getmək qeyri-mümkün olur. Sonsuza qədər hakimiyyətdə qalmaq zərurəti yaranır.

Düşünürəm ki, Ərdoğan 2016-cı il hadisələrindən sonra qorxusuz-hürküsüz hakimiyyətdən getmək imkanını artıq itirmişdi. Onun üçün hakimiyyət ölüm-dirim məsələsinə çevrilmişdi.  Söhbət Çörçilldən yuxarıda gətirdiyim sitatda nəzərdə tutulan siyasi ölümdən getmir. Hakimiyyət Ərdoğan üçün fiziki mövcudiyyətin yeganə qarantına çevrilmişdi. Özü də təkcə özünün deyil, o cümlədən, yaxın ətrafının və ailə üzvlərinin…

Başa düşürəm ki, bəzi Ərdoğan məftunları məni, yumşaq desək, boşboğazlıqda ittiham edə bilərlər. Bu qəbildən olan ittihamlara yol verməmək  üçün dövlət çevrilişi cəhdindən bir il sonra, yəni 2017-ci ildə Türkiyədə yaranmış ictimai-siyasi vəziyyəti konkret faktlarla oxucuların diqqətinə çatdırmaq istəyirəm. Əmin edirəm ki, hal-hazırki vəziyyət daha acınacaqlıdır.

Nikolo Makiavellinin “Hökmdar”  əsərindən daha bir sitat gətirmək istəyirəm:“Hökmdar xalqı elə qorxutmalıdır ki, sevilməsə belə nifrət də oyandırmasın. Xalqın malına və ismətinə toxunulmazsa bu da təmin edilə bilər. Lazım olduğunda səbəbləri açıqca ifadə edilərək birinin qanına girilə bilər. Ancaq xüsusilə kimsənin malına toxunmamaq lazımdır. Çünki insanlar atalarının itkisini unudarlar, ancaq mallarının itkisini unuda bilməzlər”.

2017-ci ilin iyulunda, yəni dövlət çevrilişi cəhdindən bir il sonra, Türkiyə ədliyyə naziri bəyan etdi ki, məlum hadisələrlə bağlı 50 min 500 adam həbs, 168,8 mini isə istintaqa cəlb olunub. Nazirlik beş il ərzində ölkədə 174 yeni həbsxananın tikiləcəyini elan etmişdi. Bunu da başa düşmək olar. Dövlət çevrilişiylə bağlı həbs olunanları yerləşdirmək üçün 30 minə yaxın məhkum azadlığa buraxılmışdı.

“Turkey Purge” insan haqları müdafiəsi saytının məlumatına görə, həbs olunanların sayı 55 mini ötmüşdü. Rəsmi məlumatlarla müqayisə etsək, fərq o qədər də böyük deyil. Yenə də qeyd edirəm ki, bu keçən ilin məlumatlarıdır. Hal-hazırda həbs olunanların sayının 70 mini ötdüyü bildirilir. İş o yerə çatmışdı ki, “səhvən” CHP-nin liderlərindən biri  Deniz Baykalın qızının “FETO üyəsi” (üzvü) kimi həbs etməyə cəhd göstərilmişdi.

Bir il ərzində 130 KİV və 29 nəşriyyat qapadılmışdı. Dövlət KİV-lərində çalışan 500 (qeyri-rəsmi məlumatlara 1400) adam işdən azad edilmişdi. “Turkey Purge” saytının məlumatına görə, bu dövrdə, yəni bir il ərzində 269 jurnalist həbs edilmişdi. Rəsmi məlumatlara görə, hal-hazırda 150-dən artıq jurnalist həbsxanadadır. Həbsdə olan jurnalistlərin sayina görə, Türkiyə dünyada birincidir.

Ümumiyyətlə, 150 mindən artıq şəxs FETO terror təşkilatının üzvü olduğu üçün işdən çıxarılıb.

Ərdoğan fövqəladə vəziyyət çərçivəsində  terrorizmlə əlaqələrdə şübhəli (?!) bilinən şirkətlərin və ayrı-ayrı fərdlərin mülkiyətinin həbsi və müsadirəsi fərmanı imzalayıb. Bu fərmanın icrası zamanı bir il ərzində 42 min 357 işçisi olan 965 şirkətin mülkiyyəti müsadirə olunub. Bir il oncə, yəni müsadirə olunduğu vaxt üçün bu şirkətlərin aktivlərinin ümumi dəyəri 41mlrd. lirə (təxminən 11,3 mlrd. dollar) idi. Bundan başqa, 107 fərdin şəxsi mülkiyyəti müsadirə edilmişdir. Bütövlükdə söhbət 50 mlrd. həcmindəki mülkiyyətdən gedir. Bu, rəsmi məlumatlardır. Ən əcaibi odur ki, bu şirkət və fərdlərin günahı məhkəmə hökmü ilə hələ də təsdiq olunmayıb. Mülkiyyətin müsadirəsi prosesi isə hələ də davam edir.

Dövlət çevrilişi cəhdindən sonra elementar mənəvi-etik və dini dəyərlərə zidd addımlar belə atıldı. Həlak olan çevriliş iştirakçılarının adi qəbirsanlıqda islami qaydalarla dəfni qadağan edildi. Bu ağlasığmaz bir qərar idi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin dindar olub-olmadığını bilmirəm. Amma Yeltsin 1993-cü ilin oktyabr toqquşmaları zamanı həlak olanların hamısını bir qəbirsanlıqda yanaşı dəfn etməyi göstəriş verdi. Mənə görə, hamının təlxək kimi qəbul etdiyi Yeltsin islamçı Ərdoğandan daha imanlı insan idi.

Bəzi hallarda çevriliş iştirakçıları və terrorçu adlandırılanların arvad-uşaqlarına belə aman verilmədi. Südəmər çağaları belə anaları ilə birlikdə zindanlara göndərdilər.

Yerli hakimiyyət Fətulla Gülənin dədə-baba evini ictimai ayaqyoluna çevirmək haqqında təşabbüs irəli sürdü. Türk generalının qulağı belə kəsildi. Özü-özlüyündə çox ağrılı faktlardır. Amma bu faktları sadalamaqda məqsədim Ərdoğan və ya digərləri üçün “ittiham aktı” tərtib etmək deyil. Belə bir ittiham aktının tərtibində maraqlı olanlar kifayət qədərdir.

Yuxarıda Makiavellinin “Hökmdar” əsərindən gətirilmiş sitata bir də nəzər salın. Onda sizə aydın olacaq ki, son iki ildə Türkiyədə insanların yalnız həyat və azadlıqlarına deyil, həm də namusuna, ismətinə, mallarına qəsd edildi.

Həzrəti Əli  buyurub:“İki şey insanları həlak edib; yoxsulluqdan qorxmaq, fəxr və öyünmək arzusu”. Ərdoğanın “sultanlıq sevdası” haqqında çox danışdıq. Özü də söhbət yalnız  geyri-məhdud hakimiyyətdən, zahiri atributlardan getmir. Ərdoğan özünə və yaxınlarına sultanlara layiq həyat təmin etmək istəyirdi.  Buna da nail oldu. Amma yaxın ətrafına Türkiyədə və bir sıra xarici ölkələrdə cinayət işləri açılması müqabilində.

Bütün bu hadisələr Ərdoğanı qorxusuz-hürküsüz hakiməyyətdən getmək imkanından məhrum etmişdi. Hakimiyyətdən gedəcəyi təqdirdə Ərdoğanı və yaxın ətrafını, o cümlədən ailə üzvlərini amansız intiqam gözləyirdi. O nəyin bahasına olursa-olsun “zəfər çalmağa məhkum” idi. Siyasətçi üçün bundan böyük bədbəxtlik ola bilməz.

SIYASƏTDƏ MEYAR ƏXLAQ VƏ QANUN DEYIL, QƏLƏBƏDIR

Bu fikir də mənə deyil, Sveyqə məxsusdur.  Məndən soruşa bilərlər: əgər hər şey sən deyən kimi bərbaddırsa, onda Ərdoğan necə zəfər çalır.

Birincisi, nə qədər qəribə səslənsə də, 2016-cı il hadisələri, mən deyərdim ki, Ərdoğan üçün göydəndüşmə oldu.  Təsəvvür edirsiniz, 70 min adam həbs olunub, 150  mini işdən çıxarılıb. Yüz minlərlə adam dövlət çevlişində iştirak edə bilməz. Yüz minlərin iştirak etdiyi olay ən azı qiyamdır, üsyandır. 70 minin özü bir ordudur. Mən 2016-cı ilin yayında Türkiyədə qiyam və ya üsyanın baş verdiyini iddia etmirəm. Əksinə, əminəm ki, bu Türkiyə üçün kifayət qədər ənənəvi, sıradan bir dövlət çevrilişi cəhdi idi. Özü də uğursuz. Hər bir dövlət çevrilişini hazirlayan yaxşı təşkilatlanmış bir özək olur. Bu özəyə əksər hallarda 10-20 nəfər daxil olur. Bəzən daha az.  Türkiyə miqyaslı  bir dövlətdə çevrilişin həyata keçirilməsinə təxminən bir neçə min icraçı cəlb olunur. Özü də kor-koranə.  Əksəriyyət vəzifə borcunu yerinə yetirdiyini düşünür.  Bir sözlə, kütləvilik dövlət çevrilişlərinin mahiyyətinə ziddir. Əks təqdirdə, yuxarıda qeyd etdiyim kimi,  bu dövlət çevrilişi deyil,  üsyandır.

Deməli, təxminən 200 min adam öz siyasi baxışlarının, vətəndaş mövqeyinin qurbanı  olub. Nəticədə, əvvəla, ordu və digər güc strukturlarının dövlətə deyil, şəxsən Ərdoğana loyallığı təmamilə təmin olundu.

Daha sonra, müxalifət maliyyə resurslarından və informasiya dəstəyindən əhəmiyyətli dərəcədə məhrum edildi.

Və nəhayət, ölkədə qorxu əhval-ruhiyyəsi yaradıldı. Bu müxalif insani resursun fəallıq və radikallıq səviyyəsini aşağı salmağa imkan verdi.

Belə bir şəraitdə keçirilən seçkiləri sözsüz ki, ədalətli saymaq olmaz. Amma bir çoxlarını maraqlandıran daha bir sual var: Türkiyədə seçkilərin nəticələrini nə dərəcədə saxtalaşdırmaq mümkündür? 2014-cu ilə qədər 4 il Türkiyədə yaşamışam. Mürəkkəb dövr idi. Amma siyasi ab-hava indikindən dəfələrlə mülayim, müxalifətin imkanları indikindən dəfələrlə geniş idi.  Buna baxmayaraq, həmin dövrdə belə seçkilərin nəticələrini, reqiondan asılı olaraq, təhminən 2-5 faiz civarında saxtalaşdırmaq mümkün idi. Onu da nəzərə almaq lazımdır ki, yerlərdə hakimiyyət müxtəlif siyasi qüvvələrin əlində olduğu üçün yekun nəticələrdə seçicilərin iradəsi minimal səviyyədə saxtalaşdırılmış  olurdu. Nəticədə seçiciılərin iradəsini  maksimum 1-2 faiz saxtalaşdırmaq mümkün olurdu. Sözsüz ki, iqtidar partiyasının xeyrinə.

Yuxarıda sadaladığım siyasi təlatümlətdən sonra iqtidarın seçkiləri saxtalaşdırmaq imkanları sözsüz ki, artıb. Amma Türkiyə reallıqlarını nəzərə alsaq, saxtalaşdırma əmsalının 5-8 faizi keçdiyini düşünmürəm. Nəticələrin 5 faiz civarında belə saxtalaşdırılması Ərdoğanın artıq birinci turda  zəfərini təmin edirdi.

Əslində, müxalıfətin qarşısında çox sadə bir vəzifə dururdu: Ərdoğanın artıq birinci turda qələbəsini təmin etmək üçün seçkilərin nəticələrinin Türkiyə gerçəkliklərinə görə biabırcasına və qeyri-məqbul  olan, yəni 12-15 faiz civarında saxtalaşdırmaq zərurətini yaratmaq lazım idi. Ərdoğanın azsavadlı dindarlardan ibarət sabit elektoratını parçalamadan bu mümkün deyildi.  Ərdoğanın sabit elektoratını parçalamağın isə yalnız bir yolu vardı – atatürkçülərin rəhbərlik etdiyi müxalif koalisiyada dindar kütlənin maraqlarının güclü və nüfüzlu təmsilçisi olmalı idi. Müxalif koalisiyanın tərkibində belə bir siyasi qüvvə yoxdu. Hamı “siyasi təqaüdə”  göndərilmiş AK Partinin köhnə qvardiyası, yəni Gülün, Davutoğlunun, Arıncın rəhbərliyi altında Ərdoğanın elektoratını parçalayacaq belə bir siyasi qüvvənin yaranacağını gözləyirdi.  Amma  köhnə qvardiya ona olan  ümüdlərı doğrultmadı.  AK Partinin köhnə qvardiyası Ərdoğana,  düşünürəm ki, son xidmətini göstərdi – onun problemsiz prezident seçilməsini təmin etdi.

Atatürkçülərin hakimiyyətə qayıdışı təhlükəsi qarşısında hətta Ərdoğana müxalif olan dindar kəsim belə əlacsızlıqdan ona səs verdi.

Tarixən Türkiyədə hakimiyyət dəyişikliyinin iki yolu olub – seçkilər və hərbiçilərin həyata keçirdiyi dövlət çevrilişləri. Ərdoğan özünün seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasına imkan verəcək ictimai-siyasi ab-havanın yaranmasını təmin edəcək lider deyil. Türkiyə ordusu isə artıq siyasi proseslərin subyekti deyil. Artıq hər iki yol qapanıb.

Türkiyə üçün ənənəvi olmayan üçüncü yol da var. Bütün narazıları küçəyə çıxarmaq olardı. Əslində bir çoxları Muharrəm İncədən məhz  bu çağırışı gözləyirdilər. Amma o seçkiləri bütövlükdə ədalətsiz saydığını bildirib, nəticələri tanıdı, hətta Ərdoğanı qələbə ilə təbrik etdi. Ondan əksini gözləyənlərə isə “tanımayacağız, nə yapacağız?” sorğusu ilə müraciat etdi.  Doğrudan da nə yapacaqdılar?! İstanbul  və Ankarada  bir neçə milyon insanı  küçələrə çıxarmaq mümkün idi. Amma nəticəsi nə olacaqdı?! Qan töküləcəkdi. Yuxarıda qeyd etdiyim kimi, Ərdoğanın özü  üçün bu seçkilərdə ölüm və ya qalım məsələsi həll olunurdu. O qalımı qoyub, özünün ölümünü seçməyəcəkdi ki? Ərdoğanın ən sevimli mübarizə vasitələri olan zor aparatı, güc onun tərəfində idi. Onun zəfərini təmin edən əsas amillər bunlar idi.

Məqaləni yazarkan Ərdoğanın  təsvir olunduğu iki fotoşəkil elə bil ki, daima gözlərimin önündə idi. Şəkillərdən biri siyasi karyerasının ilk illərinə, digəri isə bu günlərinə aid idi. Birincisində Əfqanıstan İslam Partiyasının lideri əfsanəvi Hikmətiyarın qarşısında diz çökmüşdü, ikincisində isə Rusiya prezidenti Putinlə yanaşı durmuşdu. Şəkillərin müxtəlif tarixi dövrlərə  aidliyini, Ərdoğanla yanaşı təsvir olunanların tam fərqli ideologiyaların daşıyıcıları sayıldığını nəzərə alsaq, beynimin bu iki şəkli nə üçün yaddaşımın eyni hücrəsində qruplaşdırdığını başa düşə bilmirdim. Həmin şəkilləri tapdım. Diqqətlə nəzərdən keçirdim və hər şeyi başa düşdüm. Hər iki şəkildə Ərdoğan tərəf müqabilinə məftunluqla baxırdı.

Bu məftunluğun səbəbini anlamağa çalışdım. Hikmətiyar və Putini, məncə, yalnız bir ümumi cəhət birləşdirir. Onların hər ikisi qaba gücü, zoru siyasi məqsədlərin gerçəkləşdirilməsində ən səmərəli, bəlkə də yeganə məqbul vasitə sayırlar. Ərdoğanın gözlərindəki  məftunluq ifadəsi bu iki liderin  şəxsində təcəssümünü tapmış qaba gücə və zora parəstişdən başqa bir şey deyil. Siz də baxın. Bəlkə nə isə fəqrli bir şey görə bildiz.

TÜRKİYƏ TƏHDİDƏ ÇEVRİLİR

Həm özü üçün, həm də müttəfiqləri üçün.  Yaxın illərdə Türkiyənin daxilində nələrin baş verəcəyini bir neçə sözlə ifadə etmək olar: daha az demokratiya, daha az insan haqqları, daha az liberal bazar iqtisadiyyatı, daha çox avtoritarizm, daha çox cəhalət və daha çox dini irtica. Məncə, kifayətdir.

Bəziləri deyəcəklər ki, bütün bunların bizə nə dəxli. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın  güclü və söz sahibi olan yeganə müttəfiqi  olaraq qalır. Opponentlərimi haqlı görmək  istərdim. Amma…

Əsas problem ondan ibarətdir ki,  2003-cü ildən başlayaraq, yəni Ərdoğan hakimiyyətə gəldikdən sonra  Türkiyənin sabit xarici siyasəti yoxdur. Bu isə o deməkdir ki, Türkiyənin sabit, rəqibləri və  müttəfiqləri üçün anlaqlı olan xarici siyasi maraqları yoxdur. Ən təhlükəlisi odur ki, əslində bu daimi maraqlar mövcuddur, amma vaxtaşırı siyasi konyunkturaya, yəni  keçici iqtidarın  maraqlarına qurban verilir. Bu isə nəticə etibarı ilə həm Türkiyənin özü üçün, hən də müttəfiqləri üçün ciddi problemlər yaradır. Elə 2003-cü ildə Türkiyə ABŞ başda olmaqla Qərb koalisiyasının İraqa qarşı müdaxiləsində iştirak etməkdən imtina etdi. Türkiyənin maraqları baxımından bu müdaxilənin nə dərəcədə  ədalətli, islam dəyərlərinə və beynalxalq hüquq normalarına uyğun olmasının heç bir əhəmiyyəti yoxdur. Maraqlar hər şeydən üstündür. Ərdoğanın qəbul etdiyi o səhv qərarın acısını Türkiyə uzun müddət çəkəcək.

ABŞ özünə kürdlərin timsalında yeni  bir müttəfiq tapdı. Nəticədə İraq ərazisində faktiki olaraq müstəqil kürd dövləti yaranmış oldu. Bundan sonra  kürd probleminin Türkiyənin ərazi bütövlüyü çərçivəsində həlli imkanları maksimum çətinləşdi. Bir sözlə, Ərdoğanın kürd dövlətçiliyinin təşəkkülündə çox böyük və danılmaz xidmətləri var.

Bəzən məndə elə təəssürat yaranır ki, Ərdoğan Türkiyənin deyil, Fələstinin  prezidentidir.  2010-cu ildə baş vermiş “Mavi Mərmərə” olayından sonra Türkiyənin İsraillə münasibatləri pozuldu. Yalnız 5-6 ildən sonra bu münasibətləri qismən də olsa, bərpa etmək mümkün oldu.

İki il keçməmiş Türkiyə yenə fələstinlilərə görə İsraillə münasibətlərini  pozur. Mən demirəm ki,  ABŞ səfirliyinin Qüdsə köçürülməsinə, dinc əhalinin gülləbaran edilməsinə etiraz etmək lazım deyil. ABŞ başda hamı, o cümlədən, Azərbaycan da etirazını bildirdi. Amma nədən Türkiyənin səsi hamıdan güclü səslənməlidir?! Nədən Türkiyə İsraillə münasibətlərini növbəti dəfə qırılma nöqtəsinə çatdırmalıdır?! Onda Türkiyənin İrandan nə fərqi?

ABŞ Suriyanı bombardman edəndə haray-həşiri yerə-göyə sığmayan Rusiyanın, söhbət İsraildən gedəndə səsi çıxmır. Türkiyəyə  nə gəlib? Özünü Osmanlı Sultanı kimi hiss etmək olar. Amma gerçəkdən Osmanlı Sultanı olmaq üçün Osmanlı İmperiyası coğrafiyasına nəzarət etmək lazımdır. Anlamaq lazımdır ki, Fələstin çoxdan  Türkiyəyə məxsus ərazi deyil.

Ərdoğandan fərqli olaraq, rəsmi Bakı İsraillə sabit dostluq münasibətlərində maraqlıdır. Özü də bu həm İlham Əliyev iqtidarının, həm də bütövlükdə Azərbaycanın maraqlarına cavab verir.  Ona görə də, Türkiyə-İsrail münasibətlərində günaşırı yaranan gərginlik Azərbaycan üçün ciddi problemlər yaradır.

Bütövlükdə Qərb, xüsusilə də Avropa Birliyi get-gedə Türkiyənin bir nömrəli düşməninə çevrilir. Bu sağlam məntiqə sıqmayan bir xarici siyasətdir.

2017-ci il ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 390,8 milyard dollar olub. Bu dövriyyənin demək olar ki, 50 faizi Avropa Birliyinin payına düşüb.

Müqayisə üçün, 2017-ci ildə Türkiyənin Rusiya ilə ticarət dövriyyəsi 21,6 mlrd. dollar olub. Bu isə yalnız Türkiyə  xarici ticarət dövriyyəsinin 6 faizə yaxınını edir.

Türkiyənin Rusiya ilə ticarət dövriyyəsinin 80 faizindən çoxu, yəni 18 mlrd-dan bir qədər artığı idxaldan ibarətdir. Avropa Birliyi ilə ticarət dövriyyəsində bu nisbət demək olar ki, əlli əlliyədir. Bundan sonra Türkiyənin Qərbə, Avropa Birliyinə arxa çevirməsinə nə ad vermək olar?!

İş o dərəcəyə çatıb ki, artıq Qərbdə, xüsusilə də Avropada Türkiyəyə və türklərə potensial təhdid mənbəyi kimi baxırlar.

Türkiyənin aparıcı regional oyunçularla, yəni Rusiya və İranla  münasibətlərində də davamlılıq və sabitlik yoxdur. Rusiya ilə münasibətllərin düşmənçilikdən qardaşlığa doğru transformasiyası göz qabağındadır. Putini PKK terrorçularını  silahlandırmaqda ittihamlandıran  Ərdoğan, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiya prezidentinə “həvalə etməyə” hazırdır.

Bütün yuxarıda sadalananlar sözsüz ki, Azərbaycan xarici siyasəti üçün də ciddi problemlər yaradır. Rəsmi Ankaranın Bakı küləyi kimi gündə bir neçə dəfə dəyişən xarici siyasət vektoruna görə Azərbaycan da öz xarici siyasətinə düzəlişlər etmək məcburiyyətində qalır.

Türkiyənin artıq heç bir aparıcı dövlətlə sabit və davamlı strateji maraqlar əsasında formalaşan müttəfiqlik münasibətləri yoxdur.  Beynəlxalq aləmdə Türkiyəyə inam sarsılıb. Bu həm Türkiyə, həm də bizim üçün ən böyük itkidir, ən böyük təhdiddir.

Nəticə etibarı ilə, Türkiyədə hakimiyyət dəyişikliyinin ənənəvi yollarla təmin edilməsi imkanlarının aradan qaldırılması, Türkiyəni yeni bir təhlükə, siyasi terror təhdidi ilə üz-üzə qoyur. Artıq nəyin bahasına olursa-olsun Ərdoğanın devrilməsində maraqlı olan həm daxili, həm də xarici qüvvələrin sayı artır…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 8,50 из 10)
Oxunma sayı: 912