ƏRDOĞAN HAKİMİYYƏTDƏ QALACAQMI?..
Əlbəttə ki, ölkədəki siyasi vəziyyət növbədənkənar seçkilər üçün əlverirşli olmasaydı və Ərdoğan da özünün və partiyasının şanslarını yüksək dəyərləndirməsəydi, seçkilərə getməzdi, çünki növbədənkənar seçki təklifi başqa bir siyasi cinahdan deyil, məhz onun öz müttəfiqindən gəldi ki, bunu da hamı irəlicədən razılaşdırılmış bir qərar kimi qəbul etdi.
Amma bütün hallarda, qarşıdakı ayda ən çox maraq doğuracaq hadisələrdən biri heç şübhəsiz ki, Türkiyədəki növbəti seçkilər olacaq, ən azı ona görə ki, demokratik seçki elə məsələdir ki, hətta gözlənilməz vəziyyətlərdə belə sürprizlər yaşada bilir.
Xüsusən də prezident seçkisi daha çox diqqət çəkir, çünki artıq Türkiyədə də prezident və parlament institutları üçün fərqli qəliblər və sərhədlər müəyyən edilib, ölkə parlament respublikasından prezident respublikasına transformasiya edibdir.
İlk baxışda hazırki prezident R.T.Ərdoğanın digər namizədlərlə müqayisədə üstünlüyü o qədər şəksiz görünür ki, insanların bəzisi hətta diqqəti və bu yönümdəki mülahizələri prezident seçkisindən parlament seçkisinə doğru yönəltməyi təklif edir, çünki onların nəzərincə ən əsas posta – prezidentliyə seçimin nəticəsi artıq həll olunubdur.
Fəqət, siyasi təhlilçilər belə düşünmür və hətta iddia edirlər ki, ikinci seçim bütün hallarda labüd olacaqdır. Bu cür mülahizələr də əsassız deyil. Bir adamın elektoratı yorması və parlamentdəki üç əsas partiyadan birinin — MHP-nin R.T.Ərdoğana dəstək verməsi kimi ümumi və hamıya bəlli mülahizələr bir tərəfə, hazırki prezidentin şanslarını azaldacaq və yaxud da artıracaq digər məqamlar da az deyildir. Təbii, bir yazıda bütün bunları bircə-bircə xırdalamaq o qədər də asan məsələ deyildir. Ona görə də diqqəti ən vacib detallara yönəltməyə cəhd edəcəyik.
Bu illər ərzində R.T.Ərdoğan nə edibdir? Doğrusu, bu suala konkret cavab vermək də asan məşğuliyyət deyil. Əlbət ki, Türkiyə regionun ən əsas ölkələrindən birinə çevrilibdir. Amma hər hansısa bir ölkənin adının çox hallanması hələ onun qüdrətinə və tərəqqisiniə dəlalət etmir.
Bəli, bu illər ərzində çox sular axdı, amma onlar nə qədər içməli oldu — bax, buna birmənalı cavab verməyə çətinlik çəkirik. Suriya, ərəb-İsrail və Fələstin problemilə bağlı çabalar, məşhur Afrin əməlliyatı, Rusiya ilə sıx münasibətlərin qurulması — bütün bunlar sözsüz, ən azı xarici siyasət baxımından diqqət çəkən olaylardır.
Amma adətən hər şey son nəticə ilə qiymətləndirilir. Bu prizmadan yanaşanda hətta Afrin əməliyyatları ölkədə birmənalı dəyərləndirilmir; Suriya ilə sərhəd boyunca təhlükəsizlik zolağının təmin edilməsilə bağlı çabaların nə qədər effektiv olub-olmaması da bir tərəfə, bu istiqamətdəki digər cəhdlər qətiyyən davamlı olmadı, məsələn, dəfələrlə deyilsə də, Türkiyə digər bir mühüm vilayətə — Məncibə müdaxilə edə bilmədi. Yalnız bu günlərdə xarici işlər naziri M.Çavuşoğlu bildirdi ki, kürd yaraqlıları Məncibi tərk etməyə razılıq veriblər. Amma bu xəbərin hakim partiyanın “aktiv”lərini nə qədər gücləndirəcəyilə bağlı indiki bir məqamda söz demək olduqca çətindir.
Üstəlik, Suriya problemilə bağlı formalaşan Rusiya-Türkiyə-İran alyansı əvvəl müəyyən ümidlər yaratsa da, hazırda hətta ifrat optimist təhlilçilər belə bu formatın ən azı yaxın vaxtlarda nəyəsə nail olacağını düşünmürlər: bir tərəfdən üçlük daxilindəki ziddiyyətlər, digər bir yandan da ABŞ-ın kiçik müdaxilə ilə üçlüyün tənzimlənməyə yönələn cəhdlərinə “stop” deməsi bütün prosesləri təkrar olaraq əvvəlki məcraya qaytardı, Suriya yenidən əvvəl olduğu kimi, böyük dövlətlərçün poliqon funksiyasını yerinə yetirməyə başladı.
Sözsüz ki, Afrin olayları Ərdoğana müəyyən dividendlər qazandıra bilərdi və qazandırdı da. Amma bu qazancın təkcə MHP-nin dəstəyilə məhdudlaşacağını düşünürük. Bəli, bir tərəfdən Türkiyənin prezidentlik institutuna üz tutması (vaxtilə bunu israr edən əsas partiyalardan biri MHP, xüsusən də onun lideri mərhum A.Türkeş olmuşdu!), digər bir tərəfdən isə Afrində keçirilən əməliyyatlar, üstəlik, son illərdə ölkədə yaranan, xüsusən də gənclik arasında populyar olan Gülənçi dini-siyasi şəbəkəyə qarşı millətçi-ülküçü qüvvələri qoymaq istəyi MHP ilə AKP-nin yollarını birləşdirdi. Fəqət, Ərdoğan kürd əsilli seçicilərin səsini itirdi – onlar öncə səsini S.Dəmirtaşa, ikinci seçim turu olacağı təqdirdə isə Ərdoğanın rəqibinə verəcək.
Burada ABŞ-Türkiyə münasibətlərinə də toxunmaq lazım gəlir. Bu münasibətlər artıq müttəfiqlik çərçivələrinə sığmır. Prinsipcə, prosesin detalları hamıya bəllidir və o səbəbdən də onun üzərində çox da dayanıb sizi yormaq fikrimiz yoxdur. Sadəcə, onu qeyd edək ki, ABŞ Rusiya kimi qeyri ölkələrdəki seçkilərə elektron müdaxilələr etmir, amma ki, bu və ya digər namizədə dəstək olmağın başqa yolları da var.
Xüsusən son vaxtlarda R.T.Ərdoğanın Rusiyadan S-400 kompleksləri almaq istəyi Vaşinqtonu xeyli qeyzləndiribdir, hətta əvvəlki dövrlərdən fərqli olaraq ABŞ Ankaraya alternativ variantlar da təklif edir.
Amma prezident R.T.Ərdoğan bu sorğunun da cavabını verib. O, bir neçə dəfə ABŞ-a müraciətlə “Siz nə vaxt silah satdınız ki, biz almadıq?” kimi ismarışlar ünvanladı. Əlbət ki, Ərdoğandan ABŞ-ın narazılığı tək bu detalla məhdudlaşmır, etiraf etmək lazım gəlir ki, AKP liderinin Qərb dünyası ilə yaşadığı problemlərin bir hissəsi də Türkiyənin bu son illərdə xeyli avtoritarlaşmasının nəticəsi kimi təzahür edir.
Təbii ki, Vaşinqton çox istərdi ki, bu seçkilər Türkiyənin hazırki prezidenti üçün sonuncu və həm də uğursuz olsun. Amma ki, bunu yalnız türk elektoratı edə bilər.
Elektoratınsa diqqəti axır vaxtlar daha çox türk lirəsinin kursuna yönəlibdir ki, bu amil də R.T.Ərdoğan üçün əlavə bir problem sayılır. Düzdür, bu son günlərdə lirənin kursunda pozitiv dəyişiklilər müşahidə edilməyə başlayıb, amma əsas odur ki, bu tendensiya davamlı olsun və tədricən bütün iqtisadiyyatı əhatə etməyə başlasın.
O ki qaldı seçkilərin Azərbaycan üçün vacib məqamlarına, belə düşünürük ki, Azərbaycan-Türkiyə əlaqələri hər iki ölkədəki siyasi konyunkturadan asılı olmadan inkişaf edir. Heç sözsüz ki, Ərdoğanın özünün və hökumətinin Azərbaycana diqqəti böyükdür. Üstəlik, onun Qarabağ problemilə bağlı öz platformasına xüsusi müddəa salması da bu diqqətin bariz göstəricisi sayıla bilər. Amma biz Türkiyədən daha ciddi və daha konkret dəstək umuruq, təkcə bəyanatlarla keçinmək olmur.
Di gəl, Türkiyənin də imkanları qeyri-məhdud deyil, böyük siyasətin öz “çəpər”ləri var və onları aşmaq elə də asan məsələ deyil…