ƏMƏLLƏRİNDƏN DANIŞIR GÖYLƏR ONUN
(VERNER FON BRAUN -3)
Görkəmli rəssam-multiplikator, kino-rejissor, aktyor və prodüsser, “The Walt Disney Company” multi-media imperiyasının qurucusu. Kino tarixində ilk səsli və musiqili çizgi filmi, yüzdən çox bədii filmin müəllifi, altı yüzə yaxın filmin prodüsseri. Filmləri 26 dəfə Oskar mükafatına layiq görülüb. XX əsr kinosunu onsuz təsəvvür etmək mümkün deyil. “Disneyland” əyləncə mərkəzinin ideya müəllifi və yaradıcısı. Uolt Disney (ing. Walter Elias Disney, 1901-1966) bir əfsanə idi.
1950-ci illərin əvvəlində Disneyin ağlına qəribə bir fikir gəlir – çocuqların valideynlərilə əylənə biləcəkləri bir park salmaq. Kopenhaqendəki Tivoli parkına heyran qalmışdı ilk gördüyündə. Ancaq belə bir iş üçün böyük miqdarda sərmaye lazımdı. Disney investorları cəlb etməkdə çətinlik çəkir. Populyar ABC televiziyasına vazkeçilməz təklifdə bulunur – onun şirkəti kanal üçün xüsusi proqramlar hazırlayacaq, ABC isə bunun əvəzində “Disneyland”in inşasına maliyyə ayıracaqdı. Kanal təklifi qəbul edir və 1954 -də Los Anceles yaxınlığındakı Anahaym şəhərində inşaata başlanılır.
Uolt Disney parkda “Fantaziyalar ölkəsi”, “Sərhədlər ölkəsi”, “Macəralar ölkəsi” və “Gələcəyin ölkəsi” pavilyonları üçün sahələr ayırır. O, tanınmış rejissor Vord Kimbala ABC kanalında yayımlanacaq “Gələcəyin ölkəsi” adında proqram sifariş verir. Kimball futurist olmasa da “Kolyers” jurnalının sadiq oxucusu idi, kosmos və raket mövzusunun əyləncəli olacağını düşünür. Kimball 3 televiziya proqramı hazırlayır. Disney bunlara bir milyon dollar xərcləyir və tələb edir ki, verilişlərdə fantastikaya deyil, elmi faktlara yer verilsin. Kimbalın yadına “Kolyers”də zövqlə oxuduğu məqalələrin müəllifi Verner fon Braun düşür.
Fon Braun o dövrdə tez-tez Alabamadan Kaliforniyaya gəlir, məsafələrə, vaxt qıtlığına baxmayaraq gündüzlər 12 saat raket layihələri üzərində çalışır, işdən sonra akvalanqsız dənizə dalır, sabah tezdən də yenidən kosmik layihələr üzərində baş sındırırdı. Onun bu ağlasığmaz iş qrafiki, çalışma əzmi və fiziki enerjisi ətrafdakılar tərəfindən heyranlıqla izlənirdi. Disney studiyasında çalışmağa başlayınca iş günü sutkada 18 saata çıxdı. O, Disney üçün kosmik gəmi və peyklərin eskizlərini çəkir, tv proqramı üçün inşa ediləcək modellərin texniki göstəricilərini çıxardır, orbitdə yanacağın necə doldurulması ilə çəkisizlikdə yemək bişirməkdən yazırdı.
Fon Braun “İnsan və Kosmos”, “İnsan və Ay” və “Mars və başqaları” adlı 3 şou proqramın konsepsiyasını hazırladı. 1955-ci ilin 9 martında Uolt Disney kamera qarşısına çıxaraq “İnsan və Kosmos” proqramını tamaşaçılara özü təqdim etdi. Studiyada ondan başqa Kimball, fon Braun və bir neçə kosmos bilicisi vardı. Fon Braun sanki alim və mühəndis deyil, kahindi. O vaxt kosmosa peyk hələ göndərilməmişdi. Fon Braun tamaşaçılarını Kosmik eraya hazırlamağa başlayırdı. Nümayiş etdirdiyi raketin modeli o qədər mükəmməl idi ki, illər sonra kosmosa uçacaq raketdən fərqi yox idi. Proqram Disney multiplikatorlarının süjeti ilə bitdi:
Diktor Sakit okeanda mərcan adalarını təsvir edir, buradakı insanlar həyatlarını bir məqsədə — kosmosun fəthinə həsr ediblər. Dan yeri söküləndə projektorlarla işıqlandırılmış starta hazır nəhəng dördpilləli raket görünür. Birdən uğultulu fit səsi eşidilir. Uçuş mərkəzində geriyə sayım başlayır (Bu səhnə real həyatda ancaq 1960-70-ci illərdə olacaqdı). Raketin yerdən üzüldüyü anda diktorun səsi gəlir – “İndi insan kosmosun bilinməyən çətinliklərilə riskli bir mübahisəyə girir”…
“İnsan və Kosmos” proqramını 100 milyona (!) yaxın insan seyr etdi. O dövr üçün bu görünməmiş bir rəqəm idi. Proqramın ertəsi günü prezident Eyzenhauer Disneyə zəng edərək onu təbrik etdi və verilişin lentini istədi. ABŞ prezidenti lenti “Pentaqonun piylənmiş generallarına” göstərəcəyini söylədi. Proqramın təkrarından bir-neçə həftə sonra Eyzenhauer qərarını açıqladı – “1957-ci ilin iyul ayında Amerika Yerin süni peykinin kosmosa buraxacaq”. Fon Braunla Disneyin zəkasını, televiziyanın gücünü görürsüzmü? Tezliklə proqramın səs-sorağı, onun xalq tərəfindən sevilməsi gedib Sovetlərə çatdı. Ruslar Beynəlxalq Astronavtlar Federasiyasının prezidenti Frederik Dyurantdan dərhal proqramın lentini tapmağı xahiş etdilər. Lakin, Dyurant lenti Disneydən ala bilmədi. Uolt Disney ifrat dərəcədə qatı anti-kommunist idi və xahişi rədd etdi.
Bu proqramdan 4 ay sonra — 1955-ci ilin 17 iyul tarixində, inşaat başlayandan bir il keçməmiş “Disneyland”in təntənəli açılışı oldu. 30 min dəvətli iştirak etdi açılış mərasimində. Xalq misli-bərabəri olmayan Əyləncə mərkəzini aktyor və teleaparıcı Ronald Reyqanın (ABŞ-ın gələcək prezidenti) reportajlarını seyr edərək tanıdı. Və amerikalılar “Disneyland”ə axın etdilər. Biletlərin baha olmasına baxmayaraq pavilyonlar dolub-daşırdı. “Gələcəyin ölkəsi” pavilyonunda iynə atsan, yerə düşməzdi. Əsas eksponat 23 m hündürlüyündəki raketdi. “Fau-2”-nin daha yumşaq konturlu maketi olan raket qar rəngində idi. Onun yanında “Aya uçan raket” attarksionu yerləşirdi. Buranı qısa müddət ərzində bir milyondan çox insan gördü. Kosmosu, raketin uçuşunu müxtəlif forma və obrazlarda görən amerikalılar kosmik fəza ilə real tanışlığa artıq hazır idilər.
“İnsan və Ay” adlı 2-ci proqram isə mavi ekrana 1955-in son günlərində çıxdı. Fon Braun Ay səyahətini iki mərhələyə böldü – 1-ci mərhələdə orbital kosmik stansiyanın inşasından, 2-cidə isə Aya uçub geri dönməkdən bəhs edilirdi. O illərdə nə orbital stansiya vardı, nə də Aya uça biləcək raket. Onlar haqda anlayış belə yoxdu. Fon Braun 10-15 il sonranı görürdü. Məgərsə o, artıq Ay missiyasını planlayırmış.
4 dekabr 1957-ci ildə efirə gedən “Mars və başqaları” adlı 3-cü proqramda fon Braun tamaşaçıya atom mühərrikli raketlərin Marsa uçuşundan danışdı. Disneyin multiplikasiya fəndləri ilə fon Braunun raketləri fantastik bir vəhdət təşkil edirdi. Uolt Disney və Verner fon Braunun yaradıcı fikir və ideyaları ictimai rəyə o qədər böyük təsir göstərdi ki, Amerika qısa bir zaman içində kosmosda görünməmiş nailiyyətlər əldə etdi. Onlar başda fundamental elmlər olmaqla texnikanın inkişafına ciddi təkan verdilər. Əyləncə dünyası ilə elmin müştərək əməkdaşlığı o zamana qədər görünməmiş bir hadisə idi.
Verner fon Braun 1955-ci ilin aprelində nəhayət ki, ABŞ vətəndaşlığına qəbul edildi. Onunla bərabər Amerikanı kosmik zirvələrə çıxaran 40 alman alim və mühədisi də ailə üzvlərilə birgə (cəmi 103 nəfər) yeni pasportlarına qovuşdular. 1200 nəfər dəvətlinin iştirak etdiyi andiçmə mərasimində Hantsvill şəhərinin meri qısa çıxışında belə dedi: “Biz heç kimi öz aramıza belə böyük sevinclə qəbul etməmişdik. Bu hadisə bizlərə yeni həyat gücü verir”.
Fon Braun mərasim boyu fikirli idi, xəyalları onu ana Vətəninə — Almaniyaya aparırdı. 2-ci Dünya müharibəsinin bitməsinə bir neçə həftə qalmış amerikalılara təslim olmasaydı, indi harda olacaqdı, uşaqlıq xəyallarını həyata keçirə biləcəkdimi? Savaş onun da həyatını alt-üst etmiş, fərqli bir mədəniyyətdən yad bir ölkəyə atmışdı. Ancaq arzularına çatmışdı, mutluydu. Vicdanı da çox rahatdı, 1945-də Amerika tərəfinə keçməsəydi, ruslar onu əsir alacaqdı. Yaratdığı “Fau-2” raketinin Stalin-Beriya ikilisinin əlinə keçmədiyi üçün bəşəriyyəti böyük bir bəladan xilas etdiyi fikri onun qəlbini isidir, rahatlıq verirdi.
Aparıcı onu səhnəyə dəvət etməsi ilə fon Braun bu düşüncələrindən uzaqlaşır. “Həyatımın ən mutlu və ən önəmli günüdür, — iştirakçılara üz tutaraq belə deyir. – Daxilən biz çoxdan vətəndaş olmuşduq. Mən bu ölkəyə köçdüyüm üçün heç vaxt peşman deyildim. Zamanla Penemündedə qəbul etdiyim qərarın doğru olduğunu daha aydın görməyə başladım”…
* * *
Mənə elə gəlir ki, Fon Braun ömrünün son illərində tez-tez gəncliyində özünə kumir seçdiyi portuqaliyalı əfsanəvi dəniz səyyahı Enrikini (Dom Enrique o Navigator, 1394-1460) düşünürdü. Çünki Enriki və onun Afrikanın Atlantik sahillərini tədqiqi və kəşfləri olmasaydı, Portuqaliya nəhəng kolonial imperiya qura bilməzdi. Enriki olmasaydı, Kolumb, Vasko de Qama və Magellan böyük kəşfləri üçün kimdən ilham alacaqdılar? Və indi, bu saat, bu məqaləmi bitirərkən düşünürəm ki, Enriki Navigator fon Braun üçün kimdirsə, fon Braun da İlon Mask üçün eyni dəyəri və eyni mənanı ifadə edir…
* * *
1969-cu il 20 iyul günü amerikalı astronavtlar Nil Armstrong və Bazz Oldrin Aya enən ilk insanlar oldular. Fon Braun Amerika prezidenti Con Kennedinin 1961-ci ildə qoyduğu “Bu onilliyin sonuna qədər insan Aya enməlidir” hədəfinə çatdı. Zənnimcə, insan oğlunun Aya səyahət etməsində əsas rolu dövlətin tapşırığı deyil, fon Braunun uşaqlıq xəyallarına sadiq qalması oynadı. ABŞ 1969-1972 illər arasında Aya 6 ekspedisiya həyata keçirdi, 12 amerikalı astronavt Ayda addımlayaraq adlarını tarixə yazdılar. Və güman ki, “Apollon” gəmisinin hər uğurlu Ay missiyasında fon Braun Uolt Disneyin sevdiyi sözlərini xatırlayırdı:“Xəyallarına xəyanət edən istədiklərini əldə edə bilməz”.
Verner fon Braunun Virciniyadakı məzar lövhəsində 19:1 psalomuna işarə var. İncildəki o psalom belə bitir:
“Əməllərindən danışır göylər Onun”.