ƏGƏR HAMI BACARDIĞINI ETSƏYDİ…
Çoxu “Saakaşvili ssenarisi”nin artıq bitdiyini düşünür. Xüsusən də dekabrın son günlərində vəd etdiyi möhtəşəm etiraz aksiyasını təşkil edə bilməyəndən sonra belələrinin sayı bir az da artdı. Üstəlik, bundan lap əvvəl də “Tarix təkrar olunur, amma komediya şəklində!” deyənlər də az deyildi.
Amma bir-iki həftə öncə Kiyev məhkəməsinin Saakaşvililə bağlı çıxardığı qərar yenidən bu adamı gündəmə gətirdi; belə ki, Gürcüstanın eks-prezidentnə axşam və gecə saatlarında bəlli ünvanı icazəsiz tərk etmək yasaq olundu.
Düzdür, Mixeil qardaşımız qərara əməl etməyəcəyini və ən yaxın günlərdə Lvova səfər edəcəyini, yaxud da yaşadığı mənzildə tele-studiya quracağını bildirdi.
Ukraynalı politoloqlarsa dedilər ki, məhkəmənin qərarı əslində Saakaşvilini bir az da populyarlaşdıracaq. Nə isə, yaxın keçmişdə Gürcüstanın prezidenti, daha sonra Odessanın qubernatoru, hazırdasa vətəndaşlığı və hətta daimi yaşayış yeri olmayan V.Saakaşvili yenə Ukraynalı oliqarxlar üçün siyasi problem olaraq qalmaqdadır.
Bir daha deyirik ki, getdikcə daha çox adama aydın olur ki, ona ikinci “rəngli inqilab”a rəhbərlik etmək nəsib olmayacaq, amma gəl, o, başağrısı, özü də əməlli-başlı başağrısıdır — ukraynalı oliqarxları narahat edən də budur.
Əvvəl olduğu kimi, yenə də M.Saakaşvilinin fəaliyyəti kimlərdəsə rəğbət və heyranlıq, digərlərindəsə, əksinə şübhə və tərəddüd, hətta açıq-aşkar ironiya doğurur. Bəzən şübhələr, vokalçılar demiş, lap “dördüncü oktava”yadək yüksəlir.
Burada bir daha onun Rusiyanın siyasi dairələri, hətta prezident V.Putinin yaxın adamları ilə, eləcə də keçmiş Ukrayna prezidenti V.Yanukoviçlə sıx əlaqələrinin olması haqda ötən ilki şayiələr yada düşür.
Bəziləri iddia edirdi ki, M.Saakaşvilini həmin dairələr maliyyələşdirir və hətta dəqiq məbləğ də göstərirdilər – 500 min dollar!
O vaxt da yazmışdıq ki, belə irimiqyaslı siyasi proseslər üçün deyilən məbləğ elə də böyük deyil. Bundan başqa, maliyyə müstəvisində M.Saakaşvili ukraynalı oliqarxlara, xüsusən də “rəngli inqilablar”ı (həm də iğtişaşları!) maliyyələşdirməkdə böyük təcrübəsi olan prezident P.Poroşenkoya rəqib deyil. Amma Saakaşvilini “aztəminatlı siyasətçilər” düşərgəsinə aid etməyin də mənası yoxdur.
Rusiyanın siyasi dairələrinin M.Saakaşviliyə marağının da xüsusi “təkamül treki” var. Onun fəaliyyətinin Gürcüstan dövrünə qəti toxunmaq istəməzdik, çünki detallarınadək hamıya yaxşı bəllidir. Yalnız onu deyəcəm ki, Ukraynaya dönəndən dərhal sonra Saakaşvili Rusiyanın siyasi tok-şoularının qiyabi qəhrəmanına çevrildi. Teleaparıcıların intonasiyasında əvvəlcə təlaş sezilirdi. Amma bu, tez çəkildi, çünki dəbə başqa mövzu mindi – hamı Saakaşvilinin Moskva ilə, Yanukoviçlə, hətta Poroşenko ilə əlaqələrindən danışmağa başladı…
Şayiələr nə qədər əsaslı idi? M.Saakaşvili “Moskvanın adamı” olsaydı və Ukrayna hakimiyyətinin sərəncamında dəqiq sübutlar tapılsaydı, onu heç ölkəyə buraxmaz və yaxud çoxdan həbs edərdilər.
Təbii, birmənalı şəkildə məlum deyil ki, indiki halda o, Qərb üçün nə qədər maraqlıdır, yaxud Avropa və ABŞ ona nə dərəcədə dəstək verir? Amma bir məqamla hamı razılaşır və biz də tənbəllik etmədən onu bir daha qeyd edirik: Saakaşvili “Rusiyanın adamı” olsaydı, ona, ən azı, dərhal qapını göstərərdilər…
Əvvəl düşünürdük ki, Tbilisi məhkəməsinin məlum qərarı Saakaşvili üçün daha bir “test” olacaq. Ukrayna hökuməti onu ekstradisiya etmək fikrinə düşsə, onda Saakaşvilinin arxasında kimin dayandığı və yaxud da dayanmadığı məlum olacaq. Amma ukraynalılar buna tələsmir…
O ki qaldı Qərb üçün nə dərəcədə “gərəkli” olmasına, prosesləri izləyəndə görürsən ki, M.Saakaşvili Ukraynaya lazımdır və onun bu ölkədə siyasətlə məşğul olması üçün zərurət var, çünki islahat aparılmır, korrupsiya ölkənin inkişafını ciddi şəkildə ləngidir.
Avropa strukturları, o cümlədən Avropa Birliyi dəfələrlə xəbərdarlıq edib, hətta hədələyiblər ki, belə davam edərsə, hətta Assosiasiya sazişini də dayandıra bilərlər! Amma hələ pozitiv dəyişikliklər yoxdur.
Təbii, obyektiv səbəblər var: Ukrayna böyük və çoxmilyonlu ölkədir, burada solçu və xüsusən də rusiyapərəst meyllər olduqca güclüdür.
Fəqət, az vaxt keçməyib. Bu müddətdə ölkə iqtisadi və siyasi islahatlar baxımından çox irəliləyə bilərdi. Amma təəssüf, olmadı…
Bəzən politoloqlar ABŞ və digər ölkələri Kiyevə qarşı qeyri-səmimi münasibətdə qınayır, ölkənin uğursuzluqlarını, bir qayda olaraq, bununla bağlamağa çalışırlar.
Amma ötən ilin sonlarında ABŞ dövlət katibi R.Tillerson növbəti dəfə bildirdi ki, ölkəsilə Rusiyanın münasibətlərinin normallaşması əsas məsələdən — Ukrayna probleminin həllindən asılıdır.
Saakaşvilinin Rusiya ilə “əlaqə”lərinə gəldikdəsə, usanmaq bilməyən Kreml strateqləri hələ də ssenarilərində ona da yer ayırır və “Saakaşvili amili”ni də nəzərə almağa çalışırlar.
Birincisi, Saakaşviliyə emosionallıq, bəzən isə hətta siyasi avantürizm yad deyil. İkincisi, Saakaşvili ukraynalı deyil, gürcüdür və millətçi ruhlu dairələrin nəzərincəsə bu, onun böyük “minus”udur.
Ona görə də Kreml strateqləri ümidlidir ki, Saakaşvili özü də bilmədən onlara “kömək” edəcək; onun sayəsində cəmiyyətdə parçalanma daha da artacaq, siyasi proseslərdə radikalizm dominantlıq edəcək, siyasi-ictimai polyarizasiya güclənəcək. Seçki ilisə bunun üçün ən yaxşı məqamdır…
Amma bunlar Saakaşvilinin məqsədyönlülük və mübarizlik kimi keyfiyyətlərinə kölgə salmaq iqtidarında deyildir. Bəli, o, dəfələrlə sübut edib ki, qətiyyətli və cəsarətli siyasətçidir.
Digər tərəfdən, M.Saakaşvili siyasətdə yeni adam deyil, dəstəyi və özünə güvəncliyi olmasaydı, belə işə girişməzdi. Bir daha ərz edirik ki, Ukrayna hökuməti onu Gürcüstana ekstradisiya etmək fikrinə düşərsə, onda Mixeilin siyasi resursları haqda daha bitkin təsəvvür yaranacaqdır – ukraynalılarsa buna tələsmir…
Ötən payızda onun Ukraynaya dönüşünü əks etdirən kadrları seyr edərkən özümüzdən asılı olmadan ölkəsindən “qovulmuş” və sonradan “qayıdış” imitasiya edən digər siyasətçilər yadımıza düşdü. Saakaşvilini müşahidə edərək ixtiyarsız olaraq özümə deyirdim ki, bax, siyasətə və ölkəyə belə qayıdırlar! Bəli, həqiqətən düz deyiblər ki, siyasət nəcib qızlar klubu deyil…
Mixeilin milliyyətinə gəldikdə isə, anlayır ki, belə mürəkkəb ölkənin birinci adamı olmaq üçün yetərincə “ukraynalılaşmayıb”. Təsadüfi deyil ki, hələ dekabrda bildirdi ki, Ukraynanın prezidenti ukraynalı olmalıdır, o, isə başqa vəzifələrlə kifayətlənə bilər.
Bizimçün M.Saakaşvili məsələsi başqa planda da maraqlıdır. İlk növbədə o, ardıcıl qərbçi siyasətçi təsiri aşılayır. Hətta buna görə də opponentləri onu daim tənqid edirdi və indi də edirlər.
Onu uzağı görməməkdə qınayır, israr edirdilər ki, ən azı indiki dövrdə Qərblə bağlı ciddi planlar qurmaq üçün zəmin yoxdur, hətta bu, bir sıra ölkələr üçün çox təhlükəlidir də…
Məsələ bununla da tükənmir. Siyasət mümkün olanın sənətidir və bununla heç kim mübahisə etmir. Amma hələ M.Veber də yazırdı ki, əsl siyasətçi təkcə “mümkün olan”ının əsirinə çevrilməməli və daim ətrafındakı çərçivələri genişləndirməyə çalışmalıdır, əsk təqdirdə siyasət tamam statik sahə olardı və burada yenilik olmazdı.
M.Saakaşvilinin bir neçə il öncə BMT-dəki çıxışı yadımıza düşür. Qarabağ problemindən də danışdı. Dedi ki, Rusiya heç halda Qarabağı Azərbaycana və yaxud Ermənistana verməyəcək, çünki bu kiçicik torpaq sehrli çubuq kimi ona hər iki ölkəni orbitində saxlamağa imkan verir.
Onda da onu ittiham etdilər ki, siyasətçi belə açıq danışmamalı və fikirlərini gizlətməyi bacarmalıdır. Bəziləri ona “siyasi kamikadze” adını da yapışdırdı…
Amma siyasətdə bəzən çılpaq həqiqəti də demək lazım gəlir, xüsusən də o halda ki, həqiqəti deməkdən savayı yol qalmır…
Bəli, kimsə BMT-nin də tribunasından Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestr və Krımla bağlı həqiqəti deməlidir! Bəli, kimsə siyasi karyerası ilə, hətta ola bilsin, rifahı və həyatı ilə risk edərək bunu etməlidir.
Qərəz, bilmək olmur, M.Saakaşvilinin siyasi Olimpə daha bir həmləsi necə başa çatacaq. Təəssüf ki, etirazların indiki miqyası hələ uzağagedən nəticələr çıxarmağa imkan vermir. Hətta düşünürük ki, M.Saakaşvilinin növbəti “rəngli inqilab” yarada bilməyəcəyi daha ehtimallı görünür.
Amma o, müxalifətin ümumi işinə töhfə verə bilər ki, bunun özü də heç az deyil. Fevralda keçirməyi planlaşdırdığı aksiya da bizə bu səpkidən maraqlı görünür.
Üstəlik, Tbilisi məhkəməsinin ötən ilki, Kiyev məhkəməsinin isə son qərarı göstərir ki, ukraynalı oliqarxlar onu prezident seçkiləri ərəfəsində tamam neytrallaşdırmaq əzmindədirlər.
Amma bir məsələ aydındır: Mixeil təkcə ukraynalı oliqarx-məmurlar üçün deyil, Rusiyanın imperialist dairələri üçün də möhkəm baş ağrısı olub. V.Putinin ötən ilki böyük mətbuat konfransında buna təkrar əmin olduq.
Ona görə də multiplikatorlar “Mişa və Ayı” serialının da çəkilişinə start versələr, pis olmaz…
Güman, ukraynalı oliqarxlar da bunu duyurlar və “Saakaşvili məsələsi”ni həll etməyin də yolunu arayırlar. Alınacaqmı? Prinsipcə, alına da bilər. Amma səs-küyü mütləq olacaq, bunu səssiz-səmirsiz həll etmək olmayacaq. Poroşenkonu da qorxudan budur — axı, Qərb olan-qalan kreditləri də kəsə bilər…
Həm də bilirsinizmi, “Saakaşvili məsələsi”ndə maraqlı nədir? Bu adam bacardığını edir – özü də ən mürəkkəb və hətta perspektivsiz vəziyyətdə! Əgər hamı bacardığını etsəydi, Dünya çoxdan düzəlməzdimi?..