Ədəbiyyatımızdakı erməni
Beş il əvvəl yeni romanımın qaralamasını oxuyan güneyli yazar dostumun sualı beynimi silkələdi:
“Siz niyə bu ermənilərdən əl çəkmirsiz?”
Yox, bu sual “ermənilərdən nə istəyirsiniz?” demək deyildi. Sadəcə, quzey Azərbaycan ədəbiyyatında, incəsənətində erməni obrazlarının, erməni mövzusunun varlığını gözdə tuturdu. Yəni niyə bizim yaradıcılığımız bu qədər erməni xəttiylə zəngindir… Sözün açığı, əvvəl-əvvəl özümü cinayət üstündə yaxalanmış adam kimi hiss elədim.
O qədər vaxt keçib bu sualın verilməsindən, ancaq hələ də düşünürəm. Bu günsə sualı dostlarla bölüşmək istədim.
Gerçəkdən, sənətimiz onların adı keçmədən keçinə bilməzmi? Onların adı olmasa, ədəbiyyatımız, kinomuz nəsə itirərmi? Suala dərhal belə cavab verərdim özüm: Yox, heç nə itirməz. Bəs qazanarmı? Yox, o da deyil, çünki ümumiyyətlə ədəbiyyat mənfəət üçün deyil.
Bəs nə olub? Gerçəkdən onlarsız ötüşə bilmirik?
Ancaq dostumun yanıldığı bir məqamı deyim, sonra davam edək. O, məhz şimal ədəbiyyatına işarə eləyir. Di gəl hələ şimalı, cənubu olmadığı çağda Azərbaycan ədəbiyyatında erməni obrazı vardı, həm də gözəllik nümunəsi kimi. Bəli, İmadəddin Nəsiminin “Erməni” qəzəlini deyirəm. Demək, mövzunun coğrafi tərəfini bir yana atırıq.
Hətta dünya ədəbiyyatına boylansaq, nə qədər erməni personajı görərik: Rus ədəbiyyatından yadımda qalanlar Puşkin, Çexov, Mandelştam və onlarla başqası. Amerika ədəbiyyatından: Cerom Selincer. “Domye-Smitin mavi dövrü”. Bəlkə ömründə bir erməni görüb və onu hekayəsinə salıb. Hərçənd orada gənc qəhrəmanın atalığı Bobbi Ağacanyanın erməni olması əsərin ideyasına qəti təsir eləmir. Eyni uğurla o xırda personaj ingilis, rus, türk və ya fələstinli ola bilərdi. Ama yazıçı nə üçünsə məhz ermənini seçib.
Biz əlbəttə ermənilərlə aramızda olan faciəli qonşuluğu əsas götürüb özümüzə rahatca haqq qazandıra bilərik güneyli dostumuzun sualı qarşısında. Yəni reallığımız bu! Bu birtərəfli nifaq hələ mövcud olmadığı zamanlarda estetik obraz kimi Nəsimi erməni qızını seçir. XX əsrə çatan kimi sanki çoxdan bəri düşünülmüş zəhərli böyük Ermənistan ideyası işə düşür, qanlı çarpışmalar, arxadan zərbələr, türkə (müsəlmana) qarşı qətliamlar başlayır. 1905-1906-cı illərdəki “müsəlman-erməni” nifaqları və bundan sonra ədəbiyyatımızda başlayan yeni erməni mövzusu. Sabir, Mirzə Cəlil, Nərimanov, Cabbarlı. 60-cılardansa ömrünün son çağlarında İsa Hüseynov – erməni məkri ilə gəlir. Və xüsusi xətt kimi Əkrəm Əylislinin personajları. Bu günümüzdə isə Orxan Pamukun “Qar”ında torpaq anlamında ermənilərə peşkəş xəttinin insanlıq anlamında davamı — “Daş yuxular”.
Bunları anladıq. Bəs Selinceri o mənasız personaj kimi ermənini seçməyə nə vadar edib? Güneyli dostumun mənə verdiyi suala çox cavab tapmaq olar. Ancaq bu sualın Selincerlə bağlı hissəsinin cavabını yəqin ki, mərhum yazıçının özündən başqa kimsə tapa bilməz.
Yəqin sənətlə az-çox ilgisi olan hər kəs bilir ki, yaradıcılığın əbədi və əzəli mövzusu olan Allah-Şeytan, Xeyir-Şər ikiliklərində ədəbiyyat həmişə Şeytanın ətəyindən yapışıb. Onun cazibəsini, ekzotikliyini, faciəviliyini, çəkiciliyini kimsə dana bilməz. Hətta işığa çağırış sənəti olsa belə, qara rəng həmişə ədəbiyyatın mayası olub. Ədəbiyyatda İuda İsadan daha məşhur obrazdı. Bu kontekstdə bəzi nüanslar üzə çıxır. Bəlkə də mənə elə gəlir. Ədəbiyyat ortanı seçmir. Ya maksimum, ya minimum. Yəni ya Allah, ya Şeytan. Ya makro, ya mikro. Allah faciəvi obraz olmadığı üçün, hələ ki, həyatda olduğu kimi ədəbiyyatda da Şeytana uduzur.
Bu kontekstdə ermənilərdən necə yazmamaq olar? Nə kəsib atmaq olur, nə tablamaq! Onlar sözün bütün mənalarında ömrümüzə, taleyimizə, mətbəximizə, süfrəmizə, torpağımıza oturub. Onlar lap çoxdan bizim ayrılmaz bir parçamıza çevriliblər.
Ancaq bunu qəbul etməli olsaq, onda bir sual çıxacaq ortaya: bəs talışlar, ləzgilər, tatlar, Azərbaycanda yaşayan onlarla başqa etnik qruplar?
O zaman hanı sənətimizdə o personajlar, obrazlar? Axı onlar da bizimlə bir cənnəti, bir cəhənnəmi paylaşır. Həm də təkcə coğrafi anlamda yox, mədəni-kültürəl.
Sovet dövrü ədəbiyyatında etnik söhbətlər yasaq idi. Ümumi sovet vətəndaşı vardı. Ancaq bununla belə, o zaman da ədəbiyyatımızda dominant obraz qardaş sovet ermənisi idi. Türk sözü tabulu olsa da, qalanlarına sənətin qapısı açıq idi. Folklorumuza nəzər salsaq, orda geniş qalereya var – talışlı, ermənili, ləzgili. Ancaq yazılı ədəbiyyat hələ də o sovet yasağıyla yaşayır. Sanki bu vəsiqə yalnız ermənilərə verilib ədəbiyyatın qapısından keçmək üçün – ya ümumi azərbaycanlı var, ya da erməni. Sanki bir romanda talış, tat, ləzgi qəhrəman olsa, dünya savaşı çıxarmış Azərbaycanda.
Əlbəttə savaş çıxmaz. Onda da yeni sual doğur: elə isə deyək ki, niyə bir talış obrazı yoxdu? Və belə bir cavab yaranır: ermənilər bizim ayrılmaz bir parçamızdı. Onlar qədər bizə ikinci yaxın millət yoxdu. Qalanları isə… qalanları isə yoxdu – nə türk, nə talış, nə ləzgi. Qalanlarının yerinə sadəcə BİZİM ÖZÜMÜZ varıq. Talışlı, kürdlü, tatlı özümüz.
Buna görə də əsərlərimizdə iki tərəf görürük – azərbaycanlı və erməni. Heç vaxt bir-birinə qarışa bilməmiş, daim qovğada olan türk və erməni deyil, azərbaycanlı və erməni. Xeyir və şər. Kim şərdi, kim xeyirdi, onu da bir allah bilər, bir şeytan…
Mən güneyli dostumun sualına cavab tapa bilmədim. Bəs siz?