Muəllif:

Dünyanın 8-ci möcüzəsi

Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində bu yaxınlarda çəkilmiş video məni heyrətə gətirdi. Əslində, burda bilmədiyimiz bir şey yox idi. Ancaq yenə də heyrətlənirsən. Hansı sürücünü dindirsən, sənə eyni sözü deyəcək:“Kəsirlər!”

Videoda sayğacda 75 litr nə qədərsə benzin vurulduğu görünür. Bu vaxt sayğacı videoya çəkən sürücü dilə gəlir, benzini saxlatdırır, avtomobilinin benzin çəninin cəmi 58 litr tutduğunu deyir. Təsəvvür eləyin, adam çənini tam doldurmağı istəyib və sayğaca inansaq, guya 75 litr vurulub, ancaq çən hələ dolmayıb. Möcüzə deyil də, nədir?

Nəzərə alanda ki, çəndə heç olmasa 3-4 litr qalıq benzin olur, bu o deməkdi ki, sürücüyə hələ nəğdindən 20 litrdən çox atılıb. Kəf gəliblər yəni.

Qonşu ölkələrə maşınla səyahət etmiş sürücülərin çoxu deyir ki, öz ərazimizə keçib ilk yanacaqdoldurmaya baş çəkəndən sonra avtomobilin benzin sərfiyyatı azı iki dəfəyə yaxın artır. Bu, nə sirrdi belə, nə hikmətdi?

Bu möcüzəyə başqa hansı ölkədə rast gəlmək olar? Əlbəttə, bir şineldən çıxdığımız ölkə!

Bu yaxınlarda Rusiya Sürücülər Birliyi ölkənin 18 bölgəsində 36 yanacaqdoldurma məntəqəsində gizli yoxlama keçirib.

Nəticə bizə tanışdır: ölkədəki yanacaqdoldurma məntəqələrinin 76 faizində benzini az vururmuşlar… Bu, hələ Rusiyadadır!

Haqqında danışdığım videofakt ilə Rusiya Sürücülər Birliyinin apardığı araşdırmanın nəticələri üst-üstə düşür.

Mövzu ilə bağlı başqa bir məqam da var. Bizdə ən cox istifadə olunan yanacaq Aİ-92-dir. Demək olar, bütün yanacaqdoldurma məntəqələrində məhz bu markanın tapançası iki ədəd olur. Əvvəllər bu məntəqələrdən birində çalışmış bir tanışım and içirdi ki, bu tapançalardan biri real olaraq tam litrajı vurur. O biri isə kəsir. Maşınlara da bu kəsən tapançadan atəş açılır, sürücü günün günorta çağı soyulur. İşdi-şayəd, nəsə problem çıxsa, şikayət edən olsa, yoxlama gəlsə (hərçənd yoxlamalar hər şeyi çox gözəl bilir), həmin düzgün işləyən tapançanı işə salır və sübut edirlər ki, bir qram da aldatmaq söhbəti yoxdu. Hətta xüsüsi qablar gətirəndə də elə o tapançadan istifadə olunur. Çünki hər qabın tutumu göz qabağındadı. Avtomobilin çəni isə allah bilir hardadı…

Yanacaqdoldurma məntəqələrində başqa bir məqam da tapançaların sürət ötürücüləridi. 1-ci, 2-ci, 3-cü sürət. Deyilənə görə, litrajda aldatma da əsasən 3-lə vurulanda olur. Yüksək təzyiq avtomobilin sayğacını necə lazımdı aldada bilir. Adətən bütün sürücülərin benzin dolduranda operatora ilk xahişi, hətta yalvarışı bu olur:“Qardaş, 1-lə vur”. O da “baş üstə” deyir, gedir, bildiyini edir. Hətta bunu da deyirlər ki, o ötürücülərdə sürətlərin yerini dəyişiblər, məsələn, 1 yazılmış düymə daha 3-ü əvəz edir. “1-lə vur” deyirsən, o da 1 düyməsini sıxır və sən 3-lə benzin alırsan.

Onlarla bacarmaq, baş etmək mümkün deyil əlbəttə. Mənim çarəm kəsilib, daha operatorlara xahişimi and verməklə edirəm:“Səni and verirəm 12 imama… səni and verirəm balalarının canına” və s. və i.a. Bu ölkədə Allahdan elə də qorxmadığına görə, onun adına and vermirəm. Allah dedinmi, evin yıxıldı.

Əlbəttə, yayılan videonu çıxmaqla, əldə heç bir fakt yoxdu. O videofakt da heç nəyi dəyişən deyil. Qalanları yalandı, doğrudu, bilmirəm. Ancaq atalar deyir, od olmasa, tüstü çıxmaz. Benzin isə xatalı şeydi, odla heç yola gedən deyil. Yenə də allah axırını xeyir eləsin… Əlimiz allahdan başqa kimə çatır ki?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,17 из 10)
Oxunma sayı: 2395