DÜNYADA TƏRİFDƏN TƏHLÜKƏLİ NƏSƏ VARMI?..
Desəm ki, tərifi Şərqdə həmişə seviblər, etiraz edəcəksiniz ki, onu harada sevmirlər ki? Düzdür. Coğrafiyalarımız fərqli olsa da, hamımız insanıq, eyni materialdan — ətdən və qandan yaranmışıq.
Amma yenə də düşünürəm ki, Şərqdəki qədər heç yerdə bəlağətli tərif sistem halına gətirilməyib, yalnız saraylarda, böyük-kiçik məclislərində yer almayıb, hətta ədəbiyyatın strukturuna təsir edibdir — Şərq şairləri bir qayda olaraq, əsərlərini Allahın və peyğəmbərin vəsfindən başlayıb dövrün hökmdarlarının tərifi ilə davam edir, sonra da ən əsas məsələyə — gözəllərin, piya gözlərin, mirvari dişlərin, ox-kaman qaşların, daha nə bilim, nəyin tərifinə keçirdilər….
Ədəbiyyatda bu ənənə XIX əsrə qədər davam etdi, yalnız XIX əsrdən başlayaraq Şərq şairləri real insanlardan və onların real problemlərindən yazmağa başladılar və “-namə”lər ənənəsinə son qoydular, halbuki artıq XIV-XV əsrlərdə Avropada “İlahi komediya”, “Don Kixot” və s. yazılırdı…
Nə isə. Sözüm bunda deyil. Mən ədəbiyyat adamı deyiləm, olsa-olsa, bir az kaprizli, dəymə-düşər oxucuyam.
Tərif mövzusuna qatılmağa da məni son günlər ölkədə baş verən hadisələr vadar etdi: əvvəlcə elektrik enerjisilə yaşanan proseslər, daha sonra Gəncədə baş verən ağrılı-acılı, bir az da təşviş doğuracaq olaylar!..
Yox, burada onları da çözməyə çalışmayacam, çünki bunu başqa yazılarda etmişəm. Sadəcə, problemli anlarda hakimiyyət mənsublarının reaksiyasını izləmək özü yetərincə maraqlı məşğuliyyətdir ki, bunu siyasi yazarlar çox yaxşı bilir. Elə tərif məsələsi də məni bu kontekstdə düşündürdü.
Sezdiyim nədir? Hakimiyyətin davranışındakı hansı detallar bizi narahat edir?
Birincisi, bu, hakimiyyətin öz təmsilçilərini heç bir halda ayağa verməmək istəyi, nəyin bahasına olursa-olsun, problemlərin ictimai müzakirəsinə imkan verməmək, hətta ən kritik anda belə “Hər şey əladır, hər şey yaxşıdır!” fikrini aşılamağa çalışmasıdır. Mən başa düşürəm, hər bir hakimiyyətdə komanda hissi olur və “komanda mətbəxi”ndəki məsələləri kənara çıxarmamağa çalışmaq prinsipi olur. Amma kimisə bu komandanın reputasiyasi, ölkənin və dövlətin reputasiyası maraqlandırmırsa, bəs, onda nə olsun? Axı kimsə üçün sirr deyil ki, bir çox məmurlar var ki, onların başı bir işə qarışıb: ölkəni talamaq! Onları nə cəmiyyət və prezident qarşısında məsuliyyət düşündürür, nə da qeyri yüksək etik və siyasi dəyərlər! Belə halda nə etməli? “Hər şey yaxşıdır, hər şey idealdır!” deməkdə israr etməlimi?..
İkincisi, ölkədə “tərif” demək, artıq bir Şərq adəti və ya vərdişi deyil, siyasi peşədir. Xüsusən də bizi ən çox dilxor edən özünü “politoloqlar” adlandırıb efirləri, saytları zəbt edən bəzi-para insanlardır. Bilirsiniz, bu adamların məntiqi hətta orta məktəb şagirdini inandırmaq iqtidarında da deyil. Amma bunlara meydan veirirlər…
Səbəbi də budur ki, hakimiyyətdəkilərin bəzisi düşünür ki, alternativ fikri, alternativ baxışı yasaq etməklə ən absurd fikirləri belə cəmiyyətə qəbul etdirmək mümkündür. Amma belədirmi? Əlbəttə ki, yox!
Dəfələrlə yazmışıq ki, əgər radiolar danışmırsa, televiziyalar göstərmirsə, saytlar-qəzetlər yazmırsa, bu, hələ o demək deyil ki, insanlar heç nə bilmirlər və bəzi məmurların əməllərindən xəbərsizdirlər. Əsla belə deyil. Azərbaycan çox kiçik ölkədir: 400-500 km o tərəf-bu tərəfə ola, yaxud olmaya! Bir çox hallarda adi insanlar biz jurnalistlərin də bildiyindən çox bilirlər. Onda bəs bu “tərif sexi”nin nə mənası var? Məgər atalarımız deməyibdirmi ki, tərif yıxan evi heç fələk də yıxmaz…
Bir daha deyirəm ki, hər bir hakimiyyət özünün təbliğat işini qurmağa çalışır. Bu, normal haldır. Olsun. Amma təbliğat ən azı inandırıcı olmalı, heç olmasa, beş-on adama təsir etməlidir. Bunun əvəzində nə görürük? Sovet təbliğat üsullarının və ştamplarının Azərbaycan siyasi müstəvisinə gətirilməsini!..
Ona görə də bir daha yazının başlığındakı fikrə qayıtmaq istərdik: yalan tərif qədər təhlükəli heç nə yoxdur, çünki bunu sifariş edən hakimiyyətin özü gec-tez onun tələsinə düşür və reallıq hissini itirir.
Siyasətdəsə heç bir halda reallıq hissini itirmək olmaz, çünki siyasət abstrakt bir məşğuliyyət deyil, real həyata söykənən fəaliyyət sferasıdır. Bəli, hansısa siyasi romantik və yaxud real siyasi məqsədlər güdməyən bir ideoloq arzularını gerçəklik kimi qələmə verə bilər, amma praktiki, real siyasət adamı üçün bu, qətiyyən yolverilməzdir.
Həm də yanlış fikirdir ki, guya təbliğat hər şeyi həll edir. Keçmiş sovet respublikalarından heç biri nə qədər çalışsa da, sovet dövlətinin təbliğat maşını kimi möhtəşəm təbliğat maşını yarada bilməz, çünki sovetlər sırf ideoloji dövlət idi və təbliğat bəlkə də onun fəaliyyətinin yarısı deməkdi. Amma nə qədər çəkdi? Bax, məsələ də bundadır…
Tənqidi təfəkkür və tənqidə ehtiyac duymaq,- rasional düşüncə tərzinin əsası budur. Biz hələ onu demirik ki, qədim Şərqdə belə hökmdarlar ən azı bir-iki adama həqiqəti deməyə imkan verir, daim onları dinləyirdilər, çünki bilirdilər ki, tərif və onun daha bayağı forması olan yaltaqlıq uzağı, itaətin və qorxunun göstəricisi ola bilər – hələ heç onu demirik ki, tərifin səmimiyyəti çox mübahisəli məsələdir və bunu yüz illərin təcrübəsi göstərib…