Muəllif:

Dədəm, iranlı bəyin anası və Tula samovarı

35 il bundan qabaq bir qış axşamı təmiz kaseti atamın elə həmin gün aldığı “Vesna” adlı maqnitofona qoyub səs qeydi düyməsini basdım. O gecə hamımız dədə evinə yığışmış, altımıza döşəkcə atıb yerdən oturmuşduq. Bu qədər adamın içində maqnitofonun idarəsinin məndə olmasıyla fəxr edirdim. Odun sobasının çatırtısından başqa heç nə eşidilmirdi.

— Hə, dədə, o Əjdər bəylə samovar əhvalatı necə olmuşdu? – kaset əmimin bu sözləri ilə başlayır. Atamgil 100 yaşlı atalarına dədə deyirdi, biz nəvələri də elə deyirdik…

Dədəm təsbehinin dənələri kimi şümal, şirmayı və zərif gülüyşüylə güldü, armudu stəkana süzülmüş pürrəngi qaynar çayından dodaqları yana-yana bur udum alıb ufuldadı, təsbehini bir dəfə çevirib sözə başladı. Bu söhbəti eşitmişdim artıq, hətta bir neçə dəfə. Ancaq bu dəfə kişinin bitib-tükənməyən barıt qoxulu, qorxulu nağıllar qədər adamın içinə işləyən, çəkici, eləcə də insanlıq ətirli, kişilik, mərdlik dolu xatirələrini yazacaqdıq. Elə maqnitofonu da atam bu məqsədlə almışdı. Bilirdim ki, yüz yaşı olsa da, dədəmin heyrətamiz yaddaşı var, hadisələri nəql eləyəndə heç vaxt bir nöqtə-vergül dəyişikliyi olmur, ancaq hər dəfə də o qədər ləzzətlə danışırdı, sanki özü də ilk dəfə dinləyəcəkdi. Əslində eləydi də, bitib-tükənməyən əhvalatlarını unutmasa da, bu söhbəti dəfələrlə danışdığını unudurdu.

— Müharibədən xeyli qabaqdı, camaat acından ot-ələf yeyirdi. Nə qədər uşaq acından ölmüşdü, o bir olan allah bilir. – Dədəmin səsi o aclıq illərindən gəlirdi elə bil, üzündə də o çağların ağrısı, üstəlik o gənclik enerjisi adamda qəribə hislər yaradırdı. – İnanmazsız, bir ovuc una bir qızıl verən vardı, təki, o bir ovucdan umac ovsun, balalarının dilinə çörək adına bir şey dəysin. Camaatın qızılı üzə çıxmışdı, Nikolay onluqları heç nə olmuşdu, ancaq bir ovuc un qəhətə çəkilmişdi. (Bu yerdə Robinzon Kruzonun tapdığı heç nəyə yaramayan pullar yadıma düşürdü).

— Dədə, o toğlu məsələsi necə olmuşdu, onu de, sonra samovarı danışarsan, — əmim yeri gəlmişkən, araya salıb kişidən yaddan çıxmamış başqa bir söhbəti qoparmaq istəyitdi.

Əmimin dediyi əhvalat beləydi. Bir gün dədəmgilin sürüsü qışlaqdan yaylağa qayıdır. Düşüb alaçıqları qururlar, hamı da ac. Bu gün almağa gücümüz çatmayan ət itinə tök, amma bir qaşıq un yox, uşaqlar aclıqdan zarıyır. Kişi çəkib bir toğlunu kəsir, soyur, doğrayır, tökür qazana. Ət bişir, gəlir süfrəyə. Kişi and içirdi ki, elə hərə 2-3 tikə yemişdi ki, başladı yediyini qaytarmağa, ət də tökülüb qaldı, çörəksiz ət nəyə yarar?

— Hə, onda söz verdim ki, nə olur-olsun, yenidən silahı əlimə alıb keçəcəm İrana, Nikolay qızılından verib, undan-taxıldan çatıb gətirəcəm. Bolşavoyun (bolşevik. – P.C.) anası belə-belə olsun, mən haçan bolşavoya bac vermişdim ki?

O üzdə Yunus adlı bir adam vardı, köhnədən al-verimiz olmuşdu, qabaqkı aclıqda da onun vasitəçiliyi ilə dəfələrlə teldən o üzə-bu üzə mal keçirib nəsli aclıqdan qorumuşduq. Hə, 4-5 nəfər də götürüb teli (sərhədi. — P.C.) keçdim. Gecəylə Yunusun evinə yetişdik. Xoş-beş-on beşdən sonra Yunusa niyə gəldiyimi dedim, o da az vaxtda bizim çuvalları buğdayla-unla doldurdu. Səhər alaçatıdan, bəxtimizdən hava da qır dumandı, yola çıxdıq, sən demə, kimsə bizi çuğullayıbmış, pusqu qurub gözləyirmişlər. Bir bölük nizami (zənnimcə, kişi jandarmanı nəzərdə tuturdu. – P.C.) qabağımızı kəsdi, bizi ötürməyə çıxmış Yunusu da, yoldaşlarımı da, yükümüzü də alib bizi zindana saldılar. Az keçmiş, biri gəldi ki, Kərim bəy, çıx, səni Əjdər bəy çağırır. Özümü ta qabaqdan oralarda Kərim bəy kimi tanıtmışdım, çuğulçular adımacan Əjdər bəyə çatdırmışdılar. (Dədəmin əsl adı Zahiddi.)

Əjdər bəy pəhlivan cüssəli, zabitəli adamdı, üzündən dəhşət yağırdı. Əvvəl bir az çığırıb-bağırdı, qaçaqmalçılığa, teli aşdığımıza görə bizi ölüm gözlədiyini dedi, məndən səs çıxmayanda, gördüm yanındakına deyir ki, gör heç kişinin dilindən bir şey çıxır? Yəni gör azad olmaları üçün bir şey vəd edirmi. Bunu eşidəndə dedim, Əjdər bəy, mənə nə istəyirsən elə, ancaq o uşaqları burax getsinlər, o dünyada analarına cavab verə bilmərəm. Dedi, yox, onları yox, ancaq səni buraxacam. Səndən bir şey istəyib buraxacam. Dedim, buyur, bəy. “O sizdə simavar var e, — bəy dedi, — Urusyət simovarı, ondan mənə gətirə bilərsən, ya yox? Dedim gətirərəm. Dedi, kişi, elə arxayın danışma! Şura səninçün nədi ki, onun gözündən yayınıb əlini-qolunu sallaya-sallaya bir o yana, bir bu yana keçəsən? Sərhəd səninçün su yolu deyil ki… “Day orası mənlikdi”, — dedim, kişi acıqlandı, ancaq soruşdu: “Haçana gələrsən?” İki ötər, üçün günü burda olaram, dedim. İnanmadı, ancaq xəbərdarlıq elədi: məni aldatsan, dediyin vaxt gəlib çıxmasan, yoldaşlarının kəlləsi bir-bir gedəcək…

Axşamı teli aşıb kəndə çatdım, səhər tezdən Salyana getdim, bir samovar aldım, elə o axşamı da təzədən teli keçdim, sübh tezdən Əjdər bəyin qapısındaydım. Xəbər elədilər, məni evə çağırdı. Gözləri kəlləsinə çıxmışdı. Onu aldadıb gəlməyəcəyimi düşünürmüş. Dedi, gətirdinmi? “Hə”, — dedim, qırmızı atlasa bükdüyüm samovarı mizin üstünə qoydum, atlası açanda şuxu samovarın üstünə düşdü, nə düşdü! Elə bil samovar bu dəqiqə alışıb-yanacaqdı gözəlliyindən. Bəy hayıl-mayıl oldu, ev əhli də ordaydı, ağızları açıq qalmışdı.

“Hə, — dedi, — sözündə düz adammışsan, dediyimi də gətirdin, dediyin vaxtda da çatdırdın. İndi, bu mərdliyinə görə, məndən elə bir şey istə ki, nə İranda, nə Şurəvidə onun misli-bərabəri olsun!”

Dedim, bəy, səndən ancaq yoldaşlarımı, bir də yükümüzü istəyirəm, başqa heç nə!

Elə bunu demişdim, kişi cin atına mindi, elə bil bəyə güllə vurdular:

— A kişi, mən sənə deyirəm elə bir şey istə ki… Sən isə hansısa on-on beş çuvaldan danışırsan. Bu simovarını da götür, səni də, yoldaşlarını da sənin bu mərdliyinə buraxıram, ancaq bir də səni gözüm görməsin!

Bu vaxt Əjdər bəyin anası ortaya yeridi, dedi: “Oğul, qulaq as, tələsmə. Mənə de görüm, səninçün dünyada o uşaqlarından qiymətli bir şey var?” Bəy “Yox, — dedi, — bütün dünyaya dəyişmərəm onları”. “Hə, — anası dedi, — Kərim bəyçün də öz balaları elə qiymətlidi, gör orda nə qədər uşaq gözünü yollara dikib çörək gözləyir? Ona görə səndən ancaq öz yüklərini istədi kişi. Ta indi özün qərar ver…”

Bəy fikrə getdi, saqqalını qaşıdı, sonra anasına “haqlısan, ana, bağışla”, — dedi…

Dədəm o aclıq illərində bütün kəndi beləcə, nizamiylə, bolşeviklərlə atışa-atışa, bir güllə yarasının yeri sağalmamış yenisi ala-ala saxlamışdı. 120 il ömür sürdü, gedəndə də övladlarına ovuc-ovuc qızıl yerinə qazandığı adı miras qoyub getdi…

***

Bu yazını insanları övladlarının aclığı, göz yaşları ilə sınağa çəkənlərin menyüsü üçün yazdım. Yer fırlanır, gün doğur, ancaq gələn sabahlardan biri kiminsə üzünə açılmır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 361