Muəllif:

Cəzasızlıq sindromu və cavabsız suallar

Müstəqil media olsaydı, Azərbaycanın gün ərzində iki dəfə rəsmən qaranlığa qərq olmasını detalları ilə aydınladar, işıqlığa çıxarardı. Müstəqil ekspertlər, iqtisadçılar, energetiklər bu anormal hadisənin başvermə səbəblərini müzakirə edər, bu məsələyə cavabdeh əlaqədar qurum və şəxsləri fakt qarşısında qoyardılar.

İqtisadçılar soruşa bilərdi ki, “Azərenerji”yə ayrılan vəsaitlər hara gedib? Və yaxud paytaxtda və regionlarda tikilən elektrik stansiyaları nə üçündür? Onu da soruşa bilərlər ki, iyul ayında havaların isti keçməsi elektrik kabellərini necə əridə bilər? Yəni, rəsmi açıqlamalara görə, havaların iyul ayında isti keçməsi belə bir vəziyyətə səbəb olub. Maraqlıdır, iyul ayının isti keçəcəyi günlər öncədən deyilib, xəbərdarlıq olunub. Aidiyyatı qurumlar öz işinə niyə belə səhlənkar yanaşıb?

Hesab edək ki, qəzadır, təbiət hadisəsidir, ola bilər. Bunu da inkar etməyək. Bəs, alternativlər nədir? Belə hallarda nə edəcəklər? Gərək ki, bütün bunları bilmək vətəndaşın hüququdur, çünki dövlətə vergi ödəyir ki, onun bütün ehtiyaclarını ödəsin, qorusun, qayğısına qalsın və s.

Suallarımıza davam edək: Azərbaycanda külək və günəşdən bol alternativ enerji mənbələri almaq kimi imkanlar var. Bununla bağlı hansı işlər görülüb bugünədək?

Belə ki, analoji hadisə 2002-ci ilin yayında da baş verib. Bu hadisədən niyə nəticə  çıxarılmadı? Belə də enerji təhlükəsizliyi olar? Bəs onda neft vəsaitlərindən gələn pulları niyə elektrik güclərinin artırılmasına xərcləmişik? Haradadır milyardlıq elektrik investisiyaları?

Mütəxəssislərin hesablamalarına görə, paytaxt Bakının işıqsız qalması məntiqə uyğun deyil. Çünki, təkcə Abşeron yarımadasında “Azərenerji”nin 1437 MVt gücündə olan elektrik stansiyaları var. Yəni, ümumi Azərbaycan üzrə gücün 46 faizi burada toplanıb. Azərenerjinin balansında 36 elektrik stansiyası var, 8 bloklu elektrik stansiyasının 1 blokunda partlayış olub və ölkə işıqsız qalıb…

Azərbaycanda bu və buna bənzər halların yaşanması və təkrarlanmasının yalnız bir cavabı var — cəzasızlıq sindromu. Bugünədək nə bir nəfər istefa verib, nə vəzifədən kənarlaşdırılıb, nə də cinayət məsuliyyətinə cəlb olunub. Vəzifə səlahiyyətini aşa bilirlər, amma vəzifələrinə məsuliyyətlə yanaşmaq istəmirlər; arxayındılar ki, cəzalanmayacaqlar. Ümumiyyətlə, ölkənin energetika sektoruna cavabdeh olan hansısa məmur xalqın qarşısına çıxıb bir söz demədi.

Oysa, çox yox, üç ay əvvəl  Energetika Nazirliyindən  bildirilib ki, 2017-ci ildə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. “Paytaxtın 90 faizində yeraltı kabelləşmə işinin həyata keçirilməsi və yaradılan dairəvi elektrik enerjisi təchizatı sxemlərinə qoşulması da Bakı şəhərinin enerji təchizatının etibarlılığı və dayanıqlılığına müsbət təsir göstərib”. Və?

İki sutkaya yaxın Bakıda işıq, qaz, su olmadı. İşıqların axşama yaxın ikinci dəfə söndürülməsi zamanı liftdə, metroda qalan vətəndaşların, onların arasında yaşlı, xəstə, hamilə və uşaqların hansı zülmü çəkdiklərini təsəvvür etmək çətin deyil. Hələ xəstəxanalardakı vəziyyətdən xəbərsizik…. televiziyalar göstərmir, qəzetlər, saytlar yazmır, rəsmilər də açıqlama vermir. Konkret, dövlətimiz fövqəladə hallara hazır deyil.

Elon Musk insanları yeni planetə köçürmək haqqında düşünür, biz isə 1981-ci ildə tikilmiş İstilik Elektrik Stansiyasının ümidinə qalmışıq.

Ordu günündə silah-sursatı nümayiş edib, bir az qürrələndik. Yalnız, müharibə təkcə top-tüfənglə olmur. Arxa cəbhədə işlər qaydasında olmursa, ön cəbhədə məğlubiyyət qaçılmazdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125