Muəllif:

Ceviz qurdu

Gecəyarıya yaxın acdığını hiss etdi. İş masasının arxasından qalxıb mətbəxə keçəndə yadına düşdü ki, həkimi axşamlar yeməməyi dönə-dönə tapşırıb. Ayaq saxladı. Ümid edirdi ki, aclıq hissi keçib gedəcək. Amma elə həmin an mədəsi quruldadı – acındandı. Nə qədər etdisə də, bir şey alınmadı – ayaqları özü onu mətbəxə gətirdi. Soyuducunu açıb bir xeyli yeməkdolu tava və qazanlara baxandan sonra udqunub qapısını örtdü. Qərara aldı ki, xörək yeməyəcək, amma əslində gecənin ortasında yoldaşının yuxusuna haram qatmaq istəmədi, xörəyi isitməyə isə ərindi. Tərslikdən aclığı da səngimirdi.

Mətbəxdən çıxıb qonaq otağına keçdi ki, yeməsin, amma… Gözü stolun üstündəki bayramdan qalma xonçaya sataşdı. Nə qədər ləpə, kişmiş vardı yeyilmişdi, bircə cevizdən başqa. Təmizlənmədiyindən hələ bir ovuc vardı. Öz-özünə “əsil mənlikdir”, deyib qozqıranı götürdü. Evin sakitliyini qırılan qozun şaqqıltısı pozdu. Tezcə qabığını təmizləyib ləpəni acgözlüklə ağzına atdı və əlini növbətisinə uzatdı, ancaq bəxtindən sonradan sindırdığı cevizlərin demək olar ki, hamısı çürük çıxdı – ilk baxışdan salamat görünsələr də, üstləri sanki dənəvər tozla örtülmüşdü. Toxunduqda ovxalanıb tökülürdülər. Əlini hirsli-hirsli növbəti cevizə uzadanda qabın dibində sap nazikliyində bir qurd gördu. Həşərat var qüvvəsi ilə sürünür və sanki pis iş tutduğunu bildiyindən gizlənməyə çalışırdı. Əvvəl bir istədi bu murdarı basıb əzsin, amma sonra fikrindən vaz keçdi – yadına bir yaxın dostunun söylədiyi əhvalat düşdü…

Dostu söhbətin şirin yerində birdən qayıdıb soruşmuşdu ki, “Sən heç ceviz qurdu görmüsən?”. Cavabında:“Əşşi, heç hənanın yeridi? Onsuz da hara baxırsan həşərat görürsən də!”,- demişdi. Dostu gülümsəyib şəstlə:”Yox, qardaş, bu həşərat o həşəratlardan deyil. Bunun çox acı aqibəti var”,- söyləyib ceviz qurdunun digərlərindən nə ilə fərqləndiyini izah etmişdi.

Qoz qabığı möhkəm olduğu üçün onu heç bir həşərat dəlib keçə bilmir, ceviz qurdundan başqa. Elə ceviz qurdu da bunu edə bilmir. Qoz qabığı iki yarımkürədən ibarətdir və onun içinə yalnız meyvənin aşağı hissəsindən, yarımkürələrin birləşdiyi yerdən sap nazikliyində qurd keçə bilər. Ceviz qurdu da qozun içinə bax elə həmin yerdən girir və… başlayır yeməyə, özü də böyük acgözlüklə. Yeyir-yeyir-yeyir və şişib dam boyda olur. Daha yeməyə bir şey qalmayanda isə çıxıb getmək istəyir və gedə bilmir, çünki girdiyi yerdən çıxa bilmir. Ha vurnuxursa da bir şey alınmır. Can da, azadlıq da şirin şeydir və bu soxulcan da canını qurtarmaq üçün bircə yol tapır – yediklərini qaytarmaq. Və o, yediklərini qaytarmağa başlayır. Girdiyi deşikdən çıxa bilənədək qusur və ora necə ac və sap nazikliyində girmişdisə də, eləcə də birtəhər çıxır… Cevizin arxasından içəri girir, qarşısına çıxanı basıb yeyir, şişib dam boyda olur və yenə də yediyi burnundan gəlir. Qusa-qusa bayıra çıxır – növbəti içidolu cevizi boş qoz qabığına çevirmək üçün…

Gözünə insan sifətli ceviz qurdları göründü. Tanış sifətlər idi hamısı. Ömürboyu qarşısına çıxan insan cildli həşərat və soxulcanlar. Yumruqlarının nə zaman düyünləndiyini və bayaqdan əzmək istəmədiyi ceviz qurdunu necə əzdiyini son məqamda anladı.

Yuxusunu qarışdırmışdı. Bütün gecə insan sifətli qurd-quş, həşərat-soxulcanla əlləşmiş, sağa-sola hamısının başını əzmişdi, amma sonuncusunun öhdəsindən gələ bilmirdi. Çox şişman idi. Əlini boğazına keçirən kimi qusmağa başlayır, boğazı bir andaca sapa dönür, sürüşüb barmaqlarının arasından çıxır və sürünərək tezcə cevizin içinə girirdi. O, da qozqıranı götürüb həvin cevizi sındırır, şişib dama dönmüş qurdun boğazından yapışırdı. Və eyni səhnə təkrar olunurdu. İnsansifətli qurd yediyini qaytarıb qaçırdı…

Yoldaşı onu oyadanda qan-tər içindəydi.Dərindən nəfəs alıb toxtadı.Yoldaşının təlaşlandığını görüb gülümsündü ki, qız sakitləşsin. Qurd-quşdan sonra doğma üz görmək çox xoş idi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (11 оценок, среднее: 9,64 из 10)
Oxunma sayı: 1765