Bu qayıq da boşdur…
Əvvəllər cahillik, nadanların əməlləri, oğruların doğrulara dərs demələri məni çox əsəbiləşdirirdi. Evimizin yanında, parkın içindəki gölə gedib qayığa minirdim. Uzun müddət avar çəkir, bəzən kiminsə qarasına deyinir, bəzən özümü danlayırdım:«acıqlı başda ağıl olmaz», — deyirdim. Bir dəfə yazın axırı yenə işdən hirsli qayıdıb özümü gölə vermişdim. Ancaq ağır düşüncələr onsuz da tarıma çəkilmiş sinirlərimi boşalmağa qoymurdu. Axır bütün fikirləri beynimdən atdım, avarları buraxıb gözlərimi yumdum. Yavaş-yavaş təbiətin bayaqdan qulağıma girməyən səslərini – hətta sahildə quşların cəhcəhini, yarpaqların pıçıltısını eşitməyə başladım. Ruhum dincələn anda qəflətən zərbə hiss etdim: kiminsə təknəsi mənim qayığıma dəymişdi və dünyanı unutmaq, ətraf aləmlə harmoniya yaratmaq cəhdimi pozmuşdu. Ah, necə qəzəbləndim!!! İstədim günün bütün acığını bu qayıqçıdan çıxım. Amma gözlərimi açanda qarşımda ipdən qopub sahildən aralanmış boş təknə gördüm. Hirsimi üstünə tökməyə adam tapmadım. Birdən-birə tamam boşaldım, təzədən gözlərimi yumdum.
Həmin boş qayıq mənim müəllimim oldu. O vaxtdan həyatda bir nadan məni əsəbiləşdirəndə sadəcə öz-özümə deyirəm:«Bu qayıq da boşdur».
***
Dünən bir saytdan zəng gəldi.
— Filankəsin məqaləsini oxumusunuz?
— Allah sən saxla! Mənim o cür mənasız işə vaxtım hardandır?
— Axı sizdən yazır?
— Təzə yazır, yoxsa köhnə məqaləsi əlinizə keçib?
— Yox, əlbəttə, təzə. Təptəzə.
— Yenə qələmə sarılıb? Bəs, eşitmişdim, gül kimi iş tapıb özünə, şərab satır… Yaxşı, məndən nə istəyir?
— Keçmiş və indiki fəaliyyətinizi tənqid edir.
— Niyə? Malı zay çıxıb, qanının qara vaxtı yadına düşmüşəm, yoxsa kiminsə sifarişidir? Yəni, soruşuram ki, məni tənqid etməklə kifayətlənir, yoxsa böyründə də bir başqasını tərifləyir?
— Hə, tərifləyir, qızğın müdafiə edir. Münasibətinizi bilmək istəyirdik.
— Bilirsiniz, o dediyiniz adamın tənqidi boş şeydir, ancaq Allah heç kimi belələrinin müdafiəsinə möhtac qoymasın.