BU ÖLKƏDƏ DOST QATİLİ OLMAQ…
— Daha dözə bilmirəm. Maşınımı, krediti hələ tam bitməmiş evimi, bütün əşyalarımı, mebelimi, nəyim varsa hamısını satıb gedirəm, baş götürüb qaçıram bu ölkədən. Gəl, sən də daşı ətəyindən tök, birgə gedək!
— …
— Biz bir gün görmədik, barı uşaqlarımız görsün, insan kimi yaşamağın nə olduğunu bilsin, bilsin ki, dünyaya niyə gəlib! Niyə? Ona görə gəlib ki, bu dünyada adam kimi yaşayıb, həyatdan zövq alsın, ömür başa çatanda da, gözü arxada qalmadan çıxıb getsin. Hə, nə deyirsən?
— …
— Bəs burda? Burda nə görəcək? Bağçadan başlayıb ta ölənəcən rüşvət, talan, haqsızlıq, ədalətsizlik, yerlibazlıq, vicdansızlıq, torbatikənlik, belə oğraşlıq, əclaflıq. Şərəfi, namusu bir qəpiyə dəyməyənlərin, kişiliyin nə olduğunu bilməyənlərin yağ-qaymaq içində yaşadığını, ancaq canını el yolunda, düzgünlük yolunda qoyanların, adını dünyanın bütün səfasından, var-dövlətindən üstün tutanların səfil gündə yaşadığını görəcək. Bundan nə dərs götürəcək, nə ibrət alacaq? Əlbəttə, düşünəcək, mən də kişi olsam — o kişilər kimi, qadın olsam — o qadınlar kimi olmalıyam ki, sabah öz övladımın üzünə o cür çarəsizcə baxmayım. Bəli, o uşaq nə görür? Görür ki, şərəfini heç nəyə satmayan atası onun arzularının, istəklərinin mində birini onunçün edə bilməyəndə necə məlul-məlul baxır onun üzünə! Necə günahkar kimi baxır! Atanın günahı da nəymiş? Əlbəttə, əyilməməsi, rüşvət almaması, qrant almağın yollarını bilməməsi, yaltaqlana bilməməsi, gördüyü işi hər saniyə patronunun gözünə soxub özünü vacib, çalışqan adam kimi göstərə bilməməsi. Heç kimə torba tikə bilməməsi, heç kimdən donos yaza bilməməsi! Həqiqi sözü yalan sözün ayağına verə bilməməsi. Həqiqi sözə xəyanət edə bilməməsi. Bilməməsi, bilməməsi. Kəsəsi, Vahid demiş, qəhbəyə, oğraşa möhtac olub evə o ağuya dönmüş ruzunu, neməti, övladının arzu-istəklərini gətirə bilməməsi. Övladına təhsili qətlə yetirilmiş ölkədə hazırlıq üçün bahalı müəllimlər tuta bilməməsi və nəhayət onu kor qoyması, indidən sabahının üstündən xətt çəkməsi…
— …
— Əl çək bu inadından, necə yəni “mən bu ölkədən kənarda yaşaya bilmərəm?” Məgər sən bu ölkədə yaşaya bilirsən? Məgər sən yaşayırsan? Neçə vaxtdı işsizsən, gör indiyə kimi kimsə nəsə bir iş təklif edib? Yox! Etməyəcəklər də. Onlar el birliyiylə bir yerə yığışıb, bizim ölüm fərmanımızı veriblər, bizi öldürməyənə, axırımıza çıxmayana kimi ürəkləri soyumayacaq. Bir-birini xəbərdar ediblər: onlardan uzaq qaçın, yaxına buraxmayın. Hələ bu cəhənnəm. Bəlkə də hansısa biri vicdanına məğlub olub andı pozardı, ama bax, onların da çörəklərini o dərəcədə kəsiblər ki, indi onları hansısa imza yox, aldıqları ənamdan özlərinə daha çox saxlaya bilmək maraqlandırır. Pah, sənin qələminçün ölürlər elə indi, oturub deyirlər, bəy nə vaxt bizə yazacaq. Deməyəcəklər, arxayın ol. Gəl, gedək, gedək, özümüz də, uşaqlarımız da bir gün görsün.
— …
— Bax, hanı bizim o keçmiş dostlarımız? Əyninə kəfən geyib hökumətə meydan oxuyan qardaşlarımız? Səndən soruşuram: hanı? Əlbəttə, dünyanın dörd bir küncündə. Avropanın verdiyi müftə aylıqlarla dolanıb həm qəhrəman cildində qalırlar, həm də bəxtəvərlik içində yaşayırlar. Sənə indiki təmtəraqlı həyatlarından, keflərindən şəkillər atırlar? Xoşuna gəlirmi? Sən isə hər bahalaşmadan sonra bir yeni ucuz siqaret axtarırsan ki, dərdinin ciyərini çürüdəsən. A kişi, gör nə gündəsən! İndi çəkdiyin o ucuz siqareti itə versən, it gəbərib ölər…
— …
— Hə, hiss eləyirəm, yadına saldım, birini də yandırdın. Nəyə ümid edirsən? Media qalıb? O gün bir köhnə jurnalist dostumuzla söhbətləşdik.
— …
— Hə, onunla… Bilirsən, pula pul demir. Dedim, indi mediada ən doğru xəbər yadplanetlilər haqda gedən xəbərlərdi, sən nədən danışırsan? Uçan boşqab, Marsda, Ayda qurulan yadplanetli bazaları və s. Ciddi deyirdim. Təsdiq elədi. Ama neynəsin? Neynəyə billəm mən, deyir. Övladlarım var. Yaxşı, bizim övladımız yoxdu? Biz bu dünyadan deyilik? Biz də onlar kimi 90 faizi su olmayan normal pivə, normal araq içmək istəyirik, daha qara ciyərimizi çürüdənlərdən yox! İçə bilirikmi? Yox! Hər ay birimiz gəbərib ölürük. Ölürük, rahat olsunlar, and içiblər, demək, axırımıza çıxacaqlar. Ancaq nə qazanacaqlar, onu başa düşmürəm.
— …
— Noolar, razı ol, çıxaq gedək. Hələ bəlkə bundan sonra 5-10 il ömrümüz qalıb. Vallah, gedək, oralarda polisə təslim olaq, o ərəblərin it gününə saldıqları qaçqın çadırlarında yaşamaq, gözləmək, iztirabların bir perspektivinin olduğunu düşünərək yaşamaq burda öz evimizdə, öz elimizdə, öz torpağımızda yaşamaqdan yaxşıdı. Orada heç olmasa sabaha ümid var, bəs burada nə var, ay mazoxist? Tərslik eləmə, mənim də ömrümü məhv etmə, axı bilirsən, sən getməsən, mən də addım atan deyiləm. Barı övladıma yazığın gəlsin…
— Sən get…
***
“Sən get” dediyim adam hamınızın yaxşı tanıdığı, ölkənin üç-beş sanballı jurnalistindən biridi. İndi başqa imzalarla gah o sayta, gah bu sayta mənasız tərcümələr, absurd məqalələr yazır, gülməli açıqlamalar alır. Hara da əl atsa, bir ay sonra bağlanır. Dərdlərim az idi, bir də həyatda ən yaxın, can bir-qəlb dost olduğum üç adamdan birinin bütün ailəsinin qatili olmağımın da dərdini çəkməliyəm. Mənə bu da azdır yəqin…
Yeni dərd iliniz qutlu olsun!..