Muəllif:

BÖYÜDÜKCƏ KİÇİLƏN PUTİN…

Yenicə başladığımız ilin daha hansı siyasi hadisələrlə yaddaşlarda qalacağını indidən təxmin etmək asan olmasa da ən azı bir məsələdə mübahisəli məqamlar yoxdur: bu il, sözün əsl mənasında, “seçki paradı” olmağı vəd edir.
Birdən–birə dörd postsovet ölkəsində — Rusiya, Ukrayna, Azərbaycan və Ermənistanda prezident seçkiləri gözlənir. Amma nə qədər təəccüblü olsa da, bu dörd ölkədə baş tutacaq prezident seçkisi adi və yaxud da orta statistik bir demokratik ölkədəki seçki qədər suallar doğurmur, məchulluqlar və qeyri-müəyyənliklər vəd etmir.
Yalnız Ukraynadakı prezident seçkilərində hansısa ciddi sürprizlər yaşana bilər və indidən güman etmək olar ki, bütün hallarda, buradakı proses heç də rəvan keçməyəcək.

Bir də Ermənistandakı seçkilər fors–major situasiyalarla yadda qala bilər. O, da yalnız və yalnız ona görə ki, ölkəni hərbi-siyasi klanlar idarə edir və demokratik müxalifət olmasa da, məhz bu qüvvələr aralarında yaranmış siyasi anlaşılmazlıqlar və hakimiyyət çəkişmələrilə bu və digər dərəcədə “sistemdənkənar” proseslərə təkan verə bilərlər.

Amma biz bu dörd ölkədəki seçkilərdən yalnız birinin üzərində dayanmaq və Rusiyada baş tutacaq prezident seçkilərindən yazmaq istəyirik. Hərçənd ki, özündə də prezident seçkisi keçiriləcək bir ölkənin vətəndaşı kimi bizim başqa bir ölkədə — Rusiyada keçiriləcək seçkiyə daha çox diqqət ayırmağımız əslində təəccüblü görünməlidir.
Düzdür, belə marağı əsaslandıran məqamlar da var. Demək olardı ki, Rusiya tamam başqa haldır, böyük və ətrafına da həlledici dərəcədə təsir etmək iqtidarında olan ölkədir, hətta deyərdik ki, qonşuluğundakı kiçik ölkələr üçün lap Allahın yaratdığı bəladır.

Bu kiçik ölkələrin bəzisinin coğrafi mövqeyi müəyyən geosiyasi dividendlər gətirsə də, təkcə bir amil – Rusiya ilə qonşuluq onlara həm də böyük problemlər yaşadır, çünki hələ də Kremlin siyasi iddialarının və ya təhdidlərinin dəyişməz ünvanı olaraq qalırlar.

Sadaladığımız bütün bu arqumentlər sözsüz ki, məntiqsiz deyildir. Amma o da var ki, bu böyük ölkədə də növbəti prezident seçkisilə bağlı hər hansı sual və yaxud da qeyri-müəyyənlik, hətta insan zəkasının uzaq üfüqlərində, belə görünmür. İnanmazsınız, adamın ağlına fantastik siyasi süjetin mövzusu ola biləcək fikirlər gəlir: məsələn, düşünürsən ki, görən, ABŞ xüsusi xidmət idarələri ötən seçkilərin əvəzini Rusiyadan hansısa bir formada çıxmağı planlaşdırmır ki?..

Təbii, Rusiya gerçəkliyində kompüterlərə müdaxilə edib səsləri dəyişmək kimi nömrələr keçməz, çünki bu ölkələr belə problemləri həll etməyin yollarını on illərdir ki, tapıblar,- buralarda Stalin demişkən, “səs vermək” xalqın, səsləri saymaq, paylaşdırmaq, elan etməksə hökumətin işidir.

Sadəcə, başqa, “qeyri-elektron müdaxilələr” ola bilər, məsələn, amerikalıların dəstəyilə müxalifətin gücü bir az artırıla bilər ki, bu, da etiraz formasında təzahür edər və sayın Putinin başını bir az ağrıdar…
Amma Putin də bütün əvvəlki Rusiya rəhbərləri kimi bunları nəzərə alıbdır və bizi də bu yazını yazmağa məhz bu amil vadar etdi,- istədik, qüdrətli, artıq özünü “ümummilli lider” sayan Putinin əslində necə bir qorxaq və həm də eqoist siyasətçi olduğunu göstərək.

Hal-hazırda müxalifət düşərgəsində az-çox diqqət çəkən adam A.Navalnıdır və elə ötən ilin ən son günlərində məlum oldu ki, seçki komissiyası artıq onun namizədliyini rədd edib.

Ötən il sonuncu böyük mətbuat konfransında A.Navalnının adının çəkilməsinin belə V.Putini necə haldan çıxardığını yada salsaq, bunun bir izahl var: Rusiya prezidenti artıq bu adamdan ehtiyat edir. O mənada yox ki, A.Navalnı məhz bu seçkilərdə onun üçün böyük və real təhlükədir, hətta belə olmasa da, Putin çox yaxşı anlayır ki, onu böyük siyasətə buraxmaq olmaz.

Ona görə ki, Navalnı indi məhz onun özü üçün dəhşətli problem olmasa da, sabahın, ən azı növbəti seçkilərin çox böyük bir probleminə çevrilə bilər, çünki Putin artıq özünü “ümummilli lider” saysa da, bütün hallarda, müəyyən bir siyasi düşərgəni təmsil edir və kimsə bizi qəti inandıra bilməz ki, hörmətli Vladimir Vladimiroviç daha bir “tandemokratiya” etməyəcək, axı ona qocalığını da rahat başa vurmaq lazımdır…

Problem bundadır. A.Navalnı kimilər təhlükədir və bu seçki üçün, Putinin özü üçün olmasa da, onun düşərgəsi və bir də rahat qocalıqla bağlı planları üçün təhlükədir. Ona görə də Putin belələrindən qorxur.
Üstəlik, Navalnı kimilər meydanlardan gələn, əsl ictimai-publik siyasətçilərdir və siyasətə də təhlükəsizlik xidmətlərinin dəhlizlərindən “transfer” olunmayıblar.

Putin hətta özü də belələrindən çəkinir, çünki natiq deyil, polemist deyil, yüksək bir intellektual qabiliyyəti yoxdur, hətta “siyasi obrazı” da prezident seçilənə qədər deyil, əksinə seçiləndən sonralar yaradılmağa başlayıb, çox güman, “idmançı prezident obrazı”nı indi də çoxu unutmayıb, ən azı ona görə ki, həmin çarx indi də fırladılır. Bəli, Göbbels demiş, ağ yalan da təkrar-təkrar səslənəndən sonra inandırıcı olur, xüsusən də tamamilə rəqabətsiz və “bircə aktyorun teatrı”na bənzəyən Rusiya siyasətində…

Bəli, ilk dövrlərdə, “Putin obrazı” yaratmaq üçün nələr etmirdilər! Bir detal deyəcəm. Guya, bunun “intellektual göstəriciləri”ni gözə soxmağa çalışırlar. Bəli, Putin bir doktorluq dissertasiyasının müdafiəsində peyda olur. Dissertasiya da bilavasitə hərblə, dəniz qüvvələrilə bağlı idi. Görün, o, dissertantdan, bəli, hərb elmləri üzrə doktor olmağa hazırlaşandan nə soruşur:“Gəmilər kimin hüquqi ərazisidir?”…

Putinin “siyasi trayektoriyası” hamıya yetərincə bəllidir. Bəlkə də inandırıcı görünməyəcək, amma biz onun hakimiyyətə necə gələcəyini irəlicədən proqnozlaşdırmışdıq. O vaxt bir fond üçün aylıq siyasi təhlillər yazırdıq. Belə analizlərin birində qeyd etmişidik ki, çox yaxın bir vaxtda B.Yeltsin istefa verəcək və onun səlahiyyətlərini icra edən Putin növbəti prezident olacaq. Onda bizim bu sözlərimiz böyük mübahisələrə səbəb oldu, hamı deyirdi ki, Yeltsin də istefa verərmi?..

Amma qısa müddətdən sonra deyilən kimi də oldu, Dağıstanda və Çeçenistanda müəyyən irəliləyişə nail olan baş nazir V.Putin həqiqətən də bir az keçəndən sonra prezident oldu.

Bəs bizi bu fikirlərə nə təhrik etmişdi? Sadəcə, aydın idi ki, Rusiyanın “siyasi landşaft”ında başqa cür ola da bilməz və Putin də məhz bu yolla hakimiyyətə gəlməlidir, çünki belə ölkələrdə seçkiləri adətən artıq hakimiyyətdə olanlar “udurlar”. Üstəlik, ola bilsin ki, V.Putin özünü o vaxt yüksək çinli məmur kimi təsdiq etmişdi, amma əvvəldə dediyimiz kimi, hələ publik, geniş elektoral auditoriyaya yaxşı tanış olan siyasətçi deyildi.
Böyük ehtimalla Putin özü də bu ssenarini unutmayıb. Yeltsin vaxtilə onu hakimiyyətə gətirərək özü üçün necə hüquqi və fiziki rahatlıq təmin etmişdisə, altı ildən sonra V.Putin də belə edəcəkdir, çünki o da ömrünü rahat başa vurmaq istəyir.

O ki qaldı bu adamın “hakimiyyət spesifikası”na, nələrə nail olduğuna, lap öncə onu deyək ki, “Rusiya demokratiyası” göz önündədir – hələki tamam “institusional avtoritarizm” şəklinə düşməsə də burada da ən azı “xarizmatik avtoritarizm” hökm sürür, bura da məhdud siyasi azadlıqlar olan ölkədir; nə mediaya, nə qeyri–hökumət ictimai sektoruna, nə də ki, siyasi müxalifətə meydan verilir…

Putinin iqtisadi siyasəti də eynilə əksər post-sovet ölkələrindəki kimi resurs, ən birinci də, qaz və neft üzərində qurulub,- bu mənada Rusiya yenə də özünün “kiçik qardaşlar”ı üçün “böyük nümunə”dir.

Son illərdə azca hərbi-sənaye kompleksində tərpəniş var, bu, da onun nəticəsidir ki, sovetin vaxtında bura çox böyük diqqət yetirilirdi və həm də Rusiyanın dünyanın silah bazarında qalmasının daha bir səbəbi vardır: başqa ölkələr heç də hamıya silah satmır, silah bazarı bir az siyasi bazardır, bunlarsa hamıya satır – “izqoy” rejimlərə, biri-birilə müharibə aparan ölkələrin hər birinə və s. və i…

Bu adam dördüncü dəfə prezident olacaq. Özü haqqında danışanlar çoxdur və bu, da təəccüblü deyildir. Bütün avtoritar liderlər xalqlarından və ölkələrindən daha “məşhur” olurlar.

Amma bir baxın, bircə adamın da ağlına gəlmir ki, məsələn, “Rusiya iqtisadi möcüzəsi” haqqında yazsın, çünki belə şey qəti yoxdur, əvəzində isə yaxın üfüqlərində ikinci “perestroykanın mayakı” görünən ölkə var…
Halbuki başqa ölkələrdə başqa siyasətçilər çox qısaca müddətlərdə buna nail ola biliblər. Bu konteksdə yetərincə misallar da gətirmək olar və onu da yada salmaq olar ki, qısa zamanda T. Özal Türkiyə kimi ölkənin iqtisadi siyasətini elə istiqamətləndirdi ki, hamı cıddi bir şəkildə “Türkiyə möcüzəsi”ndən danışmağa başladı.
Bir daha deyirik ki, Putindən və Rusiyadan da danışan az deyil. Amma hamı “Putin avtoritarizmi”ndən və bir də çoxmənalı “Putin Rusiyası”ndan danışır. Demokratik və yüksək iqtisadi inkişaf templəri yaşayan Rusiya isə yoxdur. Əvəzindəsə, bir daha deyirik ki, yenidən çox böyük geosiyasi iddialara düşən və elə həmin o iddiların da çox da uzaq olmayan gələcəkdə ikinci “perestroyka” vəd etdiyi ölkə vardır ki, artıq onun adı da modifikasiya edilərək “Putin Rusiyası” çağırılır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 218