Muəllif:

Biz liliputlara necə çevrildik?..

Yəqin çox ünlü bir insan — C.Svift “liliput” sözünü ədəbi-ictimai dövriyyəyə daxil edəndə heç özü də güman etmirdi ki, bu sözün onlarla başqa mənaları da yaranacaq; insanlar ona yeni-yeni çalarlar verəcək və söz təkcə adi fiziki məziyyəti ehtiva etməyəcək özündə, yeni mənalar da daşıyacaq.

Amma gəl, mənim işim bununla deyil. Bu günlərdə internetdə “eşələnəndə” oxudum ki, Dünyada vur-tut 800 liliput var! Heç özüm də bilmədim ki, “Doğrudanmı bu qədər azdır?” sualı necə gəlib keçdi beynimdən…

Nədənsə şəxsən mən həmişə düşünürdüm ki, liliputlar daha çoxdur və yaxud da ki, daha çox olmalıdır. Bəlkə də ona görə ki, çoxları kimi mən də bu sözün tək hərfi-fiziki mənasını götürmürəm, ona həm də ictimai–siyasi məzmun verirəm.

Düzdür, dilimizdə “liliput” sözündən savayı bir “cırtdan” kəlməsi də var ki, başqa dillərdə də onun analoqlarına gen bol təsadüf olunur.

Həm də cırtdanların öyünmək üçün xeyli əsasları var, onlar liliput deyillər və hətta belələrinin bəzisinə liliputlara yuxarıdan aşağı baxmaq kimi böyük bir səadət də nəsib olub, çünki liliputlara baxanda çırtdanlar əməlli-başlı qədd-qamət sahibidirlər.

Düzdür, dövlətlərdən və yaxud ölkələrdən söhbət düşəndə bunların ən kiçiklərini işarələmək üçün “liliput” sözündən yox, “cırtdan” kəlməsindən istifadə edirlər ki, güman belə bir sinonimləşmə cırtdanların qətiyyən ürəyindən deyil. Amma nə etmək olar? İnsanların bu və ya digər qaydada hərəkət etməsinin bir çox hallarada ciddi məntiqi əsası olmur. “Niyə belədir?” sualının əksər hallarda bir cavabı olur: “Belə qəbul olunubdur!”…

Bilirəm, çoxunuz fikirləşəcək ki, görən, bu adam iki sözün ucundan tutub niyə bu qədər ucuzluğa gedir? Haqlısınız. Liliput və yaxud cırtdan, hər halda, bu iki söz məni təsadüfən cəzb etmədi özünə.

Biz cırtdan xalq deyilik; türklüyümüzü bir tərəfə qoyuram, hətta azərbaycanlılığımızı götürəndə Dünyanın minlərlə xalqından böyükük.

Heç cırtdan ölkə də deyilik. Sovetin vaxtında bir kitab almışdım. Adı “Cırtdan dövlətlər” idi.

O vaxt Azərbaycan hətta kiçik olsaydı belə adı bu kitaba düşməzdi, çünki onda sovetlərin tərkibində idik, ayrıca dövlət deyildik. Amma mən əlüstü Azərbaycanın ərazisini həmin cırtdan ölkələrlə müqayisə etdim və gördüm ki, demə bizim də qürrələnmək üçün əsasımız var.

O səbəbdən ki, həmin cırtdan dövlətlər arasında biz nəhəng kimi, lap Gulliver lələ liliputlar arasında olduğu kimi görünürdük. Onda bəs axı problem nədədir? Cırtdan deyilik və liliput da adlandırmaq olmaz bizi! Bəs onda dəxi nə məsələdir bu?

Mənə bəzən elə gəlir ki, cırtdan dövlət, ölkə və ya xalq olmasaq da bir çoxu kimi biz də cırtdan cəmiyyətlərik. Ona görə ki, başqa xalqların və ya millətlərin gözü ilə baxanda adidən də adi kəslərin bizim gözümüzdə nəhənglər kimi görünməsi üçün bizi cırtdan və yaxud da liliput cəmiyyət halına gətiriblər, kiçildib liliputlara çeviriblər.

Odur ki, on illərdir ki, adilərin adiləri bizim gözümüzə nəhənglər kimi görünür. On illərdir ki, miqyasca xeyli kiçilmişik. Özü də bütün mənalarda. Gulliverin liliputları sadəcə boyca kiçik idilər, aqressiyyada və yaxud başqa cəhətdə onlar nəhənglərdən elə də fərqlənmirdilər.

Amma bizi təkcə boy-buxunca deyil, elə intellekt və ürəkcə də əsl liliputlara çeviriblər – beynimiz də kiçildilib, ürəklərimiz də. Hamısı da ona görə ki, kimlərsə gözümüzə fiziki, intellektual və mənəvi nəhənglər kimi görünsün və biz gecəbəgündüz sadəcə, mövcud olduğumuza görə də həmin insanlara dua–səna edək, Allaha yalvaraq ki, onların nəhəng kölgəsini üstlərimizdən əskik eləməsin, yoxsa nəhənglərin dünyasında biz liliputlar nə edərik?..

Yox, biz belə doğulmamışıq, belə yaranmamışdıq. Anadan sünnət olunmuş kimi doğulmadığımız kimi Dünyaya liliput cəmiyyət kimi də gəlməmişik, bizim başımıza bu müsibəti sonradan gətiriblər ki, adilər gözlərimizə nəhənglər kimi görünsün ki, biz bir “cəmiyyət” və “dövlət” olaraq mövcud ola bilək.

Beləcə, həndəsədə fiqurları böyüdüb-kiçildən kimi on illər ərzində bizi də budadılar, kiçiltdilər ki, bizdən heç də böyük olmayanlar bizi rahatca idarə edə bilsinlər. Biz də bununla – qayçılanmaqla razılaşdıq, dönüb bir də gördük ki, liliput cəmiyyətik.

Arabir ötəri də olsa, kimliyimizi xatırlayanda, ani olaraq “Biz belə deyilik! Bizim daha cəsarətlilərimiz, daha ağıllılarımız, daha savadlı və bacarıqlılarımız var!” deyəndə dərhal qayçını göstərirlər və bizlər də kirimişcə otururuq yerimizdə, çünki daha kəsilməli, budanmalı və hətta axtalanmalı şeyimiz qalmayıb, hamısını əldən vermişik…

İndi bildinizmi bu “liliput” kəlməsi haradan ağlıma gəldi? Hərçənd ki, bir daha ərz edirəm ki, C.Sviftin liliputları yalnız boyca xırda idilər, qalan şeylər, xüsusən də hikkə, əda və ya aqressiya onlarda yetərincə idi. Biz isə elə budanmışıq ki…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 7,50 из 10)
Oxunma sayı: 239