Muəllif:

BİZ HƏR DƏFƏ AVROPALI OLMAQ İSTƏYƏNDƏ…

Bəli, ya insafsız-mürvətsiz cinlər-əcinnələr-cadugərlər şəhri-Parisi dağıdır, ya da ki, özümüz elə bir hoqqa çıxarırıq ki, nəticədə Şahbazımız Parisə gedə bilmir ki, bilmir…

Bilirəm, soruşacaqsınız ki, birdən-birə bu Avropa söhbəti haradan yadımıza düşdü? Məsələ bundadır ki, həftə elə tarixə təsadüf olundu ki, çətin ki, başı daim “başqa vacib işlər”ə qarışan azərbaycanlılarımız onun fərqində olsunlar — 17 il əvvəl yanvarın 25-də Azərbaycan Avropa Şurasının (AŞ) tam hüquqlu üzvü olmuşdu.

Biz azərbaycanlılar ironiya etməyi, lağa qoymağı sevirik. Bəlkə də bu səbəbdəndir ki, indiyədək iqtidarlı-müxalifətli, şirvanlı–muğanlı, aranlı-dağlı həmvətənlərimizin Avropanın bu mühüm siyasi institutu haqqında ciddi danışmasının və yaxud da razılıq etməsinin şahidi olmamışıq. Halbuki xeyli məsələlər var ki, yalnız AŞ-na üzv olmağımızın və onunla əməkdaşlıq etməyimizin sayəsində mümkün olubdur.

Belə siyahıya öncə onu əlavə etmək lazımdır ki, məhz bu təşkilata üzv olandan sonra azərbaycanlılar əlavə hüquqi təminat, özü də institusional təminatlar qazandılar.

Üstəlik, milli qanunvericilikdə xeyli dəyişikliklər oldu və hüquqi aktlarımız Avropa və dünya standartlarına, vacib beynəlxalq sənədlərə uyğunlaşdırıldı (buna hüquqçular yerli və beynəlxalq qanunvericiliyin inkorporasiyası da deyirlər).

Hərçənd ki, sonra yenidən əks proseslər, “milliləşmə”, daha doğrusu, əyalətləşmə vüsət aldı – ölkəyə böyük neft pulları daxil olmağa başlayandan hakimiyyətimizin maliyyə müstəqilliyi artdı və onlar zaman geçdikcə AŞ-nı da, digər isntitutları da eşitməməyə və qanunları özlərinə sərf edən səmtdə yenidən dəyişməyə başladılar.

Bunun nəticəsidir ki, 2018-ci ili hakimiyyətimiz AŞ ilə ciddi problemlərlə qarşılayır və istisna deyil ki, Şuranın bir sıra məhbuslarla bağlı tələbləri yerinə yetirilməzsə, aprel sessiyasında Azərbaycanla bağlı məsələ qaldırılacaq.

Ümid edirik ki, o vaxta qədər rasional məntiq üstün gələcək və Azərbaycanın Şuradan uzaqlaşdırılması haqqında artıq səslənməkdə olan tələbləri ciddi şəkildə müzakirə etməyə ehtiyac qalmayacaqdır.

Bəziləri deyir ki, Rusiya və Türkiyə kimi böyük dövlətlərin də AŞ ilə ciddi problemləri var. Düzdür, amma bizə onlarla, xüsusən də Rusiya ilə bu müstəvidə “yarışmağa” ehtiyac yoxdur.

Rusiya çox böyük bir dövlətdir və böyük də ambisiyaları var, o, heç NATO ilə hesablaşmır, ondan qala, AŞ ola! Gəl, onun da siyasətinin perspektivinə şübhə edirik — ulu Tanrıdan diləyimiz budur ki, bu ölkənin ikinci “perestroyka”sını da görməyi bizə qismət eləsin…

Azərbaycana gəldikdə isə, düzdür, bizim elə nazirlərimiz və məmurlarımız var ki, varda-sərvətdə hətta Tramp kimi varlı-karlı siyasətçilərə “doqquz” gələrlər, amma dövlət olaraq Azərbaycan hələ çox gəncdir və “geosiyasi əzələləri” də bərkiməyib.

Nazirlərimizin və məmurlarımızın fironluq etməsinin bir səbəbi də budur – dövlətimiz və cəmiyyətimiz o qədər zəifdir ki, məmurlar heç bir əziyyət çəkmədən, ciddi maneə görmədən onun ayrı-ayrı strukturlarını özlərinin “şirkət”lərinə çevirə bilirlər.

Belə vəziyyət həm də siyasi təkəbbür yaradır, qeyri–məhdud hakimiyyət məmur zümrəsini o qədər korlayır ki, beynəlxalq qurumlarla, hətta ölkələrlə də bu tərzdə — öz cəmiyyətlərilə davrandıqları kimi davranmağa başlayır və ölçü hissini tamam-kamal itirirlər…

Üstəlik, Avropa Şurası mühüm siyasi tribunadır. Bu günlərdə Ermənistan prezidenti S.Sarkisyan da orada çıxış etdi, deməli ermənilər təşkilatın necə önəmli olmasının fərqindədirlər.

Yeri gəlmiş, bir məsələni də deyək. Avropa Xalq Partiyası deyilən mühüm siyasi təşkilat var ki, qitənin siyasi palitrasında önəmli yer tutur. Ermənistandan bir neçə təşkilat, ö cümlədən hakim Respublika Partiyası onun üzvüdü. Azərbaycandansa heç bir siyasi təşkilat bu qurumda təmsil olunmayıb…

Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, ötən ilin son aylarında Ermənistan min bir oyundan çıxaraq Avropa Birliyilə də saziş imzaladı. Buna da çox lağ etdik, gah erməniləri Rusiyaya xəyanət etməkdə, gah da xam xəyallara qapılmaqda qınadıq, amma bir məsələ vardı ki, onun üstündən mənalı — mənalı, sükutla keçdik: qardaşlar, bir Belarus qalıb və bir də biz…

Bəli, Şərq Tərəfdaşlığı ölkələrindən Avropa Birliyi ilə saziş imzalamayan ikicə ölkə qalıb: Azərbaycan və Belarus. Hərçənd, həmişə deyirdik və indi də iddia edirik ki, guya Ermənistandan daha müstəqilik! Orta statistik Məmmədimiz də torpağının 20 faizi ermənilərin əlində olsa da, özünə bununla təskinlik verir, Aşotdan və ya Mkrtçdan fərqli olaraq daha müstəqil ölkədə yaşadığını düşünürdü…

Dərinə varanda görürsən ki, müstəqilliyimiz də daha çox maliyyə — iqtisadi xarakterlidir: Azərbaycanın nə Rusiyanın, nə də başqa ölkənin maliyyə yardımına ehtiyacı yoxdur, amma biz də Rusiyanın geosiyasi direktivlərini, yasaq və tabularını eyni bir həssaslıqla nəzərə alırıq və heç vaxt onları aşmırıq.

Ermənistan Rusiya ilə yaxınlığının və Kremlin maraqlarını gözləməsinin müqabilində ən azı Dağlıq Qarabağda üstünlük qazanıb. Biz Rusiyaya qarşı sədaqətimizin sayəsində nə qazanmışıq – bax, bunu qəti təxmin edə bilmirik. Gürcüstan, Ukrayna və Moldova ilk təşəbbüsdə Avropa Birliyilə assosiasiya sazişi imzaladı. Deyirlər ki, Gürcüstan buna görə iki bölgəsini, Ukrayna Krımı itirdi! Olsun. Amma biz də həmin sazişi imzalamamaqla bir şey qazanmadıq ki, bu gün kimsə desin ki, bax, Bakı daha ağıllı tərpəndi və bunları qazandı!..

Hətta Gürcüstanın və eləcə də Ukraynanın müəyyən qazancı oldu – dünya ölkələri onların ərazi bütövlüyünə münasibətdə daha birmənalı mövqe tutub ki, bunu Azərbaycanla bağlı demək olmur. Bu, azmış kimi, Kremlin də ürəyinə yol tapa bilmədik…

Eyni iradları İrana yönəlik siyasətimizin də kontekstində demək mümkündür – biz İrandan Dağlıq Qarabağla bağlı daha konkret siyasət tələb edə bilərdik, amma burada da ifrat dərəcədə ehtiyatla davranırıq ki, birdən, amandır, Tehran mollaları bizdən incik düşər.

Bütün detalları götür-qoy edəndə görürsən ki, il özündə yalnız bir məsələni–Azərbaycanla AŞ arasındakı münasibətlərin necə çözülməsini sirr kimi saxlayır. Ola bilsin, bir az şişirdirik, amma düşünürük ki, məhz bu il hökumətimizin məramı bəlli olacaq: Azərbaycan Avropa ölkəsi tək qalır, yoxsa…

Bəli, elə ola bilər ki, Şahbaz bu dəfə də Parisə səfərini təxirə salar, amma bunların arxasında nələrin dayandığının da fərqində olmalıyıq. Nə edəcəyik? Başımıza çalma qoyub “ərəbləşəcəyikmi”? Burada da gizli və aşkar İŞİD-lər və qeyriləri peyda olacaqmı?

İnanın, bunlar çox ciddi məsələlərdir. Baxın, hamı deyir ki, azərbaycanlılar dini baxımdan tolerant xalqdır. Amma bu, nəyin nəticəsi kimi təzahür edir? Bunu da hakim partiyanın “fövqəladə uğurlar”ının siyahısına yazmaq gərəkirmi? Əlbət ki, yox. Sadəcə, xalqımız bir çox parametrlərə görə hələki əsasən Qərb mədəniyyətinə yaxın xalqdı və dini tolerantlıq və s. də bunun nəticəsidir.

Fəqət, çalışaq ki, tolerantlığımız davamlı və inkişaflı olsun. Amma özümün də buna böyük şübhəm var, çünki bizim həm də bir tək səbrimiz var. Elə ki, nəsə etməyə hazırlaşırıq, başqa irəli xalqların cərgəsində yer tutmağa çalışırıq, zalım tək səbir o saat yetirir özünü. Qorxuram, Avropa ilə bağlı da belə olsun…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 234