Muəllif:

BİR ŞƏRQ, ÜSTƏLİK DƏ ƏSKİ SOVET ÖLKƏSİNDƏ…

Bura alqışlar ölkəsidi. Hökumətin bütün addımları alqışlanmalıdı. Qiymətlərin qalxmasından, ictimai nəqliyyatda gediş haqqının artmasından tutmuş ödənişli yolların yaradılmasına qədər hər şeyə münasibət izhar etməyin bircə yolu var — alqışlamaq…

Ona görə də deməyin ki, bu da artıq bəzi “politoloq”lar kimi elə hökumətdən bir qərar gözləyir ki, dərhal ona alqışlar yazsın. Yox, hökumətin bu yazı ilə səsləşən təşəbbüsündən heç əməlli–başlı xəbərimiz də yoxdur, nə “summativ qiymətləndirmə”nin nə olduğunu bilirik, nə də bir neçə ildir dilimizə daxil olmuş “krikum” (bilmirəm, düzmü yazdım?) sözündən başımız çıxır.

Sadəcə, bizi lap çoxdan narahat edən məsələni “gündəmə gətirmək” və heç olmasa, bir-iki oxucunu bu mövzu ilə düşündürmək istəyirik.

Mövzu da imtahanlardır. İndiki dövr bir yana, sovetin vaxtında da orta məktəb imtahanlarından cəmi bircə ay sonra təzədən ali məktəbə qəbul imtahanları verməli olurduq. Adam hələ onda düşünürdü ki, məgər bu, o anlama gəlmirmi ki, orta məktəbdəki qiymətlər ali məktəb üçün yetərli sayılmır?

Əlbəttə, o vaxt heç kim aşkarda bu sualı vermirdi, ali məktəblərə qəbullar da göstərirdi ki, belədir ki var: orta məktəb qiymətləri yetərli deyil, çünki ali məktəbə qəbul olanların sayı orta məktəbi “uğurla” bitirənlərin sayından qat-qat az olurdu, üstəlik, qəbul olunanlar arasında orta məktəbdə aldıqları qiymətləri ali məktəblərə qəbul zamanı da təsdiq edənləri barmaqla saymaq lazım gəlirdi.

Düzdür, bunun bizim sovet Azərbaycanında başqa “özəl səbəb”ləri də var idi və sovet dövrünü yaşayan hər kəs bunu bilir. Amma o da var ki, sovetlər tək Azərbaycandan ibarət deyildi və ən azı digər respublikalarda qəbullar ədalətli və obyektiv keçirilirdi.

Amma hətta həmin respublikalarda da orta məktəbdə alınan “əla” qiymətləri çox az hallarda ali məktəbə qəbul zamanı da təsdiqlənirdi. Bilmirəm, o vaxtın başbilənləri bu haqda düşünürdü, ya yox, amma biz daim fikirləşirdik ki, məsələn, elə etmək olmazmı ki, orta məktəbdə alınan “əla” qiyməti elə tutaq ki, Moskva Universitetinə qəbul zamanı alınan “əla” qiymətinə bərabər olsun? Mümkündür ki, Moskva Universiteti, Fizika-Texnika İnstitutu və ya Mühəndis-Fizika İnstitutu bir azacıq spesifik ali məktəblər idi, amma “əla” qiymətlər hətta Bakı Universitetinə qəbullar zamanı da çox az hallarda təsdiq olunurdu axı!..

Nə isə. O dövrü də belə yaşadıq. Həmin illərdə taleyini elmlə bağlamaq istəyənlər təzədən aspiranturaya imtahan verməli olurdular.

Bunu da belə başa düşmək olardı ki, elm üçün bütün ali təhsillilər yox, buna xüsusi istedadı olanlar seçilirdi. Olsun. Amma yenə də anlamaq çox çətin idi ki, niyə, məsələn, fəlsəfədən ali məktəbdə alınmış qiymət aspiranturaya qəbul zamanı əsas götürülə bilməz?..

Üstəlik, daha bir fundamental sual da var ki, doğrudanmı, insanları bu cür təkrar-təkrar imtahandan keçirmək elmin və təhsilin səviyyəsini yüksəldir? Başqa sahələri deyə bilmərəm, adətən belə fikirlər səslənir ki, guya sovet vaxtı elmin səviyyəsi çox yüksək idi. Bəs onda niyə Nobel mükafatı laureatlarını barmaqla saymaq olurdu, halbuki təkcə Kembric Univesitetinin məzunları arasında 100-dən artıq Nobel mükafatçısı var!  Düzdü, sovetlər elmdə elə də geri deyildi, amma demək olmaz ki, sovet elmi dünya elminin avanqardını təşkil edirdi.

Qərəz, bir daha deyirəm ki, soveti bir təhər başa vurduq. Müstəqillik dövründə də təhsillə bağlı çox eksperimentlər oldu. Amma imtahanların sayı azalmadı, əksinə artdı. İndi insanlar, məmur və müəllimlər (mənim bildiyimə görə) işə qəbul olmaqçün də imtahan verirlər! Təsəvvür edin, gənc, məsələn, dörd və ya altı il fizika öyrənir, amma müəllim olmaqçün yenidən imtahan verməli olur!..

Təbii bir sual yaranır: bəs onun ali məktəbdə aldığı qiymətlər necə olsun? Doğrudanmı onlara heç inam yoxdur? Və yaxud elə etmək olmazmı ki, hamının obyektivliyinə inanması üçün bütün pillələrdə eyni instansiya imtahanları qəbul etsin? Məsələn, elə həmin instansiya orta məktəbdə imtahan qəbul edərsə, cəmi bir ay sonra ali məktəbə də qəbul  imtahanları keçirməyə heç ehtiyac qalarmı? Düşünürük, qalmaz.

Ən bezikdirici məsələ isə, bir daha deyirik ki, işə qəbul üçün keçirilən imtahanlardır. Səhv etmiriksə, burada da iki pillə var: imtahan və müsahibə! Bir çox hallarda imtahanlardan keçənlər müsahibədən “keçə bilmirlər” ki, bunun özü də çox şübhəli məqamdır, çünki gəncin və yaxud hər hansı insanın seçdiyi sahə üzrə biliyi varsa, ona fəaliyyət üçün vacib olan vərdişləri və təcrübəni aşılamaq elə də çətin məsələ deyildir. Məsələn, bir gənc riyaziyyatı həqiqətən bilirsə, ona pedaqoji vərdişləri də aşılamaq niyə belə ağır problem olmalıdır?

Qərəz, qəti düşünməyək ki, insanları təkrar-təkrar eyni mövzulardan imtahan etmək xeyir gətirən və ya səmərəli bir metoddur. İnanın, belə deyil. Biz qəbul etmək istəmirik ki, əslində təhsilin heç bir pilləsində işi düzgün qura bilməmişik. Səbəb? Düşünürük, əsas səbəb budur ki, Tanrı bizi onda imtahana çəkdi ki, kiçik bir Şərq ölkəsində, üstəlik də sovetlər kimi anormal bir sistemin köynəyindən çıxmış və hələ Dünya cərgəsində yerini tapmamış bir ölkədə doğulduq. Biz də buna baş əydik (əslində heç başımızın dik vaxtı olubmu?), “tale” deyib barışdıq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 8,50 из 10)
Oxunma sayı: 711